Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hərbi xəbərləri əzilib-büzülən qızlar yox, sanballı kişilər oxumalıdır”

Telejurnalist Aida Eyvazlı sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aida xanım, 27 illik fasilədən sonra Qarabağ torpaqlarının azadlığı uğrunda savaş gedir. Artıq işğal tarixləri silinir. Ordumuzun əks-hücum əməliyyatlarını necə qiymətləndirirsiz?

- Qarabağ müharibəsi bizim qürur və sevinc yerimizə çevrilib. Gözlədiklərimiz, istədiklərimiz həyata keçir. Azərbaycan əsgəri xarüqələr yaradır. Azərbaycan elə bir ölkədir ki, onun uğrunda həmişə savaş olub. Azərbaycanı şirin bir tikəyə bənzədirəm, hər gələn ondan nəsə qoparmaq istəyib. 400 min kvadrat kilometrlik ərazimizdən bu gün 86 min kvadrat kilometr əraziyə enmişik. Öz iradəmizdən asılı olmayaraq bu əraziləri əlimizdən alıblar. Güclü olduğumuz və güclü orduların bizi gücdən saldığı vaxtlar da olub. Ölmüşük, külümüzdən od törəyib, ona görə də bu gün dünyanın hər yerində varıq.

Son 200-300 il ərzində itirə-itirə gəlmişik. Bəzən torpaqlarımızı qanla, bəzən hansısa diplomatik sazişlərlə peşkəş etmişik. Amma indi İlham Əliyev Azərbaycan tarixini dəyişir. Bu gün İlham Əliyev türk dünyası üçün yeni tarix yazır. İtirilmiş torpaqları geri almaq, düşməni zəbt etdiyi ərazilərdən qovmaq tarixi... Azərbaycan dövləti düşmənin bizdən zorla, hiylə ilə aldığı torpaqları geri qaytarır. Bu, yeni Azərbaycan tarixidir.

Azərbaycanda ilk dəfə Prezident İlham Əliyevə xitabən “Xaqan” yazan mən olmuşam. 2016-cı ildə Beynəlxalq Türk Akademiyasının ekspedisiya qrupu ilə Ötükənə ziyarətə getmişdik. Ötükən qədim türklərin ikinci dəfə dövlət kimi təşəkkül tapdığı yurddur.

Həmin vaxt Kül Təkininin yazdığı daş kitabəni qucaqlayıb Tanrıya dua etdim ki, torpaqlarımızı qaytarmaqda Kül Təkinin əsgərləri kimi, bizim əsgərlərə də güc ver, ruhlarını dirçəlt. O müqəddəs yerlər Xaqanlar yurdudur. O vaxtı fikirləşdim ki, işğal olunmuş ərazilərimizi ancaq Xaqan ruhunda olan bir adam azad edə bilər. Oradan qayıdandan sonra “Ötükən və Kür Şad” dastanını yazdım. Bu dastanı dekabrın 23-də bitirdim, dekabrın 24-də cənab Prezident İlham Əliyevin doğum günü idi. Həmin dastanı Xaqana hədiyyə kimi çap etdirdim.

Xaqanlıq xalqı yumruq kimi birləşdirib, arxasınca apara bilməkdir. Zəif hökmdarın arxasınca millət getməz.

Azərbaycan əsgəri bu gün VII əsirdən sonra Göytürklərin Ötükəndə çaldıqları qələbəyə uyğun zəfər qazanır. Təsadüfi deyil ki, ötən il oktyabrın 15-də Türk Şurasının Azərbaycanda keçirilən zirvə toplantısında İlham Əliyev türk birliyinin yolunun Azərbaycandan başlandığını ərz etdi. İnanıram ki, Göytürklərin Ötükəndə əmanət qoyduğu dövlətçilik ənənəsi, türk birliyi Qarabağdan başlayacaq. Elə olmayıb ki, Tanrı mənim arzularımı verməsin...

Mən o daşlara arzularımı demişəm. Əgər Kül Təkinin daş kitabəyə yazdığı yazı bu günə qədər öz qüvvəsini itirməyibsə, mənim o daş kitabəni qucaqlayıb dedim sözlər mütləq Tanrı məqamına yetişib. Mən inanıram ki, Türk birliyinin təməli Qarabağda qoyulacaq.

- Bu gün şanlı tarix yazılır, amma cəmiyyətdə tənqidlər, etirazlar da var. Bəzən deyirlər ki, Azərbaycan ziyalıları cəbhədə baş verənlərə səssiz qalır. Sizcə, bunun səbəbi nədir?

- Hələ mərhum Prezident Heydər Əliyevin vaxtında Azərbaycanda etnik parçalanma yaratmaq istəyirdilər. O zaman Heydər Əliyev hakimiyyətə gəlməklə vətənimizi bölünməkdən qorudu. O dövrdə ziyalılarımız daha dilli-ağızlı idilər. Sanki sonra neft pullarından onlara o qədər pay çatdı ki, ziyalılığı unudub məmurlaşdılar.

İyulun 15-də general-mayor Polad Həşimovun ölümündən sonra bütün xalq əzmkarlıq nümayiş etdirib müharibə istədiyini dedi. Həmin gecə gənclərin bir qrupu üzünü Milli Məclisin binasına döndərdi. Onların qarşısına 94-cü ildə olan kimi ziyalılar çıxsaydı, millət dönüb ora getməzdi. Bu gün ziyalılarımızın mövqeyi zəifdir. Efirlərdə eyni deputatları nə qədər görmək olar... Axı, onlar döyüşün içərisində deyillər, heç hərbi ekspert də sayılmırlar. Elə politoloqlar tanıyıram ki, feysbuk səhifəsində yazdığımız fikirləri götürüb özününkü kimi tirajlayır. Meydana, efirə həqiqi savadı olanları çıxarmalıyıq.

Hətta bundan sonra döyüş yarımçıq qalsa belə, biz qalibik. Ortada nəticə var. Bəlkə deyəcəklər, şəhidimiz çox olub?! Müharibədə şəhid olar. Əgər biz erməni ilə vuruşsaydıq, şəhidimiz olmayacaqdı. Biz siyasi güclərlə, böyük dövlətlərlə vuruşuruq. Unutmaq olmaz ki, bu gün Azərbaycan iki cəbhədə müharibə aparır. Biz həm də COVID-19 adlı gözəgörünməz bəla ilə mübarizədəyik. Vətən bizim üçün o qədər əzizidir ki, artıq COVID-19-u unutmuşuq, bizim əsas döyüşümüz düşməni torpaqlarımızdan qovmaqdır.

Döyüş isə davam edəcək və inşallah, ordumuz Şuşaya bayraq sancacaq...

- Dövlət və cəmiyyət olaraq Vətən müharibəsində bizim üzərimizə düşən əsas vəzifə, sizcə, necə olmalıdır?

- Cənab Prezidentin də dediyi kimi, yumruq kimi birləşməliyik. 90-cı illərdə də belə idik. Sadəcə rəhbərimiz yox idi. Biz pandemiya dövründə də bunu bacardıq. Kasıb, orta səviyyədə yaşayan ailələr bir-birinə əl tutdu.

- Aida xanım, şəhidlərimizdən kitab yazmısınız. Şəhid ailələrinə dəstək üçün kifayət qədər çaba göstərirsiz. Bu yöndə dövlət qurumlarına etdiyiniz müraciətlərə reaksiya necədir?

- Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən 2016-cı ildən Aprel şəhidlərinin ailələrinə baş çəkməyə başladım. 2017-ci ilin axırına qədər onlardan yazdım, sonra gücüm çatmadı... Çox çətin işdir. O ailələrdə ola-ola onların problemlərini eşidirdim və işıqlandırırdım. Mən yazan vaxta qədər şəhid ailələri bu qədər yada düşmürdü. Şəhid ailələrinin problemlərinə qurumların gözünü açdım. Çaba göstərdim, tələb etdim və onlar eşidilməyə başladı.

Qalib şəhidlərin həyatından yazandan sonra onların ailələrinə diqqət artdı. Həm də bu barədə yazanlar çoxaldı. Buna çox sevindim, axı tək mən yazıb qurtara bilmərəm... Məndən əvvəl də yazanlar olub müharibə tariximizi. Bu nümunələr var, çoxalsa yaxşı olar.

Şəhidlərimiz haqqında yazdığım ikicildlik kitabım çapdan çıxıb. Azərbaycanda öz kitabını pulsuz paylaya bilən tək-tək nümunələrdən birini göstərdik. Yaxşı dostlarım sayəsində hər cildi 500 nüsxə olan kitabımı çap etdirib pulsuz payladıq. İndi də “Qalibiyyət, şahidlər və şəhidlər” kitabını Dini Qurumlar üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu 1000 tirajla çap etmək ərəfəsindədir. Bu kitabları da pulsuz paylayacağıq. Mən heç vaxt şəhid mövzusundan pul qazanmaram.

- Bildiyim qədər, yenə şəhidlərimizin həyatını yazmaq üçün yola çıxmısınız. Şəhid ailələrinin hansı problemləri var?

- Bu ilin 27 sentyabr savaşımızdan sonra, demək olar ki, şəhid ailələrinə hər gün baş çəkirəm. Özümə söz vermişdim ki, daha şəhid hekayəti yazmayacağam. Lakin torpaq üçün, vətən üçün igid oğlanlarımız şəhid olur, onların qəhrəmanlıq dastanını yazmaya bilmərəm. Onlar öz qəhrəmanlıqları ilə mənə yenidən güc verdilər. İndi Rusiyada, İtaliyada, Qazaxıstanda, digər ölkələrdə yaşayan azərbaycanlı dostlarımız məndən o ailələrin ünvanlarını istəyirlər, dəstək olurlar.

Bu dəqiqə şəhid ailələrinin problemi haqqında açıq danışmaq istəmirəm. Çünki hazırda müharibə gedir. Biz əvvəlcə döyüşü bitirib, sonra ailələrin problemlərini həll edəcəyik. Əgər problem olursa, bu, çox vaxt anlaşılmazlıqdan yaranır. Dövlətimiz bu gün şəhid ailələrinə ən yüksək status verib. Dövlətimiz şəhid və qazi ailələrinin yanındadır. Lakin o demək deyil ki, ailələrdə gördüyüm problemlər həll edilmir. Həmin dəqiqə yaxşı və vətənpərvər dostlara zəng edirəm, nəticə müsbət olur. Problemlərin həlli üçün sensasiya yaratmıram. Dərddən sensasiya olar?!

2016-cı ildən bəri gücüm çatan, sözüm eşidiləcək qədər şəhid ailələrinin müxtəlif problemlərini həll etməyə çalışmışam. Əsasən də ASAN Xidməti vasitəsilə... Şəhid ailələri və qazilərimizlə bağlı nə zaman müraciət etmişəmsə, dərhal həllini tapır.

- Əvvəllər deyərdilər ki, gənclər vətənə etinasızdır, onları vətənpərvər ruhda böyütməliyik. Amma hadisələr göstərdi ki, hətta Qarabağı görməyən uşaqlar belə, könüllü cəbhəyə gedirlər. Heç demə bir qığılcım lazımmış ki, onların içindəki vətənpərvərlik ruhu üzə çıxsın...

- Bizdə milli ruh genetik koddur. Milli ruhu olmayan toplum ayağa qalxa bilmir. Necə ki, 90-cı illərdə qalxıb imperializmin zəncirlərini qırdıq. İndi də həmin məqamdır.

Milli ruhda təbliğatımız uzun illər zəif getdi. Televiziyalarımız müğənnilərin davalarını, yataq otaqlarını, qarderoblarını çəkib göstərirdi. 2010-cu ildə qəhrəmanlarımız Fərid Əhmədov və Mübariz İbrahimov dəfn ediləndə cənab prezident dedi ki, televiziyalarda qəhrəmanlıq verilişləri hazırlanmalıdır. Amma o sözü unutdurdular. Ucuz təbliğat ucbatından təhsilimiz geri düşdü. Kitabla bağlı verilişlərimiz, maarifçi çıxışlarımız kənara qoyuldu, klassik əsərlərimizin səhnələşdirilməsinə yol verilmədi . Buna görə də gənclərimiz çox şeyi itirdilər. Sanki kimsə insanlarımızın savadlaşdırılması əleyhinə sədd yaratmışdı.

- Sizcə, müharibə bitəndən sonra ilk növbədə hansı işlərə başlamaq lazımdır?

- Hesab edirəm ki, müharibə bitəndən sonra peşəkar əməliyyat-istintaq qrupu ermənilərin viran qoyduğu yurdların, həyətlərin şəkillərini çəkilməli, o evlərin sakinlərinə dəyən ziyan hesablanmalı, bu haqda cinayət işləri başlanmalıdır. Bəlkə də artıq bu proses başlayıb.

İnanıram ki, müharibədən sonra gənclər üçün yeni milli ideologiya yazılacaq. Dövlətin yeni milli İdeoloji konsepsiyası ortaya qoyulacaq.

- Bəs, döyüş gedən dövrdə Azərbaycan mediasının fəaliyyətini necə qiymətləndirisiz?

- Zənimcə, televiziya reportyorları zəifdir, xüsusən müharibə şəraitinin öz tələbləri var. Biz gərək bu günə qədər peşəkar hərbi reportyorlar yetişdirərdik. Reportyorlar müharibə zonasında işləməyi bacarmalıdırlar.

Televiziyalarda hərbi xəbərləri əzilib-büzülən qızlar yox, peşəkar diktorlar, sanballı kişilər oxumalıdır. Bu səhvlər də düzələcək. Çox sevindirici haldır ki, televiziyalarımızda ab-hava dəyişib. Bü gün hər yer vətən havasındadır.

Analitik yazılar yazan gözəl qələm sahiblərimiz var. İndi hər yer - televiziyalar, qəzetlər, saytlar dönüb Vətən olub. Heç bir jurnalistimizdən, televiziyamızdan inciməyə haqqım yoxdur. Bu kursu saxlamaq lazımdır.

- Bu dönəmdə yerli televiziya kanallarından bəzi şikayətlər də oldu. Gəncədəki dağınılar zamanı bu, özünü daha qabarıq göstərdi. Azərbaycan kanalları Türkiyə kanalları kimi operativ olmadı. Sizcə, problemin kökündə nə dayanır?

- Gəncə hadisəsinə gecə saat 2-də türk kanalından baxdım. Bizim TV-lər hadisəyə gec qoşuldular. Bəlkə bu yanlışlıqda da bir naxış var. Əvəzində Türkiyəmizin TV-ləri qabağa düşdü. Dünya Türkiyə kanallarını Azərbaycan TV kanallarından daha yaxşı tanıyır. Həmin terroru daha tez yaya bildilər. Səsimizi, faciəmizi dünyaya çatdırdılar. Özü də sanballı şəkildə. Bunu həm də bir şans məsələsi kimi qiymətləndirmək olar.

- Ermənilərlə informasiya savaşında üstün olduğumuz deyilir. Bu barədə sizin fikirləriniz maraqlı olardı...

- Artıq Ermənistan iflasa uğrayıb. Qaliblər həmişə üstün olurlar. Bizim informasiya blokadamızı ilk növbədə cənab prezident qırdı. Onun yazdığı tvitlər, verdiyi müsahibələr beynəlxalq ictimaiyyət üçün mühüm mənbə rolunu oynadı.

Fikrimcə, ən yaxşı informasiya resursunu müharibədən sonra quracağıq. Bunun təməlini cənab Prezident yaradıb. Media sahəsini Hikmət Hacıyev kimi uğurlu bir kadra həvalə edib.

Bir ay ərzində dünyanın hər yerindən Azərbaycana gələn jurnalistlər, onların mənsub olduqları redaksiya və televiziyalar bizi tanıyır, haqq işimizi qəbul edir, informasiyalarımızı yayırlar. Biz beynəlxalq aləmə sübut edə bildik ki, işğal olunmuş torpaqlarımız bizim üçün vətəndir, düşmən üçün isə şeytan yuvası... Əcnəbi jurnalistlər döyüş gedən ərazilərə baxanda şahid oldular ki, yurdlarımızı necə viran qoyulub. Əgər Qarabağ onların vətəni olsaydı, oranı tikib-qurmuşdular. Biz isə 2016-cı ildə döyüş dayanan kimi Cocuq Mərcanlını yenidən qurduq.

- Torpaqlarımız tam azad ediləndən sonra telejurnalist olaraq nə etməyi düşünürsünüz?

- Jurnalistikanı televiziya, qəzet və ya sayt jurnalistlərinə ayıra bilmirəm. Çünki həm qəzetdə, həm də televiziyada fəaliyyət göstərmişəm. İndiki məqamda şərait yaratsalar döyüş gedən və işğaldan azad olunan yurdlarımızdan reportajlar, verilişlər hazırlayaram. Dəsti-xəttim tanıyanlara məlumdur. 10 il Azərbaycan televiziyasının xaricdə xüsusi müxbiri işləmişəm. Hər zaman Vətənimə hörmət və şərəf gətirmişəm. Lakin xarici ölkələrdə bəzən məndən gülə-gülə soruşurdular ki, siz öz torpaqlarınızı nə vaxt alacaqsız? Bax onda kiçilib yumağa dönürdüm...

Jurnalist səlahiyyətlərimdən istifadə edərək, elə bir beynəlxalq konfrans olmayıb ki, orada Vətənimizin erməni işğalından əziyyət çəkməsi ilə bağlı kiməsə sual verib, rəsmi cavab almayım və ya etirazımı bildirməyim. Xarici ölkələrdə həmişə həqiqətlərimizi çatdırmaq üçün Vətən davası aparmışam.

İnanıram ki, yaxın günlərdə Tanrı mənə məqam verəcək. Gedib şəhidlərimizin, qəhrəman əsgərlərimizin, zabitlərimizin qanı ilə suvarılan torpaqları öpəndən, havasını ciyərimə çəkəndən sonra, əgər bu dərdlərin və sevinclərin içərisində ürəyim tab gətirsə, sağ qalsam, yenidən “Ötükən və Kür Şad” dastanı kimi bir dastan yazacam. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Ən çox oxunanalar