Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazarların dopinqi: İçki “ilham pərisi”ni gücləndirir?..

Yaradıcı insanların içki və müxtəlif zərərli vərdişlərinin cəmiyyətə təsiri…

Elçin Mirzəbəyli: “Spirtli içkilərin qəbulu altında yazılan əsərlər heç vaxt ideal, yüksək fəlsəfi fikirlər və yüksək zövq daşıyıcısı ola bilməz”.

Əsəd Cahangir: “İlahi şərabdan məhrum olan şairlər spirtli içkinin qəbulunu üstün tuturlar”.

Yazıçılar arasında belə bir yazılmamış qanun var ki, spirtli içki qəbul etməyən şəxs yaxşı yaza bilməz. Bəzi yazıçılara görə, spirtli içki insanı cəsarətli edir və sərbəstlik gətirir. Təsadüfi deyil ki, insanlar ayıq ikən deməyə cəsarət tapmadıqları sözləri məhz içkili zaman deyirlər. Elə buna görə də bir çox yaradıcı insanlar əsərlərini yaratmadan öncə spirtli içki qəbuluna müsbət yanaşırlar. Bu təxəyyül təkcə Azərbaycan deyil, beynəlxalq səviyyədə əksər dünya yazıçıları tərəfindən də qəbul edilir. Hətta ədəbiyyat tarixində spirtli içki daxil, bir sıra zərərli vərdişləri olan yaradıcı insanlar mövcud olub.

Məsələn, tanınmış ABŞ yazarı Çarlz Bukovski içki vərdişindən xoşbəxt olduğunu bildirirdi. Həkimlərin içkinin onu çox yaşamağa qoymadığını deyən Amerika yazıçısı Uilyam Folkner isə getdiyi hər məclisdə içəndən sonra evə də spirtli içkilər alıb gətirərmiş. Amerika yazıçısı Con Steynbekin işini bitirdikdən sonra ilk işi içki içmək idi. Yaxşı yazanda isə daha çox içən yazıçı içkinin təsirindən səhəri gün əlini belə qaldıra bilmirmiş. Onun səhəri isə özünü günahkar hiss etdiyi üçün iki günün əvəzinə işlədiyi bildirilir.

Zərərli vərdişlərə düşkün olan yaradıcı insanlara aid misallardan çox çəkmək olar. Qəribə və acınacaqlı olan isə bu cür vərdişlərin tarixdə xüsusi iz qoymasıdır. Bir çox tanınmış yazıçılar, şairlər məhz zərərli vərdişlərinin qurbanı olaraq həyatlarının erkən bitməsinə zəmin yaradıblar.

Misal üçün, Amerikalı yazıçı və jurnalist Ernest Heminquey Birinci Dünya Müharibəsinin dadını görmüş yazıçılardan idi. Heminquey tez-tez depressiyadan əziyyət çəkir və içkiylə dostlaşır. Lakin yazıçı roman yazarkən içkidən istifadə etmirdi. Depressiya diaqnozu ilə xəstəxanaya yatırılan yazıçının orada müalicəsi düzgün aparılmır. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar edir.

Alman yazıçı Erix Mariya Remarkın içki düşkünlüyü isə özünün "Üç yoldaş" əsərində özünü biruzə verir. Hətta bu əsərdə qəhrəmanlar içkinin xeyrindən də danışırlar. Fars-tacik şairi Ömər Xəyyam fəlsəfi rübailərində tez-tez içki mövzusuna müraciət edirdi. Onun sözlərinə görə, istənilən adam içki sayəsində həyat və sevinc, ilham və aydınlıq tapa bilər. Ömər Xəyyamın islam dövlətinin vətəndaşı olduğunu nəzərə alsaq, içkini bu şəkildə mədh eləməsi maraq doğurur.

Bu misallarla yanaşı, yaradıcı insanın içki düşkünlüyünü qəbul etməyən yazıçılar, şairlər də az deyil. Onlar belə hesab edirlər ki, spirtli içki insanın yaradıcılığını məhv edən amillərdən biridir. Nədənsə, Azərbaycan cəmiyyətində isə şair və yazıçılar daha çox spirtli içkilərə düşkünlükləri ilə yadda qalırlar.

Elə bu səbəbdən dolayı yazıçıların zərərli vərdişlərə aludəçiliyinin ədəbiyyat sahəsindəki rolu ilə yanaşı, bu cür vərdişlərin cəmiyyətin düşüncələrinə, yaşam tərzinə təsiri ilə bağlı PİA.AZ-ın əməkdaşı sorğu hazırlayıb.

Sorğuda iştirak edən yaradıcı şəxslərin fikirlərindən belə qənaətə gəlmək olur ki, insanların zərərli vərdişlərə aludəçiliyinin haqq qazandırılacaq tərəfi yoxdur. Şəxsi yaşam tərzlərinin cəmiyyətdə təbliğatı isə o qədər də uğurlu addım sayılmır və bu təbliğat bəzən yaradıcı insanın oxucularının sayının azalmasına da təsir edə bilər.

Elçin Mirzəbəyli: “Yazıçıların içki düşkünü olması barədə formalaşdırılan fikirlər əsasən Sovet dövrünə əsaslanır”.

Spirtli içki qəbul edərən yaradıcı insanların sərxoş halda yazdıqları əsərləri ciddi qəbul etməyən politoloq, jurnalist, şair Elçin Mirzəbəyliyə görə, yaradıcı insanların içki düşkünlüyü Sovet dövründən qalma bir amildir:

“Yazıçıların bu təxəyyülü kökündən yanlışdır. Ümumiyyətlə, spirtli içki qəbul etmək konsentrasiyanı pozur və bu halda yazılan istənilən ədəbi əsər şəxsin özü kimi sərxoş olur. Yəni, onun verdiyi mesaj heç vaxt ciddi ideya kimi ortada ola bilməz. Yazıçıların içki düşkünü olması barədə formalaşdırılan fikirlər əsasən Sovet dövrünə əsaslanır. Həmin dövrdə sosial şəbəkələr, indiki kimi müstəqil televiziyalar və KİV yox idi. Sosial ədalətsizlik, rejimlə bağlı xalqa verilən mesajlar adətən poetik nümunələrdə və əsərlərdə ortaya çıxırdı. Sistemin ideoloji aparatı məqsədyönlü şəkildə yazıçılar və şairlər haqqında əyyaş obrazı yaradırdı və bunu bilərəkdən stimullaşdırırdı. Onların içki düşkünü olması üçün hər şey edirdi ki, yazdıqları cəmiyyət tərəfindən məhz içki düşkünləri və sərxoşların yazısı kimi qəbul olunsun.

Bu gün həmin obrazdan çıxan və çıxmayan insanlar var. Təbii ki, hər kəs öz həyatını özü seçir. İnsanlara bu və ya digər şəkildə yol göstərə bilmərik. Ədəbiyyat insanları kifayət qədər yaş mərhələsinə çatıblar. Mən sadəcə yaradıcı insanların spirtli içkiyə aludə olmalarını tövsiyə etməzdim. Qeyd etdiyim kimi, spirtli içkilərin qəbulu altında yazılan əsərlər heç vaxt ideal, yüksək fəlsəfi fikirlər və yüksək zövq daşıyıcısı ola bilməz. Bu, birmənalıdır.

Elçin Mirzəbəyli: “Əgər insan sağlam yaşamağa çalışırsa, düşüncələri sağlam olar və həyatdan zövq almağı bacarar”.

Şübhəsiz ki, yaradıcı insanların zərərli vərdişlərə aludəçiliyi cəmiyyət üçün müsbət örnək deyil. Kimsə zərərli vərdişlə məşğul ola bilər, amma onun təbliği doğru deyil. Məsələn, mən siqaret çəkirəm. Lakin bunu heç kimə tövsiyə etmirəm. Eyni zamanda siqaret çəkməyi müsbət cəhət hesab etmirəm və çalışıram ki, uzaq durum. İnsanın şəxsi həyatında özünə qarşı atdığı addımlar fərqli yanaşma tərzi tələb edir. Əgər insan sağlam yaşamağa çalışırsa, düşüncələri sağlam olar və həyatdan zövq almağı bacarar. Beləliklə, yaratdığı pozitiv enerjini də cəmiyyətə ötürər. Sağlam həyat tərzinin olmaması fonunda yaranan fiziki ağrılar insanın psixikasına və düşüncələrinə də təsir edir. Nəticə etibarilə bu vəziyyət şəxsin yaratdığı ədəbi nümunələrdə özünü biruzə verir. Zərərli vərdişlərə aludəçilik məsələsində birmənalı şəkildə müəyyən sərhədlərin müəyyənləşməsinin də əleyhinəyəm. Hər kəs öz seçdiyi həyata layiqdir”.

Şərif Ağayar: “Öz təcrübəmdən çıxış etsəm, spirtli içki mənə həmişə mane olub”.

Yaradıcılığın spirtli içki ilə əlaqəsinin olmadığını vurğulayan yazıçı Şərif Ağayara görə, yaxşı yaza bilmək üçün sağlamlığı qorumaq önəmlidir:

"Spirtli içki içib-içməmək hər kəsin şəxsi işidir, buna qarışmaq, buna görə insanı aşağılamaq olmaz. Öz təcrübəmdən çıxış etsəm, spirtli içki mənə həmişə mane olub. Çalışmışam ki, həmişə az-az içim. Gəncləri də zərərli vərdişlərdən mümkün qədər uzaq olmağa çağırıram. Yaxşı yazmaq üçün sağlamlıq vacibdir".

Rəbiqə Nazimqızı: “Spirtli içki, əksinə, düşünməyə mane olur, fikirlərin sapı itir”.

Yaradıcılığın ruh məsələsi olduğunu və içkiylə əlaqəli olmadığını bildirən şairə və tərcüməçi Rəbiqə Nazimqızı hesab edir ki, bütün hallarda yaradıcı insanların zərərli vərdişlərə aludəçiliyi cəmiyyət üçün yaxşı örnək sayılmır:

“Bu fikirlə razı deyiləm. Spirtli içki, əksinə, düşünməyə mane olur, fikirlərin sapı itir. Alkoqol yazdıra bilsəydi, bütün tanıdığımız və tanımadığımız alkoqoliklər yazıçı olardı. Burada məşhur “Mirzə Səfər” hekayəsi yadıma düşür. “Darvazamızı fələk vurubdu” deyib, şərabı qarşısına qoyur və hətta onu yarın dodağı ilə assosasiya eləməyə çalışır, amma şeiri yazammır ki, yazammır. Yaradıcı adamlar bəzən içkiyə və insanı təbii halından çıxaran müxtəlif vasitələrə meyl duyurlar deyə belə bir fikir formalaşıb. Bunu rəssamlar haqqında da deyirlər, musiqiçilər haqqında da... Hələ bizim bəxtimiz gətirib, musiqiçilərə daha çox “narkomandır” damğası vurulur.

Bir dəfə psixoloq yanına getdim, ilk sualı bu oldu ki, nə ilə məşğulsan? Şeir yazdığımı bilən kimi dərhal sual verdi ki, filankəslə içirsən? Dəhşətə gəldim. Mənim heç bir şeirimin, ya məktubumun yazılmasında xüsusi bir vasitənin rolu olmayıb. Mətnin yazılma prosesinin özü qeyri-adi həzzdir və bu ekstazı heç bir başqa vasitə verə bilməz. Mən spirtli içkinin dadını bilməyən çoxlu yaxşı yazıçılar tanıyıram. Əksi də ola bilər və var, bəlkə də, daha çoxdur. Amma demək istədiyim odur ki, şair və ya yazıçının içib-içməməyinin məsələyə dəxli yoxdur. O, ya şairdir, ya deyil, ya nasirdir, ya deyil. Alkoqol şəxsi seçim məsələsidir, istedada dəxli yoxdur.

Rəbiqə Nazimqızı: “Onların xüsusilə gənclərə və yeniyetmələrə pis nümunə olmalarını istəmirəm”.

Yaradıcı insanların zərərli vərdişlərə aludə olması onların oxucuları və ümumilikdə cəmiyyət üçün pis örnək sayılır. Istər-istəməz, sənə oxşamaq, sənə yazmaq, səni tanınmaq istəyən, ya sadəcə, sənə heyranlıq duyan adamlar var, onlara yaxşı təsir etməyə bilər. Və ya əksinə, kiminsə bu vərdişə görə sənin mətnlərinə də önyarqısı yarana bilər. Dünya paradoksla doludur. Məgər azmı rast gəlmişik, dini, Allahı təbliğ edən adam Allahsızlıq edir, və ya dinə inanmayan adam əslində mahiyyətcə ilahi dəyərlərlə yaşayır? İnsan təbiəti özü paradoksaldır. Buna minlərlə nümunə çəkmək olar. Yaradıcı adam arzularını yaza bilər, arzu ilə reallıq arasında o qədər baryerlər var ki... Bəlkə də adam olmaq istədiyi dünyanı təsvir edir, amma o dünyanı qura bilmir. Çünki çoxlu zahiri şərtlər var və o şərtlərdən asılıdır. Yaradıcılıq ruh məsələsidir, yaşam tərzi nəfslə bağlıdır. Bunun özü ziddiyyətlidir. Tanrı belə yaradıb.

Cılızlığa gəlincə, bu, bir az sərt ifadədir. İnsanlar barədə danışarkən sərt ifadələrdən istifadə eləməyin əleyhinəyəm. Səbəblər, bəhanələr, iradəsizlik, həzz axtarışları şübhəsiz ki, var. İnsanları mühakimə eləməyin tərəfdarı deyiləm. Mən sadəcə onları itirmək istəmirəm. Xüsusilə həmkarlarımı, xüsusilə istedadlı həmkarlarımı... Səhhətlərində və əsəblərində (alkoqol da, narkotik də ilk növbədə əsəbi “yeyir”) problem olmasını istəmirəm. Bu, məsələnin fərdi tərəfidir. Onların xüsusilə gənclərə və yeniyetmələrə pis nümunə olmalarını istəmirəm. İstifadə etməsini bilən, dayana, özünü idarə edə bilən adam üçün bir-iki qədəh içməyin zərərli olacağını düşünmürəm. Hər gün yox, hər yerdə yox, həmişə yox, əlbəttə. Hər şeydə özünün və başqalarının sərhəddini bilmək lazımdır. İstifadə edəndə də, qınayanda da...".

Mirmehdi Ağaoğlu: “Sənət adamları çox həssas olurlar və bəzən içkini məhz dərddən içirlər”.

Yaradıcı insanların içkiyə daha çox meylli olmasının dünyanın hər yerində mövcud olduğunu vurğulayan yazıçı, publisist Mirmehdi Ağaoğlu bildirir ki, yaradıcı insanlar bəzən həssaslığın qarşısını almaq üçün içkiyə düşkün olurlar:

“Əslində bu məsələdə birmənalı yanaşma mövcud deyil. Əgər bütün içki içənlər yazıçı olsaydılar, Rusiyanın bütün bomjları Dostoyevski olardılar. Məsələ içki içməklə bağlı deyil. Yazıçılıq elə bir sənətdir ki, daha çox dincəlməyə, istirahətə meyllilik var. Yəni, bu sahənin insanları dostlarla bir yerdə oturub, əylənməyi üstün tuturlar. Tək müasir dövr deyil, bütün dövrlərdə bu vəziyyət mövcud olub. Bu səbəbdən dolayı içkini birbaşa yazıçılıqla, şairliklə bağlamaq doğru olmaz. Çoxlu içib yaxşı yazmayanlarla yanaşı, çoxlu içib böyük əsərlər yaradan şairlər, yazıçılar da var. Hətta rus yazıçı Fyodor Mixayloviç Dostoyevski özünün “Netoçka Nezvanova” əsərində göstərir ki, Netoçkanın atalığı böyük istedada malik olur. Lakin içki ucbatından heç vaxt skripkanı əlinə götürə bilmir və məhv olur. Yəni, Dostoyevski öz əsərində içkiyə olan münasibətini ortaya qoyur.

Əslində bu sahə qeyri-mexaniki sahədir. İnsanlar saatlarla düşünəndən sonra işə başlayırlar. Bu səbəbdən bir müddət bekar qalırlar. Digər tərəfdən, sənət adamları çox həssas olurlar və bəzən içkini məhz dərddən içirlər. Məşhur mahnıda deyildiyi kimi “Əldə bir qədər şərab səni əvəz eləmir.”. Deyərdilər ki, “Əldə bir qədər çay səni əvəz eləmir”. Yəni, içki bəzən unutmaq, pis xatirələrdən qurtulmaq üçün bir vasitədir. Bu baxımdan yaradıcı insanlar içkiyə daha çox meylli olurlar. Əlbəttə ki, bu vəziyyət dünyanın hər yerində mövcuddur.

Mirmehdi Ağaoğlu: “Hesab edirəm ki, şəxsiyyət və yaradıcılıq məsələlərini bir-birindən ayrı tutmalıyıq”.

Düşünmürəm ki, yaradıcı insanlar ruhi baxımdan cılızdırlar. Bu, yanlış düşüncədir. Əksinə yaradıcı insanlar çox həssas təbiətə malikdirlər. Onlar bəzən bu həssaslığın qarşısını almaq üçün də içkiyə düşkün olurlar. Bəzən isə gördüklərini dilə gətirə bilmədikləri üçün içkidən istifadə edirlər.
Amerikalı yazıçı Uilyam Folkner deyirdi ki, mənim yazmağım üçün fahişəxana lazımdır. Oranın adminstratoru özü olsun, bununla yanaşı, sigarı və viskisi olarsa, yaza bilər. Bu cür istəyi olan Folkner dünyanın ən böyük ədəbi nümunələrindən bir neçəsini yaradıb. Və yaxud tanınmış yazıçı Ernest Heminquey səhər tezdən duran kimi yazırdı, günortadan sonra isə axşama kimi içirdi. Səbəbini soruşduqda bildirirdi ki, içki içməsə personajların başında yaratdığı həngamədən dəli ola bilər. Belə bir xatirə var ki, Sovet vaxtı Heminqueyə rus arağı hədiyyə ediblər. O, arağı açıb başına çəkib və sonra yaxşı araqlarının olduğunu deyib. Yəni, Heminquey bu dərəcədə içki düşkünü olub. Lakin bütün hallarda biz Heminqueyin “Qoca və dəniz”, “Əcəl zəngi”, “Əlvida silah” əsərlərini unuda bilmərik axı. Hesab edirəm ki, şəxsiyyət və yaradıcılıq məsələlərini bir-birindən ayrı tutmalıyıq. Oxucu ilk növbədə yaradıcı insanın yaradıcılığına önəm verməlidir”.

Ayxan Ayvaz: “İçmək yaradıcı adamın yazmaq eşqini öldürür”.

Azərbaycanlı oxucuların yaradıcı insanın əsərlərindən çox, şəxsi həyatı ilə maraqlandığını qeyd edən yazar Ayxan Ayvazın fikrincə, zrərli vərdişlər yaradıcılığa müsbət heçnə vermir:

"İçki içmək heç vaxt istedad artıran bir şey deyil. Elə olsaydı, kafelərdə “düt” deyincə vuran şəxslər Azərbaycanın sayılan-seçilən yazıçılarından olanlardır. Bu fərdə görə dəyişən məsələdir. Məsələn, mən ömrümdə içib yaza bilmərəm. Ümumiyyətlə, heç kim içkili vəziyyətdə yaza bilməz. Bu, fiziki olaraq mümkün deyil. Qaldı ki, bizim cəmiyyətin yazıçını bu cür görməsi məsələsinə... Təəssüf ki, bizdə oxucular yazıçının şəxsi həyatına müdaxilə edirlər. O filan qədər içir, filan adamla oturub-durur və s. Əsərdən danışan yoxdur. Kiminsə içməyinin onun yaradıcılığına heç bir dəxli yoxdur.

Və sizə onu da deyim ki, mən heç vaxt içən adamın pis adam olduğunu görməmişəm. Yazıçı var ki, içir, amma əsərləri də göz qabağındadır. Bütün sualların cavabı əslində birdir: mətn varsa, qalan şeylər bizi maraqlandırmamalıdır. Mətndən danışmaq lazımdır. Mən aradabir içirəmsə, bunun cəmiyyətə nə ziyanı?! İçkini təbliğ etmirəm ki?! Və eləcə də digər yazıçılar. Bu, hər kəsin şəxsi seçimidir. İstəyər içər, istəyər içməz. Amma qeyd edim ki, uzun müddət "vedrəylə araq içmişəm". Zarafatsız. Və indi-indi o pis vərdişimdən aralanmışam. İçmək yaradıcı adamın yazmaq eşqini öldürür. Buna tam əminəm və indi yalnız yazmağa köklənmişəm. Artıq içki şüşələrini boşaldan vaxtım deyil".

Səhər Əhməd: “Yaradıcı insanlar həmişə diqqət mərkəzində olduqlarına görə onların zərərli vərdişlərə aludə olması daha mənfi təsirlərə malikdir”.

Mükəmməl yazıçı imicini yaradıcılıqla yanaşı, xarakterin də formalaşdırdığını hesab edən yazıçı, şair Səhər Əhməd qeyd edir ki, bu baxımdan tərbiyə aşılamağa məhkum olan insanların zərərli vərdişləri ilə cəmiyyətə pis örnək olmaqları doğru addım deyil:

"Yaradıcı insanlar arasında formalaşan bu təfəkkürü qətiyyən doğru qəbul eləmirəm. Yaradıcılıqla məşğul olan biri kimi, heç vaxt heç nəyi içib yazmamışam. Bəlkə nəsə düşüncəyə müsbət təsiri var, deyə bilmərəm, amma düzü inanmıram. Əgər belə olsaydı, alkoqoliklər daha yaxşı yazıçı olardılar və ya narkomanlar. Yəqin ki, o təfəkkürü içkiyə aludə olan yazıçılar uydurublar. Yaradıcı insanlar həmişə diqqət mərkəzində olduqlarına görə onların zərərli vərdişlərə aludə olması daha mənfi təsirlərə malikdir. Cəmiyyətə müsbət enerji ötürməyə, tərbiyə aşılamağa məhkum olan insanların pis nümunə olmağa haqqı yoxdur, bu, oxucularda xəyal qırıqlığı yaradır. Mükəmməl yazıçı imicini təkcə yaradıcılıq yox, həm də güclü xarakter formalaşdırır. Buna görə də düzgün yaşamağı bacarmayan yazıçılar ilk növbədə, öz yazdıqlarına ziyan vururlar.

Yazarların ruhən zəif olduqlarına görə spirtə və narkotikə meylli olmaları fikri ilə razılaşmıram. Ümumiləşmə aparmaq olmaz. Yazıçılar da insandır, onların da zəifi, cılızı, güclüsü, nümunəvisi, əclafı, vicdanlısı, vicdansızı olur. İçki məsələsində də belədir. Amma o da var ki, yaradıcı təxəyyülə malik insan daha həssasdır və məhz buna görə həyatın zərbələrinə dözməyib, içkidən narkotikdən tutmuş psixi pozğunluğa, hətta intihara qədər daha asan meyl edir".

Əsəd Cahangir: “Şair doğrudan da içki içməlidir, amma bu, ilahi içki, ilahi şərab olmalıdır”.

Sıravi insanlardan fərqli olaraq, yaradıcı insanların təsiretmə qabiliyyətinin ikiqat olduğunu qeyd edən ədəbi tənqidçi Əsəd Cahangirin fikrincə, içki içən şair və ya yazıçının yaxçı yazması ilə bağlı təfəkkür yunan ədəbiyyatından formalaşsa da, istedadla heç bir əlaqəsi yoxdur:

“Spirtli içki içən yazıçıların daha yaxşı yazması ilə bağlı fikir qədim yunan ədəbiyyatından gəlir. Qədim yunan şairi Anakreont qadın gözəlliyini və şərabı tərənnüm edən şeirlər yazıb. Bundan sonra elə hesab olunub ki, əsl şair piyalədən şərab içən şairdir. Ədəbiyyatda buna “Anakreontik poeziya” deyilir. Bu ənənə Şərqdə də olub. Məsələn, ərəb ədəbiyyatında Əbu Nuvas adlı şair öz əsərlərində şərabı və qadın gözəlliyini tərənnüm edib. Həmçinin Avropa ədəbiyyatında da bu cür şairlər olub. Orta əsrlər Avropanın intibah ədəbiyyatından sonrakı dövrlərdə bahema həyat tərzi sürülüb. Yəni, şair yeyər, içər, dava salar, gecələr yatmaz və məclislərdə olar. Artur Rembo, Şarl Bodler, Pol VerlenkKimi fransız şairləri özlərinin bahema həya ttərzləri ilə seçiliblər. Bu, poeziya və şairin yeganə tipi deyil. Bu amil sadəcə bir qanaddır. Yunan ədəbiyyatında Anakreontdan, ərəb ədəbiyyatında Əbu Nuvasdan da başqa şairlər var idi. Bu gün bizim poeziyada da “Şair mütləq içməlidir!” fikrində olan şairlər var. Bununla yanaşı, içkidən imtina edən şairlərimiz də az deyil. Düşünürəm ki, içkinin istedada bilavasitə dəxli yoxdur.

Şair doğrudan da içki içməlidir, amma bu, ilahi içki, ilahi şərab olmalıdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi şəxslərin dilinə ümumiyyətlə, içki dəyməyib. Onlar ilahi şərab içiblər, ilhamın və istedadın təsiri ilə öz əsərlərini yazıblar. Onların rusun “vodka”sına, fransızın və gürcünün çaxırına ehtiyacı olmayıb. İlahi şərabdan məhrum olan şairlər spirtli içkinin qəbulunu üstün tuturlar.

Elm sübut edir ki, mütəmadi spirtli içki qəbul edən şəxsin 3 ildən sonra beyin və sinir hüceyrələri pozulmağa başlayır. 15 ildən sonra isə daxili orqanları və əsəb sistemi tamamilə sıradan çıxır. Şair və ya yazıçının yaradıcılıqdan zərərli vərdişlərdən asılı olmasını bəzi istedadsız adamların özlərinə haqq qazandırmaq üçün uydurduqları bəraiti kimi qəbul edirəm.

Əsəd Cahangir: “İçmək hələ cılız olmağa dəlalət etmir. Sadəcə davamlı içki içmək şər əməllərə yol açır və beyni pozur”.

Yaradıcı insanların zərərli vərdişlərə aludəçiliyi cəmiyyət üçün çox pis örnəkdir. Çünki yaradıcı insan istər-istəməz kumirə çevrilir və onu təbliğ edən insanlar meydana gəlir. Yaradıcı insanın həyat tərzi və davranışını təkrarlayan insanlar olub. Digər tərəfdən, qeyri-normal həyat tərzi yaşayan yaradıcı insanlar bunu öz əsərlərində də biruzə verirlər. Çünki hər kəsin sözü onun özü deməkdir. Mən “şair şərab içməməlidir!” tələbi ilə çıxış etmək istəmirəm. İnsanın seçdiyi yol şəxsi işidir. Sadəcə zərərli vərdişləri cəmiyyətdə təbliğ etmək doğru addım deyil. Sıravi insandan fərqli olaraq, şairin cavabdehliyi ikiqat çoxdur. O, yanlış addımları ilə təkcə öz həyatına deyil, başqa insanlara da mənfi təsir edir.

Məsələnin psixoloji tərəfinə gəldikdə isə birmənalı şəkildə demək olmaz ki, içki içmək cılız əlamətidir. Məsələn, kənddən gələn hansısa cavan oğlan tanınmış şairlərin içinə düşür. Baxır ki, hamısı içir və o da həvəslənir. Düşünür ki, elə belə də olmalıdır və içməyə başlayır. Bu baxımdan demək olmaz ki, həmin cavan oğlan ruhi baxımdan cılız idi. İçmək hələ cılız olmağa dəlalət etmir. Sadəcə davamlı içki içmək şər əməllərə yol açır və beyni pozur”.



Fərqanə Mehmanqızı: “Əslində cəmiyyət yaradıcı insanların həyat tərzlərini özü üçün bir obraz kimi götürür”.

Bəzi yaradıcı insanların dramatızmə meylli olduğunu vurulayan psixoloq Fərqanə Mehmanqızı qeyd edir ki, isedadı olan və cəmiyyətə fayda verməyi üstün tutan yaradıcı insanlar zərərli vərdişləri özlərindən uzaq tuturlar:

“Ümumiyyətlə, yazıçı insanlar özlərini dramatikləşdirməyi sevirlər. Onlar elə düşünürlər ki, zərərli vərdişlərə aludəçilikləri fonunda cəmiyyət onlara “acıların insanı” kimi baxır. Məhz bu obrazı almaq üçün bəzi yaradıcı insanlar içkinin yaradıcılığa müsbət təsirini təbliğ edirlər. Onlar içki düşkünü olmaqla, özlərinin cəmiyyətdən fərqli, daha dərindən düşünməyə meylli olduqlarını göstərmək istəyirlər. Təbii ki, bu cür təfəkkürün istedadla, yaradıcılıqla əlaqəsi yoxdur. Savadlı və məntiqli insan niyə içki düşkünü olsun ki?!

Fikir vermisinizsə, hətta bir çox toylarda insanlar içəndən sonra şeir, qəzəl deməyə başlayırlar. Deməli, onların hansısa problemləri var ki, normal vəziyyətlərində daxili dünyalarını aça bilmirlər. Cəmiyyətə fayda verməyə can atan bir yazar sağlam düşüncəli olmalıdır. İstedadı olan yazarın əsas məqsədi cəmiyyəti maarrifləndirmək, yeni bir baxış bucağı açmaq, insanların mənəviyyatını artıran və ruhi azadlıqlarını açmaqdan ibarətdir. Belə bir missiyası olan insan zərərli vərdişlər aludəçisi ola bilməz. Çünki cəmiyyət onun əsərlərindən heç bir nümunə götürə bilməz. Əslində cəmiyyət yaradıcı insanların həyat tərzlərini özü üçün bir obraz kimi götürür. Bu baxımdan hansısa yazarın tüfeyli həyat yaşaması və aşağılayıcı danışıq tərzi cəmiyyətdə müsbət təsirə malik deyil”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay