Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dil bilmək: Dəb, yoxsa dəyər?

İqtisadçı ekspert Məhəmməd Talıblı yazır

Az qala bütün ölkə bir nazirin qardaş Türkiyədə keçirilən tədbirlərin birində doğma dilində biabırçı bir çıxışını müzakirə edir. Söhbət xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan türkcəsində qüsurlu nitqinin gündəm mövzusu olmasından gedir. Dilşunas alimlərin əhvinə sığınaraq bəzi qeydlərimi yazmaq qərarına gəldim.

Mövzuya giriş üçün düşünürəm ki, əvvəla ritorik bir suala cavab tapmalıyıq: öz doğma dilini bütün çalarları və dərinlikləri ilə bilərək xarici dil bilməmək daha böyük eyibdir, yoxsa öz dilini heç əməlli-başlı bilməməklə xarici dil bilmək? Heç şübhəsiz ki, doğma dilini təmiz bilmək və onun üstünlüklərini yerli-yerində ifadə etmək birinci, digər dilləri bilmək isə ikinci dərəcəli üstünlükdür. Bəli, məhz üstünlük. Əvəzetmə deyil! Ana dilini zəif bilməklə yanaşı onu digər bir dil bilmək üstünlüyü ilə kompensasiya etmək yolu doğru deyil. Belə bəraət donu biçmək lazım deyil.

Təhsildə dil və "dilsizlik"

Gənclərimiz hansı şirkətə müraciət edirlərsə, onlara peşə biliklərindən daha öndə gələn tələb kimi dil üstünlükləri əsas götürülür. Bu həyata yenicə atılan gənclərin taleləri ilə bağlı çiy qərar sayılmalıdır. Təbii ki, onlar özəl şirkətlərdir və qərarlarında da sərbəstdirlər. Xarici şirkətlərin bu “analoqsuz” addımları yerli şirkətlər və dövlət qurumları tərəfindən də təkrarlanırsa, mən buna “qüsurlu təqlidçilik” deyirəm. Bir gəncin bilik və bacarığı, düşüncə tərzi, hazırlıq səviyyəsi, təşəbbüskarlıq azadlığı kimi çoxsaylı qiymətləndirmə indikatorları olduğu halda dil dominantlığını haradan çıxarırlar, anlamıram. Dil imkanlarını test edərək bir gəncin potensialını ölçmək, yumşaq desək, diletanlıq, sərt dildə isə bunun adı sadəcə biabırçılıqdır.

Təhsil sistemimizdə yeni bir tendensiyanı da müşahidə edirəm. Xaricdə təhsillərini başa vurub ölkəmizdəki xarici şirkətlərdə çalışanları ali məktəblərdə dərs deməyə dəvət edirlər. Bu özlüyündə yaxşı bir təşəbbüsdür. İş dünyası ilə təhsilin inteqrasiyası baxımından təqdirolunan addımdır. Yəqin ki, niyyət də buna hesablanıb. Çoxlu sayda uğur nümunələri ilə yanaşı narahatedici bir məqamı da görməmək mümkün deyil. Həmin gənclərin bəzilərində nəzərəçarpacaq peşə qüsurları açıq-aydın görünür. İngilisdillidir, lakin tədris etdiyi sahənin nəzəri bazası ilə bağlı heç də yüksək bilgili deyil. Pedoqaji ustalıqdan ümumiyyətlə, söhbət getmir. Tələbələrlə psixoloji təmas imkanları ürəkaçan səviyyədə olmur. Ekstravaqant davranışlarını auditoriya anlamır. Bircə ingilis dilinin üstünlüyü fonunda peşəkarlıqla bağlı digər çatışmazlıqların üstündən keçilir. Seyid cəddinə arxayın olan kimi həmin gənc müəllimlər də təkcə dil üstünlüklərini həlledici amil olaraq dərk edir və belə də davam edirlər. Eyni yanaşmanı yeni nazir və komitə rəhbərlərinin təyinatında da görürük. Xaricdə təhsil və dil üstünlükləri onların sanki tərcümeyi-hallarını bütöv halda əvəz edir. Həmin şəxslərin indiyə qədər makroiqtisadi konteksdə yazdıqları fundamental əsərlərin, kitabların görə bilmirsən. Ölkədə və ya xaricdə 5-10 təhlil yazısın və ya apardıqları tədqiqatla da xatırlayan yoxdur. Deməli, indiyə qədər iqtisadiyyata dair heç bir baxışlar sistemini əhatə edən düşüncən olmayıb, amma indi iqtisadiyyatı yönəldən elitada yer alırsan. Fikrimcə, poliqlot xidməti dünyada bu qədər bahalı olmalı deyil axı...

Dilin təmizliyi

Dilin təmizliyindən söz düşəndə yeniyetmə dövrümdə yaddaşımda özünə möhkəm yer eləmiş bir örnəyi xatırlamaya bilmirəm. Orta məktəb illərimdə mükəmməl deyə biləcəyim müəllimim var idi. Naxçıvan şəhərində yerləşən 10 saylı orta məktəbdə bizə ədəbiyyat və Azərbaycan dili fənnini Şəmil Allahverdiyev tədris edirdi. Geniş mütailəli olması başqa bir aləm idi. Dilin incəliklərini öyrətməklə yanaşı, onu necə sevmək üsullarında şagirdlərə aşılayırdı. Xatırlayıram ki, dilimizdə rus sözündən istifadəni birdəfəlik çıxarmamız üçün sinif otağımıza ağzı bağlı banka qoydurmuşdu. Kim ki, dərsdə rus kəlmələrindən istifadə edirdisə, o zaman cəriməsini həmin bankaya atardı. Bu isə həmin günü bufet pulumuzun əlimizdən çıxması demək idi. Etiraf edirəm ki, bu üsulla sözləri seçəndə çox ehtiyat edir və məsuliyyətimizi anlayırdıq. Düzdür, dilin təmizlənməsi ilə bağlı lokal çərçivədə bəlkə də bunun müsbət nəticələri ola bilər. Lakin, bir ölkə miqyasında bunun hansı nəticələr verəcəyini əminliklə söyləmək çətindir. Dili qadağanedici normalarla tənzimləməyin müsbət nəticələr verəcəyinə inamım azdır. Bəlkə də bu heç lazım da deyil. Rolan Bartın “Dilin hökmü” əsərində dilin semantikası haqqında olduqca maraqlı bir bənzətmədən istifadə edərək yazır: “Dil hər cür dil fəaliyyətinin yerinə yetiricisi kimi, nə reaksiyavermə nə də tərəqqiyə aparma funksiyasını daşımır. O ən adi bir faşistdir, çünki, faşizmin mahiyyəti nəyisə deməyi qadağan etmək deyil, əksinə deməyə məcbur etməkdə meydana çıxır.”

İqtisadi təfəkkür və dilin formalaşdırdığı fikirlər

İqtisadi biliyin əldə olunmasında xarici dillərin böyük önəmi var. Xarici dil deyəndə, nədənsə ingilis, rus, alman,fransız dilləri nəzərdə tutulur. Eyni dil qrupuna daxil olduğumuza görə, türk dili bizlər üçün xarici dillər siyahısına daxil edilmir. Çünki, Türk dili bizim üçün yabançı dil sayılmır. Lakin, türk dilini yaxşı bilmək dünya ədəbiyyatı ilə yaxından tanış olmaq fürsəti verir. Dünyada nəşr olunan istənilən əsər belə cəmi 10 gün sonra qardaş ölkədə Türkiyə türkcəsində çap olunur. Bu dünya ədəbi irsinə çıxış üçün böyük fürsətlər pəncərəsi açır.

İqtisadi bilik təkcə düşünə bilmək bacarığı və kontenti ilə bağlı deyil. Bəzən dərin iqtisadi mətləbləri ifadə edən bir kitabın dil qəlizliyi onun dərinliklərini şübhə altına alır. Çünki, bir çox hallarda mətni təsirli edən onun ifadə gücü və söz ehtiyatlarının imkanları ilə əlaqəli olur. Güclü tibbi bilikləri olan həkimi təsəvvür edin. Peşəkardır, lakin xəstənin halını və diaqnozunu “net” olaraq deyir. Pinti dil ifadəsi var. Sözlərin yerli-yerində seçə bilməməsi, ehtiyatsız sözləri pasiyentin psixologi müvazinətini pozulmasına səbəb olur. Bunu bütün elm sahələri ilə bağlı da demək olar.

NLP metodunun əsas prinspinə görə, insanın beynində formalaşdırdığı fikirlər onun dili ilə sıx bağlıdır. Dil səlis, sözlər axıcı olanda fikirləri daha yığcam ifadə etmək mümkün olur. Az sözdən istifadə hesabına lakoniklik təmin olunur. Bu gün dünyada qəbul olunan üslub bir cümlədə mümkün qədər az sözdən istifadə hesabına daha dərin mətləbləri ifadə etmək bacarığı hesab olunur.

Bir dilin zənginliyindən rasional istifadə hesabına daha səliqəli və sistemli fikir ifadə etmək mümkündür. Deməli, dilin imkanlarını düzgün qiymətləndirib əldə edilən biliyin insan beynində rəfə elə düzmək lazımdır ki, sonradan həmin fikri yaddaşa qaytarmaq çətin olmasın. Makarenko, Uşinski öz əsərlərində bunları çox vacib hesab edirdi. Bununla bağlı Makarenkonun məşhur fikri var: “Bir insanın əldə etdiyi fikirləri yaddaşında möhkəm saxlaması anbar sahibinin əşyalarının anbara yığmasını xatırladır. Anbar sahibi ona lazım olan əşyanı tez bir zamanda əlini ataraq asanlıqla tapmalıdır.” Bu isə belə bir fikirlərin açar sözlərlə yaddaşda hansısa kodlarla saxlanmasını bacarmaqdan keçir.

Dil texnkası və elm

Dil bilgisini ətrafa biruzə verənlərin qəribə münasibətləri ilə rastlaşırıq. Uzun pauza, hərfləri uzatmaq, sözün qarşılığını axtarırmış kimi dəqiqələri “udmaq” kimi tanış mənzərə ilə hamımız tez-tez rastlaşırıq. Fikir kasıblığını sözlərin qarşılığının tapılması ilə əlaqələndirib spekulyasiya edənlər var. Lakin uzun illər xaricdə yaşayıb və ya həmin dillərdə uzun illər mütailəsi olanların da səmimiyyətin anlamaq lazım. Lakin tamamilə əksi olan insanları da görürük. Çoxlu sayda dil bilməkləri fonunda öz dilində olduqca mükəmməl ifadə tərzləri var. Belələrindən biri olan dostum Emin Quliyev 20 dildə danışa bilir. Onunla bir neçə il eyni ofisdə çalışmışıq. Dil öyrənməklə bağlı onun bir fikrin çox bəyənmişdim. O, bu qədər dili öyrənmək sirrini belə izah edirdi ki, dil öyrənmək elm deyil, öyrənmə texnikasıdır. Çətini bir dili öyrənməkdir. Digərlərini eyni texnika ilə öyrənə bilərsən. Hətta bununla bağlı dil öyrənmənin vahid qaydalara tabe olmasına dair “Universal qrammatika” kitabın də yazıb. Bu prinsiplə yanaşanda bəlli olur ki, bir insanın yaddaşı və marağı dilin məziyyətlərini öyrənməyə imkan verirsə, bu artıq növbəti bir neçə dili də mənimsəməyi bacaracaq. Deməli, dil bilməyi elm səviyyəsinə qaldırmaq yarımçıq mülahizə sayılmalıdır.

##relatedPostMilli##

Dil bilmək məslək və ya peşə deyil. Düzdür, müxtəlif dillərin biliciləri olanlar və dil mərkəzləri var. Onlar dili öyrənməklə dilin dərin qatlarına enmiş olurlar. Amma dilin əsas hədəflərini unutmamaq lazım: Dil bilik öyrənmək vasitəsidir! Dil imkanları hesabına dünyanın biri tərəfindəki reallıqları o biri tərəfdəki xalqlara ötürülür. Bu bizlərə düşünmə fürsətləri verir, imkanlarımızı birbaşa artırmır. Fürsətlər açan pəncərədir. İmkanlar isə onu emal etmək, məhsul halına salmaq bacarığıdır. Ona görə dili bilik deyil, biliyimizi əldə etmə vasitəsi kimi dərk etməliyik.

Dil bilgisi olanı mütləq mənada bilik sahibi saymaq olmaz. Çoxlu sayda insanlar vardır ki, çoxlu dil bilirlər, amma onları bilgili insan adlandırmaq çətindir. Elə insanlar da vardır ki, xarici dil bilmirlər, amma dərin fikir sahibləri və ciddi bilim adamlarıdır. Bu mənada informasiyanı bilikdən ayırmamız lazımdır. Buna başqa bir paraleli də əlavə etmək olar. Bir insan cəmiyyətdə söz sahibidir. Lakin fikir istehsalçısı və daşıyıcısı deyil. Elə insanlar da vardır ki, fikir sahibidir, amma cəmiyyətdə söz sahibi deyillər. Demək, düşüncəmizin dərinliyi dil bilgilərimizimizin çoxluğu ilə bağlı deyil, düşünmə bilmə imkanlarımızın miqyası ilə bağlıdır. O miqyası isə bizə düşüncə sərbəstliyimiz və sərhədsizliyimiz verir, dil üstünlüyümüz yox! Ona görə dil bilməyi dəbə yox, dəyərlərin mənimsənilməsi vasitəsinə çevirməmiz lazımdır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay