Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Freedom House” “Heyvagülü” oynayacaq


“Mən hadisələrə qeyri-adi baxışımla və ironiyamla məşhuram. Amma heç vaxt ağlıma da gəlməzdi ki, Azadlıq abidəsini Nyu-York limanında inşa etdirim. Bu, ironiyadır” (Bernard Şou)


Bu yazını ötən il yazmışdım. Heç bir mətbu orqana təqdim etmədim. Açığını deyim, bu işi boşuna sərf olunan əmək hesab edirdim. Çünki bu təşkilatın fəaliyyətini çoxdan izləyənlərdənəm.

Hesab edirəm ki, “Freedom House” 40 illik anormal yanaşması və fəaliyyəti ilə Elçibəyin məşhur “Heyvagülü” lətifəsini xatırladır. Necə deyərlər, siz nə mahnı çalırsınız çalın, mən “Heyvagülü” oynayacam.

O səbəbdən bu yazını 4 il sonra da paylaşsam, bəzi kosmetik dəyişikliklər istisna olmaqla heç nəyə toxunmadan təqdim edə bilərəm. Heç nə dəyişməyəcək. Çünki dövlətlərin, bəli, məhz dövlətlərin əbədi dostları olmur, əbədi maraqları olur. Bu fikirlərimi sübut etməyə çalışacağam.

Son hesabatda nə deyilir? “Freedom House” dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik indeksini yayıb. Təşkilatın hesabatına görə, Azərbaycan bu il də “azad olmayan ölkələr” kateqoriyasına daxil edilib. Bununla da artıq 8-ci ildir ki, təşkilat Azərbaycanı həmin kateqoriyaya daxil olan ölkələrə aid edir. Təsəvvür edirsiniz? 8 il - permanent durum.

“Dünyada azadlıq - 2012” adlı illik hesabata görə, Ermənistan və Gürcüstan bu siyahıda ”qismən azad” olan ölkə kimi dəyərləndirilib. Azərbaycan 6 ballıq göstəricilər üzrə siyasi azadlığa görə 5,5, vətəndaş azadlığına görə isə 5 balla qiymətləndirilib.

Türkiyə 3 balla “qismən azad” ölkələr sırasındadır. İran 6 balla “azad olmayan” ölkələrə daxil edilib.

Azərbaycan keçmiş sovet respublikaları arasında siyasi və vətəndaş azadlıqlarının vəziyyətinin ən pis olduğu üç ölkədən biridir. Hesabata görə, postsovet ölkələrinin əksəriyyəti azad olmayan ölkələr cərgəsindədir. Bura Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus və Türkmənistan daxildir. 

Bir sözlə, 

“Freedom House”nin köhnə havası... 

Ötən il nə baş vermişdi? “Freedom House” “2010-cu ildə keçid dövründə olan dövlətlər” adlı illik reytinq hesabatını açıqlamışdı.

Hesabatda Mərkəzi və Şərqi Avropa, o cümlədən keçmiş sovet ölkələrində 2009-cu ildə demokratik idarəçiliyin vəziyyəti qiymətləndirilmişdi. Sənəddə göstərilirdi ki, Baltik respublikalarını çıxandan sonra 12 keçmiş sovet respublikalarından 8-də mərkəzləşmiş avtoritar rejim hökm sürür. Təşkilat hesab edirdi ki, bu ölkələrdə insan hüquqları, demokratik normalar, qanunun aliliyi yoxdur.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, Rusiya kimi Qazaxıstan və Azərbaycanda da iqtisadi nailiyyətlər ölkə daxilindəki demokratik inkişafla müşayiət olunmur: “QHT-lərə Dövlət Dəstəyi Şurası mülki vətəndaş cəmiyyəti qruplarına maliyyələşməni artırıb. Bu yolla da onların dövlətdən asılılığını artırıb”.

“Freedom House”un gəldiyi qənaətə görə, Azərbaycanda vəziyyət bütün başqa ölkələrin hamısından daha çox pisləşib. Ondan da sonra Rusiya gəlir. Rusiya bu il ilk dəfə olaraq “Davamlı avtoritar rejimli ölkələr”in cərgəsinə düşüb.

Beləcə, “Freedom House” təşkilatı həmişəki kimi birmənalı olaraq Azərbaycandakı mövcud durum haqda subyektiv fikrini izhar edib. Mətbuatın vəziyyətinin pisləşdiyi, dövlətin nəzarəti altında olduğu, demokratiyanın pozulduğu və s. kimi eyni “diaqnozlar” qoyulur. Prinsipial dəyişiklik yoxdur. Heyvagülü...

Gəlin bu məqamda ümumiyyətlə, “Freedom House”a və onun hazırladığı hesabatlara tarixi ekskurs edək. Hesab edirik ki, bu cür yanaşma ilə özümüz üçün ümumi mənzərənin konturlarını cıza bilərik. Qiymət verməyi isə oxucuların ixtiyarına buraxacağıq. Başlayaq hesabatın hazırlanma texnologiyasından. 

Reytinq hazırlamaq dörd prosedurdan keçir. Birinci mərhələdə hesabat müəllifləri 7 mövqeyə əsaslanan ilkin materialı hazırlayırlar. Bura elektoral proses, vətəndaş cəmiyyəti, müstəqil KİV, milli səviyyədə demokratik hakimiyyət, lokal səviyyədə demokratik hakimiyyət, məhkəmə sistemi, korrupsiya daxildir.

İkinci mərhələdə bu kateqoriyalar üzrə eskpertlər ilkin reytinqi müəyyənləşdirirlər. Üçüncü mərhələdə müəlliflər məsləhətçilərdən aldıqları qiymətləri dəyərləndirirlər. Nəhayət, sonuncu mərhələdə yekun redaktəni edirlər və hesabat açıqlanır. 

İlk baxışda hər şey sivil və obyektivdir. Etiraz etmirik. Amma tələsməyək.

Ümumiyyətlə, “Freedom House” siyahılarında nədənsə həmişə ABŞ və Qərb ölkələri birinci yerləri bölüşürlər. Təbii, axı onlar demokrat və azaddır.

Ekvatorial Qvineya, Birma, Eritreya, Liviya, Şimali Koreya, Somali, Sudan, Özbəkistan siyahının əbədi autsayderləridir. Təbii ki, diktatura olan ölkələr Amerika QHT-sinin nəzərində bu yerə layiq görülməlidilər. Amma diktaturanın hökm sürdüyü ölkələrlə orta səviyyədən də yüksəkdə yaşayan Fars körfəzi ətrafı ölkələrin eyni tutulmasının məntiqi bəlli deyil.

Fikrimizi sadə bir misalla izah edək. Bu məntiqlə Hindistan gecəqondularında azyaşlı qız övladlarını satmaqla gününü keçirən hansısa Raca neft, qaz və turizm hesabına “Yaquar”da gəzən ərəb Salimdən azaddır? Hansı kriteriya, hansı mənəviyyatla, cənablar? Bu cür “azadlıq təsəvvürü”ndə hansı məntiq var? 

İnsan haqları məfhumu geosiyasi silah rolunda

Anlayırıq ki, yoxsulluq və qeyri-azad yaşam Qərbdə qəbulolunmaz mövzulardır. Bu fikri Almaniyanın “Doyçe Velle” dərgisinin müxbiri Çjan Danhun da öz yazısında təsdiqləyib.

O, TV-dəki açıq diskussiyaların birində hüquq müdafiəçilərini fakt qarşısında qoyub: “Son 30 illə müqayisədə Çin əhalisinin 400 milyon nəfəri maddi rifah halını yaxşılaşdırıb. Bu, insan haqlarının yüksəlməsi demək deyil?”

Biz Qərbin iqtisadi yüksəlişə nail olan ölkələrə qısqanclıqla yanaşmasını anlamadığımız kimi əslən xan (Çində sayca üstünlük təşkil edən xalq-red.) olan jurnalist də Çinin davamlı olaraq “qara siyahı”ya salınmasını dərk edə bilmir. Həmin siyahıya diqqət yetirsəniz, görərsiniz ki, siyahıda sonuncu yerləri tutan ölkələrdən 10-u iqtisadi cəhətdən inkişaf edən ölkələrdir. 

Həmin siyahının ideoloji çaları İsrailin timsalında daha qabarıq görünür. “Freedom House”un siyahısında milli azlıqları sıxışdıran, öz ölkəsində insan haqlarını tapdayan və müharibə aparan İsrail azad ölkə etalonudur. Bu, necə mümkündür? Çox sadə. “Freedom House” İsraili iki hissəyə bölüb - əsas ərazi və işğal altında olan ərazi.

Məntiqi və tryuku görürsünüz? İsrailə xüsusi simpatiyanın səbəbini özünüz üçün personalla ətraflı tanış olanda tam ayırd edəcəksiniz. 

Davam edək. 2007-ci ildə demokratik Boliviyanın demokratik seçkidə qalib gəlmiş Selayanı yıxan hərbi xuntanın idarə etdiyi Hondurasla eyni siyahıya salınması ədalətsizlikdən çox, başqa bir fəlsəfi kateqoriya ilə izah olunmalıdır. Burada kimin söz ehtiyatı genişdirsə, daha çox variant tapa bilər.  

Dünyanın ən kasıb ölkələrindən biri olan Syerra-Leoneni götürək. 1991-ci ildən bu ölkədə vətəndaş müharibəsi gedir. Silahlı insanlar hücuma keçdikləri kəndlərdə uşaqları öz valideynlərini güllələməyə məcbur edirlər. Digərlərinin əl və ayaqlarını kəsirlər. Amma dünyanın “azadlıq tərəziləri” bu ölkəni “qismən azad ölkə” sayır. 

Yaxud Liberiya. Bu ölkə də çalxalanır. Vətəndaş müharibəsi, qanlı toqquşmalar, ölkə prezidentinə sui-qəsd... Və “Freedom House”un qərarı: “qismən azad ölkə”. Niyə? Çünki belə sərf edir, çünki bu ölkə dünyanı idarə edən güclərin maraqlarına qarşı çıxmır, çünki mineral və təbii ehtiyatları yoxdur.

“Freedom House” siyahısındakı eybəcərliklər yaxın keçmişdə də dəbdə olub. Hələ 80-cı illərdə amerikan “ideya fabrikləri” “ölüm eskadronlarının” idarə etdikləri Salvadoru əsl demokratik ölkə sayırdılar. Niyə? Ona görə ki, “ölüm eskadronu” üzvləri həm də Ümumdünya Antikommunist Liqasının üzvləri idilər və ABŞ neomühafizəkarlarından maliyyə dəstəyi alırdılar. 

İndiki dövrə qayıdaq. Təzad dolu bir yanaşma var. Heç kim demir ki, Rusiya demokratik dövlətdir. Burada müəyyən çatışmazlıqlar var. Lakin mövcud vəziyyəti, ölkənin geostrateji durumunu nəzərə almadan qərar vermək birincisi, peşəkarlıq baxımından düzgün deyil, ikincisi, bir ölkənin daxili işinə qarışmaqdır. Ən əsası isə ədalətsizlikdir.

Diqqət yetirək: bu təşkilatın fikrinə görə millətçi “Başqa Rusiya” qruplaşmasının nümayişlərinə qadağa qoyulması antidemokratik addım sayılır, insan haqlarının tapdanması kimi başa düşülür, amma millətçi partiyanın fəaliyyətinə qadağa qoyan Almaniya azad ölkələr siyahısında birinci yerə layiq görülür. Gülməlidir...  

Başqa bir misal. Uzun müddət, daha doğrusu, “rəngli inqilablar”a qədər Ukrayna və Gürcüstan  demokratik prosesləri ləngidən, yalnış siyasət yürüdən, avtoritarizm, despotizmin baş alıb getdiyi ölkələr siyahısında olublar (2000-ci il hesabatında Ukrayna demokratik prosesləri gecikdirən beş ölkədən biri olub).

Nədənsə və gözlənilmədən bu iki ölkə 2003-2007-ci illərdə “qismən azad ölkələr” qiymətini almaq şərəfinə nail olurlar. Niyə? Səbəb bəlli deyil?

Neofaşizmin baş qaldırdığı, “Vaffen SS” faşist partiyasının nümayiş keçirdiyi, nümayişlərdə irqi çıxışlar səsləndirilən Latviya və oxşar proseslərin yaşandığı Estoniya sən demə, tam azad ölkələr imiş. Necə deyərlər, “o tempora, о mores!”

Nəhayət, sonuncu müqayisə. 2009-cu il üçün hazırlanan hesabatda Qırğızıstan “qismən azad ölkələr” sırasına daxil edilmişdi. Bəli, bəli, məhz vətəndaş müharibəsi ilə üz-üzə qalan Qırğızıstan. Axı orada “demokrat” Bakiyev hakimi-mütləq idi. Axı dünya Bakiyev korrupsiyasından, özbaşınalığından, despotizmindən xəbərsiz idi. Budur yanaşma. Bir ildən sonra ölkədə hakimiyyət dəyişir və Qırğızıstan yenidən ənənəvi yerinə qayıdır: “azad olmayan ölkə”lər siyahısına.

Niyə? Bu qədər sadəlövh deyilsiniz yəqin ki... Manas bazalarını və ABŞ HHQ-ya göstərilən dirsəyi yada salın. Bəli, cənablar, demokratiya və söz azadlığı bərabərdir bir hərbi bazaya...   

Mücərrəd “azadlıq” məfhumu

Çox maraqlı analogiya aparmaq olar. Bunun üçün ABŞ misalı var. Heç kimə sirr deyil ki, ABŞ-da ictimai TV-lərə Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları nəzarət edirlər. Bu əməkdaşlar ayrı-ayrı şirkətlərin hazırladıqları ümumi xəbərlərin rəsmi xəbərlərdən seçilməməsinə diqqət yetirirlər.

Misal üçün, Kennedinin qətli və ya 1979-cu ildə Qayanada “xalq məbədi” sektasının sui-qəsdi haqda informasiyalar ciddi nəzarətdə saxlanılır. Bundan başqa, 1991-1992-ci illərdə Körfəz müharibəsindən hazırlanan reportajlar tam senzuradan keçirilirdi. Hələ heç bir TV Skorsezin “Məsihin sonuncu azdırması” (tərcümədə yanlışlıq ola bilər-müəl.) filmini göstərməyə icazə ala bilməyib.

Bundan başqa,  ABŞ-da əksər KİV siyasi partiyalara simpatiyaları ilə seçilir. Heç kimə sirr deyil ki, “Nyu York Tayms”ın Demokratlar Partiyasına simpatiyası var. Demokratlar Partiyası haqda tənqidi yazan jurnalistin işdən qovulma ehtimalı çox realdır. 

Başqa bir misal. Vaşinqton merinin göstərişi ilə şəhər kitabxanalarında Üsamə bin Ladenin çıxışları olan kitabları tam yığışdırıblar. Budur demokratiya, budur söz və mətbuat azadlığı, budur dünyaya demokratiya dərsi keçən ölkə...

Bu yanaşmaların tam mahiyyətini açmaq üçün bir misalı da çəkim. Bu faktı çoxdan idi dəftərimin qırağına yazmışdım. İndi yeri gəlib, xatırladım.

2001-2002-ci illərdə Böyük Britaniyanın Özbəkistandakı yeni təyin olunmuş səfiri Kreyq Murrey bu ölkədə insan hüquqlarının müdafiəsinə xüsusi diqqət ayırır. O, konfransların birində hansısa vicdan məhbusunun diri-diri yandırılmasını əks etdirən fotoları nümayiş etdirir. Xatırladaq ki, Özbəkistan həmin vaxtlarda Qərbin “dostu” idi. Az sonra səfir geri çağırıldı.

Keçmiş səfir öz memuarlarında yazır ki, “Freedom House”un rəhbəri xanım Cenifer Vindzor onunla görüşündə “təşkilatın rəhbərliyi səfirin azadlığa dəstək verməməsindən narahatlıq duyub”. Təsəvvür edirsiniz? İnsan haqları deyib car çəkən səfir sən demə, “tam gücü ilə işləmirmiş”.

Yox, məsələ fikirləşdiyiniz kimi deyil. “Freedom House” başbilənləri “azadlıq” deyəndə ABŞ qüvvələrinin terrorla mübarizəsini nəzərdə tuturmuşlar. Yəni bu mübarizənin aparılması üçün zəmin yaradılmalı idi. Hansısa vicdan məhbusunun ölümü, demokratiya, azadlıq, insan haqları sonrakı işlərdir.  Əsas maraqlardır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar