Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədən qayıdan Vətən – Vahid İmanlı

...O, yaralı əsgər yoldaşını döyüş meydanından çıxararkən ayaq nahiyəsindən və kürək nahiyyəsindəki onurğa sütunundan düşmənin snayper gülləsinə rast gəlir. 6 saata yaxın yaralı vəziyyətdə neytral ərazidə qalır. Türkiyədə 39 əməliyyat keçirir...

Şair, sorma Vətən nədən yaxşıdır?

Hələ kiçik yaşlarımızda müəllimlərimiz bizə sual verəndə ki, "Vətən nədir?", kimimiz anadır deyir, kimimiz doğulduğumuz məkanı söyləyir, kimimiz də bütün sərhədlərimizi misal çəkərdik...

...Sonra böyüdük. Mən hər dəfə bu sualı düşünəndə, bu sevginin izahının daha geniş olduğunu anlayırdım. Şəhidlər xiyabanına getdikcə, minlərlə başdaşından boylanan Şəhid şəkilləri ilə danışdıqca, hər iki gözünü qurban verən qazinin qaranlıq dünyasına yol aldıqca, bədəninin yarı hissəsini döyüşdə itirən, yarı hissəsi ilə ailəsinin yanına dönən o cəsurun qürurlu duruşuna baxdıqca bu suala tam cavab tapa bildim...
El igidləri ilə tanınar...

Vətənimizin hər tərəfində olduğu kimi ucqar kəndlərimizdən olan Dağüzü kəndi də zaman-zaman igid, qəhrəman övladları ilə seçilib. O qəhrəman övladlar ki, onlar torpaqların azadlığı, üç rəngli şanlı bayrağımızın daim zirvələrdə dalğalanması üçün, himnimizdə deyildiyi kimi öz yaşamaq hüququndan keçib, əziz canlarını, qanlarını qurban verimiş, and yerinə çevrilmişdir. Belə ki, İstər birinci Qarabağ müharibəsində, 1993-cü ilin avqust ayının 26-da, Füzuli rayonunun Alxanlı kəndində əsgər yoldaşlarının mühasirədə qalmasına dözə bilməyən, öz zirehli texnikası ilə hücuma keçib düşmənin 1 tankını, onlarla döyüşçüsünü məhv edən, 70-dən artıq əsgərimizi mühasirədən xilas edən, son anda düşmənin açdığı atəşlə öz zirehli texnikasında alışıb yanan, yanaraq əbədi yaşayan şəhid Aslan Kərimov kimi, istər Kəlbəcərin Yanşaq kəndi yaxınlığında kəşfiyyat əməliyyatı apararkən başından snayper gülləsi alan, iki övladı vətənə əmanət qalan şəhid Yusif Nəciyev kimi, istər hələ də valideyinləri yolunu gözlədiyi, 1994-cü ildən itkin sayılan İlham Qəhrəmanov kimi, istərsə də bu yaxınlarda qardaş Türkiyədə müalicəsini başa vurub, öz doğma yurduna geri dönən qazimiz Vahid İmanlı kimi…

Tanış olun, bu torpağı Vətən edənlərdəndir!
İmanlı Vahid Taleh oğlu, 1998-ci il avqust ayının 1-də Yardımlı rayonunun Dağüzü kəndində zəhmətkəş ailədə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2016-2018-ci illər Goranboy rayonu N saylı hərbi hissədə xidmətdə olub.

“Sən köləsən, sən oğrusan, sən qorxaqsan, çünki sən ermənisən”

Tarix boyu Vətənimizə göz dikən, ata-baba torpaqlarımızda dövlət quran, heç vaxt işğalçılıq niyyətlərindən əl çəkməyən mənfur qonşularımız zaman ötdükcə daha da naqisləşir, daha da vəhşiləşirdi. Hələ təkcə bu yaxın tarixdə, otuz il ərzində işğalda saxladıqları torpaqlarımızda etmədikləri çirkinliklər qalmamışdı. Tarixi abidələrimizi, məktəblərimizi, mədəniyyət ocaqlarımızı dağıtmış, məscidlərimizi donuzxanaya çevirmiş, qəbirlərimizi eşib meyitlərin qızıl dişlərini sökmüşlər.

Adətlərindən geri qalmayan ermənilər daha da irəli gedərək ərazilərimizdə qeyri-qanuni məskunlaşma siyasətinin genişləndirilməsi məqsədi ilə “Yeni ərazilər uğrunda yeni müharibə” çağırışları edir, Tovuz istiqamətində təxribatlar törədir, mülki vətəndaşları atəşə tutur, cəbhə xəttinə yaxın ərazilərə qoşun cəmləşdirirdi. Düşmənin bu hərəkətləri onların yeni hücuma hazırlaşdıqlarından xəbər verirdi. Təəccüblüsü də (əslində isə bizə təəccüblü də gəlmirdi, biz buna öyrəşmişdik) o idi ki, bütün bunlar dünyanın gözü qarşısında baş verirdi. Beynəlxalq ədalətin, beynəlxalq hüququn cəzasızlığından ermənilərin həyasızlığının sərhədi yox idi…

Vətən müharibəsi. “Dəmir Yumruq” əməliyyatı…
Ermənistan silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətmələrinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də ordumuzun apardığı əks-hücum əməliyyatında Vahid İmanlı da snayper vəzifəsində böyük qəhrəmanlıq göstərib…

Qazimiz döyüş yolundan danışdıqca qürurlanır, müzəffər ordunun qalib əsgəri olduğu üçün daha da fəxr edirdi. Həm də ona görə fəxr edir ki, 27 ildir kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Azərbaycanın işğal altında olan torpaqlarını azad edilməsinə dair dörd qətnaməni öz qanı hesabına icrasını təmin etdirənlərdəndir.

Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə “Qırx metrəlik post”, “Ferma”, “Quzğun” adlandırılan əraziləri və bir çox yüksəklikləri erməni silahlılarından təmizlənməsində şəxsən iştirak edib. Oktyabr ayının 26-si Vətən müharibəsinin, sonradan “Dəmir Yumruq” adlandırılan əməliyyatın 30-cu günündə, gecə saatlarında Yuxarı Əbdürrəhmanlı uğrunda gedən qızğın döyüşlərin birində yaralı əsgər yoldaşını döyüş meydanından çıxararkən sağ ayaq nahiyyəsindən və kürək nahiyyəsindəki onurğa sütunundan snayper gülləsi alır. Yaralı vəziyyətdə təxminən gecə saat ikiyə qədər neytral ərazidə qalır. Kəşfiyyat bölüyünün əsgərləri onları beş saatdan sonra həmin ərazidən çıxarda bilir.

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Qazimiz döyüş yoldaşları ilə çəkdirdikləri fotoları göstərərək sözünə davam edir: “Demək olar ki, bu dörd-beş silah yoldaşım ilə qardaş kimiydik. Araz, Pərviz, Elməddin və Rəşadla hər zaman bir-birimizə dəstək olurduq, ürək-dirək verirdik. Həmin o gecədə Araz ilə Rəşad da yaralandı. Araz Yardımlı rayonundandı. O minaya düşdü. Mina, qəlpə ayağını zədələdi. Rəşad isə böyür boşluğundan snayper gülləsindən yaralandı. Bizi neytral ərazidən çıxaranların arasında dostlarımdan Elməddin və Pərviz də vardı. İlk yaralarımıza müdaxilə elə həmin gecə Füzuli rayonunda oldu. Sonra bizi oktyabrın 27-si Bakı hospitalına göndərdilər. Onurğa sütunumdakı gülləni çıxartdılar. İlk əməliyyatım o oldu. 2 günə yaxın komada qaldım. Komadan ayılanda inanmırdım ki, mən həyatdayam, mən sağam. Şuşanın azad olunması xəbərini elə xəstəxanada olarkən eşitdim. Bu qələbə xəbərinin sevincini bizə həkimlərimiz verdi, bizi təbrik etdi. Həmin gün çox sevincliydim. Ali Baş Komandanımızın əmri, xalqımızın bütövlüyü, ordumuzun qəhrəmanlığı ilə torpaqlarımız azad olundu. Otuz illik həsrətimiz sona çatdı. Bu bizim ən böyük uğurumuz idi. Vətəndaş olaraq bu Vətənə az da olsa borcumu qaytardığım üçün fəxr edirəm. Mən doğulanda Füzulimiz beş ildi ki düşmən tapdağı altındaydı. 22 yaşımda 27 illik əsir Vətənimiz azadlığa qovuşdu...”

O, 39 əməliyyat keçirtdi…

Altı aydan sonra qazimiz “YAŞAT” Fondu tərəfindən müayinə, müalicə və reabilitasiya prosesi üçün qardaş Türkiyəyə göndərildi.

“Türkiyəyə gedəndə mən təyyarədə uzanıqlı vəziyyətdə getdim. Heç otura bilmirdim. Orada 39 əməliyyat keçirtdim. Əməliyyatlardan, fiziki tedavilərdən sonra otura bildim, səhhətimdə xeyli irəliləyiş oldu. Həkimlər yeriməyimi ancaq zamanla, idmanla düzələcəyini söylədi. Türkiyədə malicə aldığım zaman 9 noyabr bayraq günündə Şəhid generalımız Polad Həşimovun anası və bacısı bizim yanımızda oldu. O müqəddəs bayramımızı birlikdə qeyd etdik. Komandir heyətimiz də bizimlə tez-tez əlaqə saxlayırdı. Hal-hazırda da danışırlar”.

Təltiflər

Vahid İmanlının cəsurluğu ölkə başçısının da diqqətindən kənarda qalmayıb. Belə ki, o, cənab İlham Əliyevin sərəncamları əsasında “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, eləcə də Azərbaycan Respublikası Nazirlər kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

...Qazimizlə sağollaşıb ayrılıram. Həyətdə çoxlu qonaqlar var, ziyarətinə gəliblər.
Telefonuma xəbər sayıtlarından bildiriş gəlir: Yenə düşmən sərhəddə təxribatlara əl atıb...

Sərvər Kamranlı
Azərbaycan Yazıçılar Birliyinin,
DGTYB İdarə Heyətinin üzvü,
Prezident təqaütçüsü

Poliqon.info


Etiket: Vahid İmanlı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar