Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uşaq əməyinin istismarı – Gələcəyimizi hara aparırıq?

Sosioloq: “Sosial sferamız qəza vəziyyətindədir və bu sferada təmirə ehtiyacı olan problemlərimiz çoxdur”

Təhsil üzrə ekspert: “Qızların təhsildən yayınması ilə bağlı apadığım tədqiqatlar göstərir ki, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır”.

Azərbaycanda uşaq əməyinin istismarı hər gün şahidi olduğumuz məsələlərdən biridir. Demək olar ki, günəmuzd sektorda, xüsusən də xidmət sahələrində çalışan insanlar arasında uşaqlara tez-tez rast gəlirik.

Azərbaycan qanunvericiliyi və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir. Qeyd edək ki, Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. 15-18 yaşlı uşaqların işləməsinə icazə verilsə də, qanunvericilik həmin uşaqlara əmək münasibətlərində güzəştlər, imtiyazlar və əlavə təminatlar nəzərdə tutur. Bu güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab olunmur.

Uşaq əməyinin istismarının qarşısının alınması üçün dövlət qurumları tərəfindən, xüsusən Əməyin Mühafizəsi Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətləri yetərli hesab etmək olarmı və bu fəaliyyətlərin nəticələrinin bu qədər aşağı səviyyədə olmasını hansı səbələrlə əlaqləndirmək mümkündür? Həmçinin Təhsil Nazirliyinin uşaqların məktəbdən yayınmaları ilə bağlı fəaliyyətini necə dəyərləndirmək olar və bu sahədə hansı nöqsanlar var ki, təhsildən yayınıb qanunsuz əməyə cəlb olunan uşaqların sayı getdikcə artır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğluna və təhsil üzrə ekspert Kamran Əsədova müraciət edib.

Əhməd Qəşəmoğlu: “Bu günün ən ciddi sosoial problemlərindən biri uşaq əməyinin istismarıdır və günümüzüm ən əsas məsələlərindən biri də uşaq əməyinin istismarı qarşısının alınmasıdır”.

Bu gün bizim sosial iş mütəxəssislərinə hədsiz dərəcədə böyük ehtiyacımızın olduğunu düşünən sosioloq bildirib ki, sosial sferamızda təmirə ehtiyacı olan qəza vəziyyətində olan problemlərimiz çoxdur. Bu problemləri də elmsiz, mütəxəssissiz həll etmək mümkün deyil:

“Təəssüf ki, uşaq əməyinin istismarı Azərbaycanda reallıqdır və mən uşaq əməyinin istismarının qarşısının alınması üçün həyata keçirilən tədbirləri yetərli hesab etmirəm. Çünki istərdim ki, bu məsələ tamamailə başqa mənzərəni müşahidə edək.

Bildiyimiz kimi Azərbaycanda əhalinin sosial rifahın artırmaq üçün dövlət ehtiyacı olan insanlara Ünvanlı Sosial Yardım proqramı fəaliyyətdədir. Bu proqram çərçivəsində ilk növbədə fikir verilməlidir ki, uşaq əməyindən istismar edənlər, uşaqları dərsdən uzaqlaşdırıb işləməyə vadar edən hansı ailələrdir. Aydınlaşdırılmalıdır ki, bu uşaqlar həqiqətən ailənin minimum səviyyədə yaşamaq şəraiti olmadığına görə, yoxsa tamah ucbatından işlədirlər. Azərbaycanda bu hal da geniş yayılıb ki, ailə uşağın ehtiyaclarını qarşılaya bilir, amma valideynlər tamahkarlıq məqsədi ilə uşağı erkən yaşlarından işlədirlər. Bu zaman həmin valideynə qarşı tədbirlər görülməlidir. Hətta lazım gələrsə belə insanlar valideynlik hüququndan da məhrum ediləməlidirlər.

Bu məsələlər bir neçə təşkilatın diqqət mərkəzində olmalıdır. Əgər aydınlaşsa ki, o uşaqların ailələrinin vəziyyəti çətindir, bu zaman həmin ailələrə Ünvanlı Sosial Yardım ayrılmalıdır. Sonra da nəzarət olunmalıdır ki, o ailələrin uşaqları dərsə getsinlər və dərsdən yayınma halları olmasın.

Əhməd Qəşəmoğlu: “Azərbaycanda bu hal da geniş yayılıb ki, ailə uşağın ehtiyaclarını qarşılaya bilir, amma valideynlər tamahkarlıq məqsədi ilə uşağı erkən yaşlarından işlədirlər”.

Düşünürəm ki, bu sahədəki vəzifələr təkcə Əməyin Mühafizəsi Agentliyinin üzərinə düşmür. Burada kompleks iş görülməlidir və bu sahədə Əhalinin Sosial Müdafiə Nazirliyinin digər qurumlarının da üzərinə də kifayət qədər vəzifələr düşür. Bu günün ən ciddi sosoial problemlərindən biri uşaq əməyinin istismarıdır və günümüzüm ən əsas məsələlərindən biri də uşaq əməyinin istismarı qarşısının alınmasıdır.

Həmçini dilənən uşaqları da araşdırmaq lazımdır ki, onlar niyə dilənirlər? Çünki bu da uşaq əməyinin istismarının başqa və daha pis formasıdır. Bir dilənən uşaq görəndə onu araşdırmaq lazımdır, həmin uşağın hansı səbəbdən diləndiyini aydınlaşdırmaq lazımdır. Əgər dilənən bir uşaq doğrudan da öz həyat ehtiyaclarını qarşılamaq üçün dilənirsə, o zaman dövlət üzərinə düşən vəzifəni icra etməlidir. Həmin uşaq, uşaq evinə yerləşdirilməlidir. Ya da ailə üçün öz həyat ehtiyaclarını ödəyə bilmək üçün şərait yaradılmalıdır. Bu məsələdə əhalinin sosial durumu çox böyük rol oynadığına görə birinci növbədə əhalinin sosial vəziyyətin yaxşılaşdırmaq lazımdır.

Əhməd Qəşəmoğlu: “Dilənən bir uşaq doğrudan da öz həyat ehtiyaclarını qarşılamaq üçün dilənirsə, o zaman dövlət üzərinə düşən vəzifəni icra etməlidir. Həmin uşaq, uşaq evinə yerləşdirilməlidir. Ya da ailə üçün öz həyat ehtiyaclarını ödəyə bilmək üçün şərait yaradılmalıdır”.

Azərbaycanda bele bir tendesniya yaranıb ki, hansısa problemi görürüksə, deyirik ki, filan məmur, filan nazirlik bu işi həll etməlidir. Cəmiyyət günü-gündən mürəkkəbləşdiyinə görə elmi təminatdan istifadə etməliyik. Sosial elmlər var, amma biz imkan vermirik ki, bu elmlər inkişaf etsin.

Bir vacib məsləni də qeyd edim. Bizim ölkəmizdə sosial sahə üzrə arzuolunan mütəxəssislər hazırlanmır. Mütəxəssislər olmayanda da cəmiyyətdə olan problemlər çoxalır və həll etmək mümkün olmur. Buna görə də biz çalışmalıyıq ki, sosial sfera ilə məşğul olan elm sahələrini inkişaf etdirək.

Bizim 6 universitetimizdə sosial iş üzrə mütəxəssis hazırlanır. Amma yaxından tanış olanda məlum olur ki, bu mütəxəssislərin bilik və peşəkar səviyyələri çox aşağıdır. Halbu ki, bu gün bizim sosial sfera mütəxəssislərinə hədsiz dərəcədə böyük ehtiyacımız var. Çünki sosial sferamız qəza vəziyyətindədi və bu sferada təmirə ehtiyacı olan problemlərimiz çoxdur. Bu problemləri də elmsiz, mütəxəssissiz həll etmək mümkün deyil”.

Kamran Əsədov: “İnzibati xətalar, cinayət məcələsində belə valideyinlərin valideyinlik hüququndan məhrum edilməsi, hətta azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qurumlar bu məsələdə susurlar”.

Hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqların davam etməkdə olduğunu xatırladan təhsil üzrə ekspert əlavə edib ki, narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır:

“İlk növbədə qeyd edim ki, təkcə paytaxtda deyil, ölkəmizin ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir.

Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qadırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun.

Söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir ki, artıq bu problem kütləvi hal almaqdadır. Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir.

Apardığımız araşdırmalardan məlum olur ki, kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır.

Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar.

Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını maqazində işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.

Kamran Əsədov: “Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir”.

Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta LerikYardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər.

Hər il DİM (TQDK) –nın cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır.

Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir.

Kamran Əsədov: “Təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır”.

Qızların təhsildən yayınması ilə bağlı apadığım tədqiqatlar göstərir ki, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. Çünki təhsildən yayınan qızlar erkən ailə qururlar.

Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrum etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2017- ci illərdə nikahdan kənar doğulan uşaqların sayı 25 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır.

Təəsüf ki, rəqəmlər vəziyyətin ürək açan olmadığını göstərir. Halbuki qanunvericilikdə, cinayət məcələsinddə konkret olaraq buna görə ciddi məsulliyyət, cəza nəzərdə tutulsa da, hələ indiyə qədər bu həyata keçirilməyib.

Bu valideyinlər ilk növbədə Konstitutsiyanın insan haqqları ilə bağlı əsas maddələrini pozurlar. Belə ki, Konstitusiyanın 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Amma bir çox valideynlər qızlarının bu hüququnu əlindən alırlar.

İnzibati xətalar, cinayət məcələsində belə valideyinlərin valideyinlik hüququndan məhrum edilməsi, hətta azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qurumlar bu məsələdə susurlar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar