Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə-Azərbaycan münasibətlərinə əngəl olan monopoliyadır”


Elxan Şahinoğlu: “THY-yə Azərbaycanda qiymətləri endirməyə imkan vermirlər”


Türkiyə-Azərbaycan münasibətlərinin digər ölkələrlə müqayisədə özəl bir yanı var. Siyasi baxışlarından asılı olmayaraq iqtidarlar bir-birini dost gözündə görür, “bir millət, iki dövlət” şüarını dəyişmirlər. Ancaq bəllidir ki, zaman-zaman ölkələrarası münasibətlərdə gərginliklər yaşanır. Üstəlik iki ölkə arasında illərdir ki, çözülməyən problemlər var. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə söhbətə Türkiyə-Azərbaycan münasibətlərinin görünən və görünməyən tərəflərindən danışdıq.

- Türkiyə-Azərbaycan münasibətlərinin hazırki durumunu necə qiymətləndirmək olar, əlaqələr istənilən səviyyədədirmi?

- Türkiyə və Azərbaycan rəsmiləri arasında təmaslar üst səviyyədədir, prezidentlərin və nazirlərin qarşılıqlı səfərləri artır. Dövlət başçılarının rəhbərliyi altında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası davamlı toplanır. Ayrıca, son il yarımda Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr də ən üst səviyyəyə qalxıb. Az qala hər 3 aydan bir iki ölkə arasında müxtəli məqsədli hərbi təlimlər keçirilir. Enerji əməkdaşlığında da bir problem yoxdur. İnşallah gələn il Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək ki, bu Azərbaycanı Türkiyəyə daha sıx bağlayacaq. Buna baxmayaraq, iki ölkə arasındakı əlaqələrdə ciddi boşluqlar da var ki, bu istiqamətə irəliləyiş yoxdur. 

- Hansı sahələri nəzərdə tutursunuz? 

- Götürək. elə iqtisadi əməkdaşlığı... İlk baxışdan ticarət əməkdaşlığındakı rəqəmlər artır, ancaq bu, əsasən neft və qazın satışı hesabınadır. Məsələyə digər baxış bucağından diqqət yetirsək görərik ki, Türkiyə işadamlarının şikayətləri azalmayıb. Onlar əvvəlki tək gömrük xidmətindən narazıdırlar, üzləşdiklər neqativ hallar ortadan qaldırılmır. Azərbaycan gömrük xidmətinə məsul olan şəxslər nəhayət anlamalıdırlar ki, qardaş ölkənin işadamlarına qarşı tətbiq olunan “qaydalar” onları tədricən Azərbaycan bazarından uzaqlaşdırır və bu, artıq ticari məsələdən siyasi məsələyə çevrilir. 

- Türkiyə hava şirkətlərinin Azərbaycanın hava məkanına buraxılmamasına səbəb nədir? 

- Bu sahədəki inhisarçılıq da əməkdaşlığa böyük əngəldir. Həm AZAL, həm də Türk Hava Yollarının (THY) qiymətləri bahadır. Əslində THY qiymətləri ucuz edə bilər. Necə olur ki, THY-nin başqa ölkələrdəki nümayəndəlikləri ucuz qiymətə təyyarə biletləri satır, ancaq Azərbaycandakı filialının qiymətləri faktiki AZAL-ın baha qiymətlərindən fərqlənmir. Çünki THY-yə Azərbaycanda qiymətləri endirməyə imkan vermirlər. Görünür, qiymətləri endirsə onun Azərbaycandakı fəaliyyətində ciddi problemlər yaranacaq. Məhz inhisarçılıq səbəbindən Türkiyənin “Pegasus”, “OnurAir”, “AtlasJET” kimi hava daşımaçılığı şirkətləri Azərbaycan bazarına daxil ola bilmir. Bu şirkətlərin çoxu qonşu ölkələrdə, o sıradan Gürcüstanda işləyir. Alternativlərin Azərbaycan bazarına buraxılmamasının səbəbi bəllidir – onlarda qiymətlər çox ucuzdur. Gürcüstan və Türkiyə vətəndaşları ucuz qiymətə qarşılıqlı səfərlər edirlər, Azərbaycan vətəndaşları isə monopolistlərin qurbanı olaraq qalır. Hava daşımaçılığı qiymətlərinin baha olması da iqtisadi amildən siyasi amilə çevrilir. Qiymətlər ucuz olsa, daha çox Azərbaycan vətəndaşı Türkiyəyə səfər edər və bu, iki ölkə arasındakı insani bağları gücləndirərdi. Türkiyə Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinə əlçatan olmalıdır. Hazırda bu, belə deyil.

- Azərbaycan hələ də Türkiyə vətəndaşlarından viza tələb edir. Yaxın dönəmdə vizasız gediş-gəlişin tətbiqinə başlanması mümkün ola bilərmi?

- Bu məsələ az qala 15 ildir ki, gündəmdədir və hələ də həllini tapmır. Türkiyə və Azərbaycan prezidentlərinin ortaq mətbuat konfranslarının hər birində türkiyəli jurnalistlər viza ilə bağlı sual verirlər. Bu, o deməkdir ki, rəsmi Bakının vizanı ortadan qaldırmaması Türkiyə ictimaiyyətini ciddi narahat edir. Doğrusu, rəsmi Bakının “vizanın ortadan qaldırılması ilə bağlı texniki detallar öyrənilir” cavabı artıq Ankaranı da bezdirib. Viza çoxdan “texniki” məsələdən siyasi məsələyə çevrilib.  İstənilən “texniki məsələnin” ömrü 10 il uzana bilməzdi. Qapalı görüşlərdə Azərbaycan rəsmilərindən iki cavab eşitmişəm. Birinci cavab bundan ibarətdir ki, əgər Türkiyə vətəndaşlarına qarşı vizanı ortadan qaldırsaq, İran da Bakıdan eyni addımın atılmasını tələb edəcək. Bu cavab bəhanəyə oxşayır. Birincisi, İran hakimiyyəti anlayır ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və qardaş ölkənin vətəndaşlarına qarşı viza ortadan qaldırılarsa, bu, normal qəbul olunmalıdır. İranın isə Türkiyədən fərqli olaraq işğalçı Ermənistanla sərhədi açıqdır. Bu amil Azərbaycanın Türkiyədən dərhal sonra İran vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etməsinə imkan vermir. Mən İran vətəndaşları üçün də vizanın ortadan qaldırılmasında təhlükə görmürəm. Əksinə, vizanın ortadan qaldırılması ilə İran azərbaycanlılarının Arazın bu tayına gəliş imkanları artacaq ki, bu, gələcəkdə bizə Tehranın siyasətinə təsir etmək imkanı qazandıracaq. Rəsmilərin ikinci yanaşması isə Türkiyədə yaşayan ermənilərlə bağlıdır. Bildirlir ki, viza rejimi ləğv edilsə, onlar Azərbaycana gələ bilər, buna imkan vermək olmaz. Bu cavab da heç bir tənqidə tab gətirmir. Azərbaycanla Ermənistan savaş durumundaykən heç bir erməni dünyanın hansı ölkəsinin vətəndaşı olmasından asılı olmayaraq Azərbaycan gəlmək istəməz. Üstəlik Gürcüstanda yaşayan ermənilərin sayı Türkiyədə yaşayan ermənilərin sayından qat-qat çoxdur. Onda bu məntiqlə biz Gürcüstan vətəndaşlarına da viza tətbiq etməliyik? 

- Azərbaycandan şəxsiyyət vəsiqəsi ilə xaricə gediş-gəliş də mümkün olacaq. Sizcə, viza məsələsində qarşılıq almayan Ankara Azərbaycan vətəndaşlarına belə bir imkan tanıyacaq?

- Ankara nəhayət ki, Bakıdan bu məsələnin həllini gözləyir. Gürcüstan Azərbaycan qədər Türkiyəyə yaxın deyil, ancaq hər iki ölkənin vətəndaşları bir-birlərinə nəinki vizasız gedirlər, şəxsiyyət vəsiqələri ilə sərhədi keçirlər. Azərbaycan prezidenti bu yaxınlarda şəxsiyyət vəsiqəsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncama görə, şəxsiyyət vəsiqələri ilə xarici ölkələrə səfər etmək mümkün olacaq. Hələlik Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə səfərə imkan verən heç bir ölkə ilə müqaviləsi yoxdur. Türkiyənin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq müqavilənin imzalanacağı ilə ölkə Türkiyə olmalıdır. Və bundan sonra iki ölkənin vətəndaşları viza almadan şəxsiyyət vəsiqələri ilə bir-birlərinə səfərlər etməlidirlər. Ümumiyyətlə xüsusi istisnalar olmaq şərtilə vizadan imtina etmək lazımdır. Mixail Saakaşvili Gürcüstan prezidenti seçilən kimi vizadan imtina etdi, il ərzində bu ölkəyə səfər edən turistlərin sayı 100 mindən 6 milyon qalxdı, təbii, turizm gəlirləri inanılmaz dərəcədə artdı. Bu günlərdə Qazaxıstan da Avropa ölkələrinə tətbiq etdiyi vizanı ortadan qaldırıb. Azərbaycan prezidenti çıxışlarında ölkə iqtisadiyyatının enerji resursları satışından asılılığının azalmasının vacibliyindən danışıb. Bunun yollarından ən vacibi Azərbaycana turist axınını gücləndiməkdir. Turistlər isə səfər etdiyi ölkəyə vizasız getmək istəyirlər, səfirliklərdə növbələrdə dayanmaq yorucu prosesdir.

- Sanki elm, incəsənət, bötüvlükdə mədəniyyət sahələrindəki münasibətlər də o qədər dərin deyil. Sizcə, bunu səbəbi nədir?

- Məncə, şeir, poeziya dönəmi arxada qalıb. “Bir millət, iki dövlət” şüarının həyatımızın bütün sahələrində gerçəkləşməsinə ehtiyac var. Nə qədər ki, şüarçılıq davam edəcək, şeir deməklə işimizi bitmiş hesab edəcəyik, əlaqələrdə sürətli inkişafa nail olmayacağıq, yaranan boşluqları isə başqaları dolduracaqlar. Türkiyə ilə iqtisadi əlaqələrdəki problemlərdən, dinamikanın az olmasından danışarkən məmurlarımız dərhal Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyəyə qoyduğu milyardlarla dollar yatırımı misal göstərirlər. Həmin məmurlara qarşılıqlı sual vermək istəyirəm: Türkiyədən başqa hansı ölkənin rəhbərliyi bizə gəlirli kimya sənayesinin az qala yarısını almağa imkan verərdi? Qarşımızda Yunanıstan örnəyi var. Dövlət Neft Şirkəti Yunanıstanın DESFA qazpaylayıcı şirkətinin 60 faiz səhmini aldı. Ardından nə baş verdi? Yunanıstanın yeni hökuməti bəyan etdi ki, DESFA-nın səhmlərini satmaqdan imtina etmək istəyir. Türkiyə Azərbaycana qarşı belə edərdimi? Necə ki, biz Türkiyə sənayesinə böyük yatırımlar qoyub, böyük gəlirlər əldə etməyi planlaşdırırıq, eləcə də Türkiyənin nəhəng şirkətlərinə Azərbaycanda sərmayə qoymağa imkan yaratmaq lazımdır. Bu, bizim də xeyrimizədir. Həm ölkənin qazancı artacaq, həm də yeni iş yerləri açılacaq. Azərbaycanda yeni sənaye müəssisələri tikilir. Bu müəssisələr modern texnika ilə təhciz olunublar. Ancaq bu müəssisələr istehsal etdikləri malların tamamını hansı bazarlarda satacaqlar? Bu məsələlərin həllində də Türkiyədən öyrənəcəyimiz çox şey var. Türkiyə hökumətinin siyasətində də müəyyən dəyişiklik olmalıdır. Bütün çətinliklərə rəğmən, Türkiyənin iri kapitalının Azərbaycan bazarındakı fəallaşmasına, özünü tanıtmasına ehtiyac var. Əks halda Azərbaycanda ən münbit bazarlar Rusiya və Fransa kimi ölkələrin əlinə keçəcək.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar