ABŞ mətbuatı bunu tamamilə mümkün hesab edir
ABŞ prezidenti Donald Tramp ədliyyə naziri (eyni zamanda baş prokuror) Ceff Seşnsi vəzifədən götürdükdən sonra hər kəsi bir sual maraqlandırır: Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin taleyi necə olacaq?
Xəbər verildiyi kimi, hazırda C.Seşnsi əvəz edən Metyu Uitakerin mövqeyi sələfindən tamamilə fərlqlənir.
“The New York Times” yazarı Çarli Sevic onun bir il əvvəl yazdıqlarını xatırladıb.
M.Uitaker Donald Tramp və yaxınlarının maliyyə işlərinin araşdırlmasının onun və ya qərargahının 2016-cı ildə Rusiya ilə əlbir olması iddialarından kənara çıxarıldığını qeyd edib. Uitaker həmin vaxt ədliyə nazirinin müavini Rod Rozenştayna “Robert Mülleri təhqiqatı “siyais balıq ovuna” döndərməməsi üçün tənbeh etməsi gərəkdiyini” bildirmişdi.
İndi isə Uitakerin, daha doğrusu, Donald Trampın əlinə rəsmi şəkildə gözəl fürsət düşüb.
Müəllifin fikrincə, baş prokuror səlahiyyətlərini icra edən Uitaker Müllerin təhqiqatla bağlı hansısa konkret məsələni və ya faktı araşdırmasını qadağan və ya onun təhqiqatın genişləndirilməsi ilə əlaqədar xahişini rədd edə bilər. Bundan başqa, baş prokurorun əlində Robert Müllerin rəhbərlik etdiyi qrupun ştatını azaltmaq və büdcəsini qısaltmaq ixtiyarı var.
M.Uitaker Robet Müllerin prezidenti sorğu-suala çəkməsini və yeni ittiham müddəalarının işə əlavə olunmasını da əngəlləyə bilər. Lakin o, bunun üçün öncədən Konqresi də məlumatlandırmalıdır.
“Bəs Uitaker ümumiyyətlə Mülleri qova bilərmi?” sualına cavab olaraq Çarli Sevic bu variantın da istisna edilmədiyini yazır. Əgər baş prokuror Müllerin öz vəzifəsini pis icra etdiyi qənaətinə gəlsə, onu vəzfəsindən kənarlaşdıra və ya üzərindəki immuniteti götürə bilər.
Robert Müller təhqiqatın sonunda gəldiyi nəticələri onsuz da ABŞ ədliyyə nazirinə məruzə şəklində təqdim etməlidir. Burada da sonuncunun onu ya Konqresə təqdim etmək, ya da məxfilik statusuna salmaq ixtiyarı var.
“Belə olan təqdirdə seçkilərdə Konqresin aşağı palatasında qalibiyyət qazanan demokratlar həmin sənədi tələb edə bilərlər. Buna baxmayaraq, prezident administrasiyasının da bu məsələdə müqavimət göstərmək hüququ var. Bütün bunlar işi sonsuzluğa götürə bilər”,-deyə yazan müəllif belə vəziyyətin Tramp üçün göydəndüşmə olduğuna işarə vurub.
pia.az