Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın AŞRA-da anti-Rusiya demarmı


Ermənistan Qərbin anti-Rusiya xoruna qoşulur?; AŞ PA-da Azərbaycan və Türkiyə Kremli dəstəklədiyi halda, Ermənistan nümayəndə heyəti müttəfiqinə qarşı sənədə etiraz etməyib


Moskva-Bakı-Ankara üçbucağının güclənməsi fonunda İrəvan daha bir “xaric səs” çıxarıb; Moskvaya qarşı de-marşla işğalçı ölkə Qərbə hansı mesajı verir?.. 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ən çox Rusiyaya qarşı sanksiyanın aprelədək uzadılması ilə yadda qaldı. Artıq bəllidir ki, Azərbaycan nümayəndə heyətinin bütün üzvləri qətnamə layihəsinin əleyhinə səs veriblər. Üstəlik, nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov öz çıxışında Rusiyanı qızğın şəkildə müdafiə də edib.

Təbii ki, dəstək, rəsmi Bakının birbaşa rüsxəti ilə baş verib və Moskvaya növbəti, çox ciddi siyasi reverans sayıla bilər. Dərhal qeyd edək ki, AŞPA-da Türkiyə də Azərbaycan kimi Rusiyanı müdafiə edib: 10 deputatdan ikisi sənədin lehinə, dördü əleyhinə səs verib, ikisi isə bitərəf qalıb. 

Ən maraqlısı isə bu fonda Rusiyanın satelliti sayılan Ermənistanın nümayəndə heyətinin 5 üzvündən 3-ünün Kremlə qarşı sanksiya əleyhinə çıxmamasıdır. Belə ki, səsvermə zamanı bitərəf qalan 11 AŞ PA deputatından 3-ü məhz Ermənistan nümayəndə heyətinin üzvü olub. Bunlar Ermine Naqdalyan, Naira Karapetyan və Mqer  Şahgeldyandır.

Məsələnin maraqlı tərəfi həm də odur ki, Ermine Naqdalyan nümayəndə heyətinin rəhbəri olmaqla yanaşı, parlamentin vitse-spikeri və hakim Respublika Partiyasının üzvüdür. Həmçinin, Naira Karapetyan onun partiyadaşıdır. Deməli, anti-Rusiya demarşı bilavasitə hakim qüvvənin xeyir-duası ilə baş tutmuş kimi görünür. Belədirsə, o zaman məntiqli sual ortaya çıxır: Ermənistan bu davranışa görə Rusiyanı qəzəbinə gələ bilərmi?

Öncə onu vurğulayaq ki, son zamanlar Moskva-İrəvan münasibətlərində heç də isti olmayan dövr yaşanır, hətta Gümrüdəki məlum qətl olayından sonra bu ölkədə Rusiya bayrağının ayaqaltı edilməsi, prezident Putinin ünvanına təhqiramiz şüarlar səsləndirilməsi adi hala çevrilib. Qonşu ölkədə Rusiyanın həqiqətən ermənilərin təhlükəsizliyinin real qarantı olması ilə bağlı suallar ictimaiyyət tərəfindən bütün ciddiliyi ilə gündəmə gətirilib. 

Rusiya tərəfdən də reaksiyalar özünü çox gözlətməyib. Doğrudur, xəbərdarlıqlar daha çox qeyri-rəsmi şəxslərin və Kremlə yaxın ekspertlərin (Duqin və s), siyasətçilərin dilindən səslənib, ancaq nə fərqi, hamıya aydındır ki, belə hədələrin əsl ünvanı haradır...

AŞPA-da ermənilərin Kreml əleyhinə demarşı həmçinin, Dağlıq Qarabağ konflikti zonasında vəziyyətin xeyli gərginləşdiyi və ermənilərin çoxsaylı canlı itki verdiyi dövrə təsadüf eləməsi ilə diqqət çəkir. Belə çıxır ki, Rusiyanın erməniləri Qarabağla yerində oturtmaq hədəsi də effektli olmayıb, erməni ictimai-siyasi fikrində Rusiya əleyhinə isteriyaya təsir  göstərməyib.
Bu yerdə onu da yada salaq ki, Ermənistan ötən il Krımın Rusiya tərəfindən ilhaqına haqq qazandırıb və martın 27-də BMT Baş Məclisində Rusiya və daha 9 “izqoy” ölkə ilə birgə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənədin əleyhinə çıxıb. Azərbaycan və Türkiyə isə əksinə - BMT sənədini müdafiə edib. Davos İqtisadi Forumunda Azərbaycan prezidenti İlham Əliyev bu mövqeyi növbəti dəfə təsdiqləyib...

Bu xüsusda qəribə (“yeni” də adlandırmaq olar) situasiya yaranır: qəribəlik isə ondadır ki, pis-yaxşı Qərbə kurs götürmüş Azərbaycan, eləcədə qardaş Türkiyə çətin vəziyyətində Rusiyanın yanında yer aldığı halda, Kremlin satelliti Ermənistan faktiki surətdə onun əleyhinə gedir, Qərbin anti-Rusiya xoruna qoşulur - özü də elə bir vaxtda ki, Putin hökumətinə qarşı ABŞAvropa Birliyi (AB) yeni və daha sərt sanksiyalar barədə ciddi şəkildə götür-qoy edirlər. 
Hətta AB üzvü, ənənəvi (tarixən) Moskvaya loyallığı ilə seçilən Yunanıstanın yeni hökuməti Birliyin anti-Rusiya qərarlarını əngəlləməyə cəhd edirkən, forpost Ermənistan “xaric” oxuyur. Nonsensmi, Qərbə bazarlıq təklifimi, yoxsa? 

Bəlkə düşmən ölkə dünyadakı hansısa yeni proseslərdən duyuq düşüb və bu yöndə Azərbaycan və Türkiyədən daha çox məlumatlıdır? 

Hər necə olmasa, Qərb-Rusiya soyuq savaşı fonunda sanki Güney Qafqaz və onun ətrafında dost-rəqiblərin təzədən təsnifləndirilməsi prosesi başlayıb. Yoxsa bunu necə anlayasan ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov Azərbaycan adına Rusiya haqda açıq şəkildə müdafiə nitqi söylədiyi halda, Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan nəinki bunu etməyib, üstəgəl, səsvermə zamanı o və daha iki erməni deputatı (5 nəfərdən üçü!) anti-Rusiya sənədinə münasibətdə bitərəf qalıb. Belə situasiyalarda bitərəflik isə razılıq (“yaşıl işıq”) jesti hesab edilir.

Hər necə olmasa, İrəvan Bakıya qiymətli bir “kart-blanş” verib və ondan MoskvaBakının necə faydalanacağı az maraq kəsb eləmir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Azərbaycandakı işsizlərin rəsmi sayı açıqlandı

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Ən çox oxunanalar