Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Probasiya xidmətinin rəisi: “Cari ildə 4500-dən artıq məhkuma elektron qolbaq taxılıb”

Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadovun “Report”a müsahibəs...

- Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb. Probasiya xidmətinin yaradılması hansı zərurətdən irəli gəlib?

- Dövlətimizin başçısının 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamı olmaqla, bu sahədə yeni strateji hədəfləri müəyyənləşdirib.

Sərəncamda dövlət idarəçiliyi sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq sahəsində islahatların davam etdirilməsi, cəzaların icrasının müasir tələblərə uyğun qurulması, cəzanı icra edən müəssisələrdə mövcud olan nöqsan və çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, cəzaların icrasında müasir texnoloji vasitələrin tətbiqi, cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və digər konseptual məsələlər nəzərdə tutulmuş, bu məqsədlə məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni təsisat - Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb. Avropa Şurasının 2010-cu il 20 yanvar tarixli “Avropa Probasiya qaydaları haqqında” Tövsiyəsi, digər beynəlxalq aktlar, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla təşkil edilmiş Probasiya Xidmətinin yeni strukturunun təsis edilməsi ilə bağlı dövlətimizin başçısının 2017-ci il 7 noyabr tarixli Fərmanı ilə Probasiya Xidmətinə baş idarə səlahiyyəti verilmiş, nazirliyin Kollegiyasının 2017-ci il 22 dekabr tarixli Qərarı ilə Əsasnaməsi təsdiq edilib.

Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər olunaraq, qanunvericiliyə icra məmurlarının vəzifələri, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrası prosesində probasiya fəaliyyətinin və elektron nəzarət vasitələrinin tətbiqi dairəsi, xüsusiyyətləri, digər tənzimləyici müddəalar daxil edilib. Eyni zamanda, Probasiya Xidmətinə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrasının təşkili, cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi həvalə olunub.

Bundan əlavə, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış, alkoqolizmdən və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər üzərində qanunvericiliklə və ya məhkəmə tərəfindən qoyulmuş vəzifələrin icrasına nəzarət, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyası, inzibati tənbeh qismində tətbiq edilmiş ictimai işlərin icrası da Probasiya Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Yeni yaradılmış xidmətin fəaliyyətinin təşkili ilə bağlı ədliyyə nazirinin 2017-ci il 1 dekabr tarixli əmri ilə onun strukturu və ştat cədvəli təsdiqlənmiş, respublikanın inzibati ərazi vahidləri üzrə icra və probasiya şöbələri, Bakı şəhər probasiya idarəsi, Gəncə və Sumqayıt şəhər probasiya şöbələri yaradılıb.

- Ötən dövrdə Probasiya fəaliyyətinin təşkili ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?

- 2017-ci ildə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Probasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq işin təşkili diqqət mərkəzində saxlanılıb. Belə ki, dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə yaradılmış Probasiya Xidmətinin fəaliyyət istiqamətləri və tətbiqi dairəsi ötən altı il ərzində ardıcıl olaraq inkişaf edərək, təkmilləşmiş maddi-texniki bazası, kadr potensialı möhkəmlənmiş, işin səmərəliliyi artıb, probasiya nəzarətinin funksiyaları güclənmiş, həmçinin xidmətin strukturu təkmilləşmiş, əməkdaşların bilik səviyyəsi və peşə hazırlığı yüksəlmiş, maddi və sosial təminatları yaxşılaşıb.

Qeyd olunan yeniliklər cəza siyasətinin təkmilləşməsinə, cəza təyin edilərkən məhkəmələr tərəfindən işin hallarını, təqsirləndirilən şəxslərin fərdi xüsusiyyətlərini, şəxsiyyətini obyektiv qiymətləndirməyə, cəzanın növünü və həddini düzgün seçməyə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin islah olunmasına, cəmiyyətə reinteqrasiyasına yönəlmiş tədbirlərin tətbiqinə əlverişli zəmin yaradacaqdır. Bu müddətdə Probasiya Xidməti üçün kadrların hazırlanmasına da xüsusi diqqət yetirilmiş, əməkdaşların peşə hazırlığının, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yetərli tədbirlər görülüb. Belə ki, əməkdaşlar mütəmadi olaraq Ədliyyə Akademiyasında təlimlərə cəlb olunmuş, beynəlxalq tədbirlərdə iştirak edərək qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olub.

Dövlət başçısının sözügedən Sərəncamında qeyd olunan və cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə vacib əhəmiyyətə malik tapşırıqları üzrə də nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib. Məlumat üçün bildirirəm ki, məhkumların real vaxt rejimində izlənilməsini təmin etmək üçün hazırda Probasiya Xidmətində müasir avadanlıqla, proqram təminatı ilə təchiz olunmuş Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir. Monitorinq mərkəzi elektron nəzarət vasitələrinin istifadəsi ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edən, müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və elektron nəzarət sisteminə inteqrasiya edilmiş mərkəzdir.

Hazırda Probasiya Xidmətinin Monitorinq Mərkəzində 5200-dən artıq şəxsin izləmə sessiyası aparılır. Bundan başqa, məhkumların üzərində elektron nəzarətin daha səmərəli təşkili məqsədilə müəyyən işlər görülüb. Belə ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrasının təmin edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 19.04.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş İş planına əsasən elektron monitorinq sistemi üzrə mobil tətbiqin istifadəyə verilməsi ilə bağlı tapşırıqların icrası ilə əlaqədar “Attenti” elektron monitorinq sisteminin mobil versiyasının istifadəsinə imkan verən 120 ədəd mobil planşet ölkəyə gətirilmiş və müvafiq təlim keçirilməklə yerli probasiya qurumlarının icra məmurlarına təqdim edilib. Həmin mobil tətbiqdən istifadə imkanının yaradılması məhkumların coğrafi yerdəyişmələri ilə bağlı dərhal məlumat əldə edilməsinə, nəzarət subyektləri tərəfindən yol verilən pozuntulara çevik reaksiya verilməklə onlar barəsində təxirəsalınmadan qanuni tədbirlərin görülməsinə əlverişli şərait yaradıb.

Bundan əlavə, ölkə başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 11.3-cü bəndində cəzanı icra edən orqan və müəssisələr arasında real vaxt rejimində məlumat mübadiləsinin təmin edilməsi məqsədilə “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin təşkil edilməsi Ədliyyə Nazirliyinin qarşısında bir vəzifə kimi müəyyən edilib. Bu məqsədlə ötən dövrdə sözügedən informasiya sistemi yaradılaraq Probasiya Xidmətinin istifadəsinə verilmişdir və mütəmadi olaraq təkmilləşdirilməsi təmin edilir. Xüsusilə qeyd edilməlidir ki, stimullaşdırıcı tədbir kimi cərimə, islah işləri cəzalarının, hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrasından daxil olan vəsaitin bir hissəsinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsi xidmətin maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin və maddi təminatının yüksəlməsinə müsbət təsir göstərmiş, statistik göstəricilərin yaxşılaşması ilə nəticələnib.

Qanunvericiliyin humanistləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra məhkəmələr azadlıqdan məhrum etməyə alternativ olan, xüsusilə elektron nəzarət vasitəsinin tətbiqini nəzərdə tutan azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsinə üstünlük verilmiş, nəticədə probasiya qurumlarının qeydiyyatında olan şəxslərin sayı ardıcıl surətdə artaraq, ümumilikdə 20 minə yaxın məhkuma, cari il ərzində isə 4500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Həmçinin, cari il ərzində cəza müddətinin qurtarması və digər qanuni əsaslara görə 3000-dən çox məhkumun üzərindən elektron qolbaqlar çıxarılıb.

Fəaliyyət göstərdiyi müddət ərzində Probasiya Xidmətinin yerli qurumları tərəfindən 89 minə yaxın şəxs probasiya qeydiyyatına götürülmüş, əvvəlki illər üzrə cəza çəkən məhkumlar nəzərə alınmaqla 65 mindən çox şəxs qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qeydiyyatdan çıxarılıb.

Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20.10.2017 və 01.05.2020-ci il tarixli Qanunlarının icrası ilə əlaqədar ötən dövr ərzində Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan 1495 məhkum məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib, 211 şəxsin isə cəza müddəti azaldılıb.

“8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının mütəşəkkil və yüksək səviyyədə icra olunması məqsədilə Probasiya Xidməti tərəfindən əməli tədbirlər görülmüş, probasiya qurumlarının qeydiyyatında olan 6600-dən çox məhkuma amnistiya aktı tətbiq olunub.

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 may 2022-ci il tarixli Sərəncamı Sərəncamına əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 6 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron nəzarət vasitələri dərhal çıxarılmış, həmçinin şərti məhkum olunmuş 3 nəfər cəzadan azad olunub.

Ulu Öndərin humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidenti tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə 08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanıb. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 118 nəfəri əhatə edən bu humanist sərəncamla şərti məhkum edilmiş 2, cəzasının çəkilməsi təxirə salınmış 3, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18, islah işləri cəzası üzrə 2, cərimə cəzası üzrə 88 məhkum cəzadan azad edilmiş, 5 nəfərin isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

- Probasiya fəaliyyətində ən müasir yenilik hansıdır?

- 2018-ci ilin may ayından ölkəmizdə ilk dəfə olaraq azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, məhkəmənin qərarı ilə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqinə başlanılmışdır.

Bu məqsədlə ən müasir texnologiyalara və tələblərə cavab verən elektron vasitələr alınmış, hazırda bu növ cəzalara məhkum edilmiş bütün şəxslər elektron qolbaqlarla təmin olunub. Elektron nəzarət vasitələri, nəzarət subyektinin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini və avtomatlaşdırılmış rejimdə izlənilməsini təmin edən proqram məhsulu və avadanlıqlardır.

Altı illik probasiya təcrübəsi göstərir ki, məhkumlara elektron qolbaqların tətbiqi onların davranışına, onlayn rejimdə mərkəzləşdirilmiş qaydada məsafədən izlənilməsinə, məhkumların üzərinə qoyulmuş vəzifələrin icrasına fasiləsiz nəzarət olunmasına, qabaqlayıcı tədbirlərin görülməsinə, zərurət olduqda məhkumlarla dərhal əlaqə yaradılmasına, bununla da cəzaların icrasında ciddi qayda yaradılmasına, qanun pozuntularının, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına imkan yaradıb.

Elektron nəzarət vasitələri tətbiq edilən məhkumların coğrafi yerdəyişməsinin izlənilməsi zamanı aşkar edilən pozuntulara qarşı çevik reaksiya verilməsi təmin olunur və qanunla müəyyən edilmiş tədbirlər görülür.

Bununla yanaşı bildirilir ki, cəzaların icrası sahəsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı işlər davam etdirilir. Belə ki, 2020-ci ilin 29 iyun tarixində ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Bu yeniliyin əsas mahiyyəti ondan ibarətdir ki, ictimai işlərin icrasına daha effektiv və elektron qaydada nəzarət həyata keçiriləcək. Bu dəyişiklikdən sonra ictimai işlərin icrasına nəzarət zamanı insan faktoru azalıb. Həmçinin, görülmüş ictimai işlərin saatı avtomatlaşdırılmış qaydada, daha dəqiq hesablanması təmin edilir.

- Probasiya sahəsinin təkmilləşdirilməsi üçün nə kimi işlərin görülməsi nəzərdə tutulur?

- Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına sədaqətlə ölkəmizin hüquq sistemində həyata keçirdiyi islahatların məntiqi davamı olmaqla, cəza siyasətinin yeni strateji hədəflərini müəyyənləşdirən sənəddə bu sahədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, cəzaların icrasının müasir tələblərə uyğun qurulması, cəzanı icra edən orqanlarda mövcud olan nöqsan və çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması öz əksini tapmışdır. Həmin sərəncamla Ədliyyə Nazirliyində təsis edilən Probasiya Xidməti – məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni qurum da məhz bu məqsədlə yaradılmışdır. Ötən altı ildə probasiya fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Ədliyyə Nazirliyinin müvafiq İşçi Qrupu çoxsaylı müzakirələr, analitik təhlillər aparmış, beynəlxalq təcrübəni nəzərə alaraq qısa müddət ərzində bir sıra normativ xarakterli hüquqi aktların layihəsini hazırlamış, nəticədə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 3 qanun, Nazirlər Kabineti tərəfindən 3 normativ hüquqi akt qəbul edilmiş, nazirliyin kollegiyasının qərarları ilə 9 sənəd təsdiq olunmuşdur. Cərimə, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaların icrası mexanizminin, şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə probasiya nəzarətinin təkmilləşdirilməsi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üzrə hüquqi tənzimlənmə ilə bağlı Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası və Miqrasiya məcəllələrinə dəyişikliklərin edilməsinə dair qanun layihələri hazırlanıb.

Beynəlxalq norma və prinsiplər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, məhkumların və həbs edilmiş şəxslərin hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin təqdim olunması ilə bağlı bildirilir ki, Ədliyyə Nazirliyi Kollegiyasının 24.04.2018-ci il tarixli qərarları ilə təsdiq edilmiş “Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası”, “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası” və “Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi” Qaydalarının müasir tələblərə uyğun təkmilləşdirilməsinə dair layihələr hazırlanmışdır, dəyişikliklərin aidiyyəti normativ hüquqi aktlarda təsbit olunması ilə bağlı işlər davam etdirilir.

Bununla yanaşı qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti haqqında Əsasnamə”nin layihəsi müasir çağırışlara uyğun hazırlanmış, cəzaların icrası qanunvericiliyinə edilmiş son dəyişikliklər Əsasnamə layihəsinə əlavə edilib.

Bundan əlavə, probasiya fəaliyyətinin əsas müddəalarını, hüquqi əsaslarını və prinsiplərini, məhkumların hüquq və azadlıqlarının müdafiəsini, sosial adaptasiyası və reabilitasiyasını, digər zəruri norma və elementləri özündə əks etdirən “Probasiya fəaliyyəti haqqında” Qanun layihəsi və mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə normativ aktların layihələri ilə bağlı işlər yekunlaşmaq üzrədir.

“Probasiya fəaliyyəti haqqında” Qanun layihəsində beynəlxalq təcrübədə geniş tətbiq olunan məhkəməyədək məruzənin hazırlanması, cəza təyin edilərkən nəzərə alınan hallar barədə - təqsirləndirilən şəxsin davranışı, mənəvi-psixoloji keyfiyyəti, sosial durumu, ailə vəziyyətinə dair sənədin məhkəməyə təqdim olunması nəzərdə tutulmuşdur. Layihədə, həmçinin cəzaların icrasına tutarlı nəzarət mexanizminin yaradılması üçün riskin qiymətləndirilməsi, probasiya nəzarəti tətbiq edilən məhkumlar tərəfindən yeni cinayət törədilməsi ehtimalının aşkarlanıb qarşısının alınması üçün görüləcək profilaktik, qabaqlayıcı tədbirlərin dairəsi müəyyən edilmişdir.

Qeyd olunan yeniliklər cəza siyasətinin təkmilləşməsinə, cəza təyin edərkən məhkəmələrin işin hallarını, təqsirləndirilən şəxsin fərdi xüsusiyyətlərini, şəxsiyyətini obyektiv qiymətləndirməyə, cəzanın növünü və həddini düzgün seçməyə, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərin islah olunmasına, cəmiyyətə reinteqrasiyasına yönəlmiş tədbirlərin tətbiqinə əlverişli zəmin yaradacaqdır.

Probasiya Xidmətinin ötən altı il ərzindəki fəaliyyəti, görülən işlərin nəticələri də ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsi və təkmilləşməsi ilə bağlı imzaladığı Sərəncamın mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiq edərək, bu təsisatın gələcək fəaliyyətinə nikbinliklə baxmağa zəmin yaradır, onun inkişafının, fəaliyyət dairəsinin genişləndirilməsinin zəzuri olduğuna dəlalət edir.

Bu gün əminliklə demək olar ki, Probasiya Xidməti öz fəaliyyətini bundan sonra da müasir dövrün tələblərinə uyğun quracaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar