Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük çillənin ilk gecəsi və ya “üç oğul”dan biri

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən, dövrlərə - çillələrə bölünür. Azərbaycan ərazisində bəzi təsəvvürlərdə qış qoca qarı şəklində də təqdim olunur. Belə deyirlər ki, qış böyük çillə, kiçik çillə və boz ay adında üç oğlu olan qoca qarıdır.

PİA.az bildirir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova deyib.

Təndirləri yandırdım, kürsüləri qurdurdum...

Aytən Cəfərova qeyd edib ki, böyük çillə qışın başlanğıcıdır. Xalq deyiminə görə, dekabrın 9 günü qışdandır. Dekabrın 20-si gecəsi ilin ən uzun gecəsidir. Dekabrın 21-i isə qış fəslinin ilk günüdür. Bu gündən etibarən böyük çillə başlayır və qırx gün davam edir. Böyük çillə o qədər də sərt olmur. Arabir qar, yağış yağmasına baxmayaraq, hava bir o qədər şaxtalı olmur. Xalq arasında bu mərasimlə əlaqəli animist düşüncəni özündə ehtiva edən mətnlər də mövcuddur. Naxçıvan ərazilərindən toplanmış bir mifik mətndə də təbiət qüvvələri ilə bağlı düşüncələr əks olunur. Həmin mətn belədir:

"Böyüh çilə ilə kiçiy çilə yolda rastlaşırlar. Kiçiy çilə böyühdən soruşur:

- Getdin nağardın?

- Böyüh çilə deyir:

- Təndirləri yandırdım, kürsüləri qurdurdum, küplərin, xaralların ağzını aşdırdım.

Kiçiy çilə deyir:

- Qoy mən gedim, gör neyniyəcəm?! Qarıları təndirdən basıp küflədən çıxaracam, küpləri, xaralları boşaldacam, üzüqoyulu qoyub gələcəm.

Böyüh çilə deyir:

- Bacarmazsan...

Qabağın yazdı,

Ömrün azdı".

AMEA Naxçıvan Bölməsinin əməkdaşı bildirib ki, göründüyü kimi, çillələrin bəhsi verilən bu mətndə insaniləşdirilən təbiət qüvvələrinə etnosun münasibəti ifadə edilir. Həm də mətndə qədim Azərbaycan türklərinin təsərrüfat həyatı ilə bağlı etnoqrafik əşyalar haqqında məlumat da öz ifadəsini tapır: təndir, kürsü, küp, xaral, küflə kimi mətndə əksini tapan sözlər etnoqrafik mahiyyət daşıyır. Növbəti mətndə də Naxçıvan ərazilərinə məxsus köklü təsərrüfat həyatının elementləri obrazlaşdırılmış çillələrin dialoqunda təsvir edilir: "Böyüh çiləynən kiçiy çilə bacıdırlar. Kiçiy çillə böyüh çilədən soruşur ki, getdin neynədin? Böyüh çilə deyir ki, getdim camaahatın dənnərini üyütdüm, qavurmalarını elədim, qalaxlarını vırdım, əppəklərini yapdım gəldim. Kiçiy çillə deyir ki, kül başıva. Mən gedəcəm qocaları təndirdən basıp küflədən çıxaracam, uşaxların da əllərini çiləliyəcəm. Əmə həvih ki, ömrüm azdı. Kaş, sənin ömrün məndə olaydı". Göründüyü kimi, təndirə çörək yapmaq, qışa hazırlıq məqsədilə bişirilən qovurma yeməyi, dən üyütmək, qalaq yığmaq el həyatının təsərrüfat elementləridir ki, bunların bəziləri, məsələn, qovurma bişirmək, təndirdə lavaş bişirmək hazırda da icra olunaraq "Naxçıvan möhürünü" alıb.

Qış xalq təfəkküründə "qara qış" da adlanır. Bir çox türk xalqlarının mifik dünyagörüşündə də belə düşüncələr yaşayır ki, qışa aid olan üç aylıq zaman kəsimində təbiət qış ruhu tərəfindən öldürülür, yaz ruhu isə onu yenidən dirildir. Animist təfəkkürün qalıqlarını daşıyan bu düşüncələr fəsillərlə bağlı müxtəlif mərasimlərin icra tərzində indi də yaşamaqdadır.

Üçü bizə yağıdır, üçü cənnət bağıdır

Çillə mərasimi haqqında Azərbaycan xalq təfəkküründə, həm də elmi araşdırmalarda mövcud olan müxtəlif fikirlər vardır. Bəzi mənbələrdə də qeyd edilir ki, "....İlin ən uzun gecəsi olaraq bilinən və "çillə gecəsi" deyilən gecəni Azərbaycanda xüsusi mərasim - kütləvi şənliklərlə xalq bayramı keçirərdilər. Çünki bu çəkilən məhrumiyyətin - çilənin sona yetməsi ilə təbiət, inanca görə, yenidən cana gəlir və bərəkətini qışdan alan baharın gəlişi ilə yeni ilə qədəm qoyurdu".

Aytən Cəfərovanın sözlərinə görə, xalq təfəkküründə qışın erkən düşüncədən qaynaqlanan dağıdıcı, məhv edən, ziyan verən fəsil olduğu, bu dövrdə təbiətdə olan nə varsa, artıq məhvə doğru getdiyi haqqında fikirlər də vardır. Qışda insan təbiətdən öz təminatı üçün heç bir şey ala bilmədiyi üçün onu özünə düşmən hesab edir. Bu fikirlər daha sonra istər kiçik janr örnəklərində, istər lirik, istərsə də epik növə məxsus xalq yaradıcılığı örnəklərində poetikləşərək öz ifadəsini tapır. Elə xalq yaddaşında dolaşan bir tapmaca örnəyi də bu məqamı ifadə etmək baxımından maraqlıdır:

Üçü bizə yağıdır,

Üçü cənnət bağıdır.

Üçü yığıb gətirir,

Üçü vurub dağıdır.

Tapmaca mətnindən göründüyü kimi, yay, özündə var-dövlət qoruyub saxlayan, yığıb-gətirən obraz kimi təsəvvür edilir. "Cənnət bağı" adlandırılan yaz isə əzəldən gözəllik, yenilik obrazı kimi xalq təsəvvüründə yaşayır. Payız yığılan məhsulu dağıdan obraz kimi canlandırılırsa, xalq təfəkküründə "qara qış" "ləqəbi" daşıyan qış fəsli isə "təbiəti öldürməyə çalışan düşmən" kimi qəbul edilir. Bütün bu yanaşma erkən düşüncədə animist baxışları ifadə etmək baxımından böyük maraq kəsb edir.

Gedir yargilə qarpız

Filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova vurğulayıb ki, çillə gecəsi, yəni dekabrın 20-də və çillə günü, yəni dekabrın 21-də bəzi adətlər icra olunur. Çillə mərasimləri Azərbaycanın bəzi ərazilərində müxtəlif formada icra olunmasına baxmayaraq Naxçıvan Muxtar Respublikası ərazilərində bu günün icrası onun bölgələrinə uyğun olaraq bəzən eyni, bəzən də müxtəlif fərqliliklərlə müşahidə edilir. Məsələn, Şərur rayonundan toplanmış örnəklərin birində deyilir: "Dekabrın iyirmisinnən iyirmi birinə keçən gecə çilə qarpızı kəsilir. Gözdüyüllər, saat on iki olsun. O zaman gətirib qarpız kəsillər. Ona da deyillər, çilə qarpızı. Çilə ordan götürülüpdü. Bu günü fəsildən fəsilə keçiddir. Bu, elə bil, fəslin başlanması üçün şadlıxdı. Qahım-əqrabaya pay göndərərih. Nişannı qızdara qarpız gedir. Təzə gəlinnərə anası evindən qarpız gedir. Nişannılar nişannısına qarpız aparır" .

Ordubad rayonundan toplanılan örnəklərdə də maraqlı rituallar olduğunu deyən Aytən Cəfərova bildirib ki, xalq yaddaşında qorunan bu mərasim lap qədimlərdən icra edilərək günümüzədək gəlib çatıb. Ordubad əhalisinin folklor yaddaşında olan düşüncəyə görə, dekabr ayının 20-si çillə girir. Həmin günü Naxçıvan Muxtar Respublikasının digər ərazilərində olduğu kimi, Ordubadda da çillə gecəsi dekabrın 20-də qeyd olunur. Bu gecə süfrədə adı "q" hərfi ilə başlayan nemətlərin olması məqbul sayılır: "qarpız", "qavırma", "qorqa", "qatıx", "qax", "qovut" və sair. Bundan əlavə həmin gecə ailədə hər kəsin çillə qarpızından yeməyi vacib məqam hesab olunur. Çillə qarpızı əvvəldən alınır. Həmin gün nişanlı qız evinə də xonça aparılır. Xonçalarda şirniyyat daha çox olmalıdır. Xonçanın birini isə çillə qarpızı təşkil edir. Qarpız nişanlı qız evində kəsilir, yarısı yenidən oğlan evinə gətirilir. Xalq yaddaşında çillə qarpızının "xonça bəzəyi" olması haqqında da maraqlı lirik örnəklər yaşayır. Bu münasibətlə bir bayatı örnəyində deyilir ki:

Bu qarpız çillə qarpız,

Düşübdü dilə qarpız.

Düzülüb xonçalara,

Gedir yar gilə qarpız.

"Örnəkdən də göründüyü kimi, çillə qarpızının nişanlı qız evinə aparılması, həm də sevgi ifadəsi kimi qəbul edilə bilər. İnsanlar düşünürlər ki, qışın gəldiyi ilk gecədə qarpız yeyilsə, xəstəlik olmaz. Bu gün qarpız kəsilməsinin başqa simvolik əlamətləri də vardır. Belə ki, qarpızın içinin qırmızı rəngdə olması günəşi xarakterizə edir. Qırmızı rəng günəşin yerdəki obrazı kimi qəbul edilir. Ona görə qırmızı rəngin mövcud olduğu faktorlardan rituallarda istifadə etmək rəmzi xarakter daşıyır", - deyən AMEA Naxçıvan Bölməsinin əməkdaşı qeyd edib ki, qışın günəşli, şaxtasız keçməsi üçün qədim türklər icra etdikləri müxtəlif mərasimlərdə günəşi vəsf ediblər. Qışdan sonra gələn yazın, eləcə də qışın günəşli olması üçün qırmızı rəngə etiqad olunub. Fikrimizcə, bu mistik baxış qarpızın çillə gecəsində yeyilməsini şərtləndirir. Qırmızı rəng həm də kökü qədim düşüncələrə əsaslanan, insanı bəd nəzərdən qoruyan faktordur. Qarpızın üstünün yaşıl rəngi isə bolluğun-bərəkətin nişanəsidir. Yaşıl rəng bolluğun rəmzi olmaqla yanaşı həm də cavanlığın, yeniliyin simvolu kimi də qəbul olunur. Bəzi mənbələrdə yazılır ki: "yaşıl" sözü "yaş" və "ıl" komponentlərindən ibarətdir. Burada "yaş" sözü kökdür, nüvədir, əsasdır, "ıl" isə, ehtimal ki, vaxtilə canlı, sonralar ölü sözdüzəldici şəkilçidir və ya sözə birləşmiş naməlum sözün özü və ya qalığıdır".

"Əbədiləşdirilən" yaz, günəş və bolluq arzusu...

Mahmud Kaşğarlının "Divani-lüğət-it türk" sözlüyündə də "yaş" sözünün "təzə", "tər", "göyərti", "yaşıllıq", "bitki", "göyərmək", "göyərti" anlamlarını daşıdığı müşahidə olunur. Belə nəticəyə gəlmək olar ki, qarpız kəsilməsi ayininin icrasında etnosun qışın günəşli, qışdan sonrakının - yazın isə həm günəşli, həm də yaşıl, bərəkətli, təravətli olması arzusu öz ifadəsini tapır. Həm bu mərasim qış gəlməsinə rəğmən insanın yaz əhvali-ruhiyyəsinin sanki "əbədiləşdirmək" arzusunu da ifadə edir. Çillə qarpızını evin böyüyünün kəsməyi məqbul hesab olunur. Xalq arasında belə inanc var ki, çillə qarpızının tumları yığılıb gələn ilə saxlanarsa, həmin il bolluq olar. Mərasimin icrasında maraqlı məqamlardan biri də çillə qarpızının qabıqlarının suya atılmasıdır. Elə Novruz bayramı zamanı da buna bənzər ayin icra edilir. Belə ki, Novruz bayramından 13 gün sonra cücərdilmiş və artıq saralmış səmənilərin suya atılması ritualı da məlumdur. Bu da qədim türklərdə su kultu və ona qurban vermə mərasimin qalıqlarını özündə daşıyır.

Aytən Cəfərova deyib: "Bununla da böyük çillənin xoşruhlu xoş ruhdan ibarət olmasını qəbul edən etnos çillə nəğmələri oxumaqla, müxtəlif ayin və mərasimlər icra etməklə təbiətin onlara vuracağı ziyanın qarşısının alınacağını düşünüb, həm də yaxşılıq və pisliklə bağlı düşüncələrini bu nəğmələrdə, ayin və rituallarda ifadə etməyə çalışıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar