Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri: “Brüssel görüşü bir fürsətdir” 

PİA.az Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun (Peter Michalko) APA-ya müsahibəsini təqdim edir:

- Cənab səfir, Azərbaycana təyin olunmazdan əvvəl "Şərq Tərəfdaşlığı" proqramının digər iştirakçısı olan Moldovada Aİ Nümayəndəliyinin rəhbəri olmusunuz. Aİ-nin qonşuluq siyasətində bu altı ölkənin Aİ ilə bağlı fərqli ambisiyaları var. Bu baxımdan Moldova və Azərbaycanı necə müqayisə edirsiniz?

- İlk növbədə icazə verin, bu fürsətə - müsahibəyə görə təşəkkürümü bildirim. İlk dəfədir ki, Azərbaycan mətbuatına müsahibə verirəm. Mən sizin gözəl ölkənizə yeni gələn biri kimi Azərbaycanda insanlar tərəfindən mənə göstərilən çox səmimi qəbula görə minnətdarlığımı bildirmək istərdim. Aİ ilə Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın tərəqqisinə çalışmaq üçün burada Aİ səfiri kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir.

Bildiyiniz kimi, "Şərq Tərəfdaşlığı" çərçivəsində biz tərəfdaş ölkələrlə əməkdaşlığı onların ambisiya və istəklərini nəzərə alaraq inkişaf etdiririk. 2017-ci ildə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində bu tərəfdaşların Avropa istəkləri və Avropa seçimi qəbul edildi və tərəfdaş ölkələr Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamaq qərarına gəldi.

Bu baxımdan "Şərq Tərəfdaşlığı"nda tərəfdaşlığın inklüzivliyini qorumaqla yanaşı, gücləndirilmiş diferensiallaşma prinsipləri əsas götürülüb. Əməkdaşlığın miqyası və dərinliyi Aİ və tərəfdaşların ambisiyaları və ehtiyacları, eləcə də islahatların sürəti və keyfiyyəti ilə müəyyən edilir. Bəzi tərəfdaş ölkələr Assosiasiya Sazişinə doğru getmək qərarına gəldi və bu, müəyyən əməkdaşlıq səviyyəsi üçün perspektiv yaratdı, lakin bu, həm də o deməkdir ki, digər tərəfdaşlarla əməkdaşlığın digər səviyyələrini inkişaf etdiririk.

Bir çox halda eyni sahələr əhatə olunur və bu, "Şərq Tərəfdaşlığı"nın ikitərəfli və çoxtərəfli sahələrinə də aiddir. Bildiyiniz kimi, biz ilk olaraq 1990-cı illərdə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında tərəfdaş ölkələrlə münasibətlərimizi inkişaf etdirməyə başlamışıq və hazırda əlaqələrimizin tələblərinə cavab verəcək yeni dövrdə yeni nəsil saziş üzrə danışıqların yekunlaşdırılması mərhələsindəyik. Biz Azərbaycanla 1999-cu ildən qüvvədə olan və müvafiq siyasi dialoq və siyasi münasibətlərin inkişafı üçün çərçivə təmin edən, eyni zamanda Azərbaycanın demokratiyanı möhkəmləndirmək, ticarəti və bazar iqtisadiyyatına keçidi başa çatdırmaq, iqtisadiyyatı inkişaf etdirmək üçün bütün səylərini dəstəkləyən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında əməkdaşlıq edirik.

Azərbaycan Assosiasiya Sazişi imzalamamağı seçib, lakin biz siyasi dialoqu, ticarəti və bir çox sahədə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün hazırlanacaq və müasir dünyada yeni şərtlərə uyğun olacaq yeni hərtərəfli Saziş üzrə danışıqları yekunlaşdırmaq mərhələsindəyik. Tərəfdaş ölkələr arasında çoxlu oxşarlıq var. Müqayisə etmək istəmirəm, çünki hər bir tərəfdaş ölkə münasibətlərin xüsusiyyətləri ilə yanaşı, Aİ üçün mühüm tərəfdaşdır. Hər bir tərəfdaş ölkənin Aİ ilə əlaqələrinin güclü tərəfləri var və biz onların hamısı ilə güclü tərəfdaşlıq qururuq. Məsələn, ticarət əlaqələrindən danışanda Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Biz həm də Azərbaycanda istehsal olunan məhsulların ixracı üçün ən böyük bazarıq və bu tendensiya getdikcə artır. Aİ həm də Azərbaycana ən böyük investisiya mənbəyidir.

- Optimizmə baxmayaraq, Azərbaycan və Aİ arasında hələ də yeni strateji tərəfdaşlıq sazişi imzalamayıb. Bununla bağlı hər hansı yenilik varmı?

- Bildiyiniz kimi, bu danışıqlar bizim intensiv şəkildə işlədiyimiz prosesin bir hissəsidir və ümid edirəm ki, irəliləyiş tezliklə yeni saziş üzrə danışıqların yekunlaşması ilə nəticələnəcək.

- Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın strateji tərəfi kifayət qədər gözə çarpmır və ya bəlkə də kifayət qədər vurğulanmırdı. Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişel Bakıda olarkən o, tərəfdaşlığın strateji tərəfinin vacibliyini və möhkəmlənməsini vurğuladı. Yaxın gələcəkdə bu istiqamətdə Aİ-nin necə siyasət yürüdəcəyini gözləmək olar?

- Əməkdaşlığımızın və əlaqələrimizin əhatə etdiyi bir çox sahə var və onlar birlikdə tərəfdaşlığımızın strateji ölçüsünü təşkil edir. Biz güclü tərəfdaşlıq qururuq. Bu, yeni sazişlə bağlı danışıqlar prosesində də özünü göstərir. Bu, həm də münasibətlərimizin hazırkı çərçivəsi əsasında davam edən əməkdaşlıqda da özünü göstərir, lakin eyni zamanda, tərəfdaşlıq prioritetləri və mühüm sahələrdə davamlı əməkdaşlıq, o cümlədən siyasi dialoq və sektoral siyasət üzrə dialoq vasitəsilə yenilənir. Enerji onların vacib bir hissəsidir. Dialoqumuz həm də mövcud hüquqi baza əsasında qurulub, Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının və Əməkdaşlıq Komitəsinin iclaslarını əhatə edir. Bu, həm də dialoqun parlamentar tərəfini əhatə edir və "Şərq Tərəfdaşlığı" ilə tamamlanır. Hökumət sütunu, parlamentar sütun ilə yanaşı, vətəndaş cəmiyyəti əməkdaşlığı formasında üçüncü sütun da var. Beləliklə, bu baxımdan münasibətlərin strateji xarakter daşımasının əhəmiyyəti intensiv dialoqla gücləndirilir. Bu, da öz növbəsində ticarət və investisiya kimi müvafiq əməkdaşlıq sahələrinin güclənməsində özünü göstərir.

- Aİ-nin Genişlənmə və Qonşuluq üzrə komissarı Varhelyi Şərq Tərəfdaşlığı regionu üçün İqtisadi və İnvestisiya Planını təqdim edib. "Şərq Tərəfdaşlığı"nın altı ölkəsi üçün Aİ-nin ayırdığı maliyyə dəstəyi paketindən Belarusu nəzərə almasaq, Azərbaycan digərləri ilə müqayisədə daha az faydalanır. Əslində, bu bərabərsizlik Azərbaycanda müəyyən suallar yaratdı...

- "Şərq Tərəfdaşlığı" həm Şərq tərəfdaşlarımıza, həm də Aİ-yə nəzərəçarpacaq faydalar verib və verməyə davam edir. Qarşıdan gələn "Şərq Tərəfdaşlığı" Sammitində İqtisadi və İnvestisiya Planının təsdiqlənəcəyi və bu kontekstdə Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı”nın əhatə etdiyi bütün regiona investisiya üçün Aİ-nin büdcəsindən 2,3 milyard avroya qədər maliyyə vəsaiti ayıracağı gözlənilir. Vurğulayım ki, bu vəsait növbəti beş il ərzində bütün region üçün nəzərdə tutulub. Bütün region üçün nəzərdə tutulan bu resurslar bütün regionda dövlət və özəl sahəyə 17 milyard avroya qədər sərmayə cəlb edə bilər və bu, “ilk gələnə ilk xidmət” prinsipi əsasında mümkün olacaq, o cümlədən, Azərbaycan üçün olan investisiyaların əsas istiqamətləri yaşıl enerji, əlaqələnmə, o cümlədən rəqəmsal əlaqə, iqtisadi inkişaf və kiçik və orta sahibkarlığa dəstək, eləcə də kəndlərin inkişafı kimi sahələrdə gözlənilir. Aİ və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var və İqtisadi İnvestisiya Planı çərçivəsində əməkdaşlığın gələcək imkanlarını inkişaf etdirməkdə maraqlı olan Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə birlikdə biz bu potensialı araşdırmalıyıq. Bu yaxınlarda Bakıda Avropa Komissiyası, o cümlədən Brüsseldən olan Aİ rəsmiləri tərəfindən təşkil edilən Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə institutlarından olan nümayəndə heyətlərinin qatıldığı konfrans keçirildi. Konfransda bütün mövcud maliyyə alətlərinin istifadəsinə diqqət yetirməklə qarışıq mexanizm müzakirə edildi. Bu mexanizm müxtəlif maliyyə alətlərinin, xüsusən də qrantların, kreditlərin və zəmanətlərin birləşdirilməsi deməkdir. Biz indi yeni mərhələ açırıq və bu mövcud əməkdaşlıq səviyyəsindən kənara çıxır.

Məhz indi biz bu perspektivin araşdırılması və onun Azərbaycanın ehtiyacları, ölkənin planları ilə uyğunlaşdırmaq mərhələsindəyik. Ümid edirəm ki, biz bu maliyyə alətləri vasitəsilə Azərbaycana çox yüksək səviyyədə dəstək göstərəcəyik.

- Aİ rəsmiləri sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində AzərbaycanErmənistana yardım göstərməyə, öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayır. Cənab səfir, zəhmət olmasa, bu barədə ətraflı məlumat verə bilərsinizmi, Aİ hansı yardımı təklif edir?

- Cənubi Qafqazda münaqişələr uzun illər davam edib. Etibarsızlıqla bağlı formalaşmış bir yaddaş mövcuddur. Münaqişəni sadə yolla həll etmək mümkün deyil, tərəflər arasında dialoq və əməkdaşlığa ehtiyac var. Daha mürəkkəb münaqişələr üçün müxtəlif aktorların cəlb olunduğu daha böyük formatlar lazım ola bilər. Avropa İttifaqı gərginliyi aradan qaldırmaq üçün tərəflərlə çalışmağa, təhlükəsiz, firavan və sabit Cənubi Qafqaz istiqamətində işləməyə sadiqdir. Biz minaların təmizlənməsi kimi mühüm məsələlərə dəstək verə biləcəyimiz sahələrə töhfə verməyə hazırıq. Aİ ANAMA-nın minatəmizləmə səylərini dəstəkləməkdə BMT İP-ə ən böyük ianəçidir. Sərhədin delimitasiyası və demarkasiyası kimi xüsusi təcrübəmiz olan digər məsələlərə də dəstək verə bilərik, lakin Aİ-nin böyük təcrübəyə malik olduğu iqtisadi əməkdaşlıq və regional əməkdaşlıqla bağlı daha geniş məsələlər də var. Ona görə də biz bu işdə iştirak etməkdə və öncə də qeyd etdiyim məqsədə - dinc, sabit və firavan Cənubi Qafqaza nail olmaqda maraqlıyıq.

Aİ-nin müxtəlif regionlarda münaqişələrin sabitləşməsinə dəstək vermək təcrübəsi var. Aİ özü də Avropada İkinci Dünya müharibəsi faciəsindən sonra yaranmış sülh layihəsidir. Bu mənada, Aİ hər yerdə sabitləşmə və çiçəklənməyə nail olmaq məqsədi daşıyan fəaliyyətləri dəstəkləyir. Bunu Aİ-nin öz tərəfdaşları ilə dialoqa cəlb edilməsindən də görmək olar. Siz, həmçinin, bu il ərzində Aİ-nin Azərbaycanla dialoqunun nə qədər intensiv olduğunu görə bilərsiniz. Avropa İttifaqı Şurasının prezidenti cənab Mişel bu ilin iyulunda Azərbaycana səfər edib. Avropanın Qonşuluq və Genişlənmə Siyasəti üzrə komissarı cənab Varhelyi də iyul ayında Azərbaycanda səfərdə olub, bu il, həmçinin, üç xarici işlər naziri Ali Nümayəndə cənab Borrelin tapşırığı ilə ölkəyə səfər edib, bundan əlavə Aİ-nin xüsusi nümayəndəsi cənab Klaar müntəzəm olaraq bölgəyə səfər edir.

Qarşılıqlı dialoqun digər nümunələri - parlament səviyyəsində, vətəndaş cəmiyyəti səviyyəsində - çoxlu davamlı təmasların olduğunu göstərir. Üstəlik, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında son yüksək səviyyəli telefon əlaqəsi Aİ tərəfindən də davamlı marağın olduğunu göstərir. Sabitləşməyə və müsbət inkişafa töhfə vermək imkanı var.

- Faktdır ki, Qafqazda post-münaqişədən sonrakı dövr sakit deyil. Bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında sərhəddə toqquşmalarla bağlı xəbərlər eşitdik. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel hər iki ölkənin liderləri ilə telefon danışığı apardı və AzərbaycanErmənistan liderlərinin Brüsseldə görüşmək barədə razılığa gəldiyini bildirdi. Lakin bu görüşdən əvvəl iki lider Rusiyanın Soçi şəhərində görüşdü. Bəzi ekspertlərin fikrincə, Rusiyadakı görüş real, Brüsseldəki görüş isə nominaldır. Aİ nümayəndəsi kimi fikrinizi bilmək maraqlı olardı...

- Sizin də dediyiniz kimi, Brüssel görüşü Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə telefon danışıqlarından sonra elan edilib. Bu vəsilə ilə prezident Mişel "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində Brüsseldə görüş keçirməyi təklif etdi. Liderlər regional vəziyyəti, gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək və Aİ-nin də dəstəklədiyi firavan və sabit Cənubi Qafqazı qurmaq üçün Brüsseldə görüşmək barədə razılığa gəliblər. Liderlər, həmçinin, insidentlərin qarşısının alınması mexanizmi kimi rol oynayacaq müvafiq müdafiə nazirləri səviyyəsində kommunikasiya xəttinin yaradılması barədə razılığa gəliblər. Bu, telefon zənglərinin konkret nəticəsidir.

Brüsseldə keçiriləcək görüş mühüm əhəmiyyət kəsb edir, çünki Aİ ən yüksək səviyyədə siyasi iştirakını və regionla bağlı öhdəliyini açıq şəkildə nümayiş etdirib. Bir daha xatırlatmaq istərdim ki, iyul ayında da prezident Mişel Azərbaycana səfər edib. Vicdanlı vasitəçi kimi Aİ regionda sülh və sabitliyə töhfə verəcək etimad mühitinin yaradılması prosesində Azərbaycana dəstək verməyə hazırdır. Mən qəti şəkildə inanıram ki, bütün həll edilməmiş məsələlər dialoq və diplomatik yollarla həll edilməlidir. Brüssel görüşü vacibdir, həll yollarının tapılması yönündə dialoq üçün fürsətdir.

- Bildiyimiz kimi, Azərbaycan Avropaya ildə ümumilikdə 10 milyard kubmetr qaz ixrac edir. Bu həcmin ikiqat artırılması perspektivlərini necə görürsünüz? Sizcə, Avropanın enerji böhranı Trans-Adriatik boru kəmərinin genişlənməsini sürətləndirə bilərmi?

- Həqiqətən də, enerji sahəsində əməkdaşlığımız çox vacibdir, bu, əməkdaşlığın strateji sahələrindən biridir. Cənub Qaz Dəhlizi - Trans-Adriatik Boru Kəmərinin sonuncu seqmenti Azərbaycandan qazın Aİ bazarına çatdırılmasına ötən ilin 31 dekabrında başlayıb. Bu ilin 9 ayı ərzində Azərbaycan Aİ-yə 4,6 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da təxminən 1,5 milyard ABŞ dolları dəyərindədir. Maraqlı tərəflər Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsi ilə bağlı davam edən bazar sınaqları prosesində qəti təkliflər təqdim edə bilər. Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara doğru mümkün genişlənməsi ilə bağlı müzakirələr də davam edir.

Əlavə etmək istərdim ki, mövcud vəziyyəti böhran adlandırmaq tam doğru olmazdı. Bu, olduqca müstəsna vəziyyətdir, çünki enerjiyə qlobal tələbatın artması nəticəsində yaranıb və bu, ölkələrin iqtisadiyyatlarının COVID pandemiyasından çıxması ilə bağlıdır. Bazarın hazırkı vəziyyəti göstərir ki, yüksək enerji qiymətləri keçici xarakter daşıyır və gələn ilin yazına doğru əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Amma yenə də bu, enerji sahəsində əməkdaşlığın strateji xarakter daşımasının zəruriliyi ilə bağlı mühüm dərsdir. Hesab edirəm ki, bu, gələcəkdə öz rolunu oynayacaq çox mühüm amildir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar