Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar aztəminatlı ailələr və həssas qruplarla bağlı təkliflər verdilər

Milli Məclis hökumətin iştirakı ilə 2022-ci ilin büdcəsinin müzakirəsini davam etdirdi - artımların anonsu..

Noyabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda Nazirlər Kabinetinin üzvləri də iştirak edirdi. Spiker Sahibə Qafarova əvvəlcə Milli Dirçəliş Günü münasibətilə təbriklərini çatdırdı.

Daha sonra 2022-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlandı.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini birinci oxunuşda təqdim etdi.

Deputat Elnur Allahverdiyev bildirdi ki, Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin təqaüdlərində nəzərəçarpacaq dərəcədə artım olub: “Amma müharibə iştirakçılarının təqaüdləri artırılmadı. Bu, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi iştirakçılarına aiddir".

Deputat Vüqar İskəndərov hərbçilərin maaşlarının artırılması təklifi ilə çıxış etdi. “Hazırda Ermənistanla müharibə şəraitindəyik və sülh müqaviləsi hələ də imzalanmayıb, son hadisələr də bunu göstərdi”, - deputat əlavə etdi. V.İsgəndərov xüsusilə də müddətdən artıq xidmət edən (MAXE) hərbçilərimizin maaşının iki dəfə qaldırılmasını təklif etdi.

Deputat Qüdrət Həsənquliyev öncə Ermənistanın təxribatçı hücumunun dəf edilməsi zamanı şəhid olan hərbçilərimizə rəhmət dilədi, ailələrinə başsağlığı verdi. Bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır, yalnız ondan sonra bölgəyə sülh gələcək. Daha sonra Q.Həsənquliyev müzakirələrdə səslənən fikirlərə, səslənən təkliflərə diqqət çəkdi: “Biz büdcə müzakirələrində bir çox məsələlərə diqqət yetirmirik”. Deputat yeni iş yerlərinin açılması, qaz, işıq, yol problemlərinin həlli, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılmalı olan addımlardan danışdı. Həmçinin Hesablama Palatasının rəyində əksini tapan məqamlara toxundu, o məsələlərə diqqətlə yanaşılmasını zəruri saydı.

Daha sonra Q.Həsənquliyev aztəminatlı ailələrlə bağlı fikirlərini səsləndirdi: “Ən azı 10 yaşınadək uşaqlara müavinət verilməlidir. Mən təklif edirəm ki, ünvanlı sosial yardımın verilməsi, həmin ailələrin müəyyənləşdirilməsi ilə bağlı məsələlər bələdiyyələrə həvalə olunsun. Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindəki komissiya ləğv olunmalı və Səhiyyə Nazirliyinin tabeliyində yaradılmalıdır. Ölkədə boşanmaların sayı kifayət qədər artıb. İlin ilk yarısında 23 min nəfər nigaha girib, onun 8 mini boşanıb. Digər tərəfdən, bizdə 5 uşağı olan anaya 55 manat müavinət verilir. Qonşu Rusiyada 3 və daha artıq uşağa birbaşa dövlət tərəfindən mənzillər verilir”. Deputat hökumətə xitab etdi: “Doğrudan da ciddi islahatlar aparmaq zamanı gəlib çatıb, hökumətimiz bu barədə düşünməlidir”.

Deputat Tahir Kərimli bildirdi ki, hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb: “Bundan əlavə, döyüşdə iştirak edən hərbi qulluqçulara 2-3 qat maaş verilməlidir. Bu cür məsələlərdə məmurlar zalım olmasınlar”. T.Kərimli ardınca məmurları şəhid ailələrinə, aztəminatlı ailələrə, əlini, ayağını itirmiş qazilərə biganə olmamağa çağırdı.

Deputat Vahid Əhmədov bir sıra vacib məsələlərə hökumət üzvlərinin diqqətini cəlb etdi. Millət vəkili Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyona yaxın artıq vəsaitin qalmasını qəbul etmədiyini söylədi. V.Əhmədov bildirdi ki, əgər dövlət büdcəsindən vəsait ayrılıbsa, o, xərclənməlidir. Deputat ardınca həssas kateqoriyalı vətəndaşlarımızın problemlərinə də diqqət çəkdi: “Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır. Biz qanunda pensiya yaşı ilə bağlı dəyişikliklər etdik, həm də staj ilini dəyişdik. O da pulun yığılmasında DSMF-yə kömək etdi. Burada uşaqlara görə ödənilən müavinətlərə 30 milyon manat vəsait ayrılır. Bu, böyük rəqəm deyil. Ümumiyyətlə, müavinətlərlə bağlı məsələyə yenidən baxılmalıdır”.

Deputat Siyavuş Novruzov pensiya yaşına standart yanaşmaya son qoyulmalı olduğunu bildirdi: “Standart yanaşmadan uzaqlaşmalıyıq. Zehni və fiziki fəaliyyətlə bağlı vətəndaşlara eyni şəkildə yanaşmaq olmaz. Müəllim, ya həkim xahiş edir ki, onu 65 yaşında təqaüdə göndərməyək, bir neçə il də artıraq”. O əlavə etdi ki, yaxud hansısa sahədə ağır fiziki işdə çalışan vətəndaş daha aşağı yaşda təqaüdə çıxmaq istəyir. Necə ki, biz hərbçilərlə bağlı 55 yaş, yaxud polisdə işləyənlərə erkən yaşda təqaüdə çıxmaq imkanı yaradırıq, ağır sahədə çalışanlara da fərdi yanaşmalıyıq. “Biz ümumi standartdan çıxmalıyıq, hər kəsə fərdi yanaşmalıyıq”, deputat əlavə etdi.

Ardınca S.Novruzov qanunsuz pensiya almış vətəndaşlardan həmin vəsaitin geri qaytarılması barədə nazirin dediklərinə etiraz etdi: “Həmin vəsaitlərə amnistiya verilməlidir. Bu təqaüdü vətəndaş biznes fəaliyyətindən ötrü almayıb ki, o, ailəsini təmin etmək üçün alıb. Ona görə də vəsaitlərin geri qaytarılacağı barədə yanaşma çox yersizdir və ona toxunmaq olmaz!”

S.Novruzov müharibə veteranlarına verilən təqaüdlərin 80 manatdan 130 manatadək artırılmasını da təklif etdi.

Deputat Əli Məsimli əhalinin aztəminatlı ailəsinin problemlərinə hökumətin diqqətini çəkməyə çalışdı. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda bunları söylədi: “Vətən müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş şəxslərə - qazilərə hələ də müavinət təyin edilməyib”. Bundan başqa, Ə.Məsimli qeyd etdi ki, bu gün Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinətlərlə bağlıdır: “Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı inkişaf etmiş ölkələrlə eyni səviyyədədir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır. Azərbaycanda pensiyaların artırılması əməkhaqqının artırılması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə insan pensiyaya çıxanda onun ömrünün romantika dövrü başlayır. Azərbaycanda isə pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır. Çünki onun aldığı pensiya minimum tələbatının ödənilməsinə kömək etmir. Bu istiqamətdə ciddi araşdırmaların aparılması çox vacibdir”.

Ə.Məsimli əhalinin aztəminatlı təbəqəsini narahat edən bu problemlərə həssas yanaşmağa çağırış etdi.

Deputat Məlahət İbrahimqızı əlilliyin araşdırılması ilə bağlı davam edən proseslə əlaqədar narahatlığını bildirdi. Bu mənada o, “qurunun oduna yaş da yanır”, deyimini xatırlatdı. M.İbrahimqızı araşdırmaların aparıldığı dövrdə vətəndaşların pensiyasının kəsilməsini də düzgün saymadı: “İnsanlar 2-3 aydır əlillik pensiyasını almırlar. Bəs bunlar nə ilə dolanmalıdırlar?”

Daha sonra M.İbrahimqızı şəhid ailələri və qazilərin, müharibə veteranlarının işlə təmin olunması istiqamətində davamlı addımlara ehtiyac olduğunu vurğuladı. Deputat müvafiq nazirlikləri və komitələri elan olunan Məşğulluq Marafonuna qoşulmağa çağırdı.

İclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihələrinin birinci oxunuşda müzakirələri oldu.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə büdcəsi haqqında qanun layihəsini təqdim etdi. “Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 41 manat artaraq 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 38 manat artaraq 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 matdan 35 manat artaraq 298 manata çatdırılması nəzərdə tutulur”, M.Quliyev bildirdi. Komitə sədri DSMF-nin 2022-ci il üzrə büdcəsi haqqında təkliflərini səsləndirdi: “1. DSMF və digər büdcədən kənar büdcə fondlarının büdcəsinin icrası vəziyyəti barədə dövlət büdcəsində olduğu kimi Milli Məclisə məlumat verilməsi və qanunla təsdiq edilməsi; 2. DSMF-nun sərbəst vəsaitlərini, xüsusilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün hesablanmış lakin dövlət büdcəsindən alınmamış vəsaitlərin idarə olunan kapitala çevrilməsi, fondun maliyyə imkanlarının genişləndirilməsi məqsədilə mövcud beynəlxalq təcrübənin öyrənilməsi və fondun müxtəlif investisiya layihələrində iştirakının təmin edilməsi üçünmüvafiq addımlar atılsın; 3. Şəhid ailəsi üzvlərinin və qazilərin ölkə daxilindəki bütün sanator-kurort müəssisələrində bərpa-müalicə keçməsinin təmin edilməsi məqsədilə AHİK ilə işgüzar əlaqələr daha da genişləndirilsin; 4. Yaşa görə müavinətin məbləği yaşayış minimumunun pensiyaçılar üçün nəzərdə tutulan həddilə uyğunlaşdırılsın; 5. Yaşa görə sosial müavinət alan şəxslər üçün nəzərdə tutulan dəfn üçün müavinətin məbləği pensiyaçılarla bərabərləşdirilsin və eyni qaydada müəyyən edilsin”.

Fasilədən sonra spiker Sahibə Qafarova bildirdi ki, Müdafiə Nazirliyi 16 noyabrda Ermənistanın təcavüzünü dəf edərkən Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər isə yaralanıb. Sədrin təklifi ilə parlament şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sayğı duruşu ilə yad etdi. “Şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılarımıza şəfa diləyirik”, S.Qafarova əlavə etdi.

Deputat Fazil Mustafa Vergi Məcəlləsi ilə bağlı dəyişiklikləri təqdir etdi. Xüsusilə də kitablarla bağlı güzəştlərdən bəhs etdi. “Ümid edirəm ki, gələcəkdə dini və başqa ədəbiyyat üzərində məhdudiyyətləri də aradan qaldırılmasına baxmaq yaxşı olardı”, deputat bildirdi.

Ardınca F.Mustafa Vergilər Məcəlləsində vəkillərə güzəştlərin edilməsini də mühüm amil olaraq səciyyələndirdi. Bildirdi ki, son zamanlar baş prokurorun iki vəkilin fəaliyyətinə imkan yaradan qərarın verilməsi çox yaxşı haldır. Deputat dedi ki, əvvəllər iki qurum sanki düşmən vəziyyətində görünürdülər, bu münasibət aradan qalxıb.

Amma deputat kənd təsərrüfatı məhsullarının topdansatış məntəqələri ilə əlaqədar nəzarət postlarının qurulmasını düzgün saymadı. Qeyd etdi ki, bu sektorda onsuz da hamı topdansatışla məşğul olur, topdansatış postu qurmaq irəliləyişə aparmır.

Deputat Etibar Əliyev də kitab üzərindən 18 faizlik ƏDV-nin götürülməsini təqdir etdi. Ancaq qeyd etdi ki, vaxtilə kitab mağazası olan ünvanlar bu gün başqa məqsədlərlə icarəyə verilib. E.Əliyev ali məktəblərə dərsliklərin çapı üçün imkan yaradılmasını təklif etdi: “Ali məktəblərdə dərsliklərin vəziyyəti bərbaddır. Ali məktəblər deyir ki, bizim maliyyə vəsaitimiz yoxdur”.

Deputat Razi Nurullayev təklif etdi ki, xüsusən rayon, əyalət şəhər və kənd yerlərində iş adamlarına stimul vermək üçün onların vergi yükü daha da azaldılsın, biznesi böyüdükcə, işə götürdüyü adamların sayı artdıqca daha böyük güzəştlər əldə etsin, biznesin ərazisini və həcmini böyütdükcə, əmlak vergisi aşağı salınsın və ya tutulmasın: “İş adamı daha çox iş yeri yaratdıqca dövlətin yükünü azaldır. Ona görə də onlara pul kisəsi kimi baxmaq yox, dünyanı çiyinlərində saxlayan titanlar kimi yanaşmaq lazımdır. Stimul, motivasiya, həvəs yaratmaq lazımdır, əziz hökumət nümayəndələri. Yoxsa, əlimizdə olan bacarıqlı iş adamlarına pul kisəsi kimi yanaşıb elə onları məcazi mənada soyub-talamaq doğru deyil”.

“Vergilər Məcəlləsinə edilən dəyişikliklərin dövlət büdcəsinə təsiri 60 milyon manatdır”. Bunu Milli Məclisin komitə sədri Tahir Mirkişili söylədi. Komitə rəhbəri kitab məhsulları üzərindən ƏDV-nin götürülməsi nəticəsində 2 milyon manatlıq güzəştin edilməsini də xatırlatdı. Qeyd etdi ki, Məcəllədə dəyişikliyin əsas məqsədi iqtisadi deyil, sosial mahiyyət kəsb edir.

Komitə sədri Qənirə Paşayeva çoxsaylı anaların adından müraciət etdi. O, Azərbaycana gətirilən uşaq qidalarının və bezlərin ƏDV-dən azad edilməsini təklif etdi. Bildirdi ki, bu məhsullar ölkəyə idxal edildiyi üçün çox baha başa gəlir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də həmkarının təklifini dəstəkləyərək bildirdi ki, əgər indi bu təklif səsə qoyulsa, deputatlar hamılıqla onun lehinə səs verər. M.Quliyev hökuməti uşaqlarımızla bağlı məsələyə həssas yanaşmağa çağırdı.

Müzakirələrdən sonra Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər ilk oxunuşda qəbul olundu.(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Ən çox oxunanalar