Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi əks-kəşfiyyatçıların ovu: Tilova general Yaşar Aydəmirovun sürücüsü düşür...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, ötən ilin dekabrında həbs edilən general Nizami Şirinov və onun tabeçiliyindəki şöbələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi məhkəmə prosesi başlayıb.

Xəbər verildiyi kimi, Nizami Şirinov və iş üzrə digər fiqurantlar Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər. Əslində Nizami Şirinovun əməlləri daha əvvəl-Eldar Mahmudovun bandasının ləğv edilməsindən sonra ortaya çıxmışdı. Məlum olmuşdu ki, vəzifəsi xarici ölkələrin casuslarını aşkarlamaq və hərbi strukturlarda əks-kəşfiyyat fəaliyyəti aparmaqdan ibarət olan idarə və onun rəisi əslində hədə-qorxu, şantaj, təhdid yolu ilə milyonlarla dollar rüşvət yığmaqla, bu pulların bir qismini Mahmudovun kassasına verib qalanını biznesə yatırmaqla məşğul olub.

Generalın sürücüsü 150 min dollarını geri tələb edir

virtualaz.org-un xəbərinə görə, məhkəmədə elan edilib ki, zərərçəkmişlərdən biri Rahib Ağayev (general Yaşar Aydəmirovun sürücüsü olub) tərəfindən general N.Şirinova və keçmiş idarə rəisi E.Abdullayevə qarşı məhkəməyə 150 min dollarlıq mülki iddia daxil olub. Zərərçəkmiş Vüqar Ağayevin nümayəndəsi isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Zərərçəkmişlərin iddia ərizələri baxılması üçün icraata qəbul olunub. Bu həmin Vüqar Ağayevdir ki, Eldar Mahmudova villa tikmişdi, amma daha sonra nazir onun mülklərini hədə-qorxu yolu ilə ələ keçirmişdi, nəticədə Ağayev o vaxtdan ölkədən qaçmalı olub.

Daha sonra təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı vəsatət veriblər. Bunu cinayət işi materiallarında olan məxfi məlumatların yayılmaması ilə əsaslandırıblar. Zərərçəkmişlər isə bununla razılaşmayıblar, vəsatətin təmin olunmamasını məhkəmədən xahiş ediblər. “Biz məhkəmə proseslərinin açıq keçirilməsini istəyirik. İş materiallarında dövlət sirri yoxdur. Cinayət işi bizə vurulmuş ziyanla bağlıdır”- zərərçəkmişlər bildirib.

Prokuror: “İş 13 cilddən ibarətdir, orada məxfi heç nə yoxdur...”

Dövlət ittihamçısı hazırkı mərhələdə məhkəmənin qapalı keçirilməsinə zərurət olmadığını deyib: “Cinayət işi 13 cilddən ibarətdir. Orada məxfi heç nə yoxdur. Bu şəxslərin vəzifə səlahiyyətlərindən istifadə edərək cinayət törətməklərindən söhbət gedir. Əgər hansısa məxfi sənədlərin araşdırılması prosesinə gəlincə o zaman qapalı keçirilməsinə zərurət yarana bilər”.

Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, general Nizami Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Təqsirləndirilən şəxslər MTN Akademiyasına müdavimlərin qəbul edilməsi və onlara himayədarlıq olunması üçün İrşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən isə 150 min dollar alıblar.

Hakim generaldan ona qarşı irəli sürülən ittihamlarla münasibətini soruşub. N.Şirinov təqsirli bilmədiyini deyib. Digər təqsirləndirilənlər - Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov da özlərini təqsirli bilməyiblər. Hakim ittihamlar təsdiqini taparsa onları 10 ildən 15 ilədək cəza gözlədiyini deyib.

Qeyd edək ki, generaldan fərqli olaraq, digər üç təqsirləndirilən həbsdə deyil. İstintaq və məhkəmə dövründə onların barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.

Yaşar Aydəmirovun sürücüsünə idarədən qorxunc zəng gəlir: “Dedi get gör nə məsələdir...”

Daha sonra prosesdə zərərçəkmiş Rahib Ağayev ifadə verib. O, ifadəsində general Yaşar Aydəmirovun sürücüsü işlədiyini, 1992-ci ildən müxtəlif hərbi hissələrdə xidmət etdiyini, 2003-cü ildə isə tərxis olunduğunu deyib: “Mən general Yaşar Aydəmirovla qonşu olmuşam, uzun müddət onun sürücüsü işləmişəm. 2012-ci ildə telefonuma zəng gəldi, özünü MTN-nin Hərbi Əks - Kəşfiyyat idarəsinin əməkdaşı, mayor Ruhlan Cəfərov kimi təqdim etdi və “Nəsimi” bazarının yanındakı Əks-Kəşfiyyat İdarəsinə dəvət etdi. Telefonda hansı səbəbə görə çağırıldığımı soruşduqda heç nə demədi, təkidlə idarəyə gəlməyimi tələb etdi. Bu barədə general Yaşar Aydəmirova da məlumat verdim. Dedi, get öyrən, gör nə məsələdir, niyə çağırıblar”.

Zəruri qeyd: Hazırda istefada olan general-leytenant Yaşar Aydəmirov birinci Qarabağ müharibəsinin veteranıdır. 2000-2004-cü illərdə Müdafiə Nazirliyinin təş­kilat-sə­fərbərlik idarəsinə rəhbərlik edib, daha sonra 6 il Azərbaycanın Çindəki səfirliyində hərbi attaşe olub. 2010-2014-cü illərdə yenidən Müdafiə Nazirliyinin təşkilat-səfərbərlik idarəsinə rəhbərlik edib. 2014-cü ildə ehtiyata buraxılıb. MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin generalın sürücüsünü “ovlaması” onun Müdafiə Nazirliyində təşkilat-səfərbərlik idarəsinin rəhbəri olduğu vaxtda baş verirdi.

Şantaj, təhdid və “150 min” yazılmış kağız...

R.Ağayev ifadəsinə davam edərək deyib ki, həmin israrlı telefon zənglərindən sonra Hərbi Əks-Kəşfiyyat İdarəsinə gedib, orada onu idarənin əməkdaşı, mayor Ruhlan Cəfərov qarşılayıb. Dərhal generalın sürücüsünə qarşı təhdidlər başlayıb. Onu əsgərə saxta sənəd düzəltdirib xidmətdən yayındırmaqda günahlandırıblar. Şübhəsiz ki, əks-kəşfiyyatçılar sürücünü təhdid etmək üçün hazırlıq görmüşdülər, onun telefon danışıqlarını izləmişdilər və əllərində şantaj üçün materiallar var idi.

“Dedi ki, sən əsgərə saxta sənəd vermisən, 1 il 6 ay əvəzinə 1 il xidmət edib. Mən həmin əsgərin dayısını tanıyırdım. Adı Mahir idi. Birinci Qarabağ müharibəsində onunla bir yerdə döyüşmüşdük. Amma o əsgərin hansı hərbi hissədə xidmət etdiyini bilmirdim. Heç bir sənəd də düzəltməmişdim. Ruhlan məni Elcan Abdullayevin kabinetinə apardı. Başladılar mənə hədə-qorxu gəlməyə, təzyiqlər etməyə. Elcan Abdullayev üzünü mənə tutub dedi ki, özünü tülkülüyə qoyma. Ruhlan öz otağında mənə izahat yazdırdı ki, guya kimdənsə min manat pul almışam. Dedi, bunu yazırıq ki, iş bağlansın. Sonra həmin izahatı rəisin otağına apardı. Əlində qırmızı qələmlə “150 min” yazılmış vərəq gətirdi”,-Rahib Ağayev danışıb.

“Aydəmirov Nizami Şirinovla danışa bilmədi, dedi o pulu istəyirlərsə deməli alacaqlar...”

O deyir ki, əvvəl rəqəmi 15 min oxuyub, amma özünə təskinlik verməyə macal tapmamış rəqəmin əslində 150 min olduğunu görüb. Əks-kəşfiyyatçılar rəqəmi ona göstərib deyiblər ki, həmin məbləği gətirməsə vətənə xəyanət ittihamı ilə tutub göndərəcəklər həbsə.

“Çox qorxdum. İdarədən çıxan kimi general Aydəmirova baş verənlərlə bağlı məlumat verdim. General məsələni özü danışacağını dedi. Lakin sonradan general Nizami Şirinovla danışa bilmədiyini söylədi və “əgər o pulu istəyirlərsə mütləq alacaqlar” dedi”, - zərərçəkmiş bildirir.

R.Ağayevin danışdıqlarına əsasən həmin ərəfədə onun mənzilindən oğurluq edilmişdi, özünün qara avtomobillə izlənildiyini görmüşdü, oğlunun toy günündə şadlıq evində tanımadığı şəxslər peyda olmuşdu.

“Oğlumun toyunda restoranın foyesində tanımadığım şəxslər ortaya çıxdılar. Hər yerdə məni izləyirdilər. Toy günü general Aydəmirovun qaynı qızı yoxa çıxdı. Təxminən dörd-beş saatdan sonra tapıldı. Ondan bir neçə gün sonra evimdən oğurluq etdilər, gəlinimin qızıllarını apardılar. Baş verənlərdən qızım qorxuya düşdü, epilepsiya xəstəliyi tutdu. Hamısı bunların ucbatından oldu”, - o deyir.

150 min dolları birtəhər düzəldib verir

Zərərçəkmiş deyir ki, məcbur qalıb dost-tanışdan, qohum-əqrəbadan borc pullar tapıb: “General Aydəmirov da 10 min manat köməklik etdi. Yüz min dollar düzəltdim, Hərbi Əks-Kəşfiyyat idarəsinə aparıb Ruhlana verdim. Dəfələrlə Ruhlana dedim ki, namaz qılan adamsan, Allah xatirinə, onları başa sal, mənim imkanım yoxdur, vəziyyətim yaxşı deyil, o qədər pulu verə bilmərəm. Xeyri olmadı. Yerdə qalan 50 min dolları da müxtəlif vaxtlarda “Qələbə” dairəsinin yaxınlığında Ruhlana aparıb vermişəm.

Tələb edilən məbləğin 100 min dollarını verəndən bir neçə gün sonra general Aydımirov Elcan Abdullayev və Ruhlan Cəfərovla Biləcəridəki “Bulaq” restoranında görüşdülər. Həmin vaxt qapının yanında dayanmışdım. Restorandan çıxanda general Aydəmirov dedi ki, pulu mütləq vermək lazımdır”.

“Dedilər verməsən Yaşar Aydəmirova da pis olacaq...”

Daha sonra zərərçəkənə tərəflər suallar veriblər. R.Ağayev deyib ki, “Bulaq” restoranındakı həmin görüşdən bir müddət sonra ona yenidən zənglər gəlməyə başladı. Bu dəfə təkcə onun özünü deyil, general Aydəmirovu da hədəfə almışdılar.

“Zəng vurub dedilər ki, pulu verməsən sənə də, Yaşar Aydəmirova da pis olacaq. Ordan-burdan borc pul tapıb “Qələbə” dairəsinin yaxınlığında Ruhlan Cəfərova verdim. Ruhlanla görüşəndə üstümdə diktofon olurdu. Bütün danışıqları yazırdım. Evdəkilərə demişdim ki, başıma bir iş gəlsə səs yazılarına baxarsınız”, - o bildirib.

Zərərçəkmiş bağlı qorxduğu üçün başına gətirilənlərlə hüquq-mühafizə orqanlarına şikayət edə bilmədiyini söyləyib: “MTN-də baş verən hadisələrdən sonra məsələ ilə bağlı prokurorluğa getmişəm. Orada başıma gətirilən hadisələrlə bağlı məlumat vermişəm. İstintaq dövründə verdiyim puldan 58 min manat Ruhlan Cəfərov və digərləri tərəfindən mənə ödənilib. Pulun qalan hissəsini tələb edirəm”.

Məhkəmə prosesi oktyabrın 14-də davam edəcək.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar