Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhəmməd Əmin Rəsulzadə: “Kazan türkləri” kimlərdir? - Nəsiman Yaqublunun təqdimatında

Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin çox zəngin irsi vardır.Onun yazıları bir daha sübut edir ki, böyük şəxsiyyət  yalnız Azərbaycan problemləri ilə deyil, eyni zamanda dünyada yaşayan digər türk xalqlarının tarixi ilə də maraqlanmış və dəyərli əsərlər yazmışdır.Bu mənada onun 1926-cı ilin 14 aprelində  İstanbulda nəşr edilən “Yeni Qafqasiya” jurnalında çap olunmuş  “Kazan türkləri” məqaləsi əhəmiyyətlidir.M.Ə.Rəsulzadənin bir zamanlar dərc edilmiş “İran türkləri”, “Qafqaz türkləri” yazıları  geniş oxucu auditoriyasının diqqətinə səbəb olmuşdu. Məllifin “Kazan türkləri” yazısı da  həm oxucular, həm də tədqiqatçılar üçün ciddi mənbədir.
                                   
M.Ə.Rəsulzadə

KAZAN TÜRKLƏRİ        

Kazan türkləri sabiq Millət Məclisi əzasından A.Battal bəyin “Kazan Türkləri” namıyla nəşr etdiyi kitabın elanı vaxtilə “Yeni Qafqasiya”da tab edilmiş, fəqət nəşriyyatımızda zühur edən zəruri təvəqqüf  saiqi ilə bu kitab haqqındakı mütaliəmizin nəşri təxirə uğramışdı.
        
Kazanlı məsləkdaşımızın nəşr etdiyi bu kitab Azərbaycan ilə Türkiyə mətbuatında “Şimal türkü”, Krım ilə Volğa boyu mətbuatında da “Tatar” namiylə yad olunan türk elinin tarixi sərgüzəştini hekayə edən dəyərli bir əsərdir. Mühərrir Volğa boyunda yaşayan bu türk elinə doğru olaraq veriləcək yeganə ismin “Kazan Türkləri” ola biləcəyi davasında israr etməkdədir.
       
Bunun üçün də o, kitabına “Kazan Türkləri” namını vermişdir. A.Battal bəycə “Şimal ayısı olursa da Şimal türkü olmaz”. Kazanlı münəqqidlərin “Tatar Puşkini” deyə təqdir etdikləri məşhur şair Tukayın belə vaxtilə Battal bəyin də yaxalandığı “Tatar modası”na tabeən, kəndi qövmünə “tatar” deməsini “Kazan Türkləri” pək böyük bir xəta ədd ediyor.
         
Battal bəyə görə Volğa və Kama nəhrləri boyunda sakin türklər vaxtilə bu hövzədə yüksək mədəniyyət sahibi olan Bulğar ənqazi üzərində təəssüs edən qüdrətli türk xanlığını təşkil etmişlərdi. Bu xanlığın ismi Kazan idi. Kazan, bu gün təsəvvür olunduğu kibi, yalnız bir şəhərə verilmiş isim deyildir, idarə və hökumət mərkəzi olmaq hasebiylə bu şəhərə tabe bütün məmləkətin ismi Kazandır. Kazan xanlığı yalnız bir şəhəri deyil, vəsi bir məmləkəti və bu məmləkətdə yaşayan türkləri ehtiva ediyordu. Demək, bu ölkənin tarixi ismi Kazandır. Buradakı türklər də Kazan türkləridir.
                                  ***
 “Tatar” ünvanı altında oyanan “milli intibah məfkurəsinin hədəfi “tarixi müqəddərata” baş əyərək, siyasi rus hakimiyyəti altında “milli mədəni” mövcudiyyət qazanmaqdan ibarət idi. Kazan ismini ehya etməklə A.Battal bəy Volğa boyunda oyanan milli intibah cərəyanını “milli-mədəni” muxtariyyət məhdudluğundan milli istiqlalçılıq kibi siyasi geniş bir yola sövq etmək istiyor. “Tatarçılıq” rus demokratizminin cinahı  altında bütün Rusiya müsəlmanlarının rəhbəri olmaq istərdi. “Kazançılıq” isə, digər ellər ilə bərabər rus istilasına qarşı mücadilə bayrağı açıyor.
     
Battal bəycə, çarizm tərəfindən məhv edilən müstəqil Kazan tarixi və mədəni qiymətdən məhrum, Moskov çarlığına nisbətlə səviyyəsi dün bir cəmiyyət və hökumət deyildi. “Bulğar” mədəniyyətinin varisi bulunan Kazanın kəndinə məxsus mədəni bir qiyməti vardı. Müəllif bu davasında rus müəlliflərini istişhad  ediyor. Mütəəssib  rus müvərrixlərinin  “talandan başqa bir şey bilməz köcəbə vəhşilər ordusu” tələqqi etdikləri Kazanı rus müvərrix və filosofu məşhur Solovyov “mədəniyyət ocağı” deyə tərif eyləmişdir - diyor.

Kazan gəncliyinin dimağında düşmənlərin də etiraf etdiyi “Kazan qiymətləri”ni itilalandıran müəllif 1917-də Kazanda elan olunan milli-mədəni muxtariyyat şüarını Kazan türkləri üçün həqiqi bir məfkurə olaraq qəbul etmiyor. Bu qərarı verən Millət Məclisində siyasi muxtariyyət istəyən mühüm bir əqəliyyətin mövcud olduğunu bizə xəbər veriyor. Tatarıstan Cümhuriyyətinin muxtariyyətini elan edən moskvalı bolşeviklər bu şərəfi kəndilərinə çıxmasınlar. Onlar ancaq getdikcə qüvvətlənən bu siyasi cərəyanı tətmin etmək məqsədi ilə Tatarıstan Muxtariyyətini “yuxarıdan elan” eyləmişlərdir. Fəqət digər tərəflərdə olduğu kibi, burada da bittəbii, şəklən tətmin etdikləri bu hərəkatı felən öldürmək üçün nə lazımsa ehmal etməmişlərdir.
                               ***
Rus çarlığının Şərqi istilaya tövcih olunan ilk zərbəsini Kazan xanlığı yemişdi. Bu zərbənin dəhşət və dərəcəsini təsbit etmək üçün “Kazanın korxunc İvan kibi bir canavar tərəfindən zalimanə surətdə istila edildiyini” söyləmək, müəllifcə kafidir. Faciəyi bu qısa cümlə ilə təqdir etmək xətasında bulunamayan qarelər müəllifin işbu istilayı təsvir edən səhifələrini oxusunlar. Tarixi vaqeələrə qarşı həssasiyyətlərini qeyb etməyənlərin bu fəci səhifələri soyuqqanlılıqla oxuyamayacaqlarına əminiz. Ələlümum çox mevsuq olan bu əsər rus məzalimindən bəhs edərkən vaqeələri rus mənbələrinə istinadən nəql edər ki, kəndisini “milli təəssüb” saiqi ilə ifrat və qərəzkarlıqda ittiham etmək imkanı da yoxdur. Öylə ikən rus imperyalizminin ilk qurbanı olan bu türk məmləkətinin uğradığı acı fəlakətlərin bu kitab ən acı səhifələrini ehtiva ediyor!...

Rus çarlığının türk millətinə nələr etdiyini bilmək istəyənlər Kazan xanlığının “Qara yazısını” oxusunlar. Məzalim  tarixinin aləmşümul nümunələrin həp burada cəmdir. Kazan türklüyü yerindən olmuş, yurdundan qovulmuş, öldürülmüş, tənəssür  etdirilmiş, milli mədəni hər növü xüsusiyyətdən təcrid edilərək səfil bir “parya” halına endirilmişdir.

Hissəsinə gələn bu fəlakət nəticəsində Kazan türklüyü çox qeyb eyləmiş, nüfusca azalmış, türk əhali şəhərlərindən qovulmuş, türk köylərinə rus mujikləri oturdulmuş, Kazan köylüləri arasına rus köylüləri salınmış, xalq ruslaşdırılmış, bu ruslaşdırmanın Kreşin namı ilə vücuda gətirildiyi hadisə Kazan türklüyünün məruz qaldığı din və vicdan təqibatını göstərən nə dilsuz  bir vaqedir. İnsanlar feilən islam, rəsmən xristiyan yaşamaq kibi əlim bir vəziyyət içərisində sənələrcə mücadilə etmiş, mənəvi iztirablar altında xırpalanmışlardır.

Fəqət bütün bunlara rəğmən, Kazan türkü tamamilə məğlub olmamış, mətanət göstərmiş, mücadilə etmiş, mövcudiyyətini müdafiə edə bilmişdir. Bu mücadilədə kəndisinə rəhbərlik edən zümrə din alimləri olmuşdur. Din alimlərinin Kazandakı rolu çox böyükdür. Bu rolun nədən ibarət olduğunu, müəllif rus mühərrirlərindən Firsovun təqdiratı ilə tövsiq ediyor. Firsov “Rus ortodoksları bəzi yerlərdə papazların üzünü pək nadir gördükləri halda, müsəlmanlar da hər köydə bir məscid, bir və yaxud bir kaç molla bulunduruyordu ki, bu mollalar məhəllə əhli ilə sıxı təmasda bulunuyorlardı. Bizdə (yəni Rusiyada) oxuma-yazma bilməyən cahil papaz  az olmazdı. Halbuki onlarda (yəni Kazan türklərində) molla demək alim deməkdi və bunlar lazım olan təhsili görmüş adamlar arasından seçilirdi” - diyor və “molla eyni zamanda dindaşlarının müəllimi, qazisi və hətta təbibi olurdu” - deyə təqdiratını təyid ediyor.
                                       ***
Kazan türkləri kibi siyasi zümrəsini qeyb edən istilazədə millətlərdə dini müəssisələrin millətin tutulacaq yeganə istinadgahını təşkil etdiyi əmsalı ilə vaqedir. Şu təqdirdə cəmiyyətin yediyi müdhiş zərbələrə qarşı vəhdət və mənliyini müdafiə və mühafizə edən dini zümrə bütün mühafizəkarlığına rəğmən, afaqi  surətdə tərəqqi amili oluyor, tarixi çox müqəyyəd və müsbət rol oynuyor. Nitəkim Kazan türklüyündəki ilk intibah mübəşşirləri bu zümrədən yetişdiyi kibi, bugünkü Kazan münəvvərlərinin kütleyi-əsliyyəsini dəxi Məhəmmədiyyə, Hüseyniyyə kibi mədrəsələrdən yetişən mollalar, müəllimlər, mühərrirlərlə camaat xadimləri təşkil etməkdədir. Hətta bugünkü halda komunist keçinən “xadimlər” arasında belə “kökləri mədrəsələrdə bulunanlar” az deyildir.

Kitabın “Ədəbi və Milli İntibah dövrü” ünvanı altında yazılan səhifələri bizə Şahabəddin Mərcani, Qəyyum Nasiri kibi böyük mübaşirlərdən tutaraq müasirlərimizə varıncaya qədər milli və ədəbi Kazan mühitində meydana atılan, yetişən camaat adamlarının bu zümrə içərisindən yetişərək milli intibah məfkurəsinə etdikləri hizməti tədad ediyor. Fəqət təəssüf olunacaq bir cəhət var ki, o da bu səyfələrin digər səyfələrə nisbətlə daha mücməl  olmasıdır. Könül istərdi ki, Battal bəy bizə Kazan türklüyünün çarizmdən çəkdiyini anlatdığı kibi, bu türklüyün o mənhus çarlığa qarşı mücadiləsi demək olan intibah dövrünün vaqeələrini də eyni təfsilatla anlada idi.
                                    ***
Əsərin təsnifindəki təmayül tarixcə bizə daha yaxın hadisələri daha uzaq hadisələrdən daha az təfsil ilə anlatmaqdır. Ədəbi və Milli İntibah fəsli haqqında qeyd etdiyimiz bu xüsusiyyət “Tatar Cümhuriyyəti”nin bugünkü vəziyyəti fəslində bilxassə nəzərə çarpar. Şöylə ki, məcmui orta formatla 250 səyfə təşkil edən bu kitabın bugünkü vəziyyəti anlatan qismi ancaq 6 səyfədən ibarətdir.

Bu səyfələrdəki ifadəsi ilə  mühərrirbolşevik sistemi ilə Rusiya istilası əleyhində olmaqla bərabər, millətin bu sistem daxilində ümidsiz bir halda inqraz etməkdə olduğu fikrinə qətiyyən iştirak etmiyor. Biləks, bolşevik istilasına qarşı xalqda ciddi bir müqavimət əsəri görüldüyünü iddia və 17-ci və 18-ci əsrlərdə rus təmsil siyasətinə qarşı dinini sipər edərək müavimət edən və 19-cu əsrin sonlarına doğru və 20-ci əsrin başlarında milliyyətini inkişaf etdirməyə çalışmış olan millətin şimdi də mənliyini mühafizə etmək uğrunda çalışdığını” təbşir ediyor.

Əvvəlki müqavimətində çarlığa mədyun  olmayan millət, bittəbii, şimdiki çalışmasında da komunizmə mədyun deyildir. Müəllif bu qəziyyeyi təcbid etməyi də ehmal etməmişdir.

Kazan türklərinin bəzilərində yaşadıqları acı tarixin bəzi zehinlərdə buraxdığı dərin infial  üzündən rusluqla etilaf surətilə müdafiəyi mövcudiyyət üsulunu tərcih etmək meyli vardır. Kazan türklüyünü bu xətalı yoldan mən ilə tarixi düşmənə qarşı vəziyyət alaraq, digər türk ellərilə bərabər istiqlal hədəfinə doğru sövq etmək niyyətilə qələmə alınan  “Kazan Türkləri” əsərini qarelərimizə hərarətlə tövsiyə edərkən möhtərəm mühərririni də bu faydalı müfid əsərindən dolayı təbrik eyləriz.

M.Ə.
“Yeni Qafqasiya”, 14 nisan  1926 / 1 şəvval  1344, 
il: 3, №11, s. 11-13

Təvəqqüf  - dayanma
Cinah - qanad
İstişhad - şahid
Mütəəssib - təəssübkeş
Müvərrix - tarixçi
İtilalandıran - aşkar edən
Məzalim - zülmlər
Tənəssür - xaçpərəst
Parya - hissə
 Tövsiq etmək - möhkəmləndirmək
Papaz - din xadimləri
Afaqi - perspektivli
Mücməl - qısa
Ehmal etməmək - əhəmiyyət verməmək
Mədyun - minnətdar
İnfial - xəcalət çəkmə
Etilaf – anlaşma, uyuşma
İnqraz – batma, çöküş
Müfid - mənalı

Red:14 nisan  1926 / 1 şəvval  1344 – 14 aprel 1926

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar