Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük axmaq”və ya yaxınlaşan təhlükə…

Dünya iqtisadiyyatını növbəti dərin böhrana sürükləyən kimlərdir?

Azərbaycan kimi ölkələr dünya iqtisadiyyatında, xüsusilə də maliyyə bazarlarında baş verən hadisələrdə aktiv və önəmli iştirak payına malik olmadığı üçün həmin hadisələri yalnız kənardan izləməklə məşğul olmaqdadır. Ancaq nə yazıq ki, bu bazarlarda baş verən mənfi tendensiyalar gec-tez özünü kiçik və nisbətən təcrid olunmuş iqtisadiyyatlarda da biruzə verir.

Pul dalanı…

“AzPolitika.info” qeyd edir ki, hazırda dünya iqtisadiyyatı kifayət qədər böyük dəyişikliklər və qeyri-müəyyənlik dönəmini yaşayır. İqtisadçılar indiki situasiyanı “pul dalanı” adlandırırlar. Çünki böhran və silkələnmələr bir-birini əvəz etdikcə, dünya dövlətləri dövriyyəyə ucuz pul buraxmağa başlayırlar. Yəni dövriyyədəki pul kütləsini artırırlar ki, bu da onun dəyərdən düşməsinə səbəb olur. Məqsəd istehsalın genişləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi və s. olsa da, pul kütləsinin bu dərəcədə artırılması əks effekt verməyə başlayır. Nəticədə getdikcə böyüyən sabun köpüyü partlamağa doğru gedir.

Vəziyyət o yerə çatıb ki, aparıcı dövlətlərdə nəinki faizsiz, hətta mənfi faizlə kreditlər verilməyə başlayıb. Yəni ki, götürülən kreditin bir hissəsi ümumiyyətlə ödənilmir və bank müştəriyə borc götürdüyü üçün əlavə vəsait ödəmiş olur.

Bu təcrübə hazırda ən çox İsveçrədə müşahidə olunmaqdadır. İsveçrə Mərkəzi Bankının uçot dərəcəsi isə sıfırdan da aşağı enərək, mənfiyə düşüb, dəqiq desək -0.75 faizdir. Yaponiyada isə bu göstərici -0.1-dir. İngiltərə, Kanada, Yeni Zellandiya, Avstraliya və Tailand kimi ölkələrdə də uçot dərəcələri az qala sıfra bərabərdir.

Bütün aparıcı ölkələr dövriyyəyə daha çox pul buraxmaqla iqtisadiyyatı dirçəltməyə çalışdığı bir dönəmdə buna paralel olaraq, öz dövlət istiqrazlarına, dövlət borclarına görə gəlir faizləri ödəməkdən də demək olar imtina edirlər. Əksinə, investorlar bu dövlətlərin borc kağızlarını aldıqlarına görə ziyana düşürlər. Yəni ki, məsələn Almaniya onun istiqrazlarını alan investorlara faiz ödəmir, əksinə, investorlardan buna görə faiz tutur. İnvestorlar isə qarşıda gözlədikləri böhrandan daha böyük itkilərlə çıxmamaq üçün müəyyən məbləğdə ziyana baxmayaraq, öz vəsaitlərini Almaniya kimi ölkələrin borc kağızlarında saxlamağa üstünlük verirlər.

Bununla yanaşı, ümid edirlər ki, həmin kağızları onlardan daha baha qiymətə alanlar olacaq. Bunu “böyük axmaq” prinsipi adlandırırlar. Yəni ki, həmin kağızlar daha böyük axmaqlar tərəfindən alınaraq, yenidən satılırlar. Ancaq bu prosesin nə vaxtsa dayanacağı və yaranan sabun köpüyünün partlayacağı da qaçılmaz görünür.

Dünya maliyyə bazarında baş verən bu proseslər həm də dünya bazarında qızılın qiymətinin artaraq, son 6 ilin rekord səviyyəsinə çatmasına səbəb olub. Çünki məhz bu əlvan metal daha etibarlı yatırım mənbəyi hesab olunur.

Hər 10-12 ildən bir gələn bəla

ABŞ-ın dövlət istiqrazları bazarında da anormal vəziyyət yaranmağa başlayıb. Məlumat üçün bildirək ki, dünyanın başına bəlaya çevrilən bu ölkədə büdcə kəsirini qapatmaq üçün dövlət 12 növ maliyyə alətindən istifadə edir və buna da 1 aylıq veksellərdən tutmuş 30 illik istiqrazlara qədər bir çox qiymətli kağızlar daxildir. Və adətən investorlara həmin kağızları aldıqları üçün ödənilən faiz istiqrazların müddətindən asılı olur.

Yəni ki, məsələn 10 illik istiqrazla müqayisədə 1 illiyə xeyli az faiz ödənilir. Lakin son dövrdə bunun əksi olan anormal hal baş verir. Artıq qısa müddətli istiqrazlara görə daha çox faiz ödənməyə başlayıb ki, iqtisadçılar da bunu qlobal iqtisadi böhranın yaxınlaşmasının göstəricisi hesab edirlər. Çünki investorlar öz pullarının gələcəyindən narahatdırlar və onları uzun müddətə deyil, qısa müddətə istiqrazlara dəyişməyə hazırdırlar.

1978-ci ildən etibarən ABŞ-da cəmi 5 dəfə belə situasiya yaranıb ki, onların da hər birindən sonra qlobal iqtisadi böhran baş verib. Artıq bu siqnal ABŞ-ın maliyyə bazarında panikaya, çalxalanmaya səbəb olub. Aparıcı indekslər sürətlə enməyə başlayıb və buna görə, investorlar səhmlərini kütləvi şəkildə sataraq, vəsaitlərini dövlət istiqrazlarına yatırmağa başlayıblar. Nəticədə maliyyə bazarlarında yaranan çöküş heç də istehsalın və ümumilikdə iqtisadiyyatın inkişafına, böyüməsinə xidmət etmir.

O da məlumdur ki, qlobal iqtisadi böhranlar təxminən hər 10-12 ildən bir baş verir. Son böhrandan isə artıq 11 il ötüb və hazırda yaranan durum yaxın müddətdə növbəti böhranın yaxınlaşdığından xəbər verir. Ümumiyyətlə, hesab olunur ki, dünya iqtisadiyyatının inkişafı tsikllərlə baş verir və yüksəlişdən sonra mütləq eniş yaşanır. Çünki istehsalın ilbəil artması bazarın lazım olandan artıq həddə yüklənməsinə, nəticədə tələbin təklifdən xeyli aşağı olmasına gətirib çıxarır. Hələ ötən il Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard artıq böhranın yaxınlaşdığına dair xəbərdarlıqlar etmişdilər.

Ancaq iqtisadçılar dünyanı iqtisadi böhrana sürükləyən bu durumun yaranmasında əsas səbəblərdən biri kimi ABŞ-la Çin arasındakı ticarət müharibəsini göstərirlər. Donald Trampın ötən il başlatdığı bu müharibə elə ABŞ-ın öz iqtisadiyyatına da baha başa gəlir. Məlum olduğu kimi, sentyabrdan etibarən Çindən idxal olunacaq 300 milyard dollarlıq məhsula 10 faizlik rüsum tətbiq olunacaq. Bundan başqa, Çinin ən böyük şirkətlərindən olan “Huawey”ə qarşı sanksiyalar onu az qala məhv etməkdədir. Ancaq müasir qlobal iqtisadiyyatda ayrı-ayrı ölkələrə aid şirkətlər bir-birindən olduqca asılı vəziyyətdədirlər. Ona görə də Çinə qarşı sanksiyalar bumeranq effekti verərək, ABŞ şirkətlərinə ciddi ziyan vurur.

Vəziyyəti bir qədər də pisləşdirən bu iki ölkənin öz milli valyutalarını bilərəkdən devalvasiyaya uğratmaq planlarına dair məlumatlardır. Belə ki, həmin məlumatlara görə, ABŞ öz dollarını, Çin isə yuanı ucuzlaşdıraraq, eksporta göndərdikləri malların qiymət baxımından rəqabət gücünü artırmaq istəyir.Bu isə istehsalçı şirkətləri çaşqınlıq içərisində saxlayaraq, birjalarda qeyri-müəyyənliyə yol açır, həmçinin yüksək inflyasiya təhlükəsini artırır.

Bir sözlə, dünya iqtisadiyyatının növbəti böhrana doğru sürətlə addımladığının bütün əlamətləri özünü göstərməkdədir. Və burada supergüclərin marağı, hegemonluq istəyi, hikkəsi də öz sözünü deyir. Təəssüf ki, nəticə etibarilə bu güclərin savaşından həm Rusiya kimi iri, lakin iqtisadiyyatı nisbətən zəif, həm də daha kiçik ölkələr öz nəsibini alırlar. Necə deyərlər, at atla savaşanda təpik uzunqulağa dəyər…

Pia.az

 


Etiket: böhran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar