Novruz bayramının gəlişinə saatlar qalıb. Hər il olduğu kimi, bu il də dövlət səviyyəsində keçiriləcək bayram ilə bağlı paytaxtda hazırlıqları başlayıb
Əməkdaşlarımız bayram hazırlıqlarını lentə almaq üçün mərkəzi küçələrə baş çəkib və hazırlıq prosesini yerində görüntüləyib. İçərişəhər və Qız qalasının ətrafında yarmarkalar qurulub. Konsert üçün səhnə də artıq hazırdır. Yarmarkalarda satıcılar da öz yerini alıb və öz müştərilərini gözləyirlər.
Nizami küçəsində qurulan yarmarka isə rəngarəngliyi ilə göz oxşayır və qonaqlarını qarşılamağa bir neçə gündür ki, başlayıb.
Bəs, bayram günlərində Bakı sakinlərini və qonaqlarını hansı əyləncəli şənliklər gözləyir?
Belə ki, YUNESKO-nun mədəni irs siyahısında Azərbaycanın qədim milli bayramı kimi qeyd edilən Novruz bayramı paytaxtın bütün rayonlarında şənliklərlə qeyd olunacaq.
Bakıda martın 19-na planlaşdırılan əsas tədbir Qız qalasının qarşısındakı meydanda baş tutacaq, daha sonra Milli Parkda davam etdiriləcək.
Eyni zamanda, Qız Qalasının qarşısında böyük tonqal qalanacaq. Bundan başqa, bütün bayram günləri ərzində İçəri Şəhərdə və Sabir bağının qarşısında konsert proqramı və yarmarka təşkil olunacaq. Bayram günlərində Türkiyənin məşhur müğənnisi Aleyna Tilki Bakıya gələcək. O, martın 23-də Qoşa qala meydanında konsert proqramı ilə çıxış edəcək.
Musavat.com Bakının Novruz hazırlıqları ilə bağlı hazırladığı foto-reportajı təqdim edir:(musavat.com)
pia.az