Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kölgə iqtisadiyyatı iqtisadi sistemin bir hissəsinə çevrilib” - İqtisadçı-ekspert

Vüsalə Əhmədova: “Azərbaycanda kölgə iqtisadiyyatının payı ÜDM-un 67,4%-ni təşkil edir ki, bu da dünya ortalamasından üç dəfə çoxdur”

Azərbaycanda yüksək korrupsiya, demokratik institutların zəifliyi və iqtisadiyyatdakı tənəzzül qeyri-rəsmi biznesin inkişafına zəmin yaradır”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Azərbaycanda kölgə iqtisadiyyatının vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılmasını vergi orqanları qarşısında əsas vəzifə kimi qoyub. “ Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır”, - deyə Prezident bildirib.

Ölkə başçısı vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub.

Vergilər Nazirliyi cari ildə biznes dövriyyələrinin şəffaflaşdırılması istiqamətində sahibkarlıq subyektləri ilə çoxsaylı görüşlər keçirib, göstərilən məsələlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində çoxsaylı müzakirələr aparılıb.

Həmçinin Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin daha sıx əlaqələndirilməsi məqsədilə bu ilin aprel və iyun aylarında ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar böyük əhəmiyyət daşıyır. Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi hesabat xarakterli birgə kollegiya iclasında ötən dövrdə görülmüş işlər, açıq qalan məsələlərin həlli yolları müzakirə edilib. Hesab edilir ki, həyata keçirilən tədbirlərin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı olduqca müsbət fiskal nəticələri olacaq.

Mövzu ilə bağlı PİA.az iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə olan müsahibəni oxucuların diqqətinə çatıdırır.

Vüsalə Əhmədova: “Bir çox hökumət rəsmiləri və təhlükəsizlik işçiləri kölgə iqtisadiyyatından aktiv istifadə edərək böyük gəlirlər əldə edirlər. Demək olar ki, hazırda kölgə iqtisadiyyatı iqtisadi sistemin bir hissəsinə çevrilmiş vəziyyətdədir”.

- Vüsalə xanım, son zamanlar Vergilər Nazirliyi kölgə iqtisadiyyatına qarşı intensiv mübarizə apardığını bildirir. Prezident İlham Əliyev də son zamanlar kölgə iqtisadiyyata qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Lakin o da faktdır ki, kölgə iqtisadiyyatına məmurlar hamilik edir və onlar tərəfindən genişləndirilir. Bu üzdən də Azərbaycan dünyada kölgə iqtisadiyyatın səviyyəsinə görə ilk 10-luq da yer alır. Hazırda ölkədə ölgə iqtisadiyyatına qarşı aparılan mübarizəni effektiv hesab edirsinizmi?

- Beynəlxalq Mühasiblər Assosiasiyası (Association of Chartered Certified Accountants) dünya miqyasında kölgə iqtisadiyyatının qiymətləndirilməsi və proqnozu ilə bağlı bir araşdırma nəşr edib. Reytinqə görə Azərbaycan siyahıya liderlik edir. Nəzərinizə çatdırım ki, Azərbaycanda kölgə iqtisadiyyatının payı ÜDM-un 67,4%-ni təşkil edir ki, bu da dünya ortalamasından üç dəfə çoxdur.

Göründüyü kimi, ÜDM-un üçdə ikisi qeyri-rəsmi sektorun payına düşür. Ümumiyyətlə, kölgə iqtisadiyyatı vergi yükünün, yoxsulluq səviyyəsinin və sahibkarlıq sektorunda dövlətin payının yüksək olduğu ölkələrdə yaşanır. Ticari əməliyyatlar rəsmi qeydiyyat olmadan və büdcəyə vergi ödənmədən həyata keçirilir.

Ən əsası, Azərbaycanda yüksək korrupsiya, demokratik institutların zəifliyi və iqtisadiyyatdakı tənəzzül qeyri-rəsmi biznesin inkişafına zəmin yaradır. Bu üzdən də mövcud iqtisadi sistemdə təcili islahatların aparılması zəruridir. Hazırda kölgə iqtisadiyyatına qarşı ölkədə atılan bəzi addımları qənaətbəxş saymaq olmaz. Nəticə olaraq, ölkəmiz adambaşına düşən ÜDM və iqtisadi artım səviyyəsinə görə Gürcüstandan və Ermənistandan geri qalır.

Vüsalə Əhmədova: “Azərbaycanda kölgə iqtisadiyyatının payı ÜDM-un 67,4%-ni təşkil edir ki, bu da dünya ortalamasından üç dəfə çoxdur”.

- Hesab edirsinizmi ki, kölgə iqtisadiyatına qarşı ayrıca qanun qəbul olunmalıdır və bu qanunda məmurların kölgə iqtisadiyyatını hamilik etməsi ağır şəkildə cəzalandırılması nəzərdə tutulmalıdır?

- Hər birimiz çox yaxşı bilirik ki, bir çox hökumət rəsmiləri və təhlükəsizlik işçiləri kölgə iqtisadiyyatından aktiv istifadə edərək böyük gəlirlər əldə edirlər. Demək olar ki, hazırda kölgə iqtisadiyyatı iqtisadi sistemin bir hissəsinə çevrilmiş vəziyyətdədir. Kölgə iqtisadiyyatını bəsləyən bir-biri ilə əlaqəli bir neçə əsas amil var: ölkədə nağd pul istifadəsinin çoxluğu, qeyri-şəffaflıq və qanunların işləməməsi.

Məsələn, Avropada kiçik mağazalar, kafelər vergi yükünün bir hissəsindən yayınmaq üçün gəlirlərini natamam bəyan etdikləri halda, Azərbaycanda yüksək çinli məmurların iri müəssisələri, şadlıq evləri vergidən yayınırlar. 1999-2010-cu illəri nəzərə alsaq, Avropada ən yüksək kölgə iqtisadiyyatı Bolqarıstanda və Rumınyada mövcud olmuşdur ki, müvafiq olaraq həmin ölkələrdə ÜDM-un 34,6% və 32,2%-ni təşkil etmişdir. Kölgə iqtisadiyyatını cəlbedici edən bir neçə faktor mövcuddur ki, onların qarşısı mütləq şəkildə alınmalıdır.

Vüsalə Əhmədova: “Ölkənin qanunları yalnız orta və aşağı təbəqə üçün işləməməlidir”.

-Son zamanlar mətbuatda yüksək çinli məmurların xaricdəki biznesləri olması barədə sənədlər dərc olunur. Ölkədən qanunsuz yolla sərvətlərin çıxarılmasında kölgə iqtisadiyatının rolu barədə nə deyə bilərsiniz?

- Kölgə iqtisadiyyatı ilk öncə dövlətə güvənin sarsıldığı ölkələrdə geniş yayılır. Digər bir faktor, müəssisələr yüksək vergilərdən, sosial təminat ödənişlərindən və mürəkkəb sənədləşmə prosesindən qaçmaq üçün işçilərlə əmək müqaviləsi bağlamırlar. Beləcə, qeyri-qanuni işçi qüvvəsi cəlb etməklə həm zamanlarına, həm də pullarına qənaət etmiş olurlar. Ölkənin qanunları yalnız orta və aşağı təbəqə üçün işləməməlidir. Ölkədə nağd pul istifadəsinin çoxluq təşkil etməsi də ən mühüm faktorlardan biridir. Bu faktorlardan yola çıxaraq “kölgə iqtisadiyyatı hansı hallarda artar?” sualına cavab tapa bilərik:

1. Fərdi mənfəət vergisi, gəlir vergisi və ya dolayı vergilər artarsa;
2. Ölkədə ümumən vergi ödəmə əxlaqı yoxdursa;
3. İşsizlik səviyyəsi yüksəkdirsə;
4. Bir neçə böyük şirkət bazarı inhisarına almışsa;
5. Ölkədə günəmuzd işləyənlərin sayı çoxluq təşkil edirsə;
6. Rüşvət və korrupsiya halları baş alıb gedirsə.

Sual yaranır ki, nələr etmək olar. İlk öncə ölkənin vergi və sosial müdafiə sistemi mükəmməlləşdirilməlidir. Vergi sistemi minimum aylıq əmək haqqı ilə yüksək əmək haqqı alanlar, günəmuzd işləyənlər ilə daimi işləyənlər, aşağı ixtisaslı işlərdə işləyənlər ilə yüksək ixtisaslı işçilər arasında fərq qoymalı, ədaləti təmin etməlidir. Hüquqi və inzibati sistem inkişaf etdirilməli, yeni qanunlar qəbul edilməli, nəzarət strategiyaları yaradılmalı, sosial müdafiə sistemi tərəfindən sərt nəzarət həyata keçirilməlidir. İşçilərin qeyri-qanuni işə cəlb olunması cinayət fəaliyyəti kimi qanunvericiliyə daxil edilməlidir. Vergi və sosial müdafiə sistemini heçə sayan yüksək çinli məmurlar maliyyə sanksiyalarına və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Bilirsiniz ki, ağır cəzalar hər zaman çəkindirici olur. Vergi və sosial müdafiə sistemindəki sənədləşmə prosesinin sadələşdirilməsi kimi dolayı tədbirlər də çox önəmlidir.

Vüsalə Əhmədova: “Kölgə iqtisadiyyatının vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirləri ilə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirləri də mövcuddur”.

- Kölgə iqtisadiyyatının azaldılması hər il büdcəyə nə qədər əlavə vəsait cəlb edə bilər?

- Mütəmadi qeyd etdiyim kimi, ölkədə elektron ödəmələr sisteminin geniş tətbiqi əməliyyatlara şəffaflıq gətirən və kölgə isqtisadiyyatının işini çətinləşdirən ən mühüm amildir. Elektron ödəmələrin çoxluğu ilə kölgə iqtisadiyyatı arasında hər zaman mənfi korrelyasiya mövcuddur. Elektron ödəmələrin çoxluq təşkil etdiyi Böyük Britaniya və Qərbi Avropa ölkələrində kölgə iqtisadiyyatı çox cüzidir.

Professor Schneider-in araşdırmasına görə, ardıcıl 4 il müddətində elektron ödəmələrin həcminin illik olaraq 10% artırılması kölgə iqtisadiyyatının həcmini 5% aşağı salır. Məsələn, İşveç kimi bir ölkədə restoranlar artıq nağd ödəniş qəbul etmirlər. Kölgə iqtisadiyyatının vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirləri ilə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirləri də mövcuddur.

Kölgə iqtisadiyyatındakı sahibkarların formal iqtisadiyyata keçməsini təmin edən iqtisadi-siyasət yürüdülərsə və bu mənfi halın önünə keçilərsə hər il büdcəyə 53783,38 milyon manat əlavə vəsait cəlb etmək mümkün olar.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar