İqtisadiyyat və kənd təsərrüfatı nazirlikləri kartof və soğanın qiyməti ilə bağlı birgə məlumat yayıb
Məlumatda daxili bazarda hər iki məhsulun qiymətində ucuzlaşma olduğu bildirilir. “Qiymətlərin tənzimlənməsi və sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir”, - məlumatda qeyd olunur.
Artıq kartofun 1 kiloqramı bazarlarda 70 qəpikdən, marketlərdə 79 qəpikdən, soğanın 1 kiloqramı bazarlarda 70 qəpikdən, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
pia.az