Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnı favoritə çevrildi

Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”na namizədlər arasında favoritə çevrilib.

Novator.az saytı redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrinə istinadla xəbər verir ki, Navalnının favoritə çevilməsinə səbəb Avropa Xalq Partiyasının parlament fraksiyasının rusiyalı müxalif liderin namizədliyini müdafiə edənlərin sırasına qoşulmasıdır.

Xalq Partiyasından əvvəl “Yenilənən Avropa” qrupunda təmsil olunan avropalı deputatlar Navalnının namizədliyinə üstünlük verdiklərini açıqlamışdılar.

Mükafata şanslı namizədlər arasında insan hüquqları uğrunda mübarizə aparan bir qrup əfqan qadının da adı keçir. Avropa Parlamentində xüsusilə “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ aldığı indiki dövrdə Saxarov mükafatının əfqan qadınlara verilməsini istəyənlər az deyil. Amma “EUObserver” nəşri vurğulayır ki, “Yenilənən Avropa”nın ardınca Avropa Xalq Partiyası nümayəndələrinin də Navalnıya dəstək verməsi əfqan qadınların şansını ikinci plana keçirib və hazırda rusiyalı müxalif lider “Azad düşüncə mükafatı” laureatı olmağa ən yaxın namizəddir.

“Azad düşüncə mükafatı” 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.

SSRİ dövrünün məşhur dissidenti akademik Andrey Saxarovun adını daşıyan mükafatın fondu 50 min avrodur.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.

Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.

Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.

Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.

Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.

Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.

Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Şeremetyevo aeroportunda tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib.

Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. 2021-ci il aprelin 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə fondun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb. Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb. İyunun 9-da məhkəmə iddianı təmin edib, qurumun ekstremsit təşkilat sayılması və ləğv edilməsi haqda qərar çıxarıb. Qərar dərhal qüvvəyə minib. Avqustun 10-da Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyət və ya terrorla məşğul olan şəxslər və təşkilatlar siyahısına daxil edilib. Avqustun 31-də fondun Rusiyada hüquq şəxs kimi fəaliyyəti rəsmən dayandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar