Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın dəhlizi 3 il Bakının tam nəzarətində olmaya bilər

10 noyabrda imzalanan üçtərəfli bəyanatda Azərbaycanın Laçın koridoru üzərindəki səlahiyyəti belədir: “Dəhlizə giriş-çıxış rus sülhməramlılarının nəzarətində olacaq, Azərbaycan tərəfi hər iki istiqamətdə nəqliyyat vasitələrinin təhlükəsizliyini müşahidə edəcək”

10 noyabr razılaşmasına əsasən, 2023-cü ildə yeni dəhliz istifadəyə verilməli, Laçın şəhəri Azərbaycana qaytarılmalıdır. Hazırda dəhliz Laçın şəhərinin içindən keçdiyi üçün nəzarətimizdə deyil və sülhməramlılar koridorda dayanıblar. Amma son günlər Qarabağ və ətraf rayonlarımızda xidmət edən hərbçilərimizə qarşı erməni terrorlarının artması bir daha təsdiqləyir ki, Laçın dəhlizində nəzarətimizi təmin etmədən bu hücumların qarşısını almaq nonsens görünür. Çünki sülhməramlılar aşkar şəkildə erməni terrorçulara “yaşıl işıq” yandırırlar ki, istənilən təxribatı törətsinlər.

Elə Ermənistanın noyabrın 15-də istefaya göndərilən sabiq müdafiə naziri Arşak Karapetyanın 8 noyabrda Xankəndinə gəlməsinə sülhməramlıların şərait yaratmasından görünürdü ki, dəhliz az qala karvansaraya çevrilib, anlaşmaya əməl olunmur. Eyni zamanda Bakıda mühakimə edilən erməni terrorçuları da etiraf etmişdilər ki, əldə silah dəhlizdən keçiblər və sülhməramlılar onlara buna görə “gözün üstə qaşın var” deməmişdi. Və nəhayət, sonuncu hadisə - Mirzoyanın Daşaltı yaxınlığında hərbçilərimizin olduğu blok-posta qumbara atması, sülhməramlıların onu dərhal qamarlayıb aparması və erməni tərəfinə təhvil verməsi göstərdi ki, Laçın dəhlizində nəzarət məntəqəmiz yaradılmasa, sülhməramlıya etibar etmək olmaz.

“Yeni Müsavat” yazır ki, bu faktorlardan irəli gələrək Laçın koridoru ilə bağlı məsələ ciddi şəkildə qaldırılmalıdır. 10 noyabrda imzalanan üçtərəfli bəyanatda deyilir ki, Laçın dəhlizinə giriş-çıxış rus sülhməramlılarının nəzarətində olacaq, amma Azərbaycan tərəfi də hər iki istiqamətdə nəqliyyat vasitələrinin təhlükəsizliyini müşahidə edəcək. Hazırda Azərbaycanın Laçın koridoru üzərindəki səlahiyyəti belədir.

Amma hərbçilərimizə qarşı terror aktı həyata keçirən Mirzoyan Ermənistandan Xankəndinə gələrkən Laçın dəhlizindən keçir və belə aydın olur ki, əsgərlərimiz müəyyən məsafədə bu adamın təhlükəsizliyini qoruyub. Necə ola bilər ki, biz təyinatını bilmədiyimiz yüklərin, niyyəti bəlli olmayan adamların təhlükəsizliyinə təminat verək? O səbəbdən yeganə çıxış yolu Laçın dəhlizində birgə nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır.

Çünki 10 noyabr sənədinin müddəalarına nə Ermənistan, nə də Rusiya əməl edir. Həmçinin Xankəndində, Ağdərədə, Xocavəndin mərkəzində, Xocalıda, Əsgəranda və bir sıra kəndlərdə hələ də Ermənistan silahlı qüvvələrinə aid bir neçə min silahlı qalır. Ona görə şübhə yoxdur ki, Laçın yolu ermənilərin silahlı və ideoloji təxribat, terror yoluna çevrilib. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov rusiyalı ekspertlərin Şuşaya səfərinin yekunları ilə bağlı Bakıda keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan hərbçiləri Laçın dəhlizinin təhlükəsizliyinin təmin olunmasına daha çox cəlb olunmalıdır. Amma 3 il ərzində, yəni alternativ Xankəndi-Ermənistan yolu çəkilənədək yoxlama məntəqələri qurmağımız nəzərdə tutulmayıb. Sanki bizə qarşı “tələ” qurulub və daha üç il dəhlizə nəzarətimiz mümkünsüz görünür. Bəs hansı addımlar atılmalıdır, rəsmi Bakı Moskva qarşısında hansı tələblər irəli sürməlidir?

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat” dedi ki, 10 noyabr sənədində yalnız sülhməramlıların Laçın dəhlizinə nəzarət etməsi öz əksini tapıb: “Ola bilsin ki, həmin dövrün zərurətinə uyğun verilən bir razılıqdır. Amma bu səviyyədə gözlənilmirdi ki, erməni terrorçuların ərazilərimizə daxil olmasına şərait yaradılacaq. Həbs edilən erməni diversantlar da etiraf ediblər ki, koridordan keçiblər, hətta rus jurnalistləri dəhlizdən keçənlərin yaxşı yoxlanılmadığını təsdiqləyiblər, habelə, xarici vətəndaşların keçməsi, İran TIR-larının erməni nömrəsi ilə daşınması göstərdi ki, Rusiyanın siyasi-hərbi rəhbərliyi qarşısında ciddi məsələ qaldırılmalıdır. Onların yadına salınmalıdır ki, sizin öhdəlikləriniz var, amma işinizi yerinə yetirmirsiniz, bu da əsgərlərimizə qarşı terror edilməsi ilə nəticələnir”.

AMİP sədri gələcəkdə belə halların olmasını istisna etmir: “Ona görə sərt şəkildə mövqe qoyulmalıdır və Laçın dəhlizində bizim blok-postlar qurulmalıdır. Əgər Rusiya lideri bu bölgənin bizim suveren ərazimiz olduğunu söyləyirsə, onda hörmət etməlidir, 10 noyabr sənədinin bəndləri icra olunmalıdır”.

Tofiq Abbasov

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan prinsipial mövqe ortaya qoymalıdır: “Sülməramlıların heç bir rəsmi mandatı yoxdur və Rusiyanın moderatorluğu ilə olan üçtərəfli razılaşma əsasında bölgəyə yerləşiblər. Madam ki, Rusiya bu məsuliyyəti üzərinə götürüb, onda sənəddəki bəndləri yerinə yetirsinlər. Onlar ilk vaxtlarda söyləyirdilər ki, torpağın əsl sahibləri olan azərbaycanlılarla ermənilərin toqquşması olmasın, insanlar adaptasiya keçsinlər və birgə yaşasınlar. İndi isə biz görürük ki, sülhməramlılar üzərinə düşən missiyanı ya etmirlər, ya bacarmırlar və imkan verirlər ki, erməni terrorçular təxribatlarını reallaşdırsınlar. Biz bu məsələyə dözümsüz yanaşmalıyıq - ya erməni silahlıları ərazilərdən çıxır, ya da sülhməramlı missiyasını şübhə altına alırıq”.

Politoloq hesab edir ki, çətindir, Rusiyanın təsir imkanları var: “Amma postmüharibə dövründə Mirzoyan terror edir, onu təhvil vermirsiniz, üstəlik, Ermənistan onu mükafatlandırır. Bu, bizə qarşı təhqiramiz hərəkətdir. Sizin faktiki sülhməramlı mandatınız yoxdur, nə vaxt beynəlxalq səviyyədə missiyanızı həyata keçirə bilərsiniz, onda nə qədər ehtiyac varsa qalarsınız. Amma mandat olmadan burada mövcudsunuz və nəzarətinizdən qaçan məqamlar var, hərbçilərimizə təxribatlar törədilir”.

Siyasi ekspertin fikrincə, rəsmi Bakı Moskvanın və İrəvanın qarşısında məsələ qoymalıdır: “Əgər siz dəhlizdə nəzarəti təmin edə bilmirsinizsə, biz edə bilərik. Necə ki, Gorus-Qafan yolunda polis və gömrük postu qurduq, eynilə Laçın koridorunda təmin edə bilərik. Ona görə Azərbaycan birmənalı tələbkarlıqla yanaşmalı və Moskvaya deməlidir ki, bu vəziyyətlə razılaşmayacağıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Ən çox oxunanalar