Sağçı mühafizəkar onlayn nəşr olan "Newsmax"ın jurnalisti Mark Halperin ABŞ Demokratik Partiyasındakı çoxsaylı mənbələrə istinadən prezident Co Baydenin seçki yarışından çəkilmək qərarına gəldiyini iddia edir...
Poliqon xəbər verir ki, onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri bunu həftəsonu elan etməyi planlaşdırır.
"Onun üçün nitq hazırlanıb. O, prezident kimi fəaliyyətini davam etdirəcək. Mənə onu da bildirdilər ki, Bayden vitse-prezident Kamala Harrisi öz varisi kimi dəstəkləməyəcək", deyə jurnalist yazır.
Onun sözlərinə görə, Demokrat Partiyasının nümayəndələri Baydenin yeni demokrat prezidentliyə namizədin seçilməsi üçün açıq prosesi dəstəkləyəcəyini gözləyirlər.
X sosial şəbəkəsində Mark Halperin eyni mənbələrə istinadən yazıb ki, Kamala Harris artıq öz vitse-prezidenti vəzifəsinə namizədləri nəzərdən keçirir. Onların arasında cənab Halperin Kentukki qubernatoru Endi Beşirin adını çəkir. Jurnalist Şapiro soyadını da qeyd edir. Ehtimal ki, o, Pensilvaniya qubernatoru Coşua Şapironu nəzərdə tutur.
ABC News-un ABŞ prezident administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Co Bayden xanım Harrisin yarışa girəcəyi təqdirdə onun perspektivləri ilə bağlı amerikalıların fikirlərini öyrənmək üçün sorğu keçirməyi xahiş edib.
ABŞ-ın hazırkı prezidentinin seçkilərdə qalib gələ biləcəyi ilə bağlı müzakirələr onun Respublikaçı namizəd Donald Trampla uğursuz debatından sonra başlayıb. The Financial Times yazır ki, Demokrat Partiyasının donorları daha sonra Co Baydenin seçki kampaniyasına ianə verməkdən imtina ediblər və bu, onu yarışdan çıxmağa yaxınlaşdırıb.
Poliqon.info