Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəmaləddin Heydərov çox səxavətli adamdır, bizi Qəbələdə qarşılamışdı” - “Kurtlar Vadisi”nin Erhanı

Türkiyənin məşhur Eslem Film Yapım Şirkəti və “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyi birlikdə yaratdıqları "Sənət Akademiyası”nın film çəkilişləri ilə bağlı Bakıda səfrdə olan “Sənət Akademiyas”ının əsas iştirakçılarında biri, “Kurtlar Vadisi” serialının məşhur aktyoru Erhan Ufak müsahibə verib.

PİA.az tanınmış aktyorla müsahibəni oxuculara təqdim edir:

- Bakıya gəlişiniz necə alındı? Burada hansı işləri görəcəksiniz?

- Bu, Bakıya ilk gəlişim deyil. Daha əvvəl 2008-ci ildə bura gəlmişdik. Bura səfərimizin məqsədi aktyorluq dərsləri verməkdir. Bu layihəni 2 ilə yaxındır ki, planlaşdırırdıq. İlk açacağımız yer İstanbulda idi. Pandemiya ilə əlaqədar müəyyən sıxıntılar yaşadıq. Buna görə də daha əvvəl düşündüyümüz kimi ilk fəaliyyət yerimizin Azərbaycan olmasına qərar verdik. Bu qərarı vermək üçün çox araşdırdıq, müzakirələrimiz oldu, dediyim kimi, təxminən 2 ilə yaxın bunun üzərində işlədik. Son qərarımız bunun üzərində oldu və Bakıda sənət akademiyasını yaratdıq. İki aya yaxındır ki, dərslərimiz başlayıb və hazırda davam edir.

- Bu akademiyada hansı dərsləri keçirsiz?

- Daha çox aktyorluq, dram dərsləri ilə başladıq, amma bunlarla kifayətlənməyəcəyik. Bu layihəni bir məktəb olaraq düşünmüşük və bunun üçün çalışırıq. İstəyimizə müəyyən qədər çatdıqdan sonra dərs keçiləcək sahələrin də sayı artacaq. Burada musiqi ilə bağlı da dərslər keçiriləcək. Bir sözlə, məktəb, akademiya layihəsidir və qısa zamanda bunu reallaşdıracağıq. Üzərimizdə böyük məsuliyyət hiss edirik. Bizdən əvvəl Bakıya bunun üçün gələn, lakin insanları aldadanlar olub. Bununla bağlı xəbərlər eşitdim. Həqiqətən çox təəssüfləndirici hadisədir. Qardaş ölkəyə gəlib, insanları aldadıb qayıtmaq çox səhv addımdır. Ehtimal etmək çətin deyil ki, bu hadisə insanlarda bir güvənsizlik yaradıb. Biz də bu düşüncəni qırmağa çalışacağıq.

- Nə qədər müddət Azərbaycanda olacaqsız?

- “Nisan” filmimizin çəkilişləri bitdikdən sonra qayıtmağı düşünürəm. Bu, bir az ailəmdən asılıdır. Hazırda həyat yoldaşım və uşaqlarımın Azərbaycana gəlməsi üçün rəsmi sənədlər hazırlayırıq. Filmin bitməsindən əvvəl gələ bilsələr, daha bir ay burada qalacağıq. Əks halda, filmin başlama və bitmə tarixlərindən asılı olaraq gedəcəm.

- Azərbaycanda film çəkmək fikriniz varmı? Azərbaycan tamaşaçıları sizlərdən “Kurtlar Vadisi”nə bənzər filmlər, misal üçün, “Kurtlar Vadisi Qarabağ”, “Kurtlar Vadisi Şuşa”, “Kurtlar Vadisi Xankəndi” adında film və ya serialların çəkilməsini gözləyir. Bu, nə dərəcədə mümkündür?

- Biz bura bir neçə aylıq gəlmədik. Yəni gəlib akademiyanı açaq, dərs verək, sonra da əşyalarımızı toplayıb gedək kimi fikrimiz yoxdur. Uzun müddət Azərbaycanda qalmağı planlaşdırırıq və fikrimiz sadəcə akademiya yaratmaq deyil. Akademiya açıb, dərs verməklə işimiz bitməyəcək. Yeni layihələr yaradıb, dərs verdiyimiz şəxslərin istedadından, təcrübəsindən həmin layihələrdə istifadə etmək lazımdır. Artıq bunun üçün ilk addımı atdıq. Çəkilişlərini Türkiyədə həyat keçirəcəyimiz bir film vardı, həmin filmi Azərbaycanda çəkəcəyik. Filmin adı da “Nisan”dır. Filmin mövzusu sevgidir, həm heyvan sevgisinin, həm də dramın işlənəcəyi polislərlə bağlı bir film olacaq.

O ki qaldı sizin sualınıza, Qarabağla bağlı da film çəkmək istəyirəm, bu, mənim şəxsi xəyalımdır. Amma Qarabağı, orada yaşanılanları tək filmdə göstərmək mümkün deyil. Biz 15 iyul hadisələrini tək filmdə izah edə bilmədiyimiz kimi, Qarabağ hadisələrini də bir filmdə göstərə bilmərik. Qarabağ Azərbaycan xalqının ən həssas nöqtəsidir. Qarabağ deyəndə ağıla bir ailənin dramı, uşaqların göz yaşları, əsgər həyatı gəlir. Qarabağ zəfərdir, Qarabağ deyilən zaman zəfəri, bayrağı izah etməlisən. Qarabağ deyəndə insanların qəlbindəki sevinci izah etməlisən. Yəni Qarabağın mənasını izah etmək, onu başa salmaq üçün bəlkə də, yüzlərlə film çəkmək lazımdır. Qarabağla bağlı çox gözəl bir hekayə yazdırdım. Qismət olsa, “Nisan” filmindən sonra onun üzərində çalışmağa başlayacağıq. Amma dediyim kimi, Qarabağı bir filmlə izah etmək, göstərmək mümkün deyil, biz sadəcə kiçik bir hissəsini, bu dəyərin kiçik bir tərəfini göstərməyə çalışacağıq. Mövzuya ailə tərəfindən yanaşdıq, Qarabağdan olan bir ailənin dramını, həyatını göstərməyə çalışacağıq. İnsanları kövrəldəcək, amma həm də qəlblərini oxşayacaq bir hekayədir.

- Qarabağla bağlı filmin çəkilişi bu il üçün gözlənilirmi?

- Bu, daha çox ilk filmimizin çəkilişindən asılı olacaq. Həm də buradakı atmosferi görmək, insanların münasibətini öyrənmək istəyirik. Onlar bizə qarşı gözlədiyimiz isti münasibəti göstərsələr, niyə də olmasın?! Mən bu filmləri istənilən yerdə çəkə bilərəm, amma təbii ki, Azərbaycanı üstün tuturam.

- Ya bu layihədə, ya da gələcəkdə burada həyata keçirəcəyiniz digər layihələrdə “Kurtlar Vadisi” serialının digər əsas aktyorlarının iştirakı da mümkün ola bilərmi?

- Niyə də olmasın?! Onlarla aramızda pis xatirə yoxdur, münasibətlərimiz yaxşıdır. Heç birimiz iştirak etdiyimiz layihədən pis ayrılmadıq.

- Bəs Necati Şaşmaz, Gürkan Uygun, Kənan Çoban və digər aktyor həmkarlarınızın da bu akademiya layihəsində sizin iştirakınızdan məlumatları varmı? Sizə dəstək üçün onları burda görə bilərik?

- Bəli, layihə üçün Bakıda olduğumu bilirlər, lakin hamısının indi öz işi, məsuliyyəti var. Bura gəlmələri isə təbii ki, xoş olar. Hansı istəsə, Bakıya gələ bilər. Layihə ilə bağlı onların fikirlərini öyrənmək fürsətim olmayıb, İstanbula gedəndə birlikdə görüşməyi planlaşdırırıq.

- Azərbaycanda çəkəcəyiniz filmdə və buradakı məktəbdə Türkiyənin digər tanınmış aktyorlarının iştirakı gözlənilirmi?

- Bəli, belə planımız var. Dəqiq ad verə bilməyəcəm, amma danışıqlarımız davam edir. Akademiyada olmalarını çox istədiyimiz şəxslər var. Düşünürəm ki, həmin şəxslərin buradakı akademiyada olmaları tələbələr üçün də əlavə motivasiya olacaq. “Nisan” filmi üçün də Türkiyədən məşhurları cəlb edəcəyik. Filmin qadın baş rolu əslən Makedoniyadan olan və Almaniyada yaşayan Canan Nəzirova olacaq.

- Sizin Azərbaycana 2008-ci ildəki səfəriniz də yaddaqalan olmuşdu. Yadıma gəlir, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov şəxsən sizi qarşılamışdı, sizləri Qəbələdə qonaq etmişdi. Bu səfərlə bağlı xatirələriniz necədir?

- 2008-ci ildə Qəbələyə getdik, orada nazir Kəmaləddin Heydərov bizi qarşıladı. O, çox səxavətli adamdır. Əslində, Azərbaycana gəlişimiz də onun sayəsində oldu, o, dəvət etmişdi. Səfərimiz qış aylarına təsadüf etdiyi üçün çox gəzə bilmədik. 2-3 gün Bakıda qaldıqdan sonra Qəbələyə getdik, təxminən 10 günə yaxın orada qaldıq. Çox xoş təəssüratlarla ayrıldıq.

- Bu dəfəki gəlişinizdə Kəmaləddin Heydərovla görüşünüz olubmu?

- Xeyr, görüşə bilmədik. Yəqin ki, cənab Kəmaləddin Heydərov mediadan Azərbaycanda olduğumu bilir. Bu dəfəki səfərimizin məqsədi fərqlidir. Əslində, sadəcə nəzər yetirmək, planlarımızı dəqiqləşdirmək üçün gəldik, amma bir baxdıq ki, artıq layihə ilə bağlı imzaları atmışıq. Hələ ki, burdayıq, ilk işimiz burada özümüzü, işimizi sübut etməkdir. Layihəmizlə azərbaycanlıların könlündə taxt qurmaq istəyirik. Bir söz verdik, bunun arxasında durmaq istəyirik. Akademiya ilə bağlı bütün işlərimiz yoluna düşdükdən sonra digər layihələrlə bağlı işlərə bşlayacağıq. Burada təkcə öz fikirlərimizi reallaşdırmayacağıq, məsələn, sizdən birinin gözəl bir ssenarisi, hekayəsi olsa, gerçəkləşdirmək istəsəz, alıb oxuyarıq, həqiqətən insanların damarına basan bir hekayə olsa, niyə də olmasın?! Bu işi birlikdə görərik.

- Azərbaycanın başqa hansı nazirləri, iş adamları ilə yaxın münasibətiniz var?

- Bir çoxları ilə yaxşı münasibətlərimiz var. Təbii ki, dostluğumuz olan nazirlər də var, amma ad çəkməsəm, daha yaxşı olar.

- Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan dövlət başçısı İlham Əliyev Şuşaya səfər etmişdilər və orada tarixi sənədə imza atdılar. Bununla bağlı sizin fikirləriniz maraqlı olardı.

- O görüş zamanı mən də burada idim. Bu, iki qardaşın görüşü idi. Bütün dünyada xəbər olan, maraqla izlənilən hadisə oldu.

- Bir müddət öncə Necati Şaşmaz “Kurtlar Vadisi Qarabağ” adlı filmin çəkiləcəyi ilə bağlı açıqlamalar vermişdi. Lakin daha sonra məsələ sanki yarımçıq qaldı.

- Bəli, bu məsələdə 2008-ci ildə, yəni cənab Kəmaləddin Heydərovla görüşümüz zamanı müzakirə olunmuşdu. Lakin sonra bunun üzərinə gəlindimi, bilmirəm. Niyə alınmadı, nə mane oldu – bununla bağlı da məlumatım yoxdur.

- Biz sizi film və seriallardan rəsmi geyimlərlə xatırlayırıq. Yəni, kostyum, yaxasında gülü olan Erhan kimi. Real həyatda da belə geyinirsiz?

- İstanbuldakı işlərimə görə, bəli, adətən rəsmi geyimlərdən istifadə edirəm, klassik tərzdə geyinirəm. Türkiyədə, xüsusilə İstanbulda insanlarda qəribə bir anlayış vardı. Biz rəsmi geyinən zaman insanlar düşünürdülər ki, “Kurtlar Vadisi”ndə necəyiksə, real həyatda da elə olmağa çalışırıq və sairə. Amma mənim həm də iş insanı olduğumu unudurlar. Hətta deyirdilər ki, Erhan real həyatda da Güllü olaraq davam edir. Mən aktyorluğa qədər həm də iş adamı idim. Daşınmaz əmlak sektorunda şəxsi işlərim var. Yəni real, gündəlik həyatda da geyimim klassik, rəsmi üslubdadır. Amma insanların bu cür düşüncələrini gördükdən sonra geyim üslubumu müəyyən qədər dəyişməyə başladım. Daha çox gündəlik şalvarlar, rahat geyimlərə keçdim. Serialda yaxama gül taxmağım da elə serialda qaldı. Həyatda heç vaxt yaxama gül taxmaram.

- Bir ara Türkiyə mətbuatında Necati Şaşmazla qohum olmağınızla bağlı xəbərlərə rast gəldik. Bu xəbərlərin doğruluq payı nə dərəcədədir?

- Bəli, Necati Şaşmazla ailə dostuyuq. Onunla uşaqlığımızdan bəri bərabərik. Ailələrimiz də dostdur. Uşaqlığımdan o ailənin içərisində olmuşam.

- Son olaraq, Azərbaycan oxucularına nə demək istəyirsiniz?

- Gələcəyə toxunuş sevgi ilə başlayar. Bizə güvənmələrini, dəstək olmalarını çox istəyərəm. Bu münasibəti görəcəyimiz halda burada filmlər, realiti şoular da hazırlaya bilərik. Onların güvənini qazanmaq üçün əlimdən gələni etməyə çalışacam. (Demokrat.az )

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar