Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya İsveçdəki laboratoriya müdirinə niyə sanksiya tətbiq edib?

Rusiya İsveçin Total Müdafiə İnstitutunun laboratoriya müdiri Osa Skotta sanksiya tətbiq edib. Onun Rusiya ərazisinə girişi qadağan olunub.

Osa Skott institutun kimyəvi, bioloji, radioloji və nüvə silahları üzrə laboratoriyasına rəhbərlik edir. Bu laboratoriya Umeo şəhərində yerləşir.

Novator.az-ın məlumatına görə, İsveç mətbuatı yazır ki, Osa Skottun sanksiyaya məruz qalmasının səbəbi müxalif siyasətçi Aleksey Navalnının qanının müayinəsi ilə bağlıdır.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

Navalnı “Şarite”yə yerləşdirilərkən bu klinika ondan götürdüyü qan nümunələrini həm özü müayinə etməyə başlayıb, həm də əlavə müayinə üçün İsveçə və Fransaya göndərib. İlk növbədə məhz Osa Skottun başçılıq etdiyi laboratoriya üzə çıxarıb ki, Navalnı sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərlənib.

2020-ci ilin sentyabrında Osa Skott mediaya açıqlamasında deyib: “Bizə yarım gün vaxt lazım oldu. Maddənin tərkibi məlum olandan və təkrar müayinə nəticələri tam təsdiqləyəndən sonra biz birmənalı şəkildə Navalnının “Noviçok”la zəhərləndiyi qənaətinə gəldik”.

Total Müdafiə İnstitutunun rəhbəri Yens Mattsson Rusiyanın tətbiq etdiyi sanksiyanı qınayıb. O bildirib ki, Rusiyanın öz vəzifəsini yerinə yetirən tədqiqatçılara sanksiya tətbiq etməsi əsassız, qəbuledilməzdir.

İsveçin müdafiə naziri Peter Hultkvist sanksiya qərarını Rusiyanın “ağılsız, aqressiv və qəbuledilməz” addımı kimi qiymətləndirib: “Bu addım həm də Rusiyadakı qanunsuz rejimin mahiyyətindən doğur. Mən bu sanksiyaya məruz qalan adamları dəstəkləməyə bilmərəm”.

İsveçin Xarici İşlər Nazirliyi Avropa İttifaqı ölkələri ilə münasibətləri gərginləşdirən Rusiyanın qəbul etdiyi qərarlardan təəssüfləndiyini və bu sayaq sanksiyalara müqavimət göstərəcəklərini bəyan edib. Eyni zamanda nazirlik sanksiyaya cavab olaraq İsveçin Rusiyadakı səfirini geri çağırıb.

Aleksey Navalnı “Şarite” klinikasında müalicəsini 2020-ci il sentyabrın 22-də başa vurub. 2021-ci il yanvarın 17-də o, Rusiyaya dönüb və Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.

Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.

Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.

Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.

Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.

Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.

Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Aleksey Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Aprelin 26-da fondun fəaliyyəti Rusiyada qadağan edilib.

Navalnının həbsinə görə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya da Avropa ölkələrinə qarşı sanksiyalara əl atıb.

Rusiyanın sanksiyalarına məruz qalan şəxslərin siyahısında İsveçin Total Müdafiə İnstitutunun şöbə müdiri Osa Skottdan savayı Berlin şəhərinin prokuroru Yorq Raupahın, fransalı siyasətçi Jak Merin, habelə Estoniya və Latviyanın bəzi məmurlarının adları var.

Avropa Parlamentinin sədri David Sassoli Rusiyanın sanksiyalarına cavab olaraq deyib: “Bu sanksiyalar, bu qorxutmalar nə Avropa Parlamentini, nə də məni azadlığı, demokratiyanı, insan haqlarını qorumaqdan çəkindirə bilməz. Bizi təhdidlərlə susdurmaq olmaz”.

Son illər Avropa ölkələri Rusiyaya Ukraynanın Krım bölgəsini ilhaq etdiyinə, Suriyadakı savaşda iştirakına, Liviyaya silah satışına, Britaniyaya sığınmış keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsinə görə xeyli sanksiya tətbiq edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Abşeron rayonunda “Bilik günü” şəhid övladları ilə birgə qeyd edilib

Ən çox oxunanalar