Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pfizer” vaksinini yaradan türk cütlük - Covid-lə döyüşən pandemiya qəhrəmanları...

Məsələ tibb elmi olduqda çox vaxt şöhrətdən faciə əvvəl gəlir. Gəlin qlobal pandemiya ilə mübarizə aparmağa qərar verən həkim cütlüyü daha yaxından tanıyaq...

Vinsent Vud
“The Independent” qəzeti, 8 dekabr 2020-ci il

Almaniyada immunologiya sahəsində işləyən türk əsilli həkim cütlük Uğur Şahin və Özlem Türeci üçün 9 noyabr 2020 tarixində “Wikipedia” səhifələri açılıb. 1 il əvvəl bu vəziyyətlə qarşılaşsaydınız və onların bu günə qədərki işlərini izləsəydiniz, yəqin ki, ictimai şüurdakı hər hansı bir sıçrayışın xərçəng müalicəsi ilə bağlı olduğunu düşünərdiniz. Hansı ki, bu həkimlərin həyatlarının çox hissəsini xərçəng araşdırmalarına həsr etdiklərini də nəzərə almalıyıq. Ancaq 2019-cu ilin sonundan bəri onlar və şirkətləri “Biontech” üçün çox şey dəyişdi.

Bəşər tarixində bir dönüş nöqtəsi yaradan və İngiltərədə təsdiqlənmiş Pfizer/Biontech Covid-19 peyvəndinin uğurunu yalnız iki adama yükləmək də bəsit bir şişirtmə ola bilər. Türeci və Şahin təkcə cavab tapılana qədər özlərini laboratoriyayə kilidləyən cəsur elm adamları deyil, eyni zamanda, birlikdə çalışdıqları min nəfərdən çox qrupla yüzillik elmi düşüncəni inkişaf etdirən firmanın da qurucu ortaqlarıdır.

Bununla birlikdə, cütlük bu günlərdə yaşadığımız pandemiyanın aradan qaldırılmasında rol oynamaq istəyən insanlar arasındadırlar. Onlar 2020-ci ilin əvvəlində səhər yeməyi yeyərkən Şahinin “The Lancet” adlı akademik tibb jurnalında Çində dolaşan sirli virus haqqında oxuduğu məqaləni müzakirə ediblər. Virusun gedişatı ilə bağlı bir neçə ssenarini uzun-uzun müzakirə etdikdən və Vuhanın nəqliyyat əlaqələrini düşündükdən sonra şirkətlərinin və 500-ə yaxın işçisinin missiyasını sürətli əməliyyata, yəni elmin hələ tanımadığı virusa qarşı peyvənd tapmağa yönləndirdilər. Bu əsnada Almaniyanın 83 milyonluq əhalisindən 4 nəfər virusa yoluxmuşdu.

Şahin oktyabr ayındakı müsahibəsinə çox təəccüblənən yerli bir qəzetə deyirdi: “Elmi nəşrləri oxuyub, bunların bizim işimiz üçün nə mənaya gəldiyini düşünməkdən zövq alıram”.

“Bu virusun pandemiyaya çevriləcəyi qənaətinə gəldim və buna görə də, burada hərəkətə keçməli olduğumuzu düşündük, çünki peyvənd hazırlamaq bacarığımız var”.

2020-ci ilin sonuna gəlsək, cütlüyün yanvar ayında gözlədiyi ən pis ssenarilərindən birini indi yaşayırıq. 1 il içində 1,5 milyon insan öldü, dünya iqtisadiyyatları tənəzzülə uğradı və milyardlarla insanın gündəlik həyatı pozuldu. İndi normal vəziyyətə qayıtmaq imkanı təklif edən bir neçə peyvənd nümunəsi olsa da, “Biontech”in yaratdığı və “Pfizer”in çoxaldacağı bu elmi ixtira təcrid, iqtisadi dağıntı, geniş yayılmış xəstəlik və ölüm dövrünün sona çatması üçün planetin ən böyük ümidlərindən birinə çevrilib.

Bu nəticə heç vaxt dəqiq olmadı. Sars-CoV-2-yə qarşı təsirli bir vasitə tapılmadıqca bəşəriyyət bu çətin günlərini sona çatdırmaq əvəzinə, davamlı virus təhdidi ilə yaşamağın yollarını axtarmalı olurdu. Ancaq Şahin və Türeci özlərinin dünyadakı virusu dayandırmaq üçün ən uyğun insanlardan olduqlarına inandılar.

Eynilə peyvəndləri kimi, onları pandemiyanı məğlub edən cütlüyə çevirən əsas amil laboratoriyada inkişaf etdirilmiş ola bilər. Hər ikisinin kiçik arzuları olsa da (deyilənə görə, uşaq ikən Türeci rahibə, Şahin isə futbolçu olmağı düşünürmüş) bu insanlar tibb sahəsində olacaqlarını bilərək böyüdülər. Şahin 1993-cü ildə doktoranturasını tamamlayıb, Saarland Universiteti xəstəxanasının xərçəng şöbəsində çalışıb. Tibb fakültəsində oxuyan Türeci ilə də orada tanış olub, romantik və intellektual bir münasibətə başlayıblar. Bu münasibətin ən yaxşı izahını verən hadisə isə səhəri gün laboratoriyada oyanıb evlənməyə gedib, sonra tez bir zamanda laboratoriyaya qayıtmalarıdır.

Toylarından 1 il əvvəl qurduqları “Ganymed Pharmaceuticals” şirkəti antikor təkmilləşdirməyə əsaslanan xərçəng müalicələri üzərində çalışır və nəticədə, 1.3 milyard avroya satılıb. Ancaq xərçəng üçün immun terapiyasına əsaslanan layihə “Biontech” idi və bu şirkət onları tez bir zamanda diqqət mərkəzinə çevirdi. Bu firma böyük dərman nəhənglərindən çox kiçik olsa da, 1000-dən çox işçisi və keçən il HİV və vərəm proqramları üzərində işləmək üçün firmaya 10 milyonlarla dollar təklif edən Bil və Melinda Qeyts Vəqfi kimi qurumlardan gələn ianələrə sahibdir. Yəni koronavirus ortaya çıxmağa başladıqda firmanın ölçüsü və miqyası virusla mübarizə aparmaq baxımdan immun terapiyası gücünə və qrip peyvəndi üçün “Pfizer”lə etdikləri ortalığa sahib idi.

İndi isə işin elm hissəsinə nəzər salaq. Şirkətə Nobel qazandıracaq irəliləyişi qısaca izah etsək, sözügedən peyvənd Covid-in RNT-sindən (virus bir hüceyrəni ələ keçirdikdə müxtəlif hissələrini çoxaltmaq üçün istifadə etdiyi qayda) kiçik bir parça alır və virusun qalan hissəsi prosesə başlamadan onu bədənə yeridir. Xüsusilə son bir ildə bəzi distopik afişalarda və xəbər mətnlərində dəfələrlə gördüyümüz kimi, bu RNT zənciri virusun üzərindəki kiçik sivri qarmaqların, yəni kəskin uclu zülalların meydana gəlməsində iştirak edir. Bu RNT parçasının təkbaşına yeridilməsi ilə xəstədə virusun özünə qarşı deyil, virusun ev sahibi olan canlıya yapışmaq üçün istifadə etdiyi zülal qarmaqlarına qarşı immunitet yaranır. Sars-Cov-2-nin növbəti dəfə ortaya çıxmasında kəskin uclu zülallar təsirsiz hala gətirilir və infeksiya dövrü pozulur.

İkiqat pandemiyaya qarşı potensial bir müalicə təqdim etməklə yanaşı, həm də əczaçılıq sənayesində də yeni bir yanaşma ortaya qoyur. Dərmanların qiyməti müzakirəyə çıxarıldıqda ictimaiyyət arasında pis imici olan böyük şirkətlər bu cür layihələrə başladılar və beləcə, pandemiya dəhşətinin hökumətləri müflis edəcəyinə dair şayiələr gəzməyə başladı.

Lakin Şahin və Türecinin böyük əczaçılıq şirkətlərindəki pul tacirlərinə nisbətən daha sadə həyatı var. Cütlüyün kiçik qızı ilə təvazökar bir həyat yaşadiğı deyilir. Velosipedlə işə gedirlər və rahat şəkildə cins şalvar, sadə köynək geyinirlər. Şahin isə deyilənə görə, uğur üçün taxdığı mavi qaşlı dəri boyunbağısını həmişə üstündə gəzdirir.

Lakin bu, vəziyyətdən qazanc əldə etmədikləri mənasına gəlmir. “Biontech” nisbətən kiçik bir şirkət kimi başlamış olsa da, hazırda 16,6 milyard funt sterlinq dəyərindədir. Başqa sözlə, gəlirləri Almaniyanın məşhur milli hava yolu şirkəti olan “Lufthansa”dan təxminən 4 dəfə çoxdur. Cütlük hazırda ölkənin ən varlı 100 adamı sırasındadır. Sadəcə, elə görünür ki, buna çox da fikir vermirlər.

Şirkətin iş və reklam meneceri Şan Maret BBC Radio 4-ə: “Düşünürəm ki, Şahin 9 ay ərzində bank hesabına baxmayıb”, deyə açıqlama verib. Çünki onları hərəkətə keçirən şey elmi maraqdır.

Yeri gəlmişkən, bu cütlük də virusla mübarizə aparmaq üçün motivasiyalarının çox sadə olduğunu söyləyirlər: onların işi budur. Türeci də “Times” qəzetinə verdiyi açıqlamada immunitet sisteminə dair biliklərinin virusla mübarizəni onlar üçün bir vəzifəyə çevirdiyini ifadə edib. Şahin işi ilə bağlı üzləşdiyi beynəlxalq təzyiqlər barədə “Wiesbadener Kurier”ə danışıb;

“Dərman şirkətləri olaraq hər zaman böyük məsuliyyət daşıyırıq. Təkmilləşdirdiyimiz dərmanın tək bir xəstə və ya daha böyük bir qrup üçün hazırlanmasının heç bir fərqi yoxdur. Diqqətinizi işə yönəltməlisiniz. Gündəlik həyatımızda bununla mübarizə aparmaq şansımız yoxdur”.

Özlərini müasir tibbin bir siması kimi görməklə yanaşı, həm də əksər hallarda çox mədəniyyətli bir cəmiyyətin faydalarını təmsil etdilər. Almaniyanın müharibədən sonrakı iqtisadi yüksəlişi dövründə Şahin hələ 4 yaşında olarkən atası ilə birlikdə Türkiyənin İskəndərun şəhərindən gəlmişdi. Türecinin atası da bir türk mühacir idi. O, katolik xəstəxanasında işləyən bir həkim idi və Qərbi Almaniyada doğulan qızını əməliyyata aparmışdı. İndi Almaniyada və Qərbdə yaşayan immiqrantlar əleyhinə səsləndirilən fikirlərin artdığı bir dövrdə bu cütlük günahkar sayılan cəmiyyətlərə inanılmaz töhfələr verirlər. Digərləri üçün bu arqument həm acı, həm də şirindir. Çünki cəmiyyətin xaric etdiyi irqi və etnik qrupların qəbul edilməsinin yeganə yolunun istisnaya çevrilmək olduğunu göstərir.

Bununla birlikdə onların gördüyü işin potensial təsiri danılmazdır. Onların peyvəndləri tezliklə elmi, iqtisadi, və bürokratik dünyalardan daha fərdi bir dünyaya keçəcək. Bu da insanların valideynlərini qucaqlaya biləcəyi, dostları ilə barlarda görüşə biləcəyi və xəstəxana işçilərinin axır ki, rahat bir nəfəs alacağı mənasına gəlir. Hələ yanvarda səsləndirdikləri peyvənd ideyası laboratoriyada deyilmiş bir fikir idi. Lakin hələ 1 il keçməmiş insanlar üçün qlobal miqyasda ümid doğurur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar