Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

25-ci qurultayın stressi – Xəstə Brejnev 4 saat çıxış edib

Podqornı iddiasının güdazına gedib...

Kommunist Partiyasının qurultayları SSRİ-də ən mühüm siyasi tədbirlərdən biri sayılıb. 1960-cı illərdən sonra, Leonid Brejnevin hakimiyyəti illərində bu siyasi tədbir, demək olar ki, eyni ssenari ilə keçirilib. Qurultaylarda Mərkəzi Komitənin hesabatı dinlənilib, daxili və xarici siyasətdə partiyanın qarşısında duran vəzifələr müəyyənləşdirilib, Mərkəzi Təftiş Komissiyasının hesabatı qurultay iştirakçılarının diqqətinə çatdırılıb, xalq təsərrüfatının inkişafının əsas istiqamətləri müzakirə edilib, sonda partiyanın mərkəzi orqanlarına seçkilər keçirilib. Ən başlıcası, bütün çıxışlar, müzakirələr, seçki prosedurları bayram təntənəsində olduğu kimi sürəkli alqışlarla müşayiət olunub.

1976-cı ildə keçirilən XXV qurultayda isə ab-hava bir az fərqlənib. Leonid Brejnevin səhhətindəki ciddi problemlər qurultay təntənəsinin “doza”sını xeyli aşağı salıb. Qurultaya hazırlıq ərəfəsində Kreml kabinetinlərində “bu qurultayda Podqornı baş katib vəzifəsinə iddialı olacaq” kimi fikirlər söylənilib.
Sözsüz ki, belə ciddi fikirlər əsassız yerə dilə gətirilməyib. 1975-ci ildə Brejnevin səhhətindəki problemlər kəskinləşəndə çoxları haqlı olaraq düşünüb ki, baş katib artıq öz vəzifəsini icra etmək iqtidarında olmayacaq. Elə qurultay ərəfəsində də Brejnev ölkəni kabinetindən daha çox öz bağ evindən idarə edib.

Onun qurultaydakı məruzəsi də bağ evində hazırlanıb. Məruzəni hazırlayanlardan biri, Mərkəzi Komitənin beynəlxalq şöbəsinin müdir müavini (sonralar baş katibin köməkçisi) Anatoli Çernyayev öz xatirələrində həmin günləri aşağıdakı kimi xatırlayıb:

“Brejnevin məruzəsinin hazırlanması bir neçə nəfərə həvalə edilmişdi. Çıxışı hazırlamaqda çox da sərbəst deyildik. Məruzə hissə-hissə Brejnevə oxunurdu, düzəlişlər edilirdi. Bu iş gün ərzində 4-5 saat vaxtımızı alırdı. İş rejimimiz tam fərqli bir şəraitdə keçirdi. Biz səhərlər Mərkəzi Komitəyə deyil, birbaşa baş katibin bağ evinə yollanırdıq. Məruzənin müzakirəsi və düzəlişləri zamanı Brejnev hər saatdan bir fasilə verirdi. Onun yorğunluğu, nitqindəki qüsurları aşıq-aşkar hiss olunurdu. Mən əmin deyildim ki, Brejnev qurultayda 4 saatlıq məruzəni sona qədər oxuya biləcək...”

Məhz həmin ərəfədə baş kaitibin bağ evində tibbi personal daha gücləndirilmiş rejimdə çalışıb. Həkimlər briqadasına Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazov rəhbərlik edib. Sonralar Çazov öz kitabında həmin gərgin günlər haqqında maraqlı açıqlamalar verib:

“Mən indi həmin günləri təbəssümlə xatırlayıram. Qurultaya iki ay qalmış bizə Kremldən tapşırıq verildi ki, baş katibi ağır vəziyyətdən çıxarmalıyıq. Sanki bizə hansısa bir obyektin inşası tapşırılırdı, konkret vaxt qoyulurdu. Təbii ki, bu tapşırığı müzakirəsiz qəbul etdik. Vəziyyət olduqca çətin və mürəkkəb idi. Mən cəhd etdim ki, baş katibin qurultayda məruzəsi qısa olsun. Amma bu cəhdimə məhəl qoyan olmadı. Təsəvvür edin ki, xəstə Brejnev 4 saat tribunada ayaq üstə qalmalı idi. Onsuz da nitqində qüsur olan Brejnev 4 saat çıxış etməliydi. Bütün bu problemləri aradan qaldırmağa isə cəmi iki ay vaxt verilmişdi. Biz əlimizdən gələni etdik. Qurultayın reqlamentində çıxışın fasiləli, iki hissədən ibarət olmasına da nail olduq. Nəhayət, qurultay günü gəlib çatdı. Brejnev tribunaya qalxdı. İki saatdan sonra fasilə verildi. Biz onu Qurultaylar Sarayıında baş katib üçün ayrılmış otaqda gözləyirdik. Fasilə zamanı dərhal kiçik müayinələr apardıq. Baş katibin köynəyi və pencəyi tərləməkdən suyun içində idi. Brejnev bütün paltarlarını dəyişdi. Növbəti hissə başlananda o məndən soruşdu:

- Yevgeni İvanoviç, mənə həqiqəti söyləyin, vəziyyət necədir? Döyüşü davam etdirə bilərəm?

Mən vəziyyətin heç də ürəkaçan olmadığını dəqiq bilirdim. Amma onu aldatmağa çalışdım:

- Leonid İliç, hər şey qaydasındadır. Sizin hələ növbəti qurultayda məruzə etməyinizə də kifayət qədər enerjiniz var.

Məruzənin ikinci hissəsinin sonunda Brejnevin simasındakı dərin bir yorğunluq və narahatlıq aşıq şəkildə hiss olunurdu. Mən dəqiqələri sayırdım ki, çıxış yekunlaşsın və fasilə elan edilsin...”
Beləliklə, Brejnev 4 saatlıq məruzəsini “uğurla” sona çatdırıb. Onu məruzədən daha çox, çıxışı zamanı qurultay nümayəndələrinin nə az, nə çox, düz 168 dəfə sürəkli alqışları yorub.

Brejnev qurultaydan sonra Nikolay Podqornının baş katib kürsüsünə göz salmasını da unutmayıb. Həmin il baş katib 70 illik yubileyi münasibətilə keçirilən ziyafətdə köhnə silahdaşına atmaca da atıb:

- Kolya, 70 yaş gözəl yaşdır, sanki adama yeni enerji verilir. Elə bir enerji ki, bir neçə vəzifəni icra etmək gücündə olursan.

Podqornı bəlkə də həmin an bu atmacanı anlamayıb. Yalnız bir ildən sonra, 1977-ci ildə onu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırıb yerinə Brejnevi seçəndə başa düşüb ki, 71 yaşlı baş katib iki vəzifəni icra etmək gücündədir.

Amma nə tutduğu vəzifələr, nə saysız-hesabsız titullar, nə zənginlik Brejnevi xəstəliklərdən xilas edə bilməyib. Hakimiyyətdə olduğu son illərdə baş katib müqəvvanı xatırladıb.

İlham Cəmiloğlu(Musavat.)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar