Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“MTN işi” ilə bağlı aparılan məhkəmə araşdırmaları... - Bu məhkəmələrdə ədalət təcəssüm edirmi?

Çox saylı zərərgörənlərə dəyən ziyan qaytarılmadığı halda, Akif Çovdarovun 30 milyonluq əmlakının geri qaytarılması ilə məhkəmə prosesinin başladılması nə qədər hüquqidir?..

Keçmiş MTN zabiti: “Tam məsuliyyətlə deyə bilərəm ki, bu günə kimi həbs olunan MTN əməkdaşlarından biri də törətdiyi cinayətlərə görə adekvat cəza almayıb”.

“Cinayətkarların mülklərinin zərərçəkənlərə verilməsi isə sadəcə olaraq xəyaldır və bu xəyal Azərbaycan reallığında gerçəkləşməyəcək”.

Bu sözləri ləğv edilmiş MTN-nin keçmiş zabiti, hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu “MTN işi” ilə bağlı aparılan məhkəmə araşdırmalarının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Uzun illərdir ki, “MTN işi” ilə bağlı Azərbaycanda qalmaqallı məhkəmə prosesləri gedir. Proseslərdə şahidlərin və müttəhimlərin ifadələrində başda sabiq baş prokuror olmaqla bir çox keçmiş vəzifə sahibləri barədə çox ciddi və cinayət məsuliyyəti yaradan ittihamlar səsləndirilir, lakin bu adamlar haqqında məhkəmələr heç bir araşdırma aparmır. Heç onları şahid kimi də prosesə çağırmırlar.

Hazırda isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Həmin məhkəmədə dəflərlə sabiq Baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dindirilməsi tələb edilsə də, zərəçəkənlərin bu tələbləri diqqətə alınmır. Dünən isə Bakı Hərbi Məhkəməsində keçirilən iclasın gedişi zamanı zərərçəkən Əfsəl Həsənəliyev məhkəmə zalında özünü yandırmaq istəyib. Onun məhkəmədə vəsatətlərinin təmin olunmamasına etiraz olaraq intihara cəhd etdiyi bildirilir.

Bundan başqa bildiyimiz kimi “MTN işi”nin ən qalmaqallı adamı olaraq bilinən və çoxsaylı ağır ittihamlarla həbs olunan Akif Çovdarov əvf olunub. İndi isə onun müsadirə olunan əmlaklarını geri qaytarılması ilə bağlı məhkəmə prosesi başlayıb.

Ümumilikdə “MTN işi” ilə bağlı aparılan məhkəmə araşdırmalarını necə dəyərləndirmək olar? Bu prosesləri ədalətin təcəssümü kimi dəyərləndirmək olarmı? Çox saylı zərərgörənlərə dəyən ziyan qaytarılmadığı halda, Akif Çovdarovun 30 milyonluq əmlakının geri qaytarılması ilə məhkəmə prosesinin başladılması nə qədər hüquqidir? Onun əmlakının zərəçəkmişlərə verilməsi daha doğru olmazdımı?

“MTN işi” ilə bağlı yayılan son xəbərləri PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Mövlan Şıxəliyev 3-4 il cəza alsa, hətta məhkəmə zalından sərbəst buraxılsa, təəccüblənməyəcəm”.

Bu gün də “MTN çətəsi”nin cinayətkarlarının müsadirə olunmuş mülklərinin qaytarılmasının məhkəməyə çıxarıldığını xatırladan siyasi-şərhçi PİA.az-a bildirib ki, bu Azərbaycanda ədalətin cinayətkar “çətələr” qarşısında təslimçiliyidir:

“2015-ci ildə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan, daha sonra nazirlik ləğv olunandan sonra, 20-ə yaxın əməkdaşı müxtəlif ittihamlarla həbs olundu. Bu adamlar ən ağır cinayətlərdə ittiham olunaraq mühakimə olundular və olunmaqda davam edirlər. Amma həbs olunanlar arasında nə nazir, nə də nazir müavini olmadı. Artıq həmin dövrdən bəlli idi ki, bu cinayət işləri ayrı-ayrı şəxslərin üzərində aparılacaq. Heç kəs də əslində layiq olduğu cəzanı almayacaq.

Tam məsuliyyətlə deyə bilərəm ki, bu günə kimi həbs olunan MTN əməkdaşlarından biri də törətdiyi cinayətlərə görə adekvat cəza almayıb. Onların hamısı törətdikləri əməllərdən daha yüngül əməllərə dair maddələrlə mühakimə olunublar. Yəni onların bütün cinayətləri ifşa olunmayıb. Halbuki, o cinayətlər hər kəsə bəllidir. Onların bir çoxunun əməllərində hətta dövlətə xəyanət faktları da mövcuddur.

Bundan başqa məhkəmə proseslərində zərəçəkmişlərin ifadələri həmin şəxslərun ömürlük həbsdə qalmaları üçün yetərlidir. Amma bunun əvəzinə onların bəziləri əfv olunur. Hətta Akif Çovdarov əfv olunduqdan sonra, o qədər irəli gedir ki, müsadirə olunmuş 30 milyonluq əmlakını geri istəyir. Halbuki həmin müsadirə olunan əmlaklar satılaraq zərəçəkmişlərə verilməlidir. Sabah Akif Çovdarovun müsadirə olunmuş əmlakının geri qaytarılması üçün məhkəmə başlayanda heç kim soruşmayacaq ki, ay Akif Çovdarov, sən bu 30 milyonuhardan, necə qazanmısan?

Mən 2015-ci ildə də demişdim ki, Eldar Mahmudov həbs edilməyəcək və layiq olduğu cəzanı almayacaq. Elə də oldu. MTN-in sabiq baş idarə və idarə rəisi Sübahir Qurbanov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov dəstənin başçıları olublar və onların törətdikləri cinayətlərin sayı-hesabı yoxdur..

Ərəstun Oruclu: “Məhkəmə prosesində keçmiş baş prokurorun və onun birinci müavininin adı çəkilsə belə, onlar istintaqa dəvət olunmur. Bu da onu göstərir ki, məhkəmə artıq əvvəldən hazırlanmış sxem üzrə işləyir”.

Akif Çovdarovun ayağında çox ağır cinayətlər var. O vaxt ilə Elmar Hüseynovun qətlini icra etdiyini də etiraf edib. Amma Akif Çovdarova ağır cəza verən olmadı. Əksinə pandemiya dövründə yüzlərlə insanın həbsxanada əziyyət çəkdiyi vaxtda bu iki cinayətkarı əfv edib, azadlığa buraxıblar. Bu gün isə onların müsadirə olunmuş mülklərinin qaytarılması məhkəməyə çıxarılıb. Bu Azərbaycan ədalətininn cinayətlər qarşısında təslimçiliyidir. Ədaləti isə dövlət təmsil etdiyinə görə, dövlətin də təslimçiliyidir.

MTN işində hal-hazırda iki məhkəmə işi gedir. Bunlardan biri MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi, general Nizami Şirinovun cijayət işi ilə bağlıdır. Digəri isə MTN Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor, törədilən cinayətlərdə əsas fiqur olan Mövlan Şıxəliyevin cinayət işidir. Yenə bu məhkəmə prosesində onlara qarşı yüngül maddələrlə itrtihamlar irəli sürülüb. İstintaq təcridxanasında işgəncədən öldürülmüş insanlar haqqında bir dənə də olsun qeyd, maddə yoxdur. Həmin məhkəmə prosesində keçmiş baş prokurorun və onun birinci müavininin adı çəkilsə belə, onlar istintaqa dəvət olunmur. Bu da onu göstərir ki, məhkəmə artıq əvvəldən hazırlanmış sxem üzrə işləyir.

Təsəvvür edin, Mövlan Şıxəliyev və onun adamları ağır cinayətlərdə ittiham olunurlar. Mövlan Şıxəliyev haqqında həbs qətimkan tədbiri seçilib. O birilər də məhkəmə açıq şəkildə gəlib-gedirlər. Hansı ki,onlar da ittiham olunanlardır. Üstəlik də onlar zərərçəkənləri təhdid etməklə məşğuldurlar. Dövriyyəyə məlumat buraxırlar ki, Mövlan Şıxəliyevin azad olunması üçün 30 milyon pul toplayıblar.

Artıq biz burada nəinki hüququn, qanunun təntənəsindən, heç hüquqdan, qanundan danışa bilmərik. Bunun adı məhkəmə də deyil. Aparılan prosesə nə ad desəniz vermək olar, amma məhkəmədemək olmaz. Buna görə də Mövlan Şıxəliyev 3-4 il cəza alsa, hətta məhkəmə zalından sərbəst buraxılsa, mən təəccüblənməyəcəm.

Ərəstun Oruclu: “Cinayətkarların cinayətlər törədərək sahib olduqları əmlakları özlərinə qaytarılır. Budur məhkəmə? Budur ədalət?”.

Bu Azərbaycan ədalət sisteminin iflasıdır. Bunun əsil adı budur. Bütün sadalanan faktlar da bunu göstərir. Ölkədə bir dənə də olsa, ictimai rezonans doğuran cinayət işləri açılmır. Çünki bütün bu cinayətlərin arxasında dövlət hakimiyyət orqanlarına nüfuz etmiş, onları ələ keçirmiş cinayətkar çətələr dayanır.

Biz zərərçəkənlərlə bir yerdə 5 ildir Tərtər cinayətlərinin açılması uğrunda mübarizə aparırıq. Nəticə demək olar ki, sıfırdır. Heç bir nəticə yoxdur.

Cinayətkarların cinayətlər törədərək sahib olduqları əmlakları özlərinə qaytarılır. Budur məhkəmə? Budur ədalət? Cinayətkarların cinayətlər törədərək sahib olduqları əmlakları özlərinə qaytarılır. Budur məhkəmə? Budur ədalət?”

Cinayətkarların mülklərinin zərərçəkənlərə verilməsi isə sadəcə olaraq xəyaldır və bu xəyal Azərbaycan reallığında gerçəkləşməyəcək.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar