Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: “İndi biz Ərdoğana deyək, şeir demə?”

"Azərbaycan Türkiyə tərəfinin dediyi hər fikrə nəzarət etməlidir? Ərdoğanın ürəyi şeir demək istəyib, indi biz qadağa qoyaq ki, gələcəkdə şeir demə?”

Deputat Fazil Mustafa İranın xarici işlər naziri Cavad Zərifin tvitinə münasibət bildirərkən belə deyir. Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Araz haqqında söylədiyi bayatıya İranın xarici işlər naziri Cavad Zərif reaksiya verib.

Həmin bayatıda deyilir:

Arazı ayırdılar

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

Cavad Zərif isə sosial şəbəkə hesabından paylaşım edib: "Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?".

Nazir açıqlamasına "HEÇ KİM BİZİM sevgili Azərbaycanımız haqqında danışa bilməz" sözlərini də əlavə edib.

Bir neçə gün qabaq - dekabrın 9-da İran Prezidenti Həsən Ruhani Azərbaycanla Ermənistan arasında müharibənin başa çatması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və atəşkəsin təmin edilməsinə görə sevindiyini vurğulamışdı. H.Ruhani İran İslam Respublikasının Qarabağ münaqişəsində aşkar və konkret mövqe sərgilədiyini və Azərbaycanın ərazi bütövüyünü dəstəklədiyini bildirmişdi.

Amma bunu da qeyd etmək yerinə düşər ki, 44 günlük müharibə zamanı Ruisyanın İran vasitəsilə Ermənistana silah göndərməsi haqda iddialar da səslənib və həmin ölkədə yaşayan türklər buna etiraz edərək aksiyalar keçiriblər. Ümumiyyətlə Tehranla Bakının münasibətləri hər zaman həssas olub və Bakı ehtiyatlı davranmağa çalışıb.

Deputat Fazil Mustafa İranın bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində konkret addım atmadığını vurğulayır: "İndi proses Azərbaycanın xeyrinə dəyişdiyi halda, biz yenə İranın mövqeyini normal qarşıladıq. Bundan artıq nə etmək olar? İndi şeir də deməyək ki, İranın qəlbi qırılacaq?”.

O ki qaldı nazir Cavad Zərifin yazdıqlarına, deputatın qənaətincə, nazirin ismarıcını konkret bir şeyə yozmaq çətindir. "Düşünmürəm ki, Ərdoğanın dediyi şeir İrana yönəlmişdi. Bu şeir Azərbaycan xalqının Qarabağda qələbəsinə hesablanıb, hər hansı təhdid yaxud siyasi məqsəd ehtiva etmir”.

O, Azərbaycanın hər zaman İranla əməkdaşlıqda maraqlı olduğunu qeyd edir.

"Ərdoğanın paradda dünənki çıxışı isə ədəbiyyat söhbətidir, siyasət deyil. Azərbaycan İranla münasibətində hər hansı siyasi demarş etməyib, yaxud siyasi mesaj ötürməyib. Bu baxımdan İran reaksiya verəcəksə şeiri deyənə buyurub müraciət etsin”.

Siyasi şərhçi Nəsimi Məmmədli İranın xarici işlər naziri Cavad Zərifin məlum tvitini belə şərh edir.

"İran çoxmilyonlu soydaşlarımızın tarixi vətənidir. Ədəbiyyatımızda və folklorumuzda çoxsaylı belə nümunələr var. Bir millətin 200 il öncə baş verən ayrılığına səbəb Rusiyanın işğalıdır. İranın bundan narahat olması və öz narahatlığını belə obrazlı ifadə ilə təqdim etməsi yanlışdır.

İranın xarici işlər naziri Ərdoğanın səsləndirdiyi şeirdən bəhanə kimi istifadə edərək Azərbaycan Respublikasının ərazisini İranın tarixi torpaqları kimi ifadə etməyə çalışıb. İran bu gün regional əməkdaşlıqda hamıdan çox maraqlı olmalıdır. Əks halda bu, onun arzulamadığı çox güclü xarici oyunçuların regiona daxil olması üçün əlavə zəmin yarada bilər”.

N.Məmmədli İranın son 10 ildə Orta Şərqdə əsas söz sahiblərindən biri olmağa çalışdığını yada salır, Suriyada, İraqda və Yəməndə xeyli maddi resurs və əsgər itirdiyini, ancaq maddi resurslarının iddialarını tam təmin etməyə artıq yetərli olmadığını qeyd edir.

Siyasi şərhçi Tehranın Qarabağ probleminin nizamlanmasında bir neçə dəfə vasitəçiliyə cəhd etdiyini, amma uğur əldə edə bilmədiyini bildirir. O, İranın bu gün də Cənubi Qafqazda varlığını və maraqlarını özünəməxsus şəkildə göstərməyə çalışdığını deyir:” RusiyaErmənistanla strateji müttəfiqliyinə söykənərək son hərbi əməliyyatlarda yenidən vasitəçiliyə cəhd etdi. Lakin elə RusiyaErmənistan İranın siyasi-hərbi proseslərə daxil olmasına imkan vermədi”.

Onun sözlərinə görə, Azərbaycan da İranın Qarabağla bağlı vasitəçilik təşəbbüslərinə müsbət yanaşmayıb, belə təşəbbüslər Azərbaycana itkilər hesabına başa gəlib. 1992-ci ildə Şuşanın işğalı məhz belə danışıqların aparıldığı vaxtda baş verib.

N.Məmmədli hesab edir ki, İran regionda Türkiyənin fəal hərbi-diplomatik siyasətindən xeyli narahatdır: "Azərbaycanda Türkiyənin artan hərbi-siyasi nüfuzu İranda yaşayan çoxmilyonlu türklər üçün də psixoloji təsir yaradır. Eyni zamanda İsrailin və Türkiyənin hərbi sənayesinin Azərbaycanda yüksək səviyyəli tətbiqi və reklamı da İranı qıcıqlandırır”.

"İranın xarici işlər naziri Cavad Zərifin verdiyi reaksiya gözlənilən idi”

Siyasi şərhçi Nahid Cəfərov belə deyir və Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğanın Bakıdakı paradda çıxışının mükəmməl yazıldığını düşünür.

"Çıxış zamanı hücuma məruz qalmış rayonların adlarını, dünyasını dəyişmiş mülki əhalinin sayını dəqiqliklə söyləməsindən əlavə xarıbülbülü qeyd etməsi və Bəxtiyar Vahabzadənin şerindən misralar deməsi Ərdoğanın bu çıxışa son dərəcə önəm verməsindən xəbər verir. Biz bunu İlham Əliyevin eyni paradda etdiyi çıxışı ilə müqayisə etmiş olsaq, prezidentlərin çıxışlarındakı fərqli maraq və iddialar nəzərə çarpacaq”.

Onun sözlərinə görə, Ərdoğanın "Arazı zorla ayırdılar" ifadəsini seçməsi məntiqli deyil və çox güman İran da bunu məhz belə yozur: "Ərdoğan özünü təkcə Türkiyənin deyil, bütün türk dünyasının lideri kimi qələmə verir. Bu da sözsüz ki, ölkəsində türkçülüklə tarixən problem yaşamış İran üçün ciddi problemdir. Türkçülük və İslam (Sünni təriqəti) Ərdoğan dövlətinin əlində olan yumşaq gücdür və o məhz bu güc vasitələrindən istifadə edərək nüfuzunu artırmaqdadır”.

N. Cəfərovun fikrincə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Tehran düşünür ki, əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsa, azərbaycanlıların diqqəti Təbrizə yönələcək. Prosesə Türkiyənin də qoşulması İranın gözündə daha real təhlükə kimi görünür”.

"Araz Azərbaycanı iki yerə bölsə də, o həm ayrılığın, həm də bütünlüyün rəmzidir”

Türkiyəli siyasətçi, keçmiş deputat Arif Kəskin Ərdoğanın şeirinin İranda qıcıq yaratmasından təəcüblənmədiyini deyir və səbəbini də izah edir: "Onlar Araz şeirinin nə mənaya gəldiyini yaxşı bilirlər. Araz Azərbaycan ədəbiyyatında, folklorunda, ictimai şüurda siyasi motiv olmaqla yanaşı, həm də qərarlılığın, dincliyin, vəfanın rəmzidir”.

Onun sözlərinə görə, Araz motivi fars ədəbiyyatına daxil ola bilməyib: "Araz çayı İranındır” iddiasında olan farslar üçün Araz çaydan başqa bir şey deyil.

"İran xarici işlər naziri bu gün Arazı iranlıları təmsil edən rəmz olduğunu bildirsə də, tarixi situasiya baxımından bu yalançılığın göstəricisidir. İran zeyniyyəti bu gün ögey yanaşdığı Arazı sahiblənməyə çalışır. Amma unudur ki, onlar bunun üçün bir xeyli gecikiblər”.

Onun sözlərinə görə, bundan sonra Araz motivinin İranın işinə yarayacağını düşünmək bir xətadır: "Arazı itirmək, dolayısı ilə Azərbaycanı da itirməkdir”. (Toplumtv)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Ən çox oxunanalar