Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış memar ittihamlara cavab verdi:"Bu, izahı olmayan paxıllıqdır"

Son zamanlar Azərbaycan ictimaiyyətinin diqqəti, Rusiya ziyalılarının nümayəndələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən memarlıq abidələrinin aqibətinə dair müxtəlif dünya strukturlarına edilmiş müraciətlərə cəlb olunub. Bu yaxınlarda aparıcı rus memarları və ziyalılarının nümayəndələri, Rusiya Prezidentinə oxşar müraciət edərək prezidentdən Dağlıq Qarabağda təhlükə altında olan (Onlar belə deyirlər – red) xristian memarlıq irsini müdafiə etməyi və Azərbaycan rəhbərliyinə təsir göstərməyi xahiş ediblər. Tanınmış Azərbaycan memarı Elçin Əliyev rusiyalı həmkarlarına cavab verib. (Link burada)

E.Əliyevlə əlaqə saxladıq, bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Elçin bəy, fikrinizcə, Rusiya memarlarının müraciəti niyə, hansı əsasla edildi və, ümumiyyətlə, onlar nə üçün belə müraciətlə çıxış etdilər?

- Təəssüflə qeyd etməliyəm ki, Rusiyanın bir çox aparıcı memarları münaqişə bölgəsindəki real vəziyyət, onun həqiqi səbəbləri barədə tamamilə məlumatsızdırlar. Bunun günahı özümüzdədir, biz, bu istiqamətdə real geniş təbliğat işi aparmaq əvəzinə, daim Azərbaycana dəvət olunan eyni dar rus məmur-memarlar qrupu ilə ünsiyyətə üstünlük veririk. Təəssüflər olsun ki, demək olar, bütün postsovet məkanında memarların yaradıcılıq təşkilatlarının rəhbərləri özlərinin fəaliyyətdə olan tanınmış həmkarlarından təcrid olunublar. Bu həmkarlar ittifaqları, məmurlar tərəfindən o qədər diskreditasiya edilib ki, peşəkar memarların çoxu heç bu qurumların üzvləri deyil. Misal üçün, müşahidələrimə görə, son illərdə Azərbaycan Memarlar İttifaqı adından xaricə ezam edilən çoxsaylı işgüzar səfərlərdə eyni şəxslər iştirak edir - dar bir yaxınlar çevrəsinin üzvləri. Təəssüf ki, eyni vəziyyət Rusiyada da mövcuddur. Yəni, böyük sayda xarici həmkarımızı əhatə edən real iş əvəzinə, hər il öz hesabımıza eyni məmurları Bakıya dəvət edərək yedirib-içirdirik. Rusiyada nüfuz sahibi olan və fəal təcrübəli memarlarla çalışmaq lazımdır. Belə vəziyyət real işin görülməməsinin məntiqi nəticəsidir.

Bilirsiniz, bir neçə il əvvəl Moskvanın gənc memarı, Rusiya vətəndaşı Əkpər Məmmədov bakılı həmkarlarının işlərindən daha yüksək səviyyədə olan çoxsaylı müasir layihələrini təqdim edərək Azərbaycan Memarlar İttifaqına qəbul barədə müraciət etmişdi. Bütün sənədləri hazırlayaraq özü şəxsən tanış olmadığı həmkarları ilə görüşmək sevinci və ümidi ilə Bakıya gəldi. İlk dəfə olaraq Memarlar İttifaqına gəldi və orada... onu üzvlüyə qəbul etməkdən imtina etdilər! Təsəvvür edirsiniz?! Bu, istedadlı mütəxəssisi öz sıralarına qəbul etməyə imkan verməyən, izahı olmayan qara paxıllıq və ləyaqətli ağıllı müstəqil insanlara qarşı gözügötürməzlikdir! Bu içiboş və özlərinə inamı olmayan şəxslərin təkəbbürü hesabına biz mənşəcə azərbaycanlı olan, Moskva və bütövlükdə Rusiyada yaşayan onlarla memarlara məhəl qoymuruq. Yerli məmur çarlardan fərqli olaraq həmin memarların sözlərinə Rusiyada qiymət verilir və onlara orada qulaq asırlar.

Sizə daha bir konkret nümunə gətirim: Mən, “1920-1930-cu illərin konstruktivizm dövründə Bakı memarlığı” kitabının müəllifiyəm. Bu memarlıq dövrü bütün dünyada, o cümlədən bu üslubun yarandığı yer olan Rusiyada böyük maraq doğurur və bir neçə ilə əvvəl məni bu mövzuda rus memarları qarşısında mühazirələr silsiləsi ilə çıxış etmək üçün Rusiyaya dəvət etdilər. Hətta Azərbaycan Memarlar İttifaqına mənim bu məqsədlə Rusiyaya ezam edilməyim barəsində Rusiya Memarlar İttifaqının Prezidenti A.V.Bokovun adından rəsmi müraciət də daxil oldu. Rusiyalı həmkarlarım müsbət cavaba əmin olduqlarından, hətta bu barədə “Bakı” jurnalının redaksiyasına məlumat vermişdilər və jurnal yanvar nömrəsində çoxsaylı rus auditoriyası qarşısında çıxışımın anonsunu da vermişdi. Azərbaycan Memarlar İttifaqı pul çatışmazlığını əsas gətirərək ezam olunmağıma etiraz etdi. Təsəvvür edirsiniz? Alimə mühazirələr silsiləsi üçün təyyarə biletlərinin ödənilməsinə pul yoxdur, lakin bahalı “Mercedes” avtomobilini kreditə götürmək üçün pul var! Siz son on il ərzində Azərbaycan aliminin rusiyalılar qarşısında çıxışı barədə heç eşitmisiniz? Mən eşitməmişəm. Məhz buna görə onlar haqqımızda düşündükləri kimi düşünürlər.

- Rus memarlarının müraciətinə qayıdaraq, Azərbaycanda ona hansı reaksiya verildi?

- Təəssüf ki, heç bir. Məktub barədə öyrənən kimi mən, cavab verilməsi ümidilə dərhal müraciətin linkini Memarlar İttifaqına və həmkarlarıma göndərdim. Lakin, təəssüf ki, məndən başqa heç kim zəhmət çəkib cavab vermədi – dəvəquşu kimi başlarını beynəlxalq arenada qumda gizlətdilər. Hamıdan uca “Qarabağ – Azərbaycandır” qışqıranlar bilavasitə ixtisasları üzrə heç iki cümlə yaza bilmədilər – vəzifələrə peşəkar uyğunluq yox, şəxsi sədaqət və loyallıq prinisipinə əsasən təyin edilmənin və korrupsiyanın qanunauyğun nəticəsi budur.

- Rusiyalı həmkarlarınıza nə cavab verdiniz?

- Qısaca deyim ki, cavab məktubumda belə sual qoyuluşu ilə üz-üzə gəlmək təəccüblüdür. Bizim rus və erməni həmkarlarımız savadlı insanlardır və onlar şübhəsiz başa düşürlər ki, bu gün, XXI əsrdə bu, sadəcə, olaraq mümkün deyil: Hər hansı ölkənin hakimiyyəti və ziyalıları abidələrin dağıdılmasına heç vaxt imkan verməz. Əlbəttə ki, artıq otuz ilə yaxın davam edən münaqişə və hərbi hərəkətlər zamanı memarlıq abidələri zərər çəkib və burada hər iki tərəfin günahı var. Lakin bilərəkdən dağıdılmanın da nümunələri var: məsələn, Dağlıq Qarabağın ərazisində olan 67 məsciddən yalnız 3-ü qalır. Onları kim dağıdıb? Məktubumda həmçinin münaqişə dövründə dağıdılmış çoxsaylı Azərbaycan mədəni irs obyektlərini sadaladım. Lakin cavabımın əsas mesajı başqa idi, mən yazdım ki, ərazimizdə müharibə baş verməsinə və onlarla memarlıq abidələrinin məhv edilməsinə baxmayaraq, münaqişənin başlanmasında günahkar tərəfi axtarmağın tərəfdarı deyiləm, gəlin bunu tarixçilərə həvalə edək. Bu gələcəyə getmək üçün yaxşı yol deyil. Nə qədər ağrılı olsa da, iki qonşu xalqın münasibətlərindəki bu dəhşətli vərəqi çevirmək lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, təkcə bu münaqişə yox, dünyadakı bütün münaqişələr insanların bir-birinin niyyətlərini düzgün qiymətləndirmədiklərinə, ünsiyyət qurmadıqlarına, dialoq aparmadıqlarına görə baş verir. Biz, bir-birimizin məramlarına inamsızlığımızı kənara qoyacaq, aramızdakı uçurumu aradan götürəcək həllər tapmalıyıq. Bunların hamısı bir-birimizi anlamadığımızdan, qonşunu eşitmək və dinləmək arzusunun olmamasından və hətta bunu bacarmamaqdan irəli gəlir. Məktubun sonunda rusiyalı həmkarlarıma Putinə müraciət əvəzinə Azərbaycan, erməni, abxaz, gürcü və osetin memarlarının görüşünü təşkil etməyi təklif etdim. Axı biz, ölkələrimizin ziyalıları kimi həmişə, hətta razı olmadığımız şəxslərə əl uzatmağa qadirirk. Bu, kiçik də olsa, barışıq və normal münasibətlərin qurulması, dialoqun başlanması istiqamətində bir addım olardı. Siyasətçilər öz qaydaları ilə fəaliyyət göstərirlər, biz ziyalılar isə həmişə ümumi təmas nöqtələrini tapa və siyasətçilərə onların çətin işlərində dəstək ola bilərik. Cənubi Qafqazın ziyalıları bütün sonrakı təmasların başlanğıcı ola biləcək həmin körpü ola bilərlər. Əlbəttə ki, ölkələrimizdə çox böyük ehtiras və emosiyalar gərginliyi mövcuddur, problemlərin yalnız güc üsulları ilə həll olunmalı olduğuna inanan bir çox insanlar var. Onları başa düşürəm – bir çoxları öz doğmalarını və qohumlarını itirib. Lakin bu yol heç yerə aparmır. Və problemlərin həllinə aparan və münasibətlərin həqiqi bərpasının başlanğıcı ola bilən xalqların digər əməkdaşlıq variantlarını məhz ziyalılar təklif etməlidirlər.

- Rusiyada müraciətinizə reaksiya oldumu?

- Oldu və çox müsbət qarşıladılar. Cavabım Moskvanın bir neçə aparıcı memarlıq nəşrləri tərəfindən yerləşdirildi. Lakin zərbəni mən oradan yox, müraciəti imzalayan ermənilərdən yox, Bakıdan aldım! Rusiya memarlarının müraciətinə cavab vermək əvəzinə Azərbaycan Memarlar İttifaqının rəhbərliyi Moskvaya… mənim ünvanıma ittihamlarla dolu məktub yazıb, təsəvvür edirsiniz?! Bu ki biabırçılıqdır! Rusiya nəşri mənimlə əlaqə saxlayaraq bu barədə xəbər verəndə, onlar belə addımdan sadəcə olaraq şokda idilər.

Eyni zamanda Azərbaycan Memarlar İttifaqının saytında Yaradıcılıq təşkilatının İdarə heyətinin bəyanatı və Sədr E.Ə.Qasımzadənin müraciəti peyda oldu. (Link burada) Üslubca bədnam və repressiv 1937-ci il sənədlərini xatırladan bu sənədlərdə mən alçaldıcı və təhqiramiz tənqidə, “absurd çıxış”ım üçün gizli təhdidlərə məruz qalmışam və dəfələrlə “erməni lobbisinə satılmış” adlandırılmışam. Ölkə Prezidenti uzunmüddətli sülhün bərqərar olması, əməkdaşlıq, qarşılıqlı əlaqələr haqqında danışır, dəhşətdir ki, yaradıcı ittifaqın sədri tamamilə fərqli şey deyir. Fikrimcə, bu ölkə rəhbərliyinin qərarlarının əsl sabotajıdır!

- İndi nə baş verir?

- Son həftə ərzində Memarlar İttifaqının rəhbərliyi mənə qarşı bilərəkdən qaralama kampaniyası başlayıb. Düşünürəm ki, bunun əsl səbəbləri yaradıcı ittifaq rəhbərliyinə qarşı olan davamlı tənqidim, çoxsaylı korrupsiya ittihamları və çoxsaylı faktlardan diqqəti yayındırmaq cəhdidir. Tanınmış rus həmkarlarının həyacanlarına əsaslandırılmış cavab yazıb göndərməyə belə qadir olmayan insanlar məni “Dağlıq Qarabağ” birləşməsinin istifadəsində ittiham edirlər, baxmayaraq ki, ölkə rəhbərliyi də bu termini istifadə edir. Öz əlləri ilə, hətta kiçik ayaqyolu da layihələşdirilməmiş “memarlıq” məmurları məni özlərinin müxtəlif ölkələrdən olan başqa həmkarları ilə birlikdə Bakıda çalışmış Azərbaycan mənşəli görkəmli erməni memarlarının soyadlarını qeyd etməkdə günahlandırırlar. Azərbaycan Memarlar İttifaqının rəhbərləri öz addımları ilə birincisi, ölkə rəhbərliyinin səylərinə zidd gedərək erməni milliyətindən olan vətəndaşlarımıza qarşı və ikincisi, onların hərəkətsizliyi ilə razı olmayanlara, xüsusilə də mənə qarşı bilərəkdən dözümsüzlük nümayiş etdirməyə davam edirlər. Onlar ümid edirlər ki, bununla tənqidçiləri susdura biləcəklər. Bu cür mənfur hərəkətlərə, gizli təhdidlərə görə bütün məsuliyyət onların üzərinə düşür.

- Müvafiq orqanların reaksiyası varmı? Siz ölkə rəhbərliyinə müraciət etmisiniz?

- Ölkə rəhbərliyinə ünvanladığım müraciət hələki cavabsız qalıb. Bilirsiniz, boş yerə demirlər ki, “biri üçün müharibədir, digəri üçün isə qazanc mənbəyidir”, inanıram ki, münaqişənin başa çatdırılması maraqlarına zidd olan və öz cəzasızlıqlarına inanmış korrupsioner məmurların bu cür hərəkətlərinə yaxın vaxtlarda son qoyulacaq. (pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar