Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlayn media Mətbuat Şurası ilə təmsil olunmalıdır, yoxsa ayrıca qurumla?..

Onlayn media ayrıca qanunla tənzimlənməli və ayrıca qurumla təmsil olunmalıdır, yoxsa onlayn media KİV haqqında qanunla təzimlənməli və Mətbuat Şurası ilə təmsil olunmalıdır?...

Azər Həsrət: “Mətbuat Şurasının özünün yenidən qurulmasına zərurət var”.

Ələsgər Məmmədli: “Sosial media fərdi platformadır. Fərdi platformada istənilən sayda şəxslər öz düşüncələrini yayırlar. Onları media strukturu kimi qiymətləndirmək doğru olmaz”.

Mətbuat Şurasının İdarə Heyəti son iclasında internet medianın maliyyələşdirilməsini və hüquqi statusunun müəyyənləşdirilməsini təklifii ilə çıxış edib. Bu doğrudur ki, çap mediasından (qəzet və jurnallardan) və elektron medidan (televiziya və radio) fərqli olaraq onlayn media qanunla tənzimlənmir, hər hansı qurumla (MŞ və MRTŞ) təmsil olunmur. Onlayn media ətrafında uzun illərdir ki, müzakirələr aparılsa da və bu sahə qismən KİV haqqında qanunla tənzimlənsə də və qismən Mətbuat Şurası ilə təmsil olunsa da, onlayn media bu sahsində xaotik durum davam edir.

Onlayn medianın ayrıca qanunla tənzimlənməli və ayrıca qurumla təmsil olunmalıdır, yoxsa onlayn media KİV haqqında qanunla təzimlənməli və Mətbuat Şurası ilə təmsil olunmalıdır? Xəbər portalları ilə sosial şəbəkələr qanunda bir yerdə tutulmalıdır, yoxsa hər ikisi ilə bağlı ayrı-ayrılıqda hüquqi baza yaradılmalıdır?

Bu mövzularla bağlı PİA.az-ın əməkdaşı tanınmış jurnalist, Mətbuat Şurası İH üzvü Azər Həsrətə media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədliyə müraciət edib.

Azər Həsrət: “Sosial medianın iştirakçıları, onun istifadəçiləri bizim kimi jurnalistlər deyil. Onlara jurnalistikanın qayda-qanunlarını tətbiq etmək doğru olmaz”.

Mətbuat yavaş-yavaş yerini onlayn mediaya verdiyini düşünən tanınmış jurnalist Azər Həsrət əlavə edib ki, faktiki olaraq bu prosesin sonuna doğru gedirik. Təbii ki, indi Mətbuat Şurası adı altında fəaliyyət göstərmək məqsədə uyğun olmaz. Buna görə də Media Şurası adı altında fəaliyyəti davam etdirmək lazımdır ki, onlayn media məsələləri ilə də məşğul olmaqda bir məntiq olsun:

Mətbuat Şurasının özünün yenidən qurulmasına zərurət var. Mən bu məsələ ilə bağlı bir neçə ilə əvvəl də demişdim ki, Mətbuat Şurasını yenidən yeni formatda media şurası kimi formalaşdırmaq lazımdır. Çünki mətbuat erası bitmək üzrədir. Yəni 2003-cü ildə Mətbuat Şurası qurulanda, bu şura əsasən qəzetlər üçün nəzərdə tutulmuşdu. Həmin ildə Azərbaycanda onlayn media indiki qədər populyar deyildi və geniş yayılmamışdı. Buna görə də Mətbuat Şurasının adı məqbul idi. Amma indi mətbuat yavaş-yavaş yerini onlayn mediaya verməyə başlayıb və faktiki olaraq bu prosesin sonuna doğru gedirik.

Təbii ki, indi Mətbuat Şurası adı altında fəaliyyət göstərmək məqsədə uyğun olmaz. Buna görə də Media Şurası adı altında fəaliyyəti davam etdirmək lazımdır ki, onlayn media məsələləri ilə də məşğul olmaqda bir məntiq olsun.

Azər Həsrət: “Boşluqları aradan qaldırmaq üçün KİV haqqında qanun da adını dəyişib media haqqında qanun etmək lazımdır”.

Ümumiyyətlə Mətbuat Şurasının statusunun dəyişdirilməsi, onun haqqında qanun qəbul edilməsi məqsədə uyğun olardı. Düşünürəm ki, maliyələşmə və başqa məsələlərlə bağlı da faydası olardı.

Əlbəttə ki, kütləvi informasi vasitələri haqqında qanun əhatəli bir qanundur. Sadəcə olaraq həmin qanun da qəbul edildiyi dövrdə onlayn media məsələləri indiki qədər aktual deyildi. Buna görə də onlayn media ilə bağlı çoxlu boşluqlar var.

Düşünürəm ki, bu boşluqları aradan qaldırmaq üçün KİV haqqında qanun da adını dəyişib media haqqında qanun etmək lazımdır. Xüsusən də qanuna onlayn media ilə bağlı maddələr əlavə etmək lazımdır. Yəni çağımız bunu tələb edir və qanunvericiliyə də dəyişikliklər edilməlidir.

Azər Həsrət: “Sosial media sadəcə olaraq jurnalistika hadisəsi deyil. Buna görə də hesab edirəm ki, sosial media ilə bağlı tənzimləmələr fərqli olmalıdır”.

Sosial mediaya gəlincə sosial şəbəkələr ayrı bir təzahüratdır. Düzdür sosial media da onlayn rejimdə fəaliyyət göstərir. Amma sosial media sadəcə olaraq jurnalistika hadisəsi deyil. Buna görə də hesab edirəm ki, sosial media ilə bağlı tənzimləmələr fərqli olmalıdır. Ümumiyyətlə burada bizi maraqlandıran hissə jurnalistikaya aid olan hissədir. Bu hissə də onlayn mediadır. Yəni internet saytları üzərindən yayımlanan informasiya bazalarıdır.

Onlayn media ilə bağlı qanun qəbul etmək də olar və yaxud da bir az öncə qeyd etdiyim kimi KİV haqqında qanuna dəyişikliklər, əlavələr etmək olar. Amma sosial medianı buraya aid etməsək daha doğru olar. Çünki sosial medianın iştirakçıları, onun istifadəçiləri bizim kimi jurnalistlər deyil. Onlara jurnalistikanın qayda-qanunlarını tətbiq etmək doğru olmaz.

Həmin adamlar çıxıb deyə bilər ki, mən jurnalist deyiləm, sən kimsən ki, mənə jurnalistikanın qanunlarını tətbiq edirsən. Buna görə də sosial media ilə onlayn media məsələsini bir-birindən ayırmaq lazımdır”.

Ələsgər Məmmədli: “Təəssüf ki, Azərbaycanda ən böyük problemlərdən biri teleradio jurnalistikasının tənzimlənməməsidir. Teleradio sahəsində jurnalistlərin etik davranışını müəyyən edən heç bir norma yoxdur”.

Onlayn mediayaya bütünlüklə nəzarət etməyin mümkün olmadığını vurğulayan media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli PİA.az-a açıqlamasında bildirib ki, sadəcə olaraq kim könüllü istəsə gedib Mətbuat Şurasının üzvü ola bilər, kim də istəmirsə üzv olmaya bilər:

“Ümumiyyətlə Azərbaycanda media qanunda ayrılmır. Qanunda media kütləvi informasi vasitələri olaraq keçir. Kütləvi informasiya vasitələri də KİV haqqında qanunla tənzimlənir. Buna görə buraya onlayn media da daxildir. Çünki xüsusi maddədə anlayışlar qismində internet medianın da adı var. Bu qanuna həmçinin offlayn media da daxildir. Yəni bu sahəyə tənzimləmələrdən kənar da demək olmaz.

Onlayn medianın Azərbaycana aid olan hissəsi var ki, onları bir formada Azərbaycan məkanı üçün qiymətləndirmək mümkündür. Amma kimsə com-da, org-da, net-də və yaxud da info-da bir domen resursu yerləşdiribsə, ona hansı əsasla deyə bilərik ki, bu Azərbaycan seqmentinə aiddir.

Onlayn mediaya bütünlüklə nəzarət etmək mümkün deyil. Sadəcə olaraq kim könüllü istəsə gedib Mətbuat Şurasının üzvü ola bilər, kim də istəmirsə üzv olmaya bilər. Necə ki, bu könüllü bir quruluşdur və bu könüllü quruluşda bütün çap mediası, jurnalistlər təmsil olunmurdu. İndi də bütün onlayn media təmsil olunmayacaq.

Ələsgər Məmmədli: “Kimsə com-da, org-da, net-də və yaxud da info-da bir domen resursu yerləşdiribsə, ona hansı əsasla deyə bilərik ki, bu Azərbaycan seqmentinə aiddir”.

Mətbuat Şurasının üzvü olan onlayn medialar da var. Buna görə də düşünmürəm ki, bu sahənin tənzimlənməsi üçün ayrıca qanuna ehtiyacı var. Çünki mövcud qanun bu sahəni də tənzimləyir. Amma əgər Mətbuat Şurası istəyirsə ki, hansısa formada onlayn medianı dəstəkləsin və yaxud da onlayn medianı da öz nəzarəti altına salsın, onsuz da bəlli onlayn media qurupu var ki, onlar Mətbuat Şurası ilə əməkdaşlıq edirlər.

Təəssüf ki, Azərbaycanda ən böyük problemlərdən biri teleradio jurnalistikasının tənzimlənməməsidir. Teleradio sahəsində jurnalistlərin etik davranışını müəyyən edən heç bir norma yoxdur. Sadəcə olaraq televiziya ayaımları haqqında ayrıca qanun olmalıdır. Televiziyalar Milli Televiziya və Radio Şurası tərəfindən nizamlanır. Amma onların əlində jurnalistin efirdə, canlı yayımda özünü tənzimləməsi barədə vahid kodeks yoxdur. Yaxşı olardı ki, Mətbuat Şurası həm də televiziya jurnalistlərini öz çərçivəsinə alsın və onların da bu sahədə bəlli bir etik çərçivələrə riayət etməklərini təşkil etsin.

Xəbər portallarının və xəbər resurslarının özünün standartları var. Bu da xəbərçiliklə bağlı olan standartlardır. Obyektiv, dürüst olmaq, tərəflərin mövqeyin balanslı işıqlandırmaq və s. bu standartlara aiddir.

Sosial media isə fərdi platformadır. Fərdi platformada istənilən sayda şəxslər öz düşüncələrini yayırlar. Onları media strukturu kimi qiymətləndirmək doğru olmaz. Yəni əgər siz kimisə təqib etmirsinizsə, onu görməyəcəksiniz. Bu aspektdən onu görüb-görməmək sizin öz istəyinizdən asılıdır.

Ələsgər Məmmədli: “Yaxşı olardı ki, Mətbuat Şurası həm də televiziya jurnalistlərini öz çərçivəsinə alsın və onların da bu sahədə bəlli bir etik çərçivələrə riayət etməklərini təşkil etsin”.

Amma onlayn media belə deyil. Onlayn mediada konkret olaraq sayt var. Hər kəs sayta girib xəbərləri görə bilir. Yəni burada abunə sistemi və yaxud da bəyənmə, təqib etmə yoxdur.

Buna görə də sosial media ilə onlayn medianı eyniləşdirmək doğru deyil. Sosial media bir platformadır və hər kəs öz düşüncələrin orada fərdi qaydada yaza bilər. Onlayn mediada isə xarakter baxımından eynilə media funksiyalarını özündə daşımalıdır. Yəni onlayn mediada jurnalist peşəkarlığı olmalıdır ki, xəbərin mənbəyinə hörmət edilsin, tərəfərin balanslı işıqlandırılması olsun. Bu baxımdan onlayn media ilə sosial medianı bir-birinə qatmamaq lazımdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar