Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda xoşbəxt yaşamaq üçün bir adama nə qədər pul lazımdır?

Natiq Cəfərli: “Azərbaycanda orta səviyyədə yaşamaq üçün aylıq maaş ən azı 1500 manat olmalıdır”

Əzizə İsmayılova: “Kirayədə qalanlar üçün heç olmasa, 1500-2000 manata ehtiyac var”.

Rusiyalı vətəndaşlar arasında keçirilən sorğu zamanı məlum olub ki, rusiyalı vətəndaşlar xoşbəxt olmaq üçün ayda 188 min rubl (təxminən 5.640 manat) gəlirlərinin olmasını düşünür. Eyni zamanda rusiyalı kişilər qadınlara nisbətən 20 faiz daha çox pul əldə etmək arzusundadır. Həmçinin yaşlı insanlar xoşbəxt olmaq üçün daha çox pul lazım olduğunu bildiriblər. Amerikalılar isə xoşbəxt yaşayış üçün aylıq gəlirin 6000 dollardan çox olmasını vacib hesab edirlər.

Rəsmi məlumata görə, ölkəmizdə isə aylıq gəlir ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. Son bir neçə ildə baş verən hadisələr fonunda görünür ki, ölkəmizdə insanların normal yaşayış səviyyəsi heç də məqsədəuyğun hesab olunmur. Belə ki, işçilərin əməyinin ödənilməsinin aşağı həddə olması onların sosial rifahının aşağı düşməsinə birbaşa təsir edir. Bununla yanaşı, işçiyə onun minimal tələbatlarının ödənilməsi üçün lazım olduğundan da az əmək haqqı ödənilməsi həyat səviyyəsinin də aşağı olmasına rəvac verir. Təbii ki, bu vəziyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmır və bir çox hallarda insanlar normal yaşayış səviyyəsini təmin etmək üçün başqa ölkələrə üz tutmaq məcburiyyətində qalırlar.

Maraqlıdır ki, xoşbəxt həyat üçün maddiyyatın rolu hansı səviyyədədir və xoşbəxtliklə madiyyatın birbaşa əlaqəsi varmı?

Azərbaycanda xoşbəxt yaşamaq üçün nə qədər maaş yetərlidir?” sualı ilə PİA.AZ-ın əməkdaşı sorğu hazırlayıb.

PİA.AZ Gülşən ŞƏRİFİN təqdimatında həmin sorğunu oxucularının diqqətinə çatdırır:

Əziz Əlibəyli: “Pulsuz insan nə qədər mənən zəngin olsa da, xoşbəxt ola bilmir”.

Xoşbəxt həyat üçün aylıq 2000 manat gəlirin əsas olduğunu qeyd edən “Faktor.az” saytının baş redaktoru, jurnalist Əziz Əlibəyli bildirir ki, cibində pulun yoxdursa, milyon xoş söz belə insanı xoşbəxt edə bilmir:

“Maaş xoşbəxt yaşamaq üçün yox, rahat yaşamaq üçün vacibdir” – deyirlər, amma pulsuz insan nə qədər mənən zəngin olsa da, xoşbəxt ola bilmir. Çünki cibində üç manatın yoxdursa, axşam evə gedəndə gözü qapıya dikilən, “atam gəldi!” deyib boynundan sallanan körpənə bir şokalad ala bilmirsənsə, milyon xoş söz səni xoşbəxt edə bilməz. İndiki bahalaşan qiymətlər, həyat standartlarının tələbatı və s. amillərə nəzər saldıqda, aylıq 2000 manat gəlirin olsa, rahat yaşayarsan. Ən azından psixoloji durumun yerində olacaq, qalan şeylər də yavaş-yavaş düzələr”.

Tural İsmayılov: “Maddiyat qətiyyən xoşbəxtlik üçün meyar deyil”.

İnsanlara puluna görə qiymət verilməsinin tərəfdarı olmayan “Mətbuat.az” saytının redaktoru, jurnalist Tural İsmayılova görə, xoşbəxtlik hissi maddiyyatdan asılı olmamalıdır:

“Qısaca cavab verim ki, nəinki Azərbaycanda, dünyanın harasında olursan ol, pul və maddiyat qətiyyən xoşbəxtlik üçün meyar deyil. Mən pula görə insana hörmət qoyan adamları heç bir halda çevrəmə daxil etmədiyimdən pulum olanda da, olmayanda da özümü kifayət qədər xoşbəxt hesab edirəm”.

Əzizə İsmayılova: " Kirayədə qalanlar üçün isə heç olmasa 1500 -2000 manata ehtiyac var”.

Sosial problemlər və artan qiymətlər fonunda ölkədə xoşbəxt yaşamaq üçün minimum 1000-1500 manatın lazım olduğunu vurğulayan Radio Antenn 101FM-nin aparıcısı Əzizə İsmayılova hesab edir ki, kirayədə yaşayan insanların orta aylıq əmək haqqı daha çox olmalıdır:

“Xoşbəxtlik mənim baxışımda mücərrəd bir məhfumdur və ani ruh halı olduğu üçün hesab etmirəm ki, xoşbəxt yaşamaq üçün nə qədərsə maaş və ya pul önəmlidir. Zənnimcə, xoşbəxtliyin maddi tərəfini olmur.

Suala yüksək əhval prizmadan cavab verim: Bu gün orta normal yaşamaq üçün, yeni ildən VÖEN`lə çalışanların ödənişlərinin, sahibkarların DSMF`ə ödənişlərinin artmasını və eyni zamanda hər gün dayanmadan artan ərzaq və xidmət qiymətlərinin qalxdığını nəzərə alsaq, minimum 1000 - 1500 manat məvacib lazımdır. Kirayədə qalanlar üçün isə heç olmasa 1500 -2000 manata ehtiyac var”.

Vüsal Qarayev: “Azərbaycanda xoşbəxt yaşamağa heç bir məbləğ yetməz”.

Mövcud vəziyyətdə sosial rifahın aşağı olması fonunda əksər insanların çətinliklə yaşadığını bildirən “Cümhuriyyət TV”nin icraçı direktoru, AXCP mətbuat katibi, jurnalist Vüsal Qarayevin fikrincə, normal yaşam üçün aylıq əmək haqqı azı 2000 manat nəzərdə tutulmalıdır:

Azərbaycanda xoşbəxt yaşamağa heç bir məbləğ yetməz. Ölkədə bizim xoşbəxtliyimizə mane olan xeyli problemlər var ki, bunların da həlli puldan keçmir. Ümumilikdə sistem dəyişmədikcə, insanların ruh halı, psixoloji durumları müsbətə doğru dəyişə bilməz.

Nə qədər maaş alırsan al. Xoşbəxtliyi bir kənara qoyub, normal yaşamaq üçün əlbəttə yaxşı da qazanc lazımdır. Məsələn, mən kirayədə yaşayıram. Kommunal, kirayəli qarışıq ayda mənzil xərclərinə təxminən 400 manat xərcim çıxır. Maaşdan özümə qalan isə ondan az olur. Üç övladım var. Yəni, hazırkı maaşla mən normal insan kimi yaşaya bilmirəm. Bu şərtlərdə normala yaxın, borc almadan yaşaya bilməyim üçün azı 2000 manat gəlirim olmalıdır. Lakin bu sadəcə qeyd etdiyim kimi, sürünməmək, borca möhtac olmadan yaşamaq üçün qismən kifayətdir. İstirahət, vaxtlı-vaxtında həkim nəzarətindən keçmək, ürəyin istədiyi kimi geyinmək, qidalanmaq, uşaqlarının tələbatlarını ürəyin istəyən kimi qarşılamaq mümkün deyil”.

Rumiyyə Miraslan: “Dörd nəfərlik ailənin ən azı aylıq 5000-6000 manat gəliri olmalıdır”.

Xoşbəxtliyin maddiyyatdan birbaşa asılı olmadığını vurğulayan “Sputnik.az” saytının əməkdaşı Rumiyyə Miraslanın fikrincə, sırf problem və qayğısız bir həyat üçün insanın hədəfləri və gəlirləri arasında mütənasiblik olmalıdır:

“Əvvəlcə onu qeyd edim ki, xoşbəxt yaşamaq pulla ölçülmür. Ucqar dağ kəndində yaşayan bir çoban belə, aylıq məvacibi olmadığı halda, xoşbəxt yaşadığını düşünə bilər. Deyərdim ki, qayğısız, problemsiz, kreditsiz, borcsuz, bir sözlə, insan kimi yaşamaq üçün dörd nəfərlik ailənin (ata, ana, 2 uşaq) ən azı aylıq 5000-6000 manat gəliri olmalıdır. Lüks həyat yaşamaq, uşaqlara yüksək keyfiyyətli təhsil vermək üçün isə bu məbləğin 2-3 misli lazımdır. Mən bunu öz ailəmə, planlarıma, məqsədlərimə uyğun olaraq düşünürəm. Elə ailə ola bilər ki, min manatla belə, qayğısız yaşa biləcəyini düşünər”.

Elvin Mirzəzadə: “Problemsiz və qayğısız həyat üçün ən azı 1000 manatdan yuxarı gəlir olmalıdır”.

Xoşbəxtliyinin mənasını maddiyyata görən insanların xoşbəxt olmadığını hesab edən müğənni Elvin Mirzəzadəyə görə, normal yaşam üçün aylıq gəlir 1000 manatdan yuxarı olmalıdır:

“Xoşbəxt yaşamaq üçün deməzdim, problemsiz və qayğısız həyat üçün ən azı 1000 manatdan yuxarı gəlir olmalıdır. Düşünürəm ki, xoşbəxtliyi pulda, bahalı maşında, bahalı geyimdə və ya bahalı telefonda görən insanlar aylıq 5000 manat gəlir qazansalar belə, xoşbəxt ola bilməzlər”.

Rövşən Əsədov: “Əhali üçün yollar açmaqdansa, imkanlar yaratmaqdansa, “imkanlar yaradılır” adı ilə çevrə daha da məhdudlaşdırılır”.

Xoşbəxtliyin maddiyyatdan birbaşa asılı olduğunu bildirən jurnalist Rövşən Əsədov hesab edir ki, dörd nəfərlik bir ailənin özünü xoşbəxt hiss etməsi üçün 1500-2500 manat civarında gəliri olmalıdır:

““Xoşbəxtlik pulla ölçülmür” - deyirlər. Lakin bu, əsla belə deyil. Pul olmayan yerdə xoşbəxtlik də olmaz. Müasir dövrün tələbləri artıq çox dəyişib. Nə qədər xoşbəxt olduğunu sansan da, maddiyyat problemi hər zaman o xoşbəxtliyi yarıya böləcək. Ona görə də xoşbəxt olmaq istəyənlər ilk öncə maddi durumlarını səhmana salmalıdırlar ki, xoşbəxtlikləri qarantiyalı olsun.

Maaş məsələsinə gəlincə, gün keçdikcə durumlar daha da çətinləşir, vergi rüsumları, qiymət artımı müşahidə olunur. Neftin qiyməti artıq 50 dollara düşüb. Əslində neftin qiymətinin 100 dollar olan vaxtı da bir gün görmədik. Əhali üçün yollar açmaqdansa, imkanlar yaratmaqdansa, “imkanlar yaradılır” adı ilə çevrə daha da məhdudlaşdırılır. Yəni, bu il bir ailənin büdcəsinə 1000 manat daxil olursa və onları orta səviyyədə təmin edirsə, sabah bu belə olmaya bilər.

Hətta vəziyyət o qədər həssaslaşıb ki, hər anın, hər günün öz tələbi var. Sabah bir ailənin büdcəsinə daxil olan 1000 manat o ailəni dolandırmaya da bilər. Artıq 2019-cu ildən yeni qaydalar qüvvəyə minəcək və vəziyyət daha da ağırlaşacaq. Bu səbəbdən də vəziyyət köklü şəkildə dəyişməli, yeni sistemlər tətbiq olunmalıdır.

Dörd nəfərlik bir ailənin özünü xoşbəxt hiss etməsi üçün 1500-2500 manat civarında gəliri olmalıdır. Əgər həmin ailədə uşaq varsa, vəsait daha da çox olmalıdır. Çünki uşaq qidaları, uşaq yeməkləri böyüklərin paltarından və qidalanmasından daha bahadır. Eyni zamanda dərman vasitələrinin qiymətində artım, xəstəxanalarda rüşvət və s. kimi halları da unutmaq olmaz”.

Elvin Abdulqədirov: “Nə qədər çox qazansaq, harada yaşamamızdan asılı olmayaraq, bir o qədər ehtiyacımız artacaq”.

Çox pulun xoşbəxtlik gətirmədiyini və sırf yaşamaq üçün bir vasitə olduğunu hesab edən “AzVision.Az” saytının əməkdaşı Elvin Abdulqədirov qeyd edir ki, xoşbəxtliyin konkret pul limiti yoxdur:

“Xoşbəxtliyi var-dövlətdə axtaran biri deyiləm. Çox pulum olmasını da heç vaxt istəməmişəm. Məncə, ehtiyacın olduğu qədər pulun olması insanı xoşbəxt edər, nəinki daha artığı... Bu baxımdan düşünmürəm ki, maaşın çoxluğu insanı daha çox xoşbəxt etsin. Amma, təbii ki, maaşın daha yaxşı olması müəyyən məişət qayğılarını daha asan həll etməyə imkan verir. Lakin xoşbəxtlik gətirəcəyini düşünmürəm. Öz adımdan deyə bilərəm ki, aldığım əmək haqqı o qədər də çox deyil. Təbii ki, bütün maddi ehtiyaclarımı heç qarşılamır. Bununla belə öz əldə etdiyim gəlirlə, xoşbəxtəm. Yəni , ən azından qazandığımı sərbəst, sağlam, öz xoşbəxt ailəmlə birlikdə “yeyə” bilirəm. Məncə, bu əsl xoşbəxtlikdir. Məsələnin digər tərəfinə gəlincə, o fikirdəyəm ki, maaşlar daha yüksək olmalıdır. Məbləğ söyləyə bilmərəm. Çünki maaş artdıqca, xərcləmək üçün yeni fikirlər, planlar ağıla gəlir. Bu isə o deməkdir ki, nə qədər çox qazansaq, harada yaşamamızdan asılı olmayaraq, bir o qədər ehtiyacımız artacaq”.

Lalə Mehralı: “Evin varsa, 3-4 nəfərlik ailə üçün 1000 civarında maaş yetərlidir”.

Normal yaşam səviyyəsi üçün aylıq 1000 manata ehtiyac olduğunu qeyd edən “Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist, sosioloq Lalə Mehralıya görə, normal yaşamaq üçün evin olması da ox vacibdir:

“Xoşbəxtlik qazancın çox olması ilə ölçülməz. Əgər elə olsaydı, dünyanın bütün milyonçuları ölüm döşəyində heyfslənməzdi. Maddi baxımdan normal yaşamaq üçün evinin olmağı şərtdir, əks halda qazandığını kirayə sahibi ilə bölüşməli olarsan. Evin varsa, 3-4 nəfərlik ailə üçün 1000 manat civarında maaş yetərlidir. Ancaq bir şərtlə ki, əmək haqqından ağıllı xərclənsin və borcun olmasın”.

Natiq Cəfərli: “Bəzi insanlar üçün evdə hər gün qazan qaynaması xoşbəxtlikdir”.

Xoşbəxtlik məfhumunun insanın arzu və istəklərinə uyğun fərqli olduğunu bildirən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, normal həyat üçün aylıq gəlir 1500 manat olmalıdır:

“Əslində xoşbəxtlik anlayışı hər insan üçün fərqlidir. Hər insanın özünəməxsus xoşbəxtlik kritteriyaları var. Bəzi insanlar üçün evdə hər gün qazan qaynaması xoşbəxtlikdir. Bəzi insanlar isə “Lamborghini” ala bilmədiyi üçün özünü xoşbəxt saymır. Bu baxımdan xoşbəxtlik anlayışı çox müxtəlifdir. Bu anlayışı kənara qoysaq, Azərbaycanda orta səviyyədə yaşamaq üçün aylıq maaş ən azı 1500 manat olmalıdır. Belə olan halda insan normal həyat sürə bilər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar