Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Əsədlə gizli danışıqlarda...


Bu günlərdə Avstraliyanın SBS telekanalına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd diqqət çəkən bir mətləbi qabartdı. Onun sözlərinə görə, “Qərb Suriya hökuməti ilə gizli danışıqlar aparır”


Normal məntiqlə yanaşsaq, anlaşılmazdır. Suriyanı cəhənnəmə çevirən, çeşidli terror qruplarını dəstəkləyən və ya onlarla mübarizəni imitasiya edən Qərb dövlətlərinin paralel olaraq Bəşər Əsədlə də “bağlı qapılar arxasında” dialoqa getməsi rasionallıq nöqteyi-nəzərindən nə qədər paradoksal görünsə də, hazırkı siyasətdə dominantlıq təşkil etməyə başlayan “dəyərlər” baxımından artıq normal kurs kimi görünməyə başlayır. Çünki olub bunların hamısı, olub. Səddam Hüseyn də illər boyu Qərbin “qanadının altındaydı”, Panama diktatoru Noryeqa da öz narkobiznesini Vaşinqtonla uzlaşdırmışdı, elə Qəzzafinin də devrilmək öncəsi Qərblə münasibətləri normallaşmışdı.

Yəni, Qərbin üsullarından biridir - istəmədiyi ölkə başçısına həm qamçı, həm də kökə göstərmək. Bu siyasətin on minlərlə insanın ölümü ilə müşayiət olunması, çiçəklənən ölkələrin “sıfır dövlət”ə çevrilməsi isə ya əlavə effekt, ya da məqsədyönlü nəticədir.

Bəşər Əsəd müsahibəsində deyir: “Onlar siyasi cəhətdən bizə hücumlar edir, sonra isə məmurlarını bizimlə gizli danışıqlara yollayırlar. Xüsusən də bu, təhlükəsizlik məsələlərini əhatə edir. Buraya elə sizin hökumətiniz - Avstraliya hökuməti də daxildir”.

Əsəd başqa adlar çəkmir. Ancaq Avstraliyanın özünün Suriya siyasətini kimlərə uyğunlaşdırdığını, “İŞİD-ə qarşı 60 dövlətin koalisiyası”nı hansı dövlətlərin idarə etdiyini bildiyimizdə məchullar da azalır.

Əsədin sözlərinə görə, Qərb dövlətləri ikili standartlar tətbiq edirlər - “Onlar Suriya hökumətini aşkarda tənqid edir, ancaq bağlı qapılar arxasında bizimlə kontaktları davam etdirirlər”.

Müsahibəsində Əsəd ayrıca ABŞ-dan da bəhs edir. O, “Terrora qarşı mübarizədə ABŞ-la əməkdaşlığın əleyhinə deyilik” söyləyir. Ancaq bu əməkdaşlıq “qarşılıqlı maraq və hörmətin qorunması prinsiplərinə əsaslanmalıdır”. Əlbəttə, Əsəd fərqindədir - ABŞ-la Suriya hökuməti arasında “qarşılıqlı maraq və hörmət”dən danışmaq əbəsdir. Çünki bu prinsiplər məhz Vaşinqtona gərək deyil. Altıncı ildir davam edən qanlı müharibənin sonunun görünməməsi buna bariz sübutdur. Əsədin də söylədiyi kimi, “ABŞ-ın yaratdığı koalisiyaya daxil olan 60 dövlət “İŞİD” terrorçu qruplaşmasının ekspansiyasını dayandırmağı bacarmadı” (yəni, bunu istəmədi) və yalnız Rusiyanın aktiv şəkildə savaşa qoşulması bu ekspansiyanı durdurdu.

Əsəd onu da əlavə edir ki, “Dəməşq ABŞ Administrasiyası ilə dialoq aparmır, ancaq müxtəlif kanallar vasitəsilə mübadilə baş verir”. Yəni, qeyri-rəsmi kontaktlar saxlanılıb. Onlar isə heç də rəsmi kontaktlardan az taleyüklü deyil. Çox vaxt da əksinə.

“Biz hesab etmirik ki, ABŞ Suriya böhranına ciddi yanaşır”, - Əsəd deyir. Və əlavə edir: “1950-ci illərdən başlayaraq ABŞ-ın Yaxın Şərqə hərbi müdaxilələri həmişə əks-effekt verib. Nəticədə, problemlər həll olunmayıb və yeni problemlər meydana çıxıb”.

O, sözlərini bu cümlə ilə yekunlaşdırır: “Amerikanlar İraqda və Liviyada iflasa uğradılar, indi də Suriyada müvəffəqiyyətsizliyə düçar olurlar. Onların müdaxiləsi hər yerdə anarxiya ilə nəticələnir”.

Beləliklə, Suriya prezidentinin sözlərindən çıxan əsas nəticə - Qərb dövlətləri terrorçuları dəstəkləməklə yanaşı, həm də Bəşər Əsədlə kontaktları kəsmirlər. Əlbəttə, onlar Əsədə yardım etmək və Suriyanın qanuni hakimiyyətinin qələbəsinə nail olmaq niyyətindən astronomik uzaqlıqdadırlar. Onları sadəcə bu hərbin maksimum uzun müddət davam etməsi maraqlandırır. Bu hərbdə birdəfəlik qalib də, məğlub da olmamalıdır. İdarə olunan xaos daha sərfəlidir.

Birinci dəfə deyil ki? İranla İraqın 8 illik qanlı savaşında ABŞ-ın tutduğu mövqe hələ yaddaşlardadır. “İrangeyt” termini artıq tarixdə öz yerini tapıb.

O müharibədə ABŞ formal olaraq Səddam Hüseyni müdafiə edirdi və Xomeyninin “Böyük şeytan” adlandırdığı, səfirlik işçilərini 444 gün girov saxladığı ABŞ üçün bu, məntiqi görünürdü. Elə 1988-ci ildə Səddamın Hələbcədə tətbiq etdiyi kimyəvi silahı da ona amerikanlar vermişdi.

Ancaq sonra bəlli oldu ki, ABŞ paralel olaraq İrana silah satır. Guya ki, Konqress bundan xəbərsizdir, ideyanın müəllifi şəxsən Ronald Reyqandır. Qalmaqalın üstü açılanda Reyqan heç nəyi inkar etmədi. Demə, İrana silah satmaqda məqsəd əldə edilən pulla Nikaraquadakı inqilabi sandinist hökumətinə qarşı təşkil olunan “Kontras” əksinqilabçılarını maliyyələşdirmək imiş (O vaxtlar hətta Reyqan da üzərinə “Mən - kontrasam” yazılan köynəklə gəzirdi). Bir sözlə, ABŞ özünə düşmən olan İrana silah satmaq hesabına Mərkəzi Amerikada özünə düşmən olan sandinistləri devirməyə vəsait əldə edirmiş.

İrangeyt” vasitəsilə öz imperialist və maliyyə maraqlarını ödəyən Vaşinqtonun məqsədi həm də qanlı İran-İraq savaşının maksimum uzun davam etməsinə çalışmaq idi. Nail oldular da - müharibə 8 il sürdü və 2 milyon insanın canını aldı. ABŞ-ın onu “Böyük şeytan” sayan İranla silah əməkdaşlığı isə tarixin annallarına ən şərəfsiz davranışlardan biri kimi düşdü.

Paralel davranış Suriyada da sərgilənmirmi? Qərb üçün Bəşər Əsəd “diktator və cəlladdır”, o, “çıxıb getməlidir”. Ancaq bağlı qapılar arxasında dialoqlar davam edir. Və ümid yalnız onadır ki, Qəzzafidən fərqli olaraq, Bəşər Əsəd Qərbi daha yaxşı tanıyır və heç bir kompromisə getməyəcək. Ancaq bu ümid həm də “lənət dövrəsi”ni qapayır - deməli, müharibənin sonu təxirə salınacaq...

Məmməd Süleymanov(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ən çox oxunanalar