Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran yeni dönəmə girir - Rəisinin dövründə molla rejiminin vəziyyəti necə olacaq?

Rəisinin vəzifəsi Ali Liderlik təhsilinə bənzəyəcək. Bu təlim dövrü İslam Respublikasının gələcək liderinin ortaya çıxmasında həlledici olacaq...

Hüda Huseyni
“Şarkul Avsat” qəzeti, Türkiyə, 8 iyul 2021-ci il

İbrahim Rəisinin İran prezidenti seçilməsi əlamətdar bir hadisədir. Çünki o, 1979-cu ildən bəri məhkəmə rəhbəri vəzifəsini icra edən ilk prezidentdir. Sələfləri icra və qanunverici qollardan gəlmişdilər və bu vəzifəni qazanmışdılar. Ayətullah Əli Xamenei prezident olmadan əvvəl parlamentdə çalışmış və eyni zamanda, müdafiə nazirinin müavini olmuşdu. Eyni karyera Əli Əkbər Haşimi Rəfsəncaniyə də aiddir. O da parlamentin sədri vəzifəsini icra edirdi. İslahatçı Məhəmməd Xatəmi mədəniyyət naziri, Mahmud Əhmədinejad Tehranın bələdiyyə başçısı idi. Ən praqmatik prezident Həsən Ruhani isə Milli Təhlükəsizlik Şurasının baş katibi idi. Lakin Rəisinin keçmişi həbs cəzaları, edam, zülm və qan tökmək tarixi ilə doludur. Rəisinin prezidentliyə yüksəlməsi İslam Respublikasının nəhayət bir liderlik (Ali Lider) keçidi üçün zəmin yaratdığını göstərir.

Qarşıdakı həftələrdə rejimin üç əsas dinamikası olacaq: Rəisinin əsas vəzifələrə kimi təyin etməsi, Milli Təhlükəsizlik Şurasına yeni üzvlük və varislik planlaması.

Milli Təhlükəsizlik Şurası məsələsinə gəlincə, seçilən prezident İranın xarici, milli təhlükəsizlik və “nüvə” siyasətinin əsas xəttlərini dəyişdirməyəcək. Çünki İranın Ali Lideri silahlı qüvvələrin baş komandanı olmağa davam edəcək və İnqilab Keşikçiləri Ordusu (İKO) sözügedən bir çox halda qərar qəbul etmə prosesinə rəhbərlik edəcək. Bundan əlavə, konsensus əldə etmək üçün bu siyasətlərin müzakirə olunduğu Milli Təhlükəsizlik Şurasının daxili dinamikası da dəyişəcək.

Rəisi məhkəmə başçısı olaraq 2019-cu ildən bəri Milli Təhlükəsizlik Şurasının üzvüdür. Ancaq prezident olaraq Milli Təhlükəsizlik Şurasının sədri olacaq, həmçinin dövlət katibi ilə kəşfiyyat katibi də daxil olmaqla, bütün administrasiya üzvləri buraya qoşulacaq. Beləliklə, şura daxilindəki müzakirələri müəyyən qədər idarə etmək gücünə sahib olacaq.

Rəisinin prezidentliyə yüksəlməsi nəticəsində İranın Ali Lideri keçən cümə axşamı günü yeni məhkəmə başçısını təyin etməli olub: Bu vəzifəyə Qulam Hüseyn Muhsini Ejei layiq görülüb.

Rəisi Milli Təhlükəsizlik Şurasında Ruhanidən fərqli bir dinamika ilə qarşılaşacaq. Çünki Ruhani prezident olduğu müddətdə Milli Təhlükəsizlik Şurasının üzvü və keçmiş siyasi rəqib olaraq Rəisi ilə işləmək məcburiyyətində idi. Amma Rəisi indi onun əvəzinə, məhkəmə rəhbərinin vəzifəsinə gətirilən keçmiş vəkili Muhsini Ejei ilə birlikdə çalışacaq. Lakin bu, Rəisinin yeni məhkəmə başçısını manipulyasiya edə biləcəyini və ya aralarında heç bir problem olmayacağını göstərmir.

Muhsini Ejei Rəisinin sələfi Sadiq Laricani dövründə İran məhkəmə başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi. Bu illər ərzində çıxan xəbərlərə görə, oxşar karyerası olan bu iki adam (Rəisi və Ejeci) arasındakı gərginliyi ortaya çıxarırdı (hər ikisi də məhkəmə başçısının birinci müavini və baş prokuror vəzifələrində çalışıb). Ali Rəhbərin nüvə danışıqları sənədini İran Xarici İşlər Nazirliyindən götürüb, Ruhaninin 2013-cü ildə prezident seçilməsindən əvvəl bu sənədlə məşğul olmağa başlayan Milli Təhlükəsizlik Şurasına ötürməsi ehtimalı həmişə var. Bu, Xameneinin və Rəisinin Milli Təhlükəsizlik Şurasına təyin edəcəyi nazirin Nüvə Müqaviləsi ilə əlaqədar dünya gücləri ilə təmasda olacaq əsas fiqura çevrilməsinə gətirib çıxara bilər.

Potensial baş komandan olan Rəisi prezident seçkiləri zamanı çox sayda səs qazanmışdı. Parlament sədrinin müavini və prezidentin seçki kampaniyasının qərargah rəhbəri vəzifəsində işləyən Əli Nikzadı Rəisi rəhbərliyində potensial olaraq əsas oyunçu kimi görə bilərik. Nikzad Əhmədinejadın hakimiyyəti dövründə bir bölgənin qubernatoru və bir neçə nazirliyə rəhbərlik edən kabinet üzvü kimi daha bir çox vəzifəni icra edirdi. Prezident administrasiyasındakı digər potensial namizədlər geri çəkilən, diskvalifikasiya edilən və ya prezident seçkilərində dəstəklənən namizədləri əhatə edir. İKO-ya bağlı “Hatemu'l Anbiya” qərargahının keçmiş komandiri Səid Məhəmməd və ya Xameneinin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili buna nümunə göstərilə bilər. İKO ilə yaxın əlaqədə olan keçmiş Bəhreyn səfiri və xarici işlər nazirinin müavini Hüseyin Əmir Əbdüllahiyan və Xameneinin qızının kürəkəni olan İran Məhkəməsi İnsan Hüquqları Komitəsinin katibi Əli Bakiri Keni xarici siyasətdə yüksək vəzifələrdə çalışa biləcək namizədlər arasında göstərilir. Əlbətdə ki, prezidentin xarici işlər naziri başda olmaqla, ciddi vəzifələrə gələcək adamları seçməsi Xameneinin vetosuna tabe olacaq.

Prezidentlik yoluyla xidmət etməyin İslam Respublikasında bir əvəzi var. Əli Əkbər Vilayəti xarici işlər naziri olaraq bir çox şöbədə çalışmışdı. Hazırkı xarici işlər naziri Məhəmməd Cavad Zərif də Hatəmi və Əhmədinejad rəhbərliyinin ilk illərində İranın BMT səfiri kimi çalışmışdı.

Rəisi sələfi Həsən Ruhanidən vacib cəhətləri ilə fərqlənir. Ruhani vəzifəyə başlamazdan əvvəl nüvə məsələləri üzrə baş müzakirəçi kimi beynəlxalq arenada geniş təcrübəyə sahib idi. Prezidentliyə gələrkən Rəisinin sahib olmadığı əlaqələr şəbəkəsinə malik idi. Bu səbəbdən, Xamenei və Rəisinin qısa zamanda da olsa, xarici işlər nazirinin müavini Abbas Arakçi kimi ciddi simaları əllərində saxlayaraq bu çatışmazlığı aradan qaldırması mümkündür.

Rəisi əvvəllər müstəqil, fraksiyası olmayan bir hökumətə ehtiyac olduğunu göstərmişdi. İbrahim Rəisinin Ali Lider Əli Xameneinin davamçısı kimi İran rejiminin ən ixtisaslı üzvü olduğunu deyə bilərik. Rəisi vəzifəyə gəldikdə hər iki hakimiyyət qolunun lideri olduğunu iddia edə biləcək. Əslində, Rəisi orta səviyyəli bir din xadimi olsa da, İrandakı bəzi xəbər agentlikləri onu “Hüccətü'l İslam” deyil, “Ayətullah” (“Hüccətü'l İslam”dan daha yüksək rütbə) adlandırmağa başladı. Bu, rejimin bəzi elementlərinin Rəisinin bir gün Ali Rəhbər olmasına zəmin hazırladığının göstəricisidir. Bununla birlikdə, Rəisinin Xameneinin varisi olacağına zəmanət yoxdur. Prezidentlik tarixində bu vəzifəni icra edənlərə verilən siyasi ölüm hökmünü nəzərə alsaq, görünür,

Rəisinin taleyini Xameneinin yeni prezidentə qarşı yanaşması təyin edəcək. Bununla yanaşı, Rəisi keçmişdə Ali Liderə qətiyyətlə təslim olduğu üçün o, yaşı 80-dən çox olan Ayətullah Əli Xamenei üçün etibarlı bir mərcdir. Muhsini Ejeinin məhkəmə başçısı təyin edilməsi ilə birlikdə Xamenei həm də liderlik keçidi ehtimalına qarşı etibarlı və repressiv əllərin hazır olmasını da təmin edir. Beləliklə, əgər Xamenei ölsə, Rəisi və Muhsini Ejei səlahiyyət müddətlərində “Müvəqqəti Liderlik Şurası”nda işləmək üçün konstitusional vəzifələrində olacaqlar. Nəticə etibarı ilə, Rəisinin vəzifəsi Ali Liderlik təhsilinə bənzəyəcək. Bu təlim dövrü İslam Respublikasının gələcək liderinin ortaya çıxmasında həlledici olacaqdır.

Digər tərəfdən, İKO komandirləri İran prezidenti İbrahim Rəisiyə daxili siyasi məsələlərlə bağlı siyasi məsləhətlər veriblər. Ancaq yəqin ki, xarici siyasətlə bağlı bilərəkdən susdular. İKO-ya bağlı olan “Civan” qəzeti 18 iyun tarixində keçirilmiş prezident seçkiləri ilə bağlı çərşənbə axşamı günü üç məqalə yayımlayıb. Məqalələrdən ikisi birbaşa Rəisi ilə əlaqəli idi. Məqalələrdən birində bir rus jurnalistin Rəisidən ilk mətbuat konfransında ABŞ prezidenti Co Bayden ilə görüşməyə hazır olub olmadığını soruşduqda Rəisinin “yox” cavabı verməsi olduqca təriflənib.

Qarşıdakı 4 ildə Rəisini çətin bir prosesin gözlədiyinə işarə edən qəzetin tövsiyəsinə görə, o, rəhbərliyindəki səlahiyyətlilərə keçmişdən əl çəkmələri və ictimaiyyətin diqqətini çəkməmələri üçün göstəriş verməlidir. “Civan” qəzeti bütün idarələrin bütövlükdə siyasi rejimin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb. Xatırlamaq lazımdır ki, Həsən Ruhaniyə və onun hökumətinə açıq şəkildə hücum edənlər İKO-ya dəstək verənlər və mediaya yaxın olanlardır.

İKO-dan Rəisiyə ikinci məsləhət növbəti rəhbərlikdə vəzifə qazanmaq ümidi ilə ətrafına toplaşanlar barədə idi. Məqalədə Rəisinin heç kimə borcu olmayan siyasi və müstəqil bir şəxsiyyət olduğu xatırladılıb. Rəisinin xalqa ilk müraciətində dediyi və mətbuat konfransında təkrarladığı da budur. O, açıqlamasında: “Bütün şəxslərə, qruplara və siyasi partiyalara sonsuz hörmətlə: mən seçkilərə müstəqil namizəd kimi daxil oldum və xalqdan başqasına borclu deyiləm”, söyləyib. Rəisinin bu sözləri siyasi nüfuz qazanmaq istəyən siyasətçilər və siyasi qruplar üçün də bir mesaj idi.

Radikal mühafizəkarların əksəriyyəti Rəisini dəstəkləsə də, Xameneinin dəstəyi hər şeydən üstün idi və hamı bunu bilirdi. Rəisiyə verilən üçüncü siyasi tövsiyə əvvəlki rəhbərliklərin etdiyi kimi uğursuzluqları və çatışmazlıqları üçün günahkar axtarmamaq idi. Qəzet “sələfləriniz kimi siz də “mənim işləməyimə icazə vermirlər” deməyin” deyə yazır.
Rəisiyə verilən son siyasi tövsiyə isə iranlı islahatçılar arasında ortaq bir narahatlığı təmsil edirdi. İKO Rəisiyə islahatçı və mülayim siyasətçiləri yaxınlaşdırmağı və onlarla işləməyi tövsiyə edib. Məsələn, keçmiş islahatçı millət vəkili Daryuş Qanbari bazar ertəsi günü iranlı islahatçıların fraksiyası olmayan bir hökumət qurulacağına ümid etdiyini söyləyib. Həmçinin, Rəisinin müstəqil bir siyasətçi olacağına dair sözünə inandığını da bildirib. Lakin Rəisinin vəzifəyə başlayacağı avqust ayı bir çox baxımdan həlledici ola bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar