Tamaşada Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandıracaq...
110-cu mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti yeni layihələr üzərində işləyir, bəzi səhnə əsərlərinin son məşqləri uğurla davam edir. Onlardan biri də Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdiyev və libretto müəllifi Pərviz Seyidlinin “İstintaq” əsəridir.
Tamaşada xalqımızın vətənpərvər ruhlu aydınları tərəfindən 1906-cı ildə yaradılmış “Difai” təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın represiya illərində çəkdiyi iztirablarından bəhs edilir.
Tamaşada “Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandırmaqla onu sevənlərin qarşısına tam fərqli ampluada çıxacaq, repressiyaya məruz qalan ailələrdə qadınların çəkdiyi əzab-əziyyətləri öz heyrətedici ifası ilə tamaşaçılara çatdıracaq.
Xalq artisti ilə yanaşı, tamaşada Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.
Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.
pia.az