Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Məhərrəmov: “Aqrolizinq korrupsiya mənbəyinə çevrilib”

“Bu gün kəndliyə mane olan inhisarçı oliqarxlar və məmurlardır”


Vahid Məhərrəmov: “Deyirlər ki, ən yaxşı alma qurd yeyən almadır. Başa düşmürlər ki, yaxşı, sağlam almanı qurd yeyə bilməz”.

Azərbaycan həmişə neft sənayesi və kənd təsərrüfatı ölkəsi olaraq tanınıb. Sovet dönəmində neft sənayesi ilə paralel olaraq kənd təsərrüfatı da inkişafetdirilirdi. Keçmiş kolxozlarda faktiki olaraq kəndliləri təhkimli vəziyyətə salsalar da, Azərğbaycanın kənd təsərrüfatı inkişaf edirdi və bu inkişaf ötən əsrin 70-ci illərində özünün pik həddini yaşadı. O zamanlar keçmiş SSRİ-də Azərbaycan neft sənayevindən daha çox pambığı və üzümü ilə tanınırdı. Amma müstəqillik qazanıldıqdan sonra inkişaf etdirilən və ölkəmizin iqtisadiyyatının şah damarına çevrilən neft sənayesi ilə paralel olaraq kənd təsərrüfatı inkişaf etdirilmədi. Aparılan islahatlara baxmayaraq və dövlətdən ayrılan vəsaitlərin azalmamasına rəğmən Azərbaycanın kənd təsərrüfatı sadəcə «xarababazara» çevrildi.

Hazırda neftin qiymətinin aşağı düşdüyü bir şəraitdə kənd təsərrüfatının əhəmiiyyəti yenidən ortaya çıxdı. Və hökümət 2015-ci ili kənd təsərrüfatı ili elan etdi.

PİA.AZ-ın əməkdaşları ölkənin əsas strateji iqtisadi sahələrindən biri olan kənd təsərrüfatındakı vəziyyəti kənd təsərrüfatı üzrə mütəxəssis, ekspert Vahid Məhərrəmovla müzakirə edib.  Vahid Məhərrəmovla geniş müsahibənin ilk bölümünü oxucularmızın diqqətinə cəlb edirik. Qeyd edək ki, müsahibədə kənd təssərrüfatının bütün problemlərinə toxunmağa çalışmışıq.

Müsahibənin birinci hissəsini bu linkdən oxuyun: Vahid Məhərrəmov: «Heydər Əsədov öz üzərində hələ uzun müddət çalışmalıdır»

Müsahibənin ikinci hissəsini bu linkdən oxuyun: Vahid Məhərrəmov: «Hər iki nazir demoqogiya ilə məşğul olub»

- Kənd Təsərrüfatı Nazirliyinin tenderlərinə baxanda bir də görürsən ki, 15 milyon manat «Aqrolizinq» ASC-yə ayrılıb ki bu broyler, ya da istixana açsın. Belə tenderlər onlarladır. Buna hansı ehtiyyac var? Yəni 15 milyon kiçik maliyyə deyil. Onsuzda ölkə broylerlə doludur.

- Buna heç də ehtiyac yoxdur. Biz deyirik ki, «Aqrolizinq» ASC  tamamilə ləğv edilməlidir. Aqrar sahədə texnika, texnoloji avadanlıqlar, istehsal vasitələrinin hamısı xidmətlə  məşğul olan özəl qurumlarda, sahibkarlarda olmalıdır. Özəl sahibkarlar xidmət kooperasiyaları və yaxud assosiya tipli birləşmələr yarada bilərlər. Hökumət isə normal sahibkarlıq mühiti yaratmalıdır. Texniki xidməti həyata keçirən sahibkarlar istehsal vasitələrinin alınıb, ölkəyə gətirilməsini, fermerlərə satışını da həyata keçirə bilər. Belə olan halda həm də rəqabət mühiti yaranacaq. Daha keyfiyyətli və ucuz xidmətin həyata keçirildiyinin şahidi olacağıq. Amma bu gün bu qurumimkan vermir ki, sahibkarlar  xaricdən daha ucuz və keyfiyyətli istehsal vasitələrini idxal edib, daxili bazarda fermerə təklif edə bilsin.  Yəni «Aqrolizinq» ASC  artıq bu sahədə monopolistə çevrilib. Aqrolizinq yaradılanda biz bunun əleyhinə idik. Bu qurum yaranmamış  bazarda  seçim var idi, gübrələr müxtəlif çeşiddə, müxtəlif təsir edici qüvvədə və fərqli qiymətlərlə təklif olunurdu. Ancaq indi bu işlərlə bu qurumla əlaqəli olan müəyyən adamlar məşğul olur.  Onlar bazarda qiymət diktə edir. Digər sahibkarlar da gətirməyə risk etmirlər. Çünki bu qurum dövlət büdcəsindən maliyyələşir, bunlarla sağlam rəqabət aparmaq mümkün deyil.

- Burada bir sual yaranır ki, əgər hər şey monopoliya ilə əlaqədardırsa, o zaman “qara bazar” necə yaranır?

- “Qara bazar” belə yaranır ki, qeyd etdiyim kimi bunlarla əlaqəli olan adamlar həm də özləri müəyyən həcmdə gübrə gətirib bu bazarda yerləşdirirlər. Güzəştli şərtlərlə fermerlər üçün nəzərdə tutulan gübrənin bir hissəsi elə həmin işbazlar vasitəsi ilə bazara çıxarılır. Dövlət nəzarəti zəif olan postsovet ölkələrində aqrolizinqlər korrupsiya mənbəyidir. 

Vahid Məhərrəmov: «Dövlət nəzarəti zəif olan postsovet ölkələrində aqrolizinqlər korrupsiya mənbəyidir».


Bu yaxınlarda biz Latviyada Avropa İttifaqının tədbirində olduq.  Baltikyanı ölkələrin dövlət məmurlrı ilə söhbət zamanı məlum oldu ki, bu ölkələrdə kənd təsərrüfatı texnikası istehsalı ilə məşğul olan tanınmış şirkətlər texnika və texniki  avadanlıqların satışı, lizinqi ilə məşğuldur. Belə olan halda dövlət büdcəsindən bu istiqamətə nəinki maliyyə vəsaiti ayrılmır, hətta büdcəyə əlavə gəlir gəlir. Digər ölkə şirkətləri  özləri gəlib, texnika, gübrə satışı həyata keçirir və dövlətə vergi ödəyir. Bizdə isə son illərdə bu sahədə külli miqdarda maliyyə vəsaitlərinin talan edilməsi, mənimsənilməsi faktları olduğu deyilir. Ümumiyyətlə aqrolizinq korrupsiya mənbəyinə çevrilib. 

-Kənd təsərrüfatının kooperativləşmə fikrinə necə baxırsınız? Yəni bu barədə həmişə müxtəlif fikirlər səsləndirilir.

- Uzun müddətdir biz deyirik ki, kooperativlərin yaradılması məsələsinə fərdi yanaşılmalıdır. Məsələn,  təsərrüfatda mümkün olan yerlərdə kooperasiyanı yaratmaq, orada payçıları yığıb onlarla söhbət aparmaq, onların birgə fəaliyyətilərini təşviq etmək məqsədilə müəyyən addılmlar atmaq lazımdır. Apardığımız müşahidələr göstərir ki, İstixana şəraitində tərəvəz yetişdirən fermerlərin məhsulunu əldə edib satışını həyata keçirən  kooperasiyalar yaradılır.  Fermerlər fərdi qaydada istehsal etdikləri məhsulu həmin satış kooperasiyasına təklif edir. Fermer istixanada əldə etdiyi 5-6 ton məhsulu  fərdi qaydada Rusiya bazarına çıxarmaqda çətinliklərlə üzləşər. Ona görə də digər istehsalçılarla birləşib kooperasiya yaradırlar və birgə loqistika, satışla ilə məşğul olurlar. Belə kooperativlərə ehtiyac var. Bu kimi institutlar yaranmasa istehsalçılar əldə etdiyi məhsulu satmaqda çətinlik çəkəcəklər. Belə yaranan  kooperativlərin köməyi vasitəsi ilə həm də onlar istehsal vasitələrinə olan ehtiyaclarınıödəyə bilərlər. Avropadan bizə gətirilən toxumun məhsuldarlığına baxanda görürük ki, avropalıların əldə etdiyi göstərici  ilə bizim əldə etdiyimiz göstərici arasında 2-3 dəfə fərq var. Onların istehsal göstəriciləri daha yüsəkdir. Halbuki, bizim iqlim mühitimiz onlarınkından  daha yaxşıdır. Təsəvvür edin, Niderlandda istixana şəraitində fermerlər hər hektardan 1000 ton tərəvəz əldə edirlər. 

- Şimal ölkələrinin Avropaya kənd təsərrüfatı malları satması belə möcüzədir. 

- Bizdə istixana şəratində bir hektardan orta hesabla  54 ton məhsul əldə olunur. Bu göstərici çox aşağıdır. Kooperativlə bağlı mövzunu davam etdirərək  deyə bilərəm ki, fermerlər kredit resurslarına çıxış əldə etmək məqsədilə yerlərdə kredit alanların asossasiyalarını da yarada bilərlər. Məsələn, uzun müddətli və girovsuz kredit götürmək üçün onlar bir-birlərinə zamin duraraq, cavabdeh olaraq bank mütəxəssislərini, sahiblərini inandıra bilərlər. Yəni birinin təsərrüfatı zərərə məruz qalırsa, başqaları onu vəziyyətdən çıxarır. Bizdə belə birlikləri, asossasiyaları yaratmağa ehtiyac var. Harada mümkündür yaradılsa yaxşı olar. O ki, qaldı taxılçılıqda, yemçilikdə kooperativlərin  yaradılmasına, bu məcburi  olmalı deyil. Qeyd etdiyim kimi bu təşviq edilməli, kiçik torpaq sahibləri həvəsləndirilməlidirlər. 


Vahid Məhərrəmov: “”Yaşıl marketlər”i yaradanların hamısı dövlət məmurlarının yaxın qohumlarıdır”

- Yəni bu işlər nazirlik səviyyəsində həll olunmalıdır. Ancaq nazirlik bu işlərlə ümumiyyətlə məşğul olmur. 

- Keçən il prezident sərəncam verdi ki,  “yaşıl marketlər” yaradılsın. Yaşıl marketləri yaradanların heç biri də fermer, kənd təsərrüfatı məhsulu istehsalçısı, tədarükçüsü deyil, hamısı özlərinə yaxın olan adamlardır, dövlət məmurlarının yaxın qohumlarıdır. Məsələn,  Sədərəkdəki “Meyvəli” topdansatış ticarət mərkəzi o sahəyə aydiyyatı olmayan bir nazirindir. 

Misal üçün kooperasiyanı təşviq etmək məqsədilə Gədəbəydəki payçıları yığıb onlara təklif etmək olar  ki, onlar üçün Bakı şəhərində xüsusi yer ayrılacaq və orada da yalnız onların istehsalı etdikləri kartof, çuğundur, kök satışına imkan yaradılacaq. Kooperativ yaratdıqları halda həmin ərazi onların sərəncamına veriləcək. Bu zaman onlarda kooperasiya yaratmağa  maraq yaranar. Onlar kooperasiyada birləşər və təminatlı bazar əldə edərlər. Mən kooperasiyanı müsbət dəyərləndirirəm və bu institun yaradılması zamanı fərdi  yanaşma olmalıdır. Digər sahələrdə də kooperativlər yaradılmalıdır. Bu işlər görülməsə biz böyük bazara çıxa bilməyəcəyik. Fərdi qaydada  1-2 hektar əkin sahəsində istehsalla məşğul olan fermer Avropa bazarı kimi nəhəng və çox sərfəli məkana çıxa bilməz. Ancaq onlar birləşərək istehsal etdiyi məhsulu normal halda qablaşdırıb, onun lagistikası ilə məşğul olub, keyfiyyət göstəricilətini tələb olan standartlara uyğunlaşdıra bilsələr istənilən bazara çıxa bilərlər. Bizim buna imkanımız da var. 

- Kənd təsərrüfatı məhsullarının ixracı sahəsində hansı problemlər var və bu problemlərin hansı səbəbdən yaranır?

- Kənd təsərrüfatı məhsullarının ixracında əsas problem ondan ibarətdir ki, rəqabət qabiliyyətli məhsul istehsal edə bilmirik. Əsas problemimiz də bundan ibarətdir. Məsələn, bizim bu gün ən çox ixrac etdiyimiz məhsullar xurma, alma, nar, xiyar,pomidor və faraş kartofdur. Ən böyük alıcımız da Rusiya bazarıdır. Faraş karofda üstünlüyümüz ondan ibarətdir ki, bizə torpaq iqlim şəraiti faraş kartof yetişdirməyə imkan verir.  Eləcə də faraş tərəvəz,  istixana şəraitində yetişdirilən xiyar, pomidor. Alma, xurma, nar məhsullarının  ixracında da üstünlük  bizim qabliyyətimizlə bağlı deyil, təbiətin bizə bəxş etdiyi  iqlimdədir. Bizim çətinliklərimiz əsas ondan ibarətdir ki, biz rəqabət qabiliyyətli məhsul istehsal edə bilmirik. Rəqabət qabiliyyətli deyəndə nə nəzərdə tutulur? Yüksək keyfiyyət, ucuz qiymət. Buna bizim iqlim şəratimiz və potensialımız imkan verir. Bizdə problem bunu təşkil etməkdir. Bu təşkilatçılığı da nazirlik etməlidir. Bu gün birbaşa istehsal olunan məhsulu  xüsusi maşınlara yığıb, Rusiya bazarına aparmaq mümkün deyil. Ona görə ki, o maşınlar yol boyu dəfələrlə  saxlanılır, xüsusən bizim sərhəddə. Yəqin ki,  kənd təsərrüfatı məhsulu ixracı mövsümündə Azərbaycan-Rusiya sərhəd keçid məntəqələrində bir sıra tədbirlər həyata keçirildiyi və bu səbəbdən də sərhəddə çoxlu sayda maşın karvanının günlərlə gözlədiyinin şahidi olmusunuz. Bunların hamısı süni olaraq yaradırlar və biz bunu bilirik. Bizimkilər digər  tərəflə əlaqəli olaraq müəyyən məqsədlər üçün bu kimi ajotaj yaradırlar. 

Vahid Məhərrəmov: “Bizim çətinliklərimiz əsas ondan ibarətdir ki, biz rəqabət qabiliyyətli məhsul istehsal edə bilmirik”.


- Onların apardıqları mal da xarab olan maldır. Maşınlar saxlanıldıqda xarab olur və adamın bir illik əziyyəti itir. 

- Bəli. Digər formada isə Xaçmazda Çarxı stansiyası var. Şəmkirdən yetişdirilmiş  pomidoru gətirib Çarxıda vaqona boşaldırlar. Vaqonlar tam yüklə dolana kimi bir neçə gün keçir, daha sonra bir müddət həmin vaqonlar sərhəddi keçir və sair. O tərəfdə keçəndən sonra pomidor yeşikləri  Dağıstan maşınlarına yığılır və Rusiyanın müxtəlif regionlarına göndərilir. Çox zaman mal tədarük edən sahibkar bu prosesin necə baş verdiyini izləyə bilmir. Sərhəddə bu işlə müəyyən ödəmələr müqabilndə xüsusi adamlar, məşğul olur. Yəni, mal ixracı ilə məşğul olan sahibkarlara süni olaraq problemlər yaradırlar. Bu problemlərin olmaması üçün də hökümət və Kənd Təsərrüfatı nazirliyi çalışmalıdır. 

-Ölkəyə ərzaq idxalında ciddi monopoliya olduğu barədə davamlı olaraq fikirlər səsləndirilir. Bu monopoliyaya Kənd Təsərrüfatı Nazirliyinin təsir etmək imkanları nə qədərdir və monopoliya qalxarsa daxili bazarda qiymətlər nə qədər aşağı düşə bilər?

-Ölkəyə gətirilən Kənd Təsərrüfatı mallarının gömrük sənədlərində göstərilən qiymətlərini  desəm, şok vəziyyət yaranacaq. Təsəvvür edin ki, qabığı təmizlənmiş badam,  qurudulmuş ərik , şabalıd, qurudulmuş üzüm ölkəyə  40-50 qəpiyə alınaraq idxal olunub . Bu hansı ölkədə ola bilər?  Gürcüstandan  2013-cü ildə 109 min baş iri buynuzlu heyvan gətirilib, hər biri 29 dolar 91 sentə sənədləşdirilib. Bu heyvanlar da kəsim üçün gətirilir və hər birinin xalis ət çəkisi 100-120 kq-dan artıq olur. Beləliklə, mal ətinin 1 kloqramı 25-30 qəpiyə gəlib çıxır. Elə həmin ildə 165 min baş da qoyun gətiriblər. Hər birini də 13 dollara sənədləşdiriblər. Həmin qoyunlar  Qurban bayramında  idxal dəyərindən 10 dəfə baha satılıb. Yəni 1 kq ət qiymətinə 1 qoyunu sənədləşdiriblər. Ölkəyə gətirilən yağ, süd, pendir, balıq və sair 40-60 qəpiyə sənədləşdirilir. Bunların hamısı onu deməyə əsas verir ki, bu işlə məşğul olan adamlar heç nədən, heç kəsdən qorxmurlar. Yalnız plasmas istehsalı üçün nəzərdə tutulan texniki sort kartof ölkəyə idxal olunaraq ərzaq məhsulu kimi istehlakçılara təklif olunur.  İdxal dəyəri  4.7 qəpik olan həmin kartof bizim bazarlarda dəyərindən 15-20 dəfə baha qiymətə 70-80 qəpiyə satırlar. 

Kənd Təsərrüfatı Nazirliyinin idxalı nəzarətdə saxlayan inhisarçı bosa heç bir təsiri ola bilməz. Əksinə o monopolistlər Kənd Təsərrüfatı nazirini vəzifəyə gətirir və onlar öz maraqlarına xidmət etdirirlər. Maraqları da aqrar sahənin inkişafında deyil, istehsalın azalmasındadır. Nə qədər mal az istehsal olunarsa, onlar ölkəyə bir o qədər çox mal-məhsul  gətirəcəklər və  daha çox gəlir əldə edəcəklər. Onlar get-gedə sahəni genişləndirirlər. Elə bir sahə  yoxdur ki, onlar o sahədə idxalı nəzarətə almasınlar. Biz 12- 13 il bundan əvvələ baxsaq, tamamilə fərqli bir mənzərini görəcəyik. İndi ölkəni idxaldan asılı qoyublar və ölkənin  istehsal imkanı kənara atılıb. İstehsalla məşğul olan fermer yeni texnika, texnoloji avadanlıqlar, keyfiyyətli toxum, yaxşı gübrə gətirməlidir amma buna imkan vermirlər. Bu gün kəndliyə mane olan inhisarçı oliqarxlar və məmurlardır. 

Vahid Məhərrəmov: “Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı problem var”

- Sizcə,  Azərbaycanda qida təhlükəsizliyi dünya standartlarına cavab verirmi? Qida təhlükəsizliyi məsələsi Azərbaycanda milli təhlükəsizlik məsələlərinə daxil olurmu?

- Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı problem var. Bunu hökümət məmurları da etiraf edir. Bəzi tədbirlərdə onlar çıxışlarında qeyd edirlər ki, əvvəllər  Sovet dönəmində tətbiq olunan QOST sonra müstəqillik dövründə  uzun müddət  tətbiq olunmadı, demək olar ki, keyfiyyətə nəzarət olunmadı. 

-Yəni ümumi nəzarət Moskvadan həyata keçirilirdi deyə bu sahəyə baxan olmadı…

-Bəli, istehlak etdiyimiz qidaların təhlükəsizliyinə nəzarət uzun müddət  başlı-başına buraxıldı. Ancaq son zamanlar  Azərbaycanın Ümumidünya Ticarət  Təşkilatına qəbulu məsələsi ilə bağlı aparılan danışıqlar  nəticəsində  istehsal etdiyimiz məhsulun keyfiyyətini ÜTT  standartlarına yaxınlaşdırmaq qərarına gəlinib. Ancaq bəzi halda biz görürük ki, bir sıra məhsulların istehsalında  yenidən QOST tətbiq olunur. Ümumi götürəndə Azərbaycanda keyfiyyətə nəzarət o vaxt mümkün olacaq ki, Azərbaycanda müstəqil laboratoriya olacaq. Biz istehlakçılar əldə etdiyimiz malın, məhsulun keyfiyyəti ilə bağlı dəqiq məlumat əldə edə biləcəyik. Belə olan halda keyfiyyət standarta uyğun olmazsa, biz müəyyən iddia ilə məhkəməyə müraciət edib, haqqımızı tələb edə bilərik. Yəni bu mexanizm işləsə, onda nəyəsə nail olmaq olar. Ancaq bu sahədə də korrupsiya olduğu üçün belə bir sistemin yaradılması yaxın zamanlarda mümkün deyil. 

-Əgər gətirilən məhsullarda məsələn uşaq qidasının tərkibinə hansısa zəhərli maddə vurulub və yoxlanılmadan da sərhəddən keçirilir. Hansısa hadisə baş versə, o zaman məsuliyyət kimin üzərinə düşəcək?

-O vaxt bilinməyəcək.  Bunlar  yaxşı bilir hansı məhsul zəhərlənməyə səbəb ola bilər, onları risk edib gətirmirlər. Məsələn, texniki sort kartofu misal gətirdim. O kartofdan zəhərlənib ölən olmayıb, amma kartofun tərkibində olan zəhərli maddələr insan orqanizmində toplanılır və müəyyən xəstəliklər əmələ gətirir, fəsadlar törədir. İstehlak zamanı zəhərlənmə baş vermədiyi üçün istehlakçılar məhsuldan şübhələnmir. Məhsullarının əksəriyyətinin tərkibində nitrat daha çox olur və nitrat insan orqanizmində toksik maddəyə,  nitritə çevirilir. Son zamanlar ölkəmizdə  zob xəstəliyindən şikayət edənlərin sayı çoxalıb. Bu yod çatışmazlığından əmələ gəlir. Yodun orqanizmdə azalmasına səbəb insan orqanizmində nitratın çoxalmasıdır. Bütün bunlar qida ilə bağlıdır. Ancaq bunu sübut etmək mümkün deyil. Gərək bizim hər birimizin əlində nitratı müəyyən edən cihaz olsun. Biz o cihazla bazarlarda məhsul alarkən yoxlayaq. İnsanlar  maariflənməlidir. Amma görünür bu ölkədə insanların məlumatsız olmasında maraqlı qüvvələr var. 

-

Vahid Məhərrəmov: “Azərbaycanda keyfiyyətə nəzarət o vaxt mümkün olacaq ki, Azərbaycanda müstəqil laboratoriya olacaq”.

-Bütün dünyada GMO deyilən bir problem var. Qanunvericilik Azərbaycanda GMO məhsulların satışı və yetişdirilməsi qadağan olunsa da, artıq Azərbaycan bazarı tam olaraq GMO məhsullrla dolub daşır. Bu barədə nə deyə bilərsiz?

-Mən Leninqradda təhsil alan zaman Kotov familyalı yaxşı bir müəllimim var idi. Sovet dövründə kartof üzrə tanınmış mütəxəssis idi. O mənə İnstitutun təcrübə sahəsində kartof sahəsini göstərdi. Baxdım ki, iki sahədən birində  kolorado böcəyi kartofu elə hala salıb ki, əsər-əlamət yoxdur. Digər sahədə isə kartof çiçək açıb. Böcək bu sahədə olsa da zərər vura bilməyib. Kotovdan soruşdum ki, bu ki möcüzədir. Kolorado böcəyi  onu niyə yemir? Kotov mənə dedi ki, bu kartof genetik motifikasiya olunub, böcək onu yeyə bilməz. Böcəyi öldürəcək mikroorqanizmin genindən istifadə olunub. Maraqlandım ki,sonrası necə olacaq? Dedi ki, heç bir təhlükəsi yoxdur. 70-ci ilin əvvəllərində bir ingilis alimi təcrübəni aparıb, təbiətdə də var. Təbiətdə paxlalı bitkilərin kökündə yuva salan aqrobakterium öz genini bitkinin DNK-sına köçürür. Bitkini azotla təmin edən bakteriya özünün şəkərə olan ehtiyacını da bitkinin hesabına ödəyir.

Dünyanın aparıcı elmi mərkəzləri əsasən də Amerika, İsrail, Yaponiya, Kanada bu sahəyə ciddi fikir verdilər. Artıq ənənəvi qaydada əkinçiliklə məşğul olub yaxşı nəticə əldə etmək mümkün deyil. Ona görə ki, hər şeyin bir sonu var. Bu faydalı bir tapıntıdır. Amerika,İsrail, Yaponiya, Kanada bu sahəyə ciddi maliyyə vəsaiti ayırıblar və yüksək niyyətləri var. Həm bu sahədə nailiyyət əldə edən, həmdə bunun mahiyyətini anlamayan ölkələr  GMO-nun  ziyanlı, təhlükəli olduğunu, insanları məhv edəcəyini təbliğ etdilər. 

- Həmin ölkələr onun istehsalı ilə məşğul olmasınlar...

- Rusiya hökuməti keçən ilin iyul ayından genetik modifikasiya üsulu ilə taxılçılığı inkişaf etdirmək qərarı vermişdi. Lakin, formalaşmış neqatif ictimai fikir imkan vermədi, müəyyən problemlərlə üzləşdilər. İndi Rusiyada gənc alimlər bu sahəni dərindən öyrənməyə başladılar. Onlar əsaslandırırlar ki, GMO-nun xeyirdən başqa heç bir zərəri yoxdur. Zərəri haqda  deyilənlərin hamısı uydurulub. 

- Daha çox İsrail bu sahədə maraqlıdır. Bu gün toxum biznesi belə İsraildədir. O toxumlardan toxum almaq olmur.

- Bəli, özləri belə edirlər. O məhsuldan toxum almaq mümkün deyil. Bəziləri deyir ki, ondan toxum almaq olmursa, deməli insanların da nəslini kəsə bilər. Başa düşmürlər ki, yəhudilər ağıllıdır. O institutlar bunu bilərəkdən edirlər, toxum istehsalı onların biznesinə çevrilir, ona görə də bu üsula əl atırlar. Və yaxud deyirlər ki, ən yaxşı alma qurd yeyən almadır. Başa düşmürlər ki, yaxşı, sağlam almanı qurd yeyə bilməz. Ona görə ki, yaxşı almanın üst qabığında olan pərdə möhkəm olur. Əvvəllər qarpızı  çiləyə kimi saxlamaq olurdu amma indi mümkün deyil, qabığı nazikdir. 

Vahid Məhərrəmov: “GMO-nun xeyirdən başqa heç bir zərəri yoxdur”


- Bəli, dekabra kimi qarpızı saxlamaq olurdu amma indi 1 ay saxlamaq olmur...

-Ən yaxşı meyvə o meyvədir ki, sağlam bitkidən əmələ gəlir. Sağlam bitkiyə ziyanverici zərər vura bilmir. Ona görə ki, sağlamdır. Ondan əmələ gələn meyvə də sağlam olur. 

-O zaman niyə Azərbaycanda belə GMO məhsulların satışı qanunla qadağan olunub?

- Azərbaycan spesifik ölkədir. Mən inana bilmirəm ki, bunun zərərsiz olduğunu Milli Məclisdə başa düşən olmasın. Keçən ilin yanvar ayında Nazarbayev çıxışında bildirdi ki, GMO-nun tətbiqi bizim gələcəyimiz üçün lazımdır. İndiyə kimi bunun haqqında düzgün məlumat almamışıq. Təvəzökarlıqdan uzaq olsa da mən bunu neçə il qabaq deyirdim amma Nazarbayev indi deyir. Nazarbayevlə yanaşı onların elmlər akademiyasının prezidenti də də çıxışında dedi ki, bütün dünya bununla məşğul olur, bizdə məşğul olmalıyıq. Çünki bu xeyirlidir. İndi Azərbaycanda qadağan olunması ilə bağlı qərar qəbul olundu amma gətirilən məhsulun GMO-lu olub-olmadığını necə sübut edə biləcəksiniz? Bu mümkün deyil. Bizim əldə etdiyimiz laboratoriyada  4 xətt yoxlanılır, Rusiyada 17, Avropada 128. GMO məhsullarını ən çox Amerika istehsal edir. Avropadan gətirilən alma tingləri birinci ildən məhsul verir, 90%-dən çox ölkəyə gətirilən tərəvəz toxumlarının hamısı modifikasiya olunub. Belarusiyada  da bu sahədə ciddi işlər görülüb. Onlar da əvvəllər bu işlə məşğul olmamağı deyirdilər,  amma Lukaşenka ağıllı adamdır. Elmi Mərkəzə tapşırıq vermişdi ki, bu işlə ciddi məşğul olmaq lazımdır. GMO ilə bağlı sorğu keçirsəniz hamı ziyanlı olduğunu deyəcək. Amma bir nəfər GMO məhsulunu tanıyan  adam varmı? Genetik modifikasiya ilə əldə olunan məhsulların gözəl görüntüsü və dadı var. Eybəcər hala düşüb böyük olanlar kimyəvi maddələrin köməyi ilə istehsal olunub. 

-  Azərbaycanın əkinə yayarlı torpaqları sürətlə şoranlaşmaqdadır.  Bu durumun qarşısını almaq üçün hansı komleks tədbirlər həyata keçirilməlidir? 

-Şoranlaşmanın qarşısını almaq üçün iki istiqamətdə iş aparılmalıdır. Birincisi, dövlət səviyyəsində melorasiya işləri aparılmalıdır və ardıcıl sürətdə münbitliyin qorunub saxlanması üçün üzvi və mineral gübrələrdən normaya uyğun istifadə edilməlidir. İkincisi, tam sıradan çıxmayan, yeni şoranlaşan sahələrdə fermerlər çəltik əkini ilə məşğul ola bilərlər. Həm çəltik əkinindən  gəlir əldə edə bilərlər, həm də  istifadə olunan su torpağın üst qatında olan duzların yuyularaq aparılmasına şərait yaradar. 

-  Sizin özünüzün kənd təsərrüfatının inkişafı üçün hansı təklifləriniz var?

- Kənd təsərrüfatındakı problemlərin aradan qaldırılması elə də böyük problem deyil. Sadəcə bu problemlərin həllinə can atmaq lazımdır. Azərbaycan bu məsələni həll etməsə bir neçə ciddi problemlərlə üzləşəcək. Birincisi, ölkənin ərzaq təminatını təhlükə altında qoyacaq, ikincisi Azərbaycanın ərzaq idxalı ilə bağlı vəziyyəti güvənli deyil. Rusiyadan, Qazaxıstandan Azərbaycana idxal olunan buğdanın qiyməti artırılsa, bizim problemimiz yaranacaq. Ona görə də ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Apardığımız hesablamalara görə, ölkə əhalisini Ümumidünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun ərzaqla, qidayla təmin etmk üçün 15 milyard manat dəyərində kənd təsərrüfat məhsulu istehsal etməliyik. Bu gün 5 milyard dəyərində məhsul istehsal  olunur və əldə olunan məhsulun keyfiyyəti aşağıdır. Deməli bizim daxili bazarın təminatı üçün məhsul istehsalını 3 dəfə artırmaq imkanımız var. Bu zaman sosial rifahda normal olacaq. 

Gülşən ŞƏRİF
Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar