Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagird və tələbələr üçün pulsuz ictimai nəqliyyat: Dövlət öz sosial öhdəliklərini yerinə yetirirmi?

Azərbaycandan fərqli olaraq, dünyanın bir çox ölkələrində məktəblilər və tələbələr ictimai nəqliyyatdan pulsuz istifadə edirlər

Zahid Oruc: “Hesab edirəm ki, müvafiq qurumlar və xüsusən də ictimai nəqliyyatla bağlı təşkilatlar bu məsələni nəzarətə götürməlidirlər”.

Bu sözləri deputat Zahid Oruc hökumətin sosial öhdəliklərlə bağlı apara biləcəyi gedişatı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gün öncə mətbuatda Bakı sakini, 3-cü sinif şagirdi Fərid Rüstəmlinin prezident İlham Əliyevə məktubu dərc olunub. Məktəbli dövlət başçısından ictimai nəqliyyatda şagirdlərdən gedişhaqqı alınmamasını xahiş edib. Şagirdin məktubundan belə anlamaq olur ki, şagirdlər üçün gedişhaqqının ödənişli olması maddi imkanı aşağı olan ailələrin vəziyyətində müəyyən çətinliklər yaradır.

Əslində 3-cü sinif şagirdinin prezidentə belə bir müraciət etməsi çox ibrətamizdir. Bir dövlət olaraq Azərbaycanın öz vətəndaşları qarşısında sosial öhdəliklərini yerinə yetirməsi vacibdir və Fərid Rüstəmlinin prezident İlham Əliyevə məktubuna bu aspektdən yanaşılmalıdır. Adətən sosial xarakterli və dövlət nəzarətində olan qiymətlər qaldırılarkən hökümət nümayəndələri bu addımlarını digər ölkələrdəki qiymətlərlə müqayisə etməyi sevirlər. Elə ictimai nəqliyyatda son qiymət artımına da Rusiya, Qazaxıstan və digər ölkələrdəki qiymətlərlə müqayisədə “bəraət” verildi. Lakin bu arqumentdən çıxış edənlər həmin ölkələrin ortalama maaş səviyyəsini Azərbaycandakı maaşla müqayisə etməyi bir qayda olaraq unudurlar...

Heç kimə sirr deyil ki, ictimai nəqliyyatda qiymətlər artırıldıqdan sonra çoxlu sayda ailələr ciddi problemlərlə üzləşiblər. Bu ailələr təbii ki, quru maaşla dolanan və bu aydan o biri aya zorla özlərini daşıyan ailələrdir və bu ailələrin başçıları, o cümlədən uşaqları təkcə keçinmək sıxıntısı çəkmirlər, həm də çox ciddi psixoloji travmalara məruz qalırlar. Azərbaycanda intiharların sayının artması da məhz bu psixoloji travmalarla əlaqəlidir.

Bu üzdən dövlətin üzərinə düşən əsas vəzifə öz insanlarının sosial müdafiəsini təmin etməkdir. Və bu müdafiə sözdə deyil, əməldə həyata keçirilməlidir. Yuxarıda da qeyd etdiyimiz kimi, 3-cü sinif şagirdi Fərid Rüstəmlinin prezident İlham Əliyevə məktubu bu baxımdan aktual və ibrətamizdir. Açığı deyək ki, məktəbli uşaqlar, o cümlədən tələbələr və aztəminatlı təqaüdçülər, müharibə veteranları üçün ictimai nəqliyyatın pulsuzlaşdırılması dövlət üçün elə də problemli məsələ deyil və bu hökümətin öz vətəndaşları qarşısında sosial öhdəliklərindən biridir.

Azərbaycandan fərqli olaraq, dünyanın bir çox ölkələrində məktəblilər və tələbələr ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. PİA.az-ın apardığı araşdırmanın nəticəsindən də görünür ki, əksər inkişaf etmiş ölkələrdə, həmçinin qonşu və qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər nəzərdə tutulur. Cəmiyyətin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilirlər. Eyni zamanda Türkiyədə 65 yaşdan yuxarı insanlar şəhərdaxili ictimai nəqliyyatdan pulsuz, dəmir və dənizyolu üçün nəzərdə tutulan gediş haqqından 50% endirimlə istifadə edirlər. Bununla yanaşı, fiziki məhdudiyyətli insanlar, qazilər və şəhid yaxınları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər.

Fransada isə bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək nəzərdə tutulub ki, nəticədə 2020-ci ildə ictimai nəqliyyatdan istifadə bütünlüklə pulsuz ola bilər.

Mərkəzi və Şərqi Avropa ölkələrində isə nəqliyyatdan pulsuz istifadə edənlər qrupu ayrıca təsdiq edilir. Pribaltikada orta məktəb uşaqları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Eyni zamanda Avropa Birliyi ölkələrində, misal üçün Macarıstanda tələbələrə avtobus və metro üçün güzəştli kart verilir. Estoniyanın 15 regionundan 11- də ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başlayıb. Estoniya bu addımı ilə az qala bütün ərazisində ictimai nəqliyyatda gedişhaqqını ləğv etmiş ilk Avropa ölkəsi olub.

Təshil alan bu təbəqələr fonunda məlumdur ki, tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Elə bu baxımdan dünyanın müxtəlif ölkələrində tələbələrə xüsusi dəyər verilməsi və onlar üçün müəyyən güzəştlərin nəzərdə tutulması ürəkaçan görüntüdür. Təəssüf ki, Azərbaycandayuxarıda göstərilən katoqoriyadan olan insanlara bu istiqamətdə yetrincə diqqət göstərilmir. Maddi imkanı aşağı olan bir çox şagirdlər və tələbələr sırf təhsil naminə çətinliklərə dözmək məcburiyyətində qalırlar.

Hazırda Bakıda çoxlu sayda ailələr sözün əsl mənasında uşaqlarına hər gün əlavə avtobus, metro pulu vermək imkanında deyillər. Bunun üçün həmin ailələr ya uşaqların qidalarından, ya da paltarından qənaət etməlidirlər.

Onu da qeyd edək ki, ötən il bəzi deputatlar tərəfindən Azərbaycanda tələbələrə güzəşt kartının verilməsi istiqamətində müəyyən danışıqlar aparıldığını və tələbələr üçün nəqliyyat vasitələrindən güzəştlə istifadə edilməsi istiqamətdə ciddi işlərin görüldüyünü bildirilmişdi. Lakin reallıq budur ki, mövcud istiqamətdə hansısa ciddi addım atılmadı. Hətta bunun əksi olaraq, Tarif Şurasının bu il qiymətləri artırması tələbələrin və ümumən əhalinin gəlirlərinə ciddi zərbə effekti yaşatdı.

Azərbaycan iqtisadiyyatının kasıb olmadığını nəzərə alsaq, şagirdlər və tələbələr üçün gedişhaqqında güzəştlər edilməsini müsbət addım hesab etmək olar. Bu addım Azərbaycanda da məktəbli və tələbələr, o cümlədən başqa aztəminatlı kateqoriyadan olan insanlar üşün ictimai nəqliyyatın pulsuz və ya güzəştli olması doğru olardı.

Sosial müdafiə baxımından mövzunun vacibliyini nəzərə alaraq, məsələ ilə bağlı PİA.AZ-ın əməkdaşı deputat Zahid Orucun fikirlərini öyrənib.

Zahid Oruc: “Bütövlükdə Azərbaycanda şagirdlərin sayı 1 milyon 200 min nəfərdən artıqdır. Onun hansısa hissəsini imtiyazlı, güzəştli təbəqə elan etməklə, bu yanaşmanın öz-özlüyündə büdcə yükünə necə səbəb olacağını və hansı vasitələr vasitəsilə ödəniləcəyini düşünmək lazımdır”.

Hökumətinin sosial öhdəlikləri yerinə yetirməsi fonunda orta aylıq əmək haqqını artırmalı olduğunu qeyd edən deputat Zahid Oruca görə, müəyyən təbəqə üçün ictimai nəqliyyatda gediş haqqlarında güzəştlərə yer alınması müvafiq qurumlar tərəfindən nəzərə alınmalıdır:

“Öncəliklə qeyd edim ki, dövlət başçısına edilən fərdi və ya kollektiv müraciətlərin hər biri Adminstrasiyada müvafiq strukturlar tərəfindən nəzərə alınır və məsələ ilə bağlı araşdırmalar aparılır. Ehtiyac olduğu halda yerli icra orqanlarına və ya müvafiq hökumət strukturlarına ya tapşırıqlar, ya da göstərişlər verilir. O cümlədən, hər ilin sonunda Prezident Adminstrasiyasında vətəndaşların qaldırdıqları problemlər, şikayətlər, müraciətlər və təkliflərlə əlaqədar ümumi statistik mənzərə təqdim olunur. Onların içərisində hansı xarakterli mövzulara daha çox aydınlıq verilməsi ilə bağlı məsələ öz əksini tapır və cəmiyyət olaraq, bütövlükdə ölkədə cərəyan edən proseslərə insanlarımızın hansı nöqteyi-nəzərdən baxdıqlarını görürük.

Mətbuatda yayımlanan müraciətə gəlincə, həmin məsələyə ictimaiyyət tərəfindən böyük dəstək verildiyinin şahidi oldum. Çox səmimi-qəlbdən yazılmış bir məktub idi. Hesab edirəm ki, müvafiq qurumlar və xüsusən də ictimai nəqliyyatla bağlı təşkilatlar bu məsələni nəzarətə götürməlidirlər.

Əslində Sovet dövründə də pulsuz gedişhaqqı, güzəştli kartların verilməsi və s. geniş yayılmışdı. Lakin biz bazar iqtisadiyyatı şəraitində başa düşməliyik ki, göstərilən hər xidmətin bir haqqı var və bu haqq hansısa mənbələr hesabına ödənməlidir. Xatırlayırsınızsa, 90-cı illərdə ictimai nəqliyyatda qiymət liberallaşmasına getdik. Nəticədə normal rəqabət yarandı, müxtəlif özəl şirkətlər meydana çıxdı və məsələ normal qaydada tənzimləndi. Hətta dövlətin özü də Bakı şəhəri daxilində yaratdığı nəqliyyat agentliyi vasitəsilə prosesi idarə edirdi.

Zahid Oruc: “Biz ilk növbədə çalışmalıyıq ki, Azərbaycan vətəndaşının orta aylıq əmək haqqı aylıq olaraq artsın və xüsusi çəkili bir hala gəlsin”.

Bir ildə orta məktəbi bitirən şagirdlərin sayının 150-160 min nəfərə yaxın olduğunu nəzərə alsaq, bütövlükdə şagirdlərin sayı 1 milyon 200 min nəfərdən artıqdır. Onun hansısa hissəsini imtiyazlı, güzəştli təbəqə elan etməklə, bu yanaşmanın öz-özlüyündə büdcə yükünə necə səbəb olacağını və hansı vasitələr vasitəsilə ödəniləcəyini düşünmək lazımdır.

Biz ilk növbədə çalışmalıyıq ki, Azərbaycan vətəndaşının orta aylıq əmək haqqı aylıq olaraq artsın və xüsusi çəkili bir hala gəlsin. İkincisi, özəl sektor, sahibkarlıq təbəqəsi genişləndirilsin və cəmiyyətin həyatında aktiv bir qüvvəyə çevrilsin.

##relatedPostMilli##Üçüncüsü, dövlət və özəl sektorun nqəliyyat partnyorluğu yaransın. Müştərək əlaqə fonunda bir çox layihələri həyata keçirmək mümkün olar. Dördüncüsü,sırf aşağı siniflər üçün güzəşt mövqeyindən çıxış etmək olar. Lakin burada sentimental yanaşma tətbiq olunmalıdır. Kifayət qədər yaxşı yaşayan ailələr var. Bu ailələrin imtiyazlardan istifadə etməsinə nə ehtiyac var ki?! Düşünürəm ki, bu məsələdə fərqli addımların atılmasına ehtiyac var. Yəni, bu məsələni parlamentdə diskusiya etmək, ictimai müzakirəyə çıxarmaq olar. Əslində bu məsələ sadə problem deyil. Ona görə də detallı analiz edilməli və sonda qərarlar verilməlidir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Ən çox oxunanalar