Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara qar


Neçə vaxtdı ölkə sanki bütünlüklə qara xəbərə bürünüb. Hər gün demək olar ki, səhər açılandan axşamacan ən müxtəlif istiqamətlərdən ən müxtəlif səpgili qara xəbərlər gəlir


Orduda intiharlar, cəbhə bölgəsində zabitlərimizin şəhid olması, həbsxanadan intihar xəbəri, Qarabağ qazilərinin canlarına qəsd etməsi, başqa bir əlilin özünü yandırması, yol kənarında dayanan gənclərin uçqun altında qalması, gənclərin intihar etməsi, hər gün yol qəzalarının bir neçə can alması xəbəri və daha nələr. Bu hadisələrin baş vermə səbəbləri müxtəlif olsa da, hamısını bir ad birləşdirir - insan faciəsi.

Hələ bunun üstünə də hər gün ən müxtəlif yerlərdən məmur özbaşınalıqlarından, qanunsuzluqlardan əziyyət çəkən, evi başına uçurulan, şərlənən, həbs olunan, müalicəsinə dərman tapa bilməyən, köməksiz, ümidsiz vətəndaşlarımızın da dramını gələndə mənzərə daha dəhşətli olur. Belə bir durumda jurnalistlər üçün səhəri qara xəbərlə, açıb günü qara xəbərlə başa vurmaq daha ağır olur. İstər-istəməz qara xəbərə, baş verən olaylara daha yaxın olduğumuzdan onun ağırlığını yaşamalı oluruq. Təbii ki, cəmiyyətin başqa təbəqəsinə aid olan insanlar da bu ağrı-acını yaşayır. Amma birbaşa xəbərin içərisində olmaq başqa bir şeydi.

Ölkə gündəmi qara xəbərlərlə dolu olduğu bu günlərdə müxtəlif bölgələrə və Bakıya yağan qar problemlərin üstünə əlavə problem gətirdi. Xüsusən də neçə vaxtdı qar arzulayan, paytaxtda yayılan viruslu xəstəliklərin səbəbini qar yağmamasında görən Bakı sakinləri qarın şəfasını yox, cəfasını gördülər. Cəmi bir neçə santimetrlik qar demək olar ki, paytaxtı iflic etdi, Bakıda həyat dondu. Onlarla yol qəzası baş verdi, işıq, qaz, su problemi yarandı. Minlərlə insan evdən işə, işdən evə gedə bilməyib yollarda qaldı.

Və bütün bunlar cəmi -3 dərəcə şaxtada baş verdi. Bakı bir neçə santimetrlik qara və -3 dərəcə şaxtaya təslim olarkən ABŞ-ın bir çox ştatlarında -35 dərəcə şaxta var idi. Məktəblər də işləyirdi, texnika yolları da qardan təmizləyirdi, insanlar da işə rahat gedib-gəlirdilər. 

Eyni vaxtda Moskva da qalın qar örtüyünə bürünmüşdü və Rusiya paytaxtında güclü şaxta var idi. Amma oralar Bakı kimi iflic olmamışdı. Moskvada ictimai nəqliyyat Bakıdakı kimi “qeybə çəkilməmişdi”. Əksinə, tramvayların, trolleybusların, marşrut avtobuslarının sayı artırılmışdı ki, insanlar yollarda qalmasın, şaxtalı havada uzun müddət dayanacaqlarda ictimai nəqliyyat gözləməsinlər. Bu bir dövlətin fövqəladə vəziyyətlərə hazırlığını, öz insanına münasibətini göstərir. Dövlət fövqəladə vəziyyətlərdə öz vətəndaşlarının qayğısına daha çox qalınmasının vacibliyini başa düşür, vətəndaş qarşısındakı öhdəliyini daha ciddi şəkildə, səylə yerinə yetirməyə çalışır.

Bizdə isə əksinə, yerə bir neçə santimetr qar düşən kimi avtobuslar yoxa çıxır. Dayanacaqlarda gözlə ki, gözləyəsən. Kimdən soruşursan ki, niyə avtobus yoxdu, deyir, yollar sürüşkəndi, hava pisdi. Adamlar sanki başa düşmürlər ki, bu cür vəziyyətlərdə problemləri həll etmək üçün avtobusları xətdən çıxarmaq yox, onların sayını artırmaq lazımdı.

Balacalar istisna olmaqla, mən bir nəfər belə olsun qar yağmasına sevinən, onun kefini yaşayan adam görmədim. 

Kimisi işığın kəsilməsindən, kimisi qaz olmamasından, suların donmasından, işə getməyə avtobus tapmamasından şikayətlənir. 

Sanki bu ölkəyə qar da qara şəklində yağır. Ölkədəki ab-havaya uyğun olaraq.

Zabil MÜQABİLOĞLU


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar