Qarabağdan çıxarılan Rusiya sülhməramlı kontingenti Ukraynaya köçürülə bilər...
Poliqon xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.
Nəşrin açıq məlumatların təhlili üzrə eksperti Julian Röpke bildirib ki, artıq bu kontingentin Ukraynaya göndərilə biləcəyi ilə bağlı bəzi narahatlıqlar var. Onun sözlərinə görə, sülhməramlı adı verilən missiya əslində yeni BTR-82A zirehli transportyorları ilə silahlanmışdılar. Ekspert bildirib ki, hazırda Ukraynada cəbhə xəttində Rusiya ordusunun müasir piyada döyüş maşınlarına və zirehli transportyorlara ciddi ehtiyacı var. Bu səbəbdən də onların Ukrayana cəbhəsinə köçürülməsi realdır.
Qeyd edək ki, ötən həftə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması başlanılıb. 2020-ci ilin payızından Qarabağda olan kontingent 2000-ə yaxın əsgərdən ibarət idi. Onlar indi avadanlıqlarla birlikdə Azərbaycandan dəmir yolu ilə sərhəddən Dağıstana daşınırlar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib:
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
Poliqon.info