İsrail ABŞ-ın təzyiqi altında BMT nümayəndələrinin Qəzza zolağının şimalına səfərinə icazə verib...
ABŞ-ın təzyiqi altında olan İsrail, anklava lazımi humanitar yardımın həcmini qiymətləndirmək üçün BMT nümayəndə heyətinin Qəzzanın şimalına səfərini təsdiqləyib.
Poliqon xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.
“Müharibə kabineti bu addımı Vaşinqtonun təzyiqi ilə təsdiqləyib”, deyə nəşr yazır.
Portal qeyd edir ki, BMT nümayəndə heyətinin Qəzza zolağının şimalına nə vaxt səfər edəcəyi barədə hələlik təfərrüatlar yoxdur.
Eyni zamanda, nəşrin məlumatına görə, müdafiə naziri Yoav Qallant bir sıra şərtlər irəli sürüb. İsrail tərəfinin fikrincə, BMT nümayəndə heyəti ilk olaraq oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı məhv edilmiş İsrail icmalarına baş çəkməli və ABŞ nümayəndələri bu nümayəndə heyətinin məcburi üzvləri olmalıdır.
Bundan əlavə, Qallant bildirib ki, səfərin təsdiqlənməsi Qəzza sakinlərini anklavın şimalına qaytarmaq niyyətinin olması demək deyil.
Poliqon.info