Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Musayev: "Mənə futbolsuz daha rahatdır"

Ramin Musayev 2008-2022-ci illərdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsində çalışıb. Ötən ilin iyulunda səhhəti ilə əlaqədar postundan ayrılan keçmiş funksioner hazırda ölkə futboluna kənardan tamaşa edir.

O, PFL-in rəhbəri olduğu dövrdə həm şəxsi keyfiyyətləri, həm də işi ilə futbol ictimaiyyətində fərqli və maraqlı imic formalaşdırıb.

Musayev "Report"a müsahibəsində həm bir vaxtlar başçılıq etdiyi qurumun hazırkı fəaliyyəti, həm son vaxtlar ölkə futbolunda baş verən yeniliklər, həm də Azərbaycan klublarının avrokubok şanslarından söz açıb.

- Ramin müəllim, iyulun 29-da Peşəkar Futbol Liqasından ayrılmağınızın 1 ili tamam olacaq. Artıq futbolun içində yox, xaricindəsiniz. Maraqlıdır, Azərbaycan futbolu kənardan necə görünür?
- Futbolumuz həmişəki kimi maraqlıdır. Həmin insanlar, həmin futboldur. Yavaş-yavaş iş gedir. Ümid edirəm ki, yaxşı olar. Əsas yeniliklər ondan ibarətdir ki, II Liqanı yaratdılar, bölgələrdə komanda sayı artırıldı. Bunlar ürəkaçan dəyişikliklərdir. Düşünürəm ki, gələcəkdə klub sayı çox olsa, daha yaxşı olar.

- İkinci Liqanın yaradılması ideyası sizin PFL prezidenti olduğunuz dövrdə də var idimi? Var idisə, niyə həyata keçirilmədi?
- Bu, bir az geniş məsələdir. Amma liqaların yaradılmasının, bölgələrdə komanda sayının çox olmasının Azərbaycan futboluna müsbət təsirini yaxın gələcəkdə görəcəyik. Niyə bizim vaxtımızda alınmadı? Çünki hər şeyin zamana ehtiyacı var. Görünür, bu vaxta qismət imiş. İstənilən halda, sevindirici məqamdır. Necə ki hamımız Qarabağımızın qayıtmasını arzulayırdıq. O da təsadüf etdi mənim işdən çıxmağıma (gülür). Əsas odur ki, gec də olsa, alındı. Premyer Liqada minimum 12-14 komanda olsa, daha müsbət nəticələr əldə ediləcək. Vaxtilə mən bölgələrdə futbolun olmasını tələb etmişdim. Məsələn, əvəzedicilərin çempionatının yaradılmasının əsas təşəbbüskarı biz olmuşuq. Şükürlər olsun ki, bunu bacardıq və nəticəsini də gördük. Bu çempionatın bəzi futbolçuların üzə çıxmasına böyük təsiri oldu. Düzdür, daha sonra maliyyə problemi səbəbindən I Divizionla əvəzedicilərin çempionatı birləşdirildi. Bu isə bizə çox mane oldu.

- Sizə futbolla rahat idi, yoxsa futbolsuz daha yaxşıdır?
- İndi daha rahatdır. Öz işlərimlə məşğul ola, ailə üzvlərimə vaxt ayıra bilirəm. Qohum-əqrəba ilə vaxtlı-vaxtında görüşmək olur. Amma futbol sahəsində çalışanda səhər saat 8-də gedib gecə 10-11-də gəlirdim.

- Bəs, PFL-in hazırkı işindən necə, razısınız?
- Hər şey əladır, şəxsən məni qane edir. Əvvəlkindən çox yaxşıdır.

Bu yay Azərbaycan futbolunda bəzi müsbət dəyişikliklər baş verdi. Onlardan biri Azərbaycan millisinin hücumçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transferi oldu. Bu keçidə münasibətinizi bilmək istərdim...
- Musanı uşaqlıqdan tanıyıram. Onun potensialına, prinsipiallığına, tərbiyəsinə bələdəm. Düşünürəm ki, getmək üçün əsl vaxt idi. Hətta bəzən Qurban müəllim ona şans verməyəndə zəng vurub deyirdim ki, orada bizim bir tanış uşaq var, bəlkə onu oynadasınız. Gülürdü, deyirdi ki, Ramin müəllim, tələsməyin, hər şeyin vaxtı var. Allah utandırmasın, fəxrimizdir. Düşünürəm ki, başqa yerli futbolçular kimi yolunu yaxından salmayacaq, etimadı doğruldacaq. Uzun illər futbolda olmuşam, təcrübəm az deyil. Musa öz üzərində çalışan futbolçudur. Hamı haqlı olduğumu görəcək. İnanıram ki, İsveçdən də yaxşı liqalarda çıxış edəcək.

- İki il öncə Mahir Emrelinin Polşa "Legiya"sına keçidi də futbol ictimaiyyətini bu cür sevindirmişdi. Amma geridə qalan müddətdə Emreli daha çox futboldan kənar amillərlə gündəm oldu. Bu səbəbdən ölkə xaricində karyerası da hələlik istənilən kimi alınmır. Musa Qurbanlının da belə halla üzləşə biləcəyindən ehtiyat etmirsiniz?
- İdmanda bəxt, şans amili də böyük rol oynayır. Mahir Azərbaycanda özünü göstərə bilsə də, ölkə xaricində son vaxtlar bəxti gətirmədi. Amma hələ gec deyil, çünki gəncdir. Ümid edirəm ki, onun da bəxti gətirər. Qurban müəllimin tərbiyəsini alıbsa, düşünmürəm ki, bu yolda uduzsun.

- Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü rəsmən açılacaq və "Qarabağ" Çempionlar Liqasında mübarizəyə start verəcək. Ağdam təmsilçisindən bu mövsüm qitənin bir nömrəli klub turnirində nə gözləyirsiniz?
- "Qarabağ" ilk oyununu Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcək. Qurban Qurbanovun komandası səfər matçlarında daha yaxşı oynayır. Düşünürəm ki, bu dəfə də azarkeşləri sevindirəcəklər. Amma rəqibi zəif hesab etmək, ona yuxarıdan aşağı baxmaq düzgün deyil. Zəif olsaydılar, Çempionlar Liqasına düşməzdilər. Bəzən gözləmədiyin komandadan elə oyunlar görürsən ki, təəccüblənirsən. Rəqibə ciddi yanaşmasan, uduzacaqsan. İnanıram ki, "Qarabağ"ın məşqçilər heyəti və futbolçuları artıq bu yolları keçiblər. Fikrimcə, hər iki oyunda bizə sevinc bəxş edəcəklər. Sonrakı mərhələlərdə də uğurlar arzulayıram. Əsas odur ki, püşkatmada da bəxtimiz gətirsin.

- Bəs, "Sabah", "Neftçi" və "Qəbələ"nin avrokubok şanslarını necə qiymətləndirirsiniz?
- "Qəbələ"dən başlayım. Bu komandanın imkanları çox geniş olmasa da, Elmar Baxşıyevin göstərdiyi nəticələr bizi sevindirir. Çətin olsa da, II mərhələni keçəcəklərini düşünürəm. Bir az "Neftçi" ilə bağlı narahatlıq var. Döyüşə komandirsiz getmək olmaz. Görək, bunların komandiri kim olacaq. Hələ bəlli deyil.

- Əslində yeni baş məşqçi bəllidir. "Neftçi" rumıniyalı mütəxəssis Adrian Mutu ilə müqavilə bağlayıb...
- Çətin olacaq. Onun komandanı yığmağı, tanımağı vaxt alacaq. "Sabah"ın işi daha asan görünür. Çünki baş məşqçi Murad Musayev komandasına tam bələddir.

Yeri gəlmişkən, sizcə, bu təyinat "Neftçi" üçün nə vəd edir?
- Açığı, bunu sizdən eşitdim. İstərdim ki, yaxşı olsun. Çünki "Neftçi"də az da olsa, əməyimiz var. Uşaqlıqdan azarkeşlik etdiyimiz komandadır. Yaxşı olacağını hiss etmirəm. Belə bir məsəl var ki, hündür dağın dibi yaxın olur. Yaxın vaxtlarda hər şey bilinəcək. "Neftçi"nin Konfrans Liqasında ilk oyununa 15-20 gün vaxt qalıb. Baş məşqçi bu müddətdə komanda qurmalı, oyunçuları tanımalıdır. Çətin olacaq. Uğurlar arzu edirəm. Amma idmanda uğur hər zaman sənin tərəfində olmur. İdman dəqiqliyi, konkretliyi sevir. Bunu isə görmürəm. Bu gün "Sabah"la "Neftçi"ni müqayisə etmək olmaz. "Sabah" bir neçə addım öndədir.

Poliqon.info 


Etiket: Ramin Musayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Ən çox oxunanalar