Avropa İttifaqı Şurasının hüquq xidməti Rusiya Bankının bloklanmış aktivlərindən istifadə etməyə imkan verəcək mexanizm hazırlayır...
Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders bildirib ki, qurum Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpası üçün istifadə edilməsi imkanlarını müzakirə etməkdə davam edir.
Poliqon xəbər verir ki, Reyndersin sözlərinə görə, Avropada bloklanan Rusiya aktivlərinin məbləği 207 milyard avro təşkil edir:
“Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən Ukraynanın bərpasını maliyyələşdirmək üçün istifadə imkanlarını müzakirə edir".
Onun sözlərinə görə, Avropa Komissiyası bu yolla hər il 3 milyard avroya qədər vəsait alacağını gözləyir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrından Aİ Şurasının hüquq xidməti Rusiya Bankının bloklanmış aktivlərindən istifadə etməyə imkan verəcək mexanizm hazırlayır. Belçikanın baş naziri Alexander de Kroonun sözlərinə görə, "Euroclear" depozitari Belçikada yerləşdiyi üçün Rusiyanın dondurulmuş Avropa aktivlərinin 90%-i onun ölkəsində saxlanılır.
Estoniya artıq Ukraynaya kömək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə imkan verəcək hüquqi sxem hazırlayıb. Müxtəlif hesablamalara görə, hərbi əməliyyatların Ukraynaya vurduğu zərər 400-700 milyard dollar (365-640 milyard avro) səviyyəsində qiymətləndirilir.
Bloomberg-in məlumatına görə, Aİ aktivlərin tam müsadirəsi üçün hüquqi əsas tapmayıb. Bu arada, iyunun ortalarında Ukrayna prezidentinin iqtisadi müşaviri Oleq Ustenko bildirib ki, Ukrayna dövlət borcunu ödəmək üçün bloklanmış Rusiya aktivlərinin bir hissəsindən istifadə edə bilər.
Poliqon.info