Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Azərbaycandakı təhlükəli “yatmış agent”lərini necə zərərsizləşdirməli?

İranın Azərbaycana düşmən, Azərbaycanın düşməni erməniyə dost olduğu illərdir ki, ortadadır...

Tezliklə Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesinə başlanacaq. Bu barədə məlumatı ölkə.az saytı yayıb.

“Bununla bağlı hazırlıqlar çoxdan başlanmalı idi. Lakin onların ağıllarının başlarına gəlmələri gözlənilirdi. Görünür ki, bunu anlamadılar və bağışlanmalı olmayacaqlar. Proses yaxın 10 gün ərzində baş tutacaq”, – deyə mənbə bildirib.

Saytın yazdığına görə , bu yöndə geniş əməliyyat tədbirlərinin həyata keçiriləcəyi qeyd edilir. Bir çox yerli media orqanları həmin məlumata istinad edərək xəbəri tirajlayıblar.

Azərbaycanda İran agenturası deyiləndə kimlər nəzərdə tutulur? İranın Azərbaycanda agentura şəbəkəsinin və 5-ci kolonunun olması böyük əksəriyyətdə şübhə doğurmur. Amma kimin iran agenturasının üzvü olduğunu necə müəyyənləşdirəcəklər?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı ASTNA-nın suallarını cavablayıb.

– İlham bəy, İranın Azərbaycanda agentura şəbəkəsinin və 5-ci kolonunun olması böyük əksəriyyətdə şübhə doğurmur. Amma kimin İran agenturasının üzvü olduğunu necə müəyyənləşdirəcəklər? Ümumiyyətlə, Azərbaycanda İran agenturası deyiləndə kimlər nəzərdə tutulur?

– Əvvəlcə onu qeyd edim ki, “ İran agenturasına qarşı “təmizləmə” prosesi başlanacağı və yaxın 10 gün ərzində həyata keçəcəyi” barədə verilən məlumat qeyri-ciddi təsir bağışlayır. Başqa dövlətə işləyən agent vətən xainidir, onu həbs edirlər. Həbs isə “təmizləmə” sayılmır. Bu “ aç qapını gəlib səni öldürək” yanaşmasıdır. Casusa qarşı əməliyyatlar olduqca məxfi aparılır, bu əvvəlcədən elan olunmur. Sizcə, hansı casus 10 gün ərzində ona qarşı tədbir görüləcəyini bildikdə sakit oturub o anı gözləyəcək? Əgər kimsə sosial şəbəkələrdə açıq iranpərəst mövqe tutanların “təmizlənməsini” nəzərdə tutursa və bu məlumatı agentura şəbəkəsi arasında profilaktik tədbir kimi fikirləşirlərsə, yanlış düşünür. Bu, nə profilaktikadır, nə də agentlərin zərərsizləşdirilməsi.

Bəli, İran İslam Respublikası kəşfiyyat orqanlarının Azərbaycanda agentura şəbəkəsinin mövcudluğu məlumdur. Birbaşa sualınıza keçməzdən əvvəl İran xüsusi xidmət orqanlarının Azərbaycanda fəaliyyətinin bəzi spesifik tərəflərini diqqətə çatdırmaq istəyirəm. İranın Azərbaycanda bir çox istiqamətlərdə kəşfiyyat maraqları mövcuddur. Siyasi, siyasi-hərbi, ideoloji istiqamətlərdə İran Azərbaycanda geniş kəşfiyyat işləri görür. Müstəqilliyimizin ilk illərində erməni işğalı nəticəsində Azərbaycanda gərgin, sabit olmayan ictimai-siyasi vəziyyət, siyasi qüvvvələrin hakimiyyət uğrunda mübarizəsi İran xüsusi xidmət orqanlarına Azərbaycanda agentura şəbəkəsi yaratmaq üçün əlverişli şərait yaratmışdı və onlar bu vəziyyətdən istifadə edə bildilər. Xüsusilə, Əli Fəllahiyanın İran kəşfiyyatına rəhbərlik etdiyi 90-cı illərdə İslam inqilabını Azərbaycana ekspansiya etmək və dünyəvi dövlət qurluşunu şəriət dövləti ilə əvəz etmək məqsədilə İran istifadə edəcəyi açıq və məxfi şəbəkəni formalaşdırmağa müəyyən dərəcədə nail olub. Bunu zaman-zaman Azərbaycan İslam partiyasının, onun ayrı-ayrı nümayəndələrinin, Qumda təhsil alan gənclərin, hətta yüksək rütbəli zabitlərin və başqa sıravi vətəndaşlarımızın simasında Azərbaycanın dövlət maraqlarının əleyhinə fəaliyyət göstərdiklərinin şahidi olmuşuq, amma casusluq elə bir fəaliyyət formasıdır ki, onu aşkar etmək çox çətin prosesdir. O cümlədən İran casus şəbəkəsini də.

Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə əməliyyat şəraitinə nəzarəti kifayət dərəcədə uğurla həyata keçirib və İran agentura şəbəkəsinin bir çox üzvlərinin vətənə xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin, yuxarıda qeyd etdiyimiz kimi, zaman-zaman şahidi olmuşuq. Amma, İran kəşfiyyatının xarakterik xüsusiyyətlərindən biri “yatmış agent” prinsipidir. Bu şəbəkə daha təhlükəlidir. Onlar bu kateqoriya agentlərə casus fəaliyyətlə məşğul olmağı qadağan edir, yalnız “ Qiyamət günü” kod adı altında plana uyğun terror aksiyaları törətməkdən tutmuş, ideoloji, siyasi fəaliyyətə başlamaq üçün tapşırıq anını gözləməyi tapşırır. Azərbaycanda da elədir. Ona görə də dediyiniz kimi İran agentura şəbəkəsinin necə müəyyənləşəcəyi xüsusi xidmət orqanının işi, vəzifəsidir və hesab edirəm ki, buna nail olacağıq.

– Niyə indi yada düşür bu məsələ? Dediyimiz kimi, İran agenturasının bu vaxta qədər fəaliyyət göstərməsi heç kimdə şübhə doğurmurdu. Amma niyə məhz indi? Yəni İranın sərhəddə hərbi təlimlərindən və Azərbaycana qarşı səsləndirdiyi fikirlərdən sonra belə bir addım atmaq haqda düşünülür? Bu həmişə təhlükəli deyilmi?

– Casusluğun dünyanın ən qədim ikinci peşəsi hesab edildiyini nəzərə alsaq, qeyd etməliyik ki, kəşfiyyat və əks kəşfiyyat işi bütün dünya dövlətlərinin bel sütunlarından biri sayılır və hər bir dövlət maraqlarını daha çox bu istiqamətdə həyata keçirməyə çalışır. Qonşu olan dövlətlər isə bir-birinə qarşı daha geniş şəkildə bu istiqamətdə fəaliyyət göstərirlər. Xatırladım ki, ötən ilin payızında, onsuz da Vətən müharibəsindəki qələbəmizdən sonra İranla yaxşı olmayan münasibətlərimizdə xüsusi bir kriz yaranmışdı və bu zaman bəzi həbslər, bəzi qadağalar həyata keçirildi. Yəni, bəzən dövlətlərarası münasibətləri gərginləşdirməmək üçün konkret addımlar atılmaya bilir, amma kimin nə ilə, hansı həddə qədər fəaliyyəti nəzarətdə olur və yeri gələndə qarşı tərəfə cavab kimi verilir. Eyni zamanda Azərbaycan dövlət başçısının İranda Azərbaycan əleyhinə işləyən 20 Azərbaycan vətəndaşını təhvil verməyi İran rəhbərliyinə bildirməsi, Baş Prokurorun da daha 40 nəfərin adını İran kolleqasına çatdırması göstərir ki, bu işə dövlət orqanlarının nəzarəti kifayət dərəcədədir. İranın sərhəddə son hərbi təlimləri, ümumiyyətlə ölkəmizə qarşı olan aktiv fəaliyyət casus şəbəkəsini də hərəkətləndirir və hansısa təlimatların veriləcəyini gözləyirlər. Amma, şiə məzhəbçiliyi əsasında agentura şəbəkəsinə daxil olmayan iranpərəst bir kütlə də mövcuddur ki, açıq şəkildə fəaliyyət göstərirlər və bunu islam bayrağı altında aparırlar. Sosial şəbəkələrdə, şəhidlərin dəfnində, sosial narazılığı bəhanə gətirib guya ədalətli dövlət qurmağın “ Kərimə dövləti” yaradılmasından keçdiyini söyləyənlərin çıxışlarında bunu görürük. Bu zümrə İranın açıq etiraz elektoratıdır, məxfi “yatmış agentlər” isə terrora, diversiyalara, digər təxribatlara hazırlanıb.

Azərbaycanda bu təcrübə də var ki, kimdən xoşları gəlmir həmin şəxsi və ya şəxsləri “sən başqa dövlətə işləyirsən”, “sən vətən xainisən”- deyib, ittiham edərək həbsə atırlar. “Nurçu ovu” prosesində biz şahidi olduq ki, müxalifət nümayəndələrindən bir neçəsini həmin ittihamla həbs etmişdilər. 2013—2014- cü illərdə hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı səlib yürüyüşünü hakimiyyətyönlü media Qərbin 5-ci kolonuna qarşı “təmizləmə” adı ilə təqdim edirdi. Eyni zamanda Nardaran əməliyyatında xeyli adamı İrana işləmək adı ilə həbs etdilər. Amma həmin adamların əksəriyyətinin İrana işləməsi hələ də şübhə altındadır. İndi hardan zəmanət var ki, hakimiyyət yenə də İran agenturası adı altında fərqli fikirli, İranla əlaqəsi olmayan adamları həbs etməyəcək?

– 2013-2014-cü illərdə Eldar Mahmudovun rəhbərlik etdiyi MTN çox cinayətlər törədib, o cümlədən Siz deyən kimi “vətən xaini” adı ilə həbs etmələrlə də. “Nurçu ovu” isə bildiyiniz kimi Türkiyədən başladı və nurçuların Azərbaycanda fəaliyyətinin dayandırılması Türkiyə ilə birgə atılan siyasi addımlar kimi dəyərləndirilməlidir. Və “nurçu “kimi yalnız müxaliflər deyil, iqtidar nümayəndələri də cəzalandırıldı. Həbs olunmasalar da, vəzifədən çıxarıldılar, biznes fəaliyyətlərinə son qoydular. Nardaranda isə peşəkarlıq baxımından əməliyyat qüsurlu olsa da, mahiyyətində dəyişiklik yoxdu. Yəni həbs olunanların İranla məxfi əlaqələri şübhə doğurmur və Azərbaycanda şəriət dövləti qurmaq istiqamətində hansı göstərişləri yerinə yetirdikləri, din bayrağ altında Azərbaycanın müstəqilliyinə son vermək niyyətləri olduğu sübut olunub. İran kəşfiyyatının tapşırığı ilə şübhə doğurmamaq üçün həmin şəxslərin Azərbaycan bayrağı altında tədbir keçirmələri isə iz azdırmaqdan başqa bir şey deyildi. Hakimiyyətin zaman-zaman qanunsuz həbslər etdiyi məlumdur. Narkotik maddədən istifadə, qanunsuz silah saxlama adı altında siyasilərin həbsinin şahidi olmuşuq. Amma, nəzərə alın ki, başqa dövlətə işləmək adı altında cinayət məsuliyyətinə cəlb etmək, ittiham irəli sürmək cibə narkotika və ya silah qoymaq kimi asan deyil. Birincisi, burada qarşı tərəf başqa bir ölkədir, ikincisi konkret əməl olmadan uydurma casusluq yaratmaq çətin məsələdir.

-“Qurunun oduna yaşı yandırmamaq” üçün nə etmək lazımdır?

-İranın Azərbaycana düşmən, Azərbaycanın düşməni erməniyə dost olduğu illərdir ki, ortadadır. Məncə indiyədək Azərbaycan siyasi müxalifəti İrana işləməkdə suçlanmayıb. Qərbə işləməkdə müxalifətə qarşı tez-tez ittihamlar səslənib, amma İran istisnadır, çünki İranın özü Azərbaycanın həqiqi siyasi müxalifətini Qərbpərəst olmaqda ittiham edir və bu qüvvələri qəbul etmirlər. İran casus şəbəkəsində “yaş” yoxdur, yalnız “quru” olanlar var.

– Dövləti hansısa dövlətin, o cümlədən İranın agentura şəbəkələrinin təsirindən, təxribatlarından qorumaq üçün hansı addımlar atılmalıdır?

– Xarici xüsusi xidmət orqanlarının agentura şəbəkəsində “təsir agentləri” də olur. Bu, müəyyən səlahiyyət sahibləri və ya imkanlı şəxslər ola bilər. İran agentura şəbəkəsinin ən böyük təsir vasitəsi vəzifəli şəxslər deyil. İslam, konkret olaraq şiə məzhəbçiliyi bayrağı altında insanların inanclarından sui-istifadə edərək kütlələrə təsir etmək İran kəşfiyyatının ən böyük təsir vasitəsidir. Əgər başqa dövlətlər, məsələn Rusiya daha çox təsir dairəsində olan şəxslərin vəzifəcə irəli çəkilməsi xəttini əsas götürürsə, İran cəmiyyət üçün həssas olan din mövzusundan yararlanmaq istəyir. Ona görə də qeyd etdiyiniz “təsir və təxribatlar”la mübarizə fərqli metodlarla aparılmalıdır. İranın dini əsasla təsir etməsinə qarşı ən yaxşı mübarizə bu ölkənin müsəlman Azərbaycana düşmən olduğunu, Ermənistan və erməni dostu olduğunu konkret faktlarla hər gün cəmiyyətin nəzərinə çatdırılmasıdır. Başqa tədbirlər də görülməli, molla rejiminin Azərbaycana və azərbaycanlılara düşmən kəsildiyi bizim təbliğat işimiz olmalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Ən çox oxunanalar