Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Vladimir və Ukrayna problemi

Böyük çöküşdən 30 il sonra qisas layihəsinin sahibi öz nailiyyətlərini hesablayır. Mövcud vəziyyət onu narahat etmir. Onu tarixdəki yeri maraqlandırır. O, görəsən, I Pyotr və II Yekatrina ilə eyni səhifədə yer alacaqmı? Əgər axirətdə görüşə bilsələr, Stalindən nələr eşidəcək?...

Gassan Sherbil
“Şarkul Avsat” qəzeti, 20 dekabr 2021-ci il

Məsələ təkcə Ukrayna deyil. Vəziyyət bundan da təhlükəlidir. Rusiya lazımi vaxtda hesablarını bağlamalıdır. Bunun üçün döngələrdə təhlükəli gedişlərin öhdəsindən gələ bilən görkəmli bir lider lazımdır. Söhbət sırf Ukraynadan da getmir. Söhbət həm də köhnə Avropanın Rusiyanı cilovlamaq arzusundan gedir. Bu, silahların qorxular, maraqlar və rol ambisiyaları ilə iç-içə olduğu sivil və mədəni bir rəqabətdir.

Ukrayna coğrafiyanın lənətinə tuş gələn ölkədir. Xalqın arasında rus çöllərini geridə qoyub, Avropa bağına qovuşmaq arzusunda olanlar da var. Bu insanlar arasında iki ölkənin “iki dövlət, bir xalq” şəklində ortaq taleyi paylaşdığını düşünənlər də var. Coğrafiya əbədi bir zülmdür. Ukrayna da bunu dünyanın bir çox ölkəsi kimi yaxşı bilir.

Digər tərəfdən, məsələ həm də Bayden Əfqanıstanı tərk etdikdən sonra zəifləyən ABŞ-ın imicini sarsıtmaq üçün yaranan fürsətdən istifadə etməkdən gedir. Çin təhdidi ilə məşgul olan ABŞ-ı çətin bir sınaqdan keçirmək üçün fürsət yaranıb. Vaşinqton Ukrayna üçün qlobal müharibəyə başlamağa risk etməyəcək. Qərbdən gələn bütün təhdidlərdə bildirilir ki, Rusiya qüvvələri Ukraynaya soxularsa, bunun ağır nəticələri olacaq. Bu nəticələr iqtisadi və diplomatik sanksiyalar deməkdir.

Rus çarı Ukraynanı işğal etməkdənsə, içəridən məhv etmək ehtimalının daha çox olmasına baxmayaraq, yenə də qorxur. Bu Qərb liderlərini və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) generallarını qəzəbləndirir. Putin qoşunlarını sərhədə yığmaqla qorxu yaradır. Sonra ciddi şərtlər təklif edir. Sanki NATO ölkələrini Sovet İttifaqı dağılandan sonra əldə etdikləri qazanclardan məhrum etmək istəyir. O, həm də bu ölkələrdən xahiş edir ki, Rusiyanın dişlərinin artıq qoparıldığını düşünərək piyadalarını əvvəlki yerinə qaytarsınlar.

Oyun əvvəlki kimi cəlbedici deyil. Təkrarlanan qələbələr bayram ab-havasını pozur. Təhlükənin yox olması həyəcanı artırır. Putin üçünsə bu geniş bölgədə qorxacaq rəqib və ya narahat tərəfdaş yoxdur. Bu, onun üçün oyuna tək gedib kubokla geri qayıtmaq kimidir.

Putinə görə bütün hallarda oyun nəzarət altındadır və sürprizlər üçün qapı möhkəm bağlıdır. Rusiyada heç kim onun iradəsinə etiraz etməyə cürət etmir. Bütün başlar tərəddüd etmədən əyilir: nazirlər, nümayəndələr, qubernatorlar, ordenli generallar və idarələrin, təşkilat və şirkətlərin baronları...

Xəbərlərdə də heç kim hədələyici və ya üsyankar şəkildə barmağını yelləmir. Media onun yaratdığı damın altında yaşayır. Eyni şeyi sosial media alətləri haqqında da demək olar. Dişləri və dırnaqları qoparılmış bir müxalifət var. Rusiyada müxalifət qərbliləri və insan haqları ilə məşğul olan qurumları sevindirmək üçün bir bəzək kimidir. Rəhbər qeyd-şərtsiz bir lider olduqda, o, öz vəzifəsini idarə etmək üçün təvazökarlıqla konstitusiyanı da dəyişə bilir.

Kimsə Kremlə girməyi və onu əvəz etməyi xəyal etməyə belə cürət edə bilmir. Çünki burada oturacaq şəxsin nə qədər müddət qalacağı öncədən bəllidir. Konstitutsiya sadəcə olaraq rəhbərin kölgəsində qalan formallıqlardır. Rəqib bu rus çarını ram edə və ya onun irəliləyişini dayandıra bilməz. 70 yaşına çatmış rus çarının vəsiyyətinə boyun əyməyən yeganə qüvvə vətəndaşdır.

İlin son 10 günü ağır və önəmlidir. 30 il əvvəl də ilin son həftəsində vəziyyət belə idi. Həmin həftə Mixail Qorbaçov yox oldu, onunla birlikdə Sovet İttifaqı da məhv oldu. Boris Yeltsinin və digər iki respublika liderlərinin ittifaqın dağılmasında öz imzaları var idi. Həmin vaxt Putinin diliylə desək, “21-ci əsrin ən böyük geosiyasi fəlakəti” baş verdi və Sovet İttifaqı bayrağı altında olan tarixi Rusiya məğlub oldu.

Rus çarı bəzən ağır fikirlərə qərq olur. Sanki, qoca Qorbaçova zəng vurur və ondan böyük süquta görə Sovet İttifaqı vətəndaşlarından açıq şəkildə üzr istəməsini xahiş edir.

Berlin divarı yıxıldığı zaman Vladimir Putin orada idi. O, hadisədən əvvəl mənsub olduğu Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) yatmadığını düşünürdü. O, Sovet İttifaqının yaşamaq üçün deyil, qalib gəlmək üçün doğulduğuna inanırdı. Şərqi Avropada “yoldaşlar” illərlə dostluğa xəyanət etdilər. Onlar “Varşava müqaviləsi”nə də xəyanət etdilər. Sovet qatarından tullanaraq Qərb xəyalına düşdülər. Sovet respublikaları da xəyanət etdilər. Yoldaşlar əllərini Lenin partiyasından çəkdilər. Onlar təhlükəsizlik orqanları ilə münasibətlərə silinməz bir utanc ləkəsi kimi baxırdılar.

Qərbi Almaniya Moskvanın Şərqi Almaniyadan imtina etməsi müqabilində yardım göndərdi. Sənaye ölkələri Rusiyaya kömək etməyə hazır olduqlarını bildirdilər, lakin islahat şərtləri də qoydular. Rusiya rublu da eynən ölkə kimi çökdü. Qırmızı Ordu zabitləri geyimlərini və medallarını bir dollardan aşağı qiymətə satdılar. Ən ağrılısı isə Rusiya, Ukrayna və Belarusun daxil olduğu Slavyan blokunun parçalanması oldu.

Putin bundan əvvəl Ukrayna və Gürcüstanın bəzi hissələrini qopararaq onları cəzalandırmışdı. Krımın ilhaqından sonra Putin yaddaşlardan silinmədi. İndiki oyun Qərbi Rusiyanın iqtisadi, sosial və kommersiya məkanının ona qayıtdığını qəbul etməyə məcbur buraxmaqdır. Qərb söz verməlidir ki, onun hərbi mövcudluğu Rusiya sərhədləri boyunca olmayacaq. Bu, həm Ukraynaya, həm onun bütün qonşularına, həm də Qərbə bir mesajdır.

Rus çarı rəqabət meydanını genişləndirdi. Ukrayna, Suriya və birdən çox Afrika ölkəsinin ərazisi indi bu meydana daxildir. Meydanda Rusiya ordusu, ekspertlər və ya “Vaqner Qrupu” var. Böyük çöküşdən 30 il sonra qisas layihəsinin sahibi öz nailiyyətlərini hesablayır. Mövcud vəziyyət onu narahat etmir. Onu tarixdəki yeri maraqlandırır. O, görəsən, I Pyotr və II Yekatrina ilə eyni səhifədə yer alacaqmı? Əgər axirətdə görüşə bilsələr, Stalindən nələr eşidəcək?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır?

Ən çox oxunanalar