Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quraqlıq oldu, su çatışmadı, amma qazanc olacaq...

Azərbaycanda pambıq yığımı mövsümü davam edir. Sentyabr yığım üçün əlverişli dövr olmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrın 1-dək pambıq zavodlarına 45,3 min ton xam pambıq təhvil verilib. Kənd təsərrüfatına cavabdeh rəsmilər bunun səbəbini izah etməsələr də mütəxəssislər sentyabr ayının nisbətən isti və quraq keçməsinə diqqəti cəlb edirlər.

Yyığımla bağlı son bir ayın nəticələri hələlik açıqlanmayıb. Amma quraqlıq və suvarma problemi səbəbindən bəzi bölgələrdə məhsuldarlıq aşağı düşüb, istehsalla bağlı gözləntilər özünü doğrultmayıb. Bir yandan da havaların yağıntılı keçməsi pambıq yığımını bir neçə gün gecikdirib. Fermerlər deyirlər ki, yığım dekabrın birinci yarısınadək davam edə bilər, hansı ki, belə vəziyyətlə bir neçə il əvvəl də qarşılaşıblar.

Sabirabadlı fermer: “Məhsuldarlıq 33-34 sentnerdən 26,5-ə düşüb”

Sabirabadlı fermer Sabit Xancanov deyir ki,  bu mövsümdə onun pambıq sahəsində  məhsuldarlıq aşağı düşüb.  “Ötən ilin bu dövründə məhsuldarlıq 33-34 sentner idi, bu il isə ən yaxşı halda 26,5 sentnerə yaxındır. Hava quraqlıq keçdi, suvarmada gecikmələr oldu. Payızdır, amma gecələr hava hələ də isti olur. Hava imkan vermir ki, pambıq tam yetişsin. Bir tərəfdən də yağışlar imkan vermədi, 5 gün hava yağıntılı oldu. Yağışdan sonra gözləməlisən ki, pambıq qurusun”, - fermer bildirir.

S. Xancanovun sözlərinə görə, yığım dekabrın sonunadək çəkə bilər. Bu isə məhsulun keyfiyyətinə təsir göstərir: “Ötən ilin bu dövründə hava şəraiti əlverişli idi, qozalar açmışdı, biz yığımı yekunlaşdırmışdıq. Bu il hələ yığılmamış yerlər çoxdur.  Vaxt uzandıqca pambığın keyfiyyəti aşağı düşür, nəmlik artır. Qiymət isə sorta görə dəyişir”.

Fermer əlavə edib ki, indiki  mövsümdə pambığın becərilməsi üçün xərclər də hər hektara təxminən 250 manatadək artıb. İndi bir hektar sahədə pambıq əkini və becərilməsi 1400 manata başa gəlir: “Pambıqçılıqda satış problemi yoxdur, məhsulu zavoda təhvil verən kimi hesablayıb pulunu ödəyirlər. Çətinliklərə baxmayaraq hesab edirəm ki,  fermerlər mövsümü ziyanla başa vurmayacaqlar, sadəcə olaraq, ötənilki kimi qazancımız olmayacaq”.

 Kürün səviyyəsi azaldı, suvarma gecikdi

 Azərbaycanda pambıq yığımına mənfi təsir edən amillər arasında qlobal iqlim dəyişikliyinin təzahürləri də yer alır. Məsələn, Kür çayında suyun səviyyəsinin ciddi ölçüdə azalması suvarma suyu ilə bağlı problemləri qəlizləşdirib.

Sabirabadın Qasımbəyli kəndindən olan fermer Cəmil Məmmədov isə 7 hektar sahədə pambıq əkib. Məmmədov deyib ki, hazırda sahələrdə iş gedir, hava şəraiti yığım üçün əlverişlidir. Məhsuldarlıq isə təxminən 20 sentnerə yaxındır.

“Məhsuldarlıq ötən il təxminən 30 sentnerə yaxın idi, bu il hava şəraitindən asılı olaraq azaldı. Kürün səviyyəsinin aşağı düşməsi  səbəbindən suvarılma gecikdi, quraqlığa görə xəstəlik də oldu. Buna görə gözləntilər yüksək deyil”,- fermer deyir.

Onun sözlərinə görə, pambıqçılıq kənd təsərrüfatının digər sahələrindən daha çox gəlir gətirir. Onların kəndlərindən fərqli olaraq Sabirabadın məhsuldar torpaqlarında builki mövsümdə də məhsuldarlıq 45 sentnerdən yüksəkdir: “Məhsuldarlıq 20 sentnerə çatırsa, qazanc pis olmur, xərci borcun ödəyir. Sabirabadın digər ərazilərində yüksək nəticələr var, fermerlər yaxşı qazanc əldə edə biləcəklər”.

“Əmək” ordenli fermer: “Xərci borcun ödəyir, qazancımız da yaxşıdır”

Azərbaycanın digər pambıqçılıq bölgəsi olan Ağcabədidə də fermerlər quraqlıqdan və suvarma problemlərindən gileylənirlər.  Rayonun Yeni Qaradolaq kənd sakini Tofiq İsmayılov hələ sovetlər dönəmindən pambıqçılıqla məşğuldur. Onun sözlərinə görə, ötən il  hər hektardan orta hesabla 60,8 sentner məhsul götürüb, bu il isə məhsuldarlıq 51 sentnerdən yüksəkdir: “Bu il 34 hektarda pambıq əkdik, nəticələr də yaxşıdır. Sadəcə olaraq, hava şəraiti pambıq üçün əlverişli olmadı, quraqlıq keçdi, kanalda su qurudu. Vaxtında suvara bilmədik, gecikmələr məhsuldarlığa təsir etdi. Buna baxmayaraq, çətinliyimiz yoxdur”.

Fermer deyir ki, pambıqçılığa maraq ildən-ilə artır. Çünki pambığın bazarı var, fermer məhsul satmaq üçün bazar gəzmir. Dövlət tərəfindən subsidiya verilir, güzəştlər edilir: “Fermerlər bilməlidirlər ki, məhsuldarlıq təkcə hava şəraitindən asılı olmur, yüksək məhsuldarlığa nail olmaq üçün şum, arat, mala, gübrələmə, suvarma, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir”.

T.İsmayılov qeyd edib ki, uzun illər yaxşı nəticələr əldə edə bildiyi üçün prezident İlham Əliyev tərəfindən “Əmək” ordeni ilə təltif olunub.

Suvarma problemləri olmasaydı...

Ağcabədili digər fermer Asim Bağırov isə bildirib ki, onun sahəsində məhsuldarlıq 50 sentnerdən yuxarıdır, suvarma problemi olmasa, Ağcabədi məhsuldarlığa görə digər rayonları üstələyər. Fermer “Bəyaz Altun” sortu əkib, bu il yaxşı qazanacağına inanır. Onun sözlərinə görə, yeni sortlar və texnologiyalarla yüksək məhsuldarlığa nail olmaq mümkündür.

Saatlıdan olan fermer isə deyib ki, xərclər artıb. Məsələn, kombaynla yığım 110 manatdan 150 manata, pambıqarası becərmə 14 manatdan 18 manata, işçi haqqı 10 manatdan 15 manata qədər yüksəlib: “Təxminən hər hektardan yığılan  25 sentner pambıq əkin və becərmə xərclərini ödəyir, bundan yuxarısı qazancdır. Saatlıda ziyana düşənlər olmayacaq, ən pis halda xərci borcun ödəyəcək”.

Qeyd edək ki, bu il 17 rayonunda 100 min hektara yaxın ərazidə pambıq əkilib. Sentyabrda hər hektardan orta məhsuldarlıq 14,4 sentner olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 sentner azdır.

Ekspert Cəfər İbrahimli isə virtualaz.org-a bildirib ki, müxtəlif amillərin təsiri ilə ötən ilin rekordunun təkrarlanmasının cətin olacağı təxmin edilir. Cari ildə suvarma problemlərinin mövcudluğu, əsasən ölkəyə xaricdən gətirilən pestisidlərin ziyanvericilərə qarşı təsirinin zəif olması və pambıqçılıq üçün uyğun olmayan dəyişkən hava şəraitinin məhsuldarlığa mənfi təsir göstərəcəyi gözlənilir. Vegetasiya dövrünün uzanması fonunla yığımın gec aparılması da öz növbəsində itkilərə səbəb olması məhsuldarlığa mənfi təsir edən diğər bir amil ola bilər.

“Məlumdur ki, pambıq, ölkədə yüngül sənayenin inkişafına və qeyri-neft sektorunun ən yüksək ixrac potensialına sahib olan məhsuldur. Son illərdə pambıqçılıq proitet sahə elan olunub və bu məhsula həm yüksək torpaq sübsidiyası ilə bərabər məhsul subsidiyasının verilməsi ilə fermerlərin bu sahəyə  marağı artıb. Təchizatçı şirkətlərin aqrotexniki qulluq zamanı fermerlərə olan texniki təminat dəstəyi sahənin inkişafına dəstək olub”, - ekspert deyib.

Həmsöhbətimiz əlavə edib ki, ötən ildə hər hektardan ortalama 32 sentiner məhsul alınaraq ölkənin rekord göstəricisi əldə olunub. Hazırda bəzi bölgələrdə yığım başa çatmaq üzrədir və məhsuldarlıq yüksəkdir.

Qeyd edək ki, pambıqçılıq Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafının əsas istiqamətlərindən biri kimi müəyyən edilib və son illər dövlət bu sahəyə ciddi diqqət yetirməyə başlayıb. Pambıqçılığın inkişafı eyni zamanda bölgələrdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün də mühüm əhəmiyyət kəsb etməkdədir.

Ü.Xudiyeva (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Ən çox oxunanalar