Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycana qarşı “4 şərt” irəli sürdü - Yenə müharibə?..

Yeni status-kvoya görə Yeravanın mövqeyində dəyişiklik olmazsa, Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlaması ehtimalı var?..

Politoloq: “İndi Qarabağ münaqişəsi ilə bağlı üç tərəf var. Bu tərəflər Rusiya-Türkiyə, qalib tərəf kimi isə Azərbaycandır. Hesab edirəm ki, bu məsələ yalnız bu “üçlük” çərçivəsində həll olunacaq”.

“Yaxın 10 il ərzində Ermənistan ordusu özünə gəlməyəcək. Sınıq-salxaq, ciddi təchizatı olmayan Ermənistan ordusunun cəbhədə Azərbaycan ordusu ilə üz-üzə gəlməsi ciddi qəbul olunmayacaq”.

Bu sözləri politoloq Natiq Cəfərli Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın Azərbaycana qarşı “4 şərt” irəli sürməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan 10 noyabr razılaşmasının Qarabağ konfliktinin “son və uzunmüddətli” həllini əhatə etmədiyini deyib. O, ATƏT XİN başçıları şurasının iclasındakı çıxışında Qarabağ konfliktinin həlli və regional sülh üçün “4 şərt” səsləndirib.

Bildirib ki, Qarabağ konfliktinin həlli yalnız xalqların öz müqəddəratını müəyyənləşdirməsi prinsipi və “Artsax xalqının” təhlükəsizliyi ilə mümkündür: “Ərazinin işğaldan azad edilməsi, erməni qaçqınların təhlükəsiz halda geri qayıtması təmin edilməlidir, Azərbaycanın nəzarətində olan erməni mədəni-dini abidələrinin qorunması vacib şərtdir və danışıqlar yalnız Minsk Qrupu formatında aparılmalıdır. Çünki yalnız bu format münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq mandata sahibdir”.

Ayvazyanın Erməniatan adından irəli sürdüyü şərtlərin içində “Ərazinin işğaldan azad edilməsi” bəndinin olması nə qədər gülünc görünsə də, bir o qədədr də onu göstərməkdədir ki, Ermənistan danışıqlar masasına hələ də müharibədən irəlü sürdüyü şərtlərlə oturmaq istəyir və bunu da Qərbin əli ilə reallaşdırmağa çalışır.

Ağır məğlubiyyətdən sonra Ermənistanın mövqeyindəki dəyişməzliyi nəylə əlaqələndirmək olar və hazırkı vəziyyətdə Yeravanının bu ritorikasının Qarabağda gedən prosseslərə təsiri ola bilərmi? Həmçinin Ermənistanın mövqeyində dəyişiklik olmazsa, Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlamasına ehtimal var?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə də Dağlıq Qarabağ meşələrində hələ də erməni terrorçuları mövcuddur. Onlar hələ də Azərbaycan əsgərlərinə güllə atırlar”.

Ermənistanın yenidən şərt dilində danışmasının arxasında Azərbaycanın Şuşanı işğaldan azad edəndən sonra üçtərəfli bəyanata imza ataraq hücumu dayandırmasının olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, əgər Azərbaycan müharibəni bir neçə gün də davam etdirə bilsəydi, bu gün Ermənistanın belə siyasi ritorikaları ilə qarşılaşmazdı:

“Düşünürəm ki, burada əsas iki məqsəd var. Birincisi Paşinyan höküməti mövcud siyasi böhrandan çıxmaq üçün ən azından erməni ictimaiyyətinin eşitmək istədiyi sözləri daha çox beynəlxalq arenada səsləndirirlər. Amma bu da Paşinyan üçün çıxış yolu deyil. Çünki sabah masada tamam başqa şeyləri çüzakirə edəndə, bu populizmi yenidən onun probleminə çevriləcək.

Digər tərəfdən düşünürəm ki, Ayvazyanın bəyanatları beynəlxalq arenada ciddi qəbul olunacaq məsələ deyil. Çünki Ermənistan hərbi sahədə acınacaqlı məğlubiyyətə düçar olub, noyabrın 10-da ağır kapitulyasiya şərtlərinə imza atan bir hökumətin bu cür şərt qoymaq məsələsi beynəlxalq arenada, siyasi çevrədə heç vaxt ciddi qəbul olunmaz, oluna bilməz. Buna görə də məğlub dövlətin əlavə “4 şərt” qoyması gülüş doğurduğu qədər də absurddur. Bir daha qeyd edirəm ki, bu daha çox Ermənistanın daxili auditoriyasına hesablanmış bir açıqlamadır.

İkincisi isə Ermənistan xristian dünyasının diqqətini yenidən bu məsələyə cəlb etməklə dolayısı ilə həm Azərbaycana, həm də Türkiyəyə təzyiq etmək istəyir. Ancaq düşünürəm ki, artıq qatar çoxdan yola düşüb. Ermənistanın bu qatara çata bilmə ehtimal isə sıfıra bərabərdir. Çünki indi Qarabağ münaqişəsi ilə bağlı üç tərəf var. Bu tərəflər Rusiya-Türkiyə, qalib tərəf kimi isə Azərbaycandır. Hesab edirəm ki, bu məsələ yalnız bu “üçlük” çərçivəsində həll olunacaq. Hətta Qarabağda yaşayacaq erməni əhalisinin məsələdə iştirakı da o qədər önəmli deyil.

Ara Ayvazyanın bu cür absurd açıqlamalar verməsi yeni xarici işlər naziri kimi onun imicinə o qədər də rəğbət qazandırmayacaq. Çünki dünya praktikasında da məğlub olan dövlət heç bir şərtlə çıxış etmir. Əksin olaraq məğlub dövlət şərtləri qəbul edən tərəf kimi çıxış edir.

Natiq Miri: “Məğlub dövlətin əlavə “4 şərt” qoyması gülüş doğurduğu qədər də absurddur”.

Bu məsələnin başqa bir tərəfində Azərbaycanın Şuşanı işğaldan azad edəndən sonra bəyanata imza ataraq dayanması dayanır. Əgər Azərbaycan bütün deyilənlərə və təzyiqlərə rəğmən müharibəni bir neçə gün də davam etdirə bilsəydi, bu gün Ermənistanın belə siyasi ritorikaları ilə qarşılaşmazdı. Hər bir halda düşünürəm ki, Ara Ayvazyanın bu açıqlamasını ciddi qəbul etmək lazım deyil.

Yaxın 10 il ərzində Ermənistan ordusu özünə gəlməyəcək. Sınıq-salxaq, ciddi təchizatı olmayan Ermənistan ordusunun cəbhədə Azərbaycan ordusu ilə üz-üzə gəlməsi ciddi qəbul olunmayacaq. Çünki Azərbaycan ordusu nəyə məxsus olduğunu bütün dünyaya göstərdi. Ordumuzun hansı fədakarlıq naminə verilən əmrləri yerinə yetirmək gücünə və qüdrətinə malik olduğu da göründü. Bunun fonunda gülünc Ermənistan rəhbərliyinin və zəif Ermənistan ordusunun guya gələcək perspektivdə nəyəsə qabil olacaqları iddiası dünyada heç bir dövlət tərəfindən ciddi qəbul olunmaz.

Bu gün Ermənistan cəmiyyəti pərən-pərəndir. Həmçinin də Ermənistan gəncliyini bu gün zorla da olsa, cəbhəyə, döyüşə gətirmək olmaz. Buna görə də Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı sıfıra bərabərdir.

Amma Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə də Dağlıq Qarabağ meşələrində hələ də erməni terrorçuları mövcuddur. Onlar hələ də Azərbaycan əsgərlərinə güllə atırlar. Bu məsələ təcili həllini tapmalıdır. Çünki bu məsələnin həlli ilə bağlı Rusiya tərəfi sülhməramlı olaraq üzərinə öhdəlik götürüb. Düşünürəm ki, bu məsələ həm Rusiya ordusunun, həm də Qarabağa gələcək qardaş Türkiyə ordusunun məsuliyyətində olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar