Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda rus dili təhsilinə ayrılan 100 milyon manat - Lazımdır?...

Təhsil üzrə ekspert: “Əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir”

“İndi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov Azərbaycan büdcəsindən rus dili təhsilinə ayrılan 100 milyon manat civarında vəsaiti PİA.az-a şərh edərkən qeyd edib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, 16 məktəbdə dərslər yalnız rus dilində keçirilir.

“Müqayisə üçün qeyd edim ki, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Belə ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onlardan 9 faizi və ya 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda ibtidai məktəblərin rus bölməsinin 1-ci sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir.

2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,1 faiz təşkil edir. Bu il ərzində ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənəcək.

Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 7,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manatlıq büdcə vəsaitinin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir,” o qeyd edib.

Qubad İbadoğlu hesab edir ki, müstəqil ölkənin başqa bir dövlətin dilinin inkişafı üçün cari ilin büdcəsindən 100 milyon manata qədər vəsait ayırması hər bir şəxsi narahat etməlidir.

Bu qədər böyük bir məbləği Azərbaycan dilində təhsilin inkişafına yönləndirmək daha doğru olmazdımı? Nəyə görə rus dilinin tədrisi digər xarici dillər kimi aparılmır və bu öncəlik bizim milli təhlükəsizliyimiz üçün hər hansı təhlükə yaradırmı?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir”.

Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinin lazım olduğunu vurğulayan təhsil üzrə ekspert bildirib ki, həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməlidir. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər:

“İlk növbədə qeyd edim ki, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir.

Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur.

Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar.

Bir faktı deyim ki, hal-hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32% —i deməkdir.

Kamran Əsədov: “Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin?”.

Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir. Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfü insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir.

Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyəyə çevirməyə ehtiyac yoxdur.

İlk öncə öz rəyimi bildirəcəm. Son 70 ildə rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahatdır, nəinki Azərbaycan dilində. Azərbaycanın təhsil sitemində sovet dönəmindən qalma tendensiyalara hələ də çox güclüdür və təhsil sistemimizdə rus dilinin oynadıǧı o zamanda rol böyük idi, indi də bu tendensiya qorunmaqdadır. Azərbaycan cəmiyyətində formalaşan ənənlərə əsasən nəyə isə nail olmaq üçün varlı qohumun, yaxud da qabiliyyətin yoxdursa, gərək rusca səlis danışasan.

Kamran Əsədov: “Qazaxıstan da qazax dilində tam təhsilə keçib. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar”.

Hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər de onun üçün yaxşıdır. O ki, qaldı rus dilinə, gəlin yaddan çıxartmayaq ki, dünyanın quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar.Bu dildə həddindən artıq informsiyalar var. Bu bizim üçün böyük bir informasiya məkanıdır və bunun nəyi pisdir ki?

Düzdür, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar.

Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa, yarımçıq bilgilər üçün yarayır.

Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar