Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq"

"Şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq istəyirlər"

"Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq".

Bu fikri “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov müsahibəsində səsləndirib.

Müsahibəsini təqdim edirik:

- Bayram müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcüd vəziyyəti necə dəyərləndirirsiniz? Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllinə yanaşması haqda fikirlərinizi bilmək istərdik...

- Uzun müddətdir ki, Ermənistanda daxili vəziyyət gərgindir. Bilirsiniz ki, Sarkisyan rejimi cinayətkar bir rejim idi və bu rejim erməni xalqını, yəni sadə erməniləri səfalət içərisində saxlayırdı. Bu səbəbdən də, erməni xalqı ayağa qalxaraq Serj Sarkisyanı devirdi. İndiki hakimiyyət də bu proseslərin fonunda, küçə mitinqləri, etiraz aksiyaları nəticəsində iqtidara gəldi. Hakimiyyətin dəyişməsi isə hələ ki, Dağlıq Qarabağ probleminin həlli prosesinə heç bir təsir etməyib. Hələ ki, Ermənstanın başı daxili vəziyyətə qarışıb, parlament seçkilərinə hazılıq gedir. Baş nazir Nikol Paşinyan da vəzifəsindən istefa verib.

Bu ilin əvvəlində Ermənistanda vəziyyət gərginləşəndə jurnalistlərin suallarına cavab olaraq demişdim ki, “bu xəmir hələ çox su aparacaq”. Yenə də deyirəm ki, işğalçı ölkədə yeni hakimiyyət seçilənə qədər bir proses olacaq, seçiləndən sonra isə başqa bir hadisələr baş verəcək. Mən belə düşünürəm ki, ermənilər hakimiyyət uğrunda hələ də bir birilərini didəcəklər. Bu ölkəyə rəhbər kim təyin olunacaq, onu hansı dövlət idarə edəcək və s. Hakimiyyətə gəlmək asan ola bilər, amma işləmək çətindir. Nikol Paşinyanın isə dövlət idarəçiliyi təcrübəsi yoxdur. İndiyə qədər Ermənistanda sadə xalq cinayətkar siyasətin qurbanı olub. Ermənistandan hər il minlərlə insan köçüb gedir. Ermənistan faktiki olaraq dövlət deyil, forpostdur.

Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir. Əgər torpaqlarımızı xoşluqla azad etməsələr onlar üçün yaxşı olmayacaq. Birincisi, ehtiyac, səfalət içərisində olan sadə xalq yenə də ayağa qalxacaq. İkincisi, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində diplomatik üstünlük bizim tərəfimizdədir. Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqda ortaya qoyduğu mövqe də fikrimi təsdiqləyir.

Əlbəttə ki, Azərbaycanın güclü ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sülh tərəfdarı olduğunu, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bütün beynəlxalq tribunalardan səsləndirir. Təbii ki, xalqımız sülh istəyir. Çünki müharibə fəlakət, ata, oğul, qardaş itkisi deməkdir. Amma erməni tərəfi xoşluqla torpaqlarımızı azad etməsə biz başqa variantdan istifadə edəcəyik. Başqa variant da müharibə deməkdir. Biz Ali Baş Komandanın əsgərləri kimi torpaqlarımızin azad olunması uğrunda döyüşməyə hazırırq.

-Sizcə, münaqişənin diplomatik həllində nikbinlik gözləmək hələ tezdir?

- Nikol Paşinyan münaqişənin həlli ilə bağlı ziddiyyətli fikirlər səsləndirir. O, əvvəlcə dedi ki, Azərbaycan Dağlıq Qarabağ erməniləri ilə danışıqlara getməlidir. Sonra isə bu fikrindən geri çəkildi. Paşinyanın arvadı Anna Hakopyan da bir qrup rusiyalı qadınla işğal olunmuş torpaqlarımıza qanunsuz səfər etdi. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü olan qadınlar bu səfərə qarşı kəskin etirazını bildirdi. Çünki həmin torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin icazəsi olmadan belə bir səfərin edilməsi bizim ölkəmizin qanunlarının, eyni zamanda beynəlxalq hüquq normalarının pozulmasıdır.

Əlbəttə ki, Anna Hakopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Əgər belə olmasaydı, nə üçün o, öz oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə göndərib? Bütün dünyaya məlumdur ki, həmin torpaqlarımızda Ermənistanın işğalçı hərbi birləşmələri movcuddur. Mən Nikol Paşinyana və onun həyat yoldaşına sual edirəm ki, əgər həqiqətən sülh istəyirsinizsə, nə üçün Azərbaycanın torpaqlarını işğal altında saxlayırsınız? Axı torpaqlar bizə məxsusdur və o torpaqlardan Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşadıqları yerlər- evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılıb. Bunu edən isə erməni hərbi birləşmələridir. İndi bu ermənilər “ürək yanğısı ilə” sülhdən danışır. Kimi aldatmağa çalışırlar? 1 milyondan çox insan öz doğma torpaqlarına qayıdıb sülh şəraitində yaşamaq istəyir. Gerçək sülh əldə etməyin yolu da budur. Əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, öz hərbi birləşmələrini bu insanların torpaqlarından çıxarsın ki, onlar da qayıdıb öz doğma yurdlarında yaşasınlar. Amma bunu edirlərmi? Yox. Egər erməni tərəfi sülhü mövcud status-kvonu saxlamaqda görürlərsə, yanılırlar. Bizim istəyimiz doğma torpaqlarımıza qayıdıb yaşamaqdır. Biz heç kimin torpağını yox, öz torpaqlarımızı istəyirik. Əgər Anna Hakopyan sülh istəyirsə, buyursun bu suallarımıza cavab versin. Hakopyan həqiqətən sülh istəyirsə, işğalçı erməni hərbi birləşmələrinin torpaqlarımızdan geri çəkilməsinə, dinc, günahsız azərbaycanlıların öz doğma torpaqlarına qaytarılmasına dair çağırışlar edə bilərmi? Bütün bunlar üçün gerçək addımlar atılsa, onda sülh əldə etmək olar. Yoxsa, torpaqlarımızı işğal edən erməni hərbi birləşmələrinin o torpaqlarda mövcudluğunu qoruyub saxlamaq üçün etdikləri “sülh təşəbbüsləri” mənasızdır. Yəqin nə Anna Hakopyan, nə də onun həyat yoldaşı bu suallarımıza cavab verməyəcək. Çünki məqsədləri həm erməni xalqını, həm də beynəlxalq birliyi aldatmaqdır. Onların bu addımları qarşıdan gələn seçkilərdə xal toplamağa hesablanıb. Bunu Ermənistan vətəndaşları da yaxşı bilirlər.

Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək olduğu bir dövlətdir. Qarabağ erməniləri bizimlə birgə yaşamaq istəyirlərsə, Azərbaycanın üçrəngli bayrağının altından keçməli, dövlətimizin şəxsiyyət vəsiqəsini daşımalıdırlar. Əgər bunu istəmirlərsə gedib Ermənistanda yaşasınlar.

- Hazırda Dağlıq Qarabağın azırbaycanlı icmasının üzvlərinin sayı nə qədərdir?

- Bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin sayı 90 min nəfərə yaxındır. Halbuki, 1989-cu ilin statistikasına görə, o zaman Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı 35 min nəfərə qədər idi. İndi Qarabağda ermənilərin sayı isə heç 20 min nəfər deyil. Erməni tərəfi real faktları gizlədirlər.

Mən Dağlıq Qarabağı çox yaxşı tanııyram, onun bütün kəndlərində olmuşam. Mən Şuşa rayon İstehlak Cəmiyyətinin sədri, “Azərittifaq”in idarə heyətinin üzvü bütün kəndlərdə olmuşam. 1991-ci ilin noyabrına qədər Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin təchizatı ilə mən məşğul idim. Nə imkanım olubsa, gücüm çatanı etmişəm. Döyüşlər gedən zaman kəndlərimizdə aclıq olmayıb, çünki ərzaqla tam təmin edirdik. İnsanların yalnız silaha ehtiyac olub. Amma o vaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından insanlar yiyəsiz qalmışdılar, onlara özlərini qorumaq üçün silah verilmirdi. Ona görə də, torpaqlar işğal olundu.

Vaxtaşırı olaraq Qarabağa Suriyadan və başqa yerlərdən ermənilərin köçürüldüyü haqda məlumatlar verilir. Yəqin ki, onlar aldadılaraq oraya köçürülüblər. Çünki, Ermnistanda, Dağlıq Qarabağda da bu gün aclıq hökm sürür. Xaricdən gələn erməni orda nə edəcək? Yəqin ki, imkan tapanlar üçüncü ölkəyə qaçıb gedirlər. İndi nə Ermənistanda, nə də Dağlıq Qarabağda cavan adam yoxdu. Hamısı dolanışıq üçün başqa ölkələrə gedib. Həm də Qarabağ erməniləri bilirlər ki, bu torpaqların sahibləri qayıdacaq. Əgər o torpaqlara qayıtmasaq, şəhidlərimizin ruhu bizi bağışlamaz. Biz torpaqlarımıza qayıdacağıq və işğalçıların beynəlxalq hüquq normaları çərçivəsində mühakimə edilməsinə nail olmalıyıq.

- Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Həmsədrlərin nə fəaliyyəti var ki? Onlar yalnız turist səfərləri etməklə məşğuldurlar. Həm də həmsədr dövlətlər işğalçı Ermənistanı müdafiə edirlər. Biri separatçılara humanitar yardım göstərir, biri pulsuz silah verir, digəri isə öz vətəndaşlarının qanunsuz səfərlərinə göz yumur və s.

Bu yaxınlarda Fransanın bələdiyyə başçılarının Dağlıq Qarabağa qanunsuz səfəri də buna sübutdur. Doğrudur, Fransa qondarma “DQR”-i tanımır. Erməni diasporu bəzi siyasətçiləri pulla ələ alıb. Amma Fransa dövləti işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən vətəndaşlarını cəzalandırmalıdır. Ən azı belə hadisələrin təkrarlanmaması üçün.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Fransanın Sent-Etiyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat verdik. Bəyanatda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etiyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pislədik və hiddətimizi ifadə etdik.

Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır. Fransa hökumətini ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq. İcma üzvləri bununla bağlı Fransa siyasətcilərinin, eləcə də müvafiq beynəlxalq təşkilatların, dünyanın nüfuzlu siyasətçilərinin elektron ünvanlarına yüzlərlə etiraz məktubu göndərib.

##relatedPostMilli##- Bayram müəllim, bildiyimiz kimi Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Sizcə, bu amil Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə rol oynayır?

-Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir. Xatırlayırsınızsa, 1993-cü ildə Azərbaycan hansı vəziyyətdə idi? Torpaqlarımızın 20 faizi işğal olundu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq torpaqlarımızın qalan hissəsini işğal olunmaqdan qorudu, müstəqlilliyimizi məhv olmaqdan, ölkəmizi parçalanmaqdan xilas etdi. Məhz o dövrdən etibarən Azərbaycanda yüksəliş başlandı. Ümumilli liderimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və bu gün məhz Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır.

Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib. Ölkəmiz iqtisadi, sosial, humanitar, mədəni, idman və digər sahələrin inkişafı baxımından dünyada ön sıralardadır. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini dünyada geniş təbliğ edir. Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq miqyasda nüfuzunu artıran amillərdir.

Bu mənada, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbii qanunauyğunluqdur. Bu tədbirlər vasitəsilə Qarabağ həqiqətləri əyani şəkildə xarici qonaqlara çatıdırılır və onlarda real təsəvvür formalaşır. Bütün bunlar isə münaqişənin həllində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda daha da dəstəklənməsini şərtləndirir. (yap.org.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Ən çox oxunanalar