Azərbaycan rəsmisi Ermənistana çağırış edib: Region ölkələri Cənubi Qafqazda söz sahibi olmalıdırlar...
“Cənubi Qafqaz xarici müdaxilədən yalnız region ölkələrinin bir-birinə səmimi şəkildə hörmət etdiyi, barışdığı və başqa yerdən himayədar axtarmağı dayandırdığı halda xilas ola bilər”.
“Report” xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ-ın nüfuzlu “The National Interest” dərgisində dərc olunmuş “Rusiyanın həyatındakı geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır” başlıqlı məqaləsində yazıb.
O qeyd edib ki, Azərbaycanın Qarabağ regionunda tam suverenliyini bərpa etməsi ilə 30 illik münaqişə başa çatıb, lakin sülhə aparan yol isə hələ davam edir: “Bir sıra ölkələr regionun yenidən düzənlənməsindən danışarkən əsasən hərbi və iqtisadi müttəfiqlər olan Ermənistan-Rusiya əlaqələrinə fokuslanırlar. Lakin Ermənistan hələ də Qərbin sanksiya siyahısına daxil edilmiş bir sıra malların Rusiyaya çatdırılmasını davam etdirir. Ermənistan Rusiya iqtisadiyyatından çox asılıdır. Ticarəti dövriyyəsi 4,6 milyard dollar təşkil edir və bunun əsas payı Moskvanın artıq birbaşa ala bilmədiyi Qərb məhsullarının Ermənistan vasitəsi ilə almasının üzərinə düşür”.
F.Şəfiyev bildirib ki, İrəvanla Moskva arasında indiki mübahisənin əsas səbəbi Rusiyanın Ermənistanın Qarabağ bölgəsindəki irredentist avantürasını dəstəkləməkdə davam edəcəyinə dair gözləntiləri ilə bağlıdır: “Hazırda diqqətin Ermənistan ətrafındakı vəziyyətə və Azərbaycanı Naxçıvanda birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə yönəldildiyi bir vaxtda bir sıra xəbər agentlikləri və ekspertlər yeni gərginlik təhlükəsi barədə xəbərdarlıq edirlər. Onun sözlərinə görə, Azərbaycanın Zəngəzuru "zəbt etmək" planı ilə bağlı iddiaları səsləndirənlər aşağıdakı məqamları diqqətə almalıdır. Birincisi, tərəflər arasında münaqişə təxminən 35 il əvvəl Ermənistanda baş qaldırmış "miatsum" (birləşmə) ideyaları ilə başlayıb və bu da onu göstərir ki, münaqişənin əsas səbəbi Ermənistanın ərazi iddialarıdır. İkincisi, bütün fəaliyyətlər və dağıntıların 99 faizi münaqişədən ən çox zərər çəkmiş tərəf olan Azərbaycan ərazisində baş verib. Üçüncüsü, ilk tam etnik təmizləmə 1988-89-cu illərdə Ermənistanda baş verib və orada heç bir azərbaycanlı qalmayıb. Dördüncüsü, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə ilə beynəlxalq hüquq Azərbaycanın tərəfində olub. Azərbaycanın Ermənistan ərazilərini ələ keçirmə planına dair davamlı hekayələr Azərbaycan tərəfindən dəfələrlə rədd edilib və hətta ABŞ rəsmiləri tərəfindən saxta olduğu bildirilib və bu plan regionda heç kimə xidmət etmir".
O əlavə edib ki, hər iki ölkə regiona davamlı sülh gətirmək üçün səy göstərməlidir: “Bu isə qətiyyətli dəstəyə və ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi əsasında baş verə bilər: "Bundan əlavə, münaqişə həm xalqlarda, həm də hökumətlərdə dərin emosional izlər buraxıb və ictimaiyyət barışığı təşviq etmək üçün birlikdə çalışmalıdır. Burada beynəlxalq aktyorlar da Britaniya-İrlanda dialoqu, Balkan Platforması və digər bənzər sülh yaratma təşəbbüskəri kimi təcrübələrlə dəstək verə bilərlər”.
F.Şəfiyev yazıb ki, qaçqınlar və məcburi köçkünlər məsələsi hər iki ölkə üçün yük olaraq qalır və Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin taleyini diqqət mərkəzində saxlayan bəzi ölkələr onları öz evlərinə qayıtmağa çağırır: “Qaçqınlar məsələsinə vahid yanaşma lazımdır və bu məsələdə azərbaycanlıların Ermənistana geri qayıtmaq hüququ, onların təhlükəsizliyinin təminatı da nəzərə alınmalıdır. Nəqliyyat layihələri və digər iqtisadi təşəbbüslər müharibənin yaratdığı maneələri aradan qaldıra bilər. Bu sahədə səylər Ermənistan-Azərbaycan kontekstindən kənara çıxmalıdır. Bu baxımdan Gürcüstanın mühüm vasitəçi kimi çıxış edə biləcəyi Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatı perspektivli görünür. Nəticə etibarilə region ölkələri Cənubi Qafqaza söz sahibi olmaq rollarını yenidən öz əllərinə almalıdırlar”.
Poliqon.info