Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğrudanmı Putinin gözü bərələ qalıb? – “Nyu-York Tayms”

Tomas Fridman
Nytimes.com
 
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Doğrudanmı yuxulu Baydenin qarşısında Putinin gözü bərələ qalıb?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi 40 ildən çoxdur “Nyu-York Tayms”da çalışan, 30 ilə yaxındır qəzetdə xarici siyasət mövzusunda köşə yazıları ilə çıxış edən, üç dəfə Pulitser mükafatına layiq görülmüş 68 yaşlı jurnalist Tomas Fridmandır. Novator.az saytı Tomas Fridmanın məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

Ukrayna məsələsi hələ bitməyib. Ancaq Vladimir Putin Ukraynaya hücum etməkdən lap müvəqqəti də olsa vaz keçsə, bunun səbəbkarı Cozef Bayden olacaq. Bəli, həmin Bayden ki, sağçı tənqidçilər onda huş-baş qalmadığını, onun şüurunun Kiyevi Kanzasdan, ABŞ Təqaüdçülər Assosiasiyasını Şimali Atlantika Alyansından ayıra bilməyəcək qədər zəiflədiyini deyirlər. Amma Putinin hər gedişinə həm adekvat, həm də çox təsirli cavab verən də elə Baydendir.

Putinin Qərblə necə məharətlə oyun oynadığı, siyasi sabitliyimizi necə pozduğu göz qabağındadır. Düzdür, Putinin heç bir sözünə inanmaq mümkün deyil, amma Ukraynanın NATO-ya üzvlüyünə mane olmağa çalışan bu adamın danışıqları davam etdirməyə hazır olduğu barədə dedikləri doğrudursa, o, həqiqətən qoşununun bir hissəsini Ukrayna sərhədindən çıxarmağa qərarlıdırsa (hərçənd ABŞ rəhbərliyi bunu təsdiqləyən bir əlamətin görünmədiyini bəyan edir), onda bütün bunlara Baydenin siyasi bəsirətinin nəticəsi kimi baxmaq gərəkdir.

Putini düşünüb-daşınmağa vadar edən Baydenin siyasi taktikasıdır. Konkret desək, Bayden və onun komandası NATO üzvlərini bir araya gətirməklə, alyans daxilində həmrəyliyi gücləndirməklə, Ukraynanı müasir silah-sursatla təmin etməklə, habelə Rusiyaya qarşı sərt iqtisadi sanksiyaların tətbiq olunacağını açıqlamaqla Putini seçim qarşısında qoyub, onu belə bir məsələ üzərində yaxşı-yaxşı düşünməyə məcbur edib: “Geniş miqyasda hücuma keçsəm, amma müharibə istədiyim kimi alınmasa, Rusiya iqtisadiyyatı çöksə, əsgərlərim qardaş qırğınından (ruslar da, ukraynalılar da slavyan əsillidir) tabutlarda dönsə, bu, mənim devilməyimlə nəticələnə bilərmi?”

Hazırda Putinin bunu düşünməsindən vacib heç nə yoxdur və Ukrayna məsələsində Vaşinqtonla Moskvanın maraqlarının daban-dabana zidd olduğunu nəzərə alsaq, Baydenin ABŞ prezidenti kimi Putini belə bir düşüncəyə gətirmək üçün mümkün olan hər şeyi etdiyini söyləyə bilərik.

Ukrayna Rusiyanın elə-belə qonşusu deyil, o, taleyi, gələcəyi şəxsən Putin üçün də son dərəcə həyati əhəmiyyət daşıyan bir qonşudur.

Putindən fərqli olaraq amerikalıların çoxu Ukraynanın gələcəyi sarıdan heç bir hiss-həyəcan keçirmir, onlar bəlkə Ukraynanı xəritədə belə tapıb göstərə bilməzlər. Amerikalıların öz oğul və qızlarını Ukraynanın ərazi bütövlüyündən ötrü ölümə göndərməyəcəyini Putin hələ 2014-cü ildə, Krım yarımadasını ilhaq edəndə anlayıb.

ABŞ prezidentinin belə bir vəziyyətdə, bu cür işdə liderliyi ələ alması o qədər də asan deyil. Baydendən ötrü də asan olmayıb. O, Rusiyanı birbaşa hərbi müdaxilə ilə hədələyə bilməzdi. Ona görə Bayden NATO-dakı müttəfiqlərini toplayıb etibarlı bir koalisiyanın Ukraynaya silah göndərməsinə nail oldu, işğala əl atacağı təqdirdə Rusiya iqtisadiyyatını, bank sistemini, şirkətlərini və Putinin yaxın adamlarını hansı sanksiyaların gözləyəcəyini aydın formada diqqətə çatdırdı.

Rusiya sərhədinə əlavə qoşun, hətta raket yığmağa hazır olan vahid, birləşmiş NATO – Putin üçün bu, gerçəkdən qorxulu hadisədir. Ona görə Bayden Putinə anlatdı ki, işğal variantını seçsə, həmin hadisə ilə üzləşəcək, həmçinin Finlandiya və İsveçi də NATO-ya sürükləmiş olacaq.

Bütün bunlar baş versə, Rusiyanın dünyada Çindən başqa dostu qalmayacaq. Çinin isə dostu yoxdur, yalnız vassalları var.

Əslində, Bayden Putinə ünvanladığı müraciətlərlə Çinə də vacib ismarış göndərmiş oldu. Həmin ismarışı təxminən belə ifadə etmək mümkündür: “Bəli, mən Əfqanıstandan çıxanda xeyli yanlışlığa yol vermişəm, ancaq mən bundan dərs götürmüşəm, siz də götürməlisiniz. Ağlınız “Amerikadan vacibi yoxdur” strategiyasını yürüdə-yürüdə ABŞ-ı yalqız qoymuş Tramp administrasiyasına getməsin. Biz müttəfiqliyin gücünə inanırıq, müttəfiqlərimizlə birgə hərəkət edəndə yumruğumuz daha ağır olur. Bunu ona görə deyirəm ki, Tayvanı işğal etmək kimi xam xəyala düşməyəsiniz”.

Bəli, o demək deyil ki, bütün bunlar Putini dayandıracaq. Putin ya anlamır, ya da vecinə almır ki, onun Ukraynanı zorla Rusiyanın təsir dairəsinə qaytarmaq cəhdi NATO üzvlərinə 1938-ci ildə Hitlerin Avstriyanı zəbt edib Almaniya ilə siyasi “birlik” yaratmağa məcbur etməsini xatırladır. Putin sərhədə 150 minlik qoşun yığıb, suveren bir ölkəni kobud, sərt şəkildə hədələməklə məşğuldur. Soyuq müharibə bitəndən bəri NATO ölü kimi düşüb yatmışdı. Putinin hədəsi sanki elektroşok oldu, alyansı ölümdən qaytardı.

Neçə həftədir Bayden və onun milli təhlükəsizlik məsələləri üzrə yüksək rütbəli müşavirləri Böyük Britaniya, Fransa və Almaniya kimi əsas NATO ölkələrinin, eləcə də alyansa daxil olan kiçik dövlətlərin liderləri, rəsmiləri ilə durmadan əlaqədədir. Vaşinqtonda fəaliyyət göstərən bir avropalı səfirin mənə söylədiyi kimi, çoxdandır NATO daxilində belə sıx əməkdaşlıq olmamışdı. Deməli, Qərb hələ diridir.

Ancaq yaxşı xəbərlər hələ ki, bura qədərdir. Keçək pis xəbərlərə.

Bəli, Putin işğala əl ata bilər, özü də çox tezliklə.

Birincisi ona görə ki, Putin Ukraynaya aludədir. Səbəb tək onda deyil ki, Putin Ukraynanın NATO-ya üzvlüyündən qorxur, səbəb həm də ondadır ki, Ukrayna mədəni, dini və tarixi baxımdan Rusiya ilə sıx bağlılığı olan bir ölkədir.

Bəlkə Putin Ukraynanı işğal etməyə də bilər, amma o, çətin ki, bu ölkənin siyasətinə qarışmaqdan, hakimiyyətinə öz qulbeçələrini gətirməkdən və onu özünə yaxınlaşdırmaq üçün Ukraynadakı rusdilli əhaliyə yardım göstərməkdən imtina etsin.

Kiyevi Moskvaya yaxınlaşdırmaq üçün Putinin ixtiyarında sərhədə qoşun, tank yığmaqdan fərqli, Qərbdə kəskin etiraz doğurmayacaq xeyli gizli vasitə və metodlar da var.

İkincisi, ABŞ liderləri deyirlər ki, Rusiya hökumətində Putinin müharibə siyasətinə müqavimət də mövcuddur. Putinin özünün bundan xəbəri olub-olmadığı isə bəlli deyil.

Böyük Britaniyanın Rusiyada keçmiş səfiri Endryu Vudun “American Purpose” jurnalında yazdığına görə, 2020-ci ildə COVİD pandemiyası başlanandan Putin vaxtının çox hissəsini bunkerdə keçirir və onunla üzbəüz görüşlər təşkil etmək çətinləşib.

Endryu Vud qeyd edir ki, sovet dövründə liderlər Kommunist Partiyası Mərkəzi Komitəsinin, ən azı Mərkəzi Komitənin Siyasi Bürosunun üzvləri ilə məsləhətləşməyə məcbur idilər. İndi Kreml rəhbərinin qarşısında belə bir məcburiyyət yoxdur: “Belə görünür ki, Putinə daimi çıxışı olan etibarlı şəxslərin sayı çox azdır, onların azlığı isə Rusiya prezidentinin sağlam düşüncə qabiliyyətinə mənfi təsir göstərir”.

Üçüncüsü, soyuq müharibə başa çatandan sonra şəxsən mən NATO-nun genişlənməsinin əleyhinə olmuşam. Buna görə də Ukraynanın NATO-ya üzvlüyü məsələsində Rusiyanın narahatlığını başa düşürəm, bunu vecə almamağın tərəfdarı deyiləm. NATO ilə Rusiya Ukraynanın Finlandiya kimi geosiyasi baxımdan neytral dövlət olması barədə razılığa gəlməlidir.

Amma o biri yandan da mənə elə gəlir ki, Putini qorxudan heç də Ukraynanın NATO-ya üzvlüyü deyil, çünki ABŞ bu məsələnin gündəlikdə durmadığını dəfələrlə bəyan edib. Məncə, Putini qorxudan odur ki, Ukrayna birdən sivil Qərb ölkəsinə çevrilər.

Bir də o, Ukraynanın nə vaxtsa Avropa Birliyinə qəbul olunacağından ehtiyatlanır.

2014-cü ilin aprelində Ukraynaya səfər etmişdim. Onda mən neçə-neçə gəncin bu ölkəni Avropa Birliyinin (NATO-nun yox!) tamhüquqlu üzvü kimi görmək istədiyinə şahidlik etdim və sözün yaxşı mənasında heyrətə gəldim. Onlar istəyirlər ki, kövrək demokratiyaları möhkəmlənsin, ölkədə korrupsiya və putinizmin kökü kəsilsin.

Ona görə də mən Putinin 2014-cü ilin fevral-mart aylarında Ukraynanın Krım yarımadasını ilhaq etməsinə, ölkənin şərqini separatçı rejimlərin əli ilə nəzarətə götürməsinə qətiyyən təsadüfi, qəfil ortaya çıxmış bir hadisə kimi baxmıram. O dövrdə nə baş vermişdi? Avropa Birliyinə üzv olan 28 ölkə siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün Ukrayna ilə yeni assosiasiya sazişi hazırlamışdı. Saziş 2014-cü il martın 21-də imzalandı.

Xeyr, Ukrayna böhranının kökündə dayanan təkcə Putinin NATO-nun Rusiya sərhədinə yaxınlaşmasından ehtiyatlanması deyil. Qətiyyən belə deyil. Putin ən çox Avropa Birliyinin təsir dairəsinin genişlənməsindən qorxur. O qorxur ki, Avropa Birliyi Ukrayna üçün göbəkkəsdi eləsin, nəticədə Ukrayna layiqli, demokratik, azad bazarı olan bir ölkəyə çevrilsin. Sonra da Avropa Birliyi hər gün rus xalqına sarı boylanıb başını bulaya-bulaya desin: “Eh, Putin olmasaydı, indi siz də Ukrayna kimi bir dövlət idiniz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar