BBC-nin Qəyyumlar Şurasının sədri Riçard Şarp 2021-ci ildə vəzifəyə təyin olunarkən Böyük Britaniyada dövrün baş naziri Boris Consona şəxsi ehtiyac üçün kredit almaqda vasitəçi olduğunu bəyan etmədiyi müəyyən edildikdən sonra istefa verib.
Poliqon xəbər verir ki, Riçard Şarpın o vaxtkı baş nazir Boris Consonun 800 min funt-sterlinq borcuna zamin tapmaqda vasitəçi olması və daha sonra Conson tərəfindən BBC-nin Qəyyumlar Şurasına təklif edilməsinin aşkarlanmasından sonra müstəqil araşdırma başladılıb.
Prokuror Adam Hepinqstalın rəhbərlik etdiyi istintaqda Şarpın 2021-ci ilin fevralında BBC-nin Qəyyumlar Şurasına təyinatı zamanı bu borcun bütün təfərrüatlarını açıqlayıb-açıqlamaması, bir sözlə dövlət təyinatları ilə bağlı qaydaların pozulub-pozulmaması araşdırılıb.
Riçard Şarp müəyyən edilən pozuntunun “qəsdən” olmadığını, lakin BBC-nin maraqlarını üstün tutduğu üçün istefaya qərar verdiyini bildirib.
2021-ci ilin yanvarında o vaxtkı baş nazir Boris Conson tərəfindən BBC-nin Qəyyumlar Şurasına təklif edilən Şarp parlamentin Mədəniyyət, Media və İdman Birgə Komitəsində dinləmələrdən sonra bu posta təyin edilib.
BBC-nin Qəyyumlar Şurası da istefadan sonra açıqlama verib və Riçard Şarpın qərarını anladıqlarını və qəbul etdiklərini bildiriblər:
"Biz BBC-nin Qəyyumlar Şurasının fəal sədri, həmkarları tərəfindən yüksək qiymətləndirilən və hörmət edilən Riçarda minnətdarlığımızı bildirmək istərdik. BBC-nin Qəyyumlar Şurası hesab edir ki, Riçard Şarp dürüst insandır".
BBC-nin baş direktoru Tim Davie açıqlamasında yeni sədrin müəyyənləşdirilməsi üçün Riçard Şarpdan iyunun sonuna qədər bu vəzifədə qalmasını istədiklərini, onun da bunu qəbul etdiyini bildirib.
Poliqon.info